Cəmiyyət

Acından belə edir bəziləri...

19 Avqust 2015 00:03
19 Şərh     Baxış: 4 043
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq...

Ulu Cavidin bu misraları yazmasından az qala yüz il keçib. Bu illər ərzində çox şey dəyişsə də, yaltaqlıq yenə də aktuallığını qoruyub saxlamaqdadır. Sosial şəbəkələr insanların iç dünyasına işıq tutmaqda əvəzsiz vasitələrdəndir. 

Və artıq yaltaqlığın yeni növü, "sosial şəbəkələrdə yaltaqlıq" xeyli dərəcədə inkişaf etməkdədir. Əvvəllər yaltaqlar daha təcrübəli, daha peşəkar və bacarıqlı olardılar. Onlar yaltaqlıqlarını gözə soxmaz, gizlində edərdilər. İndiki yaltaqlar xeyli dərəcədə təcrübəsiz və naşıdırlar. Gənc yaltaqların təcrübəsizliyi kifayət qədər ürəkbulandırıcı və darıxdırıcıdır.

Əsasən sosial şəbəkələrdə rastlaşdığım gənc və naşı yaltaqların zəhlətökənliyi canımı sıxmaqda, qanımı qaraltmaqdadır. Gənc və təcrübəsiz sosial şəbəkə yaltaqları yorulmaq, usanmaq bilmirlər.

Gənclərin parıltılı həyata aludəçiliyi onların tez "sınmasına" səbəb olur. Məsələn, böyük gələcək vəd edən gənc qələm adamı böyük gələcəyini səbrlə qurmaqdansa, hansısa səlahiyyətli, parlaq imzanın arxasınca düşüb yaltaqlanmağı daha münasib hesab edir. Bu yolla işini asanlaşdırıb nəhənglərin yanında nökərçiliklə tez-bazar tanınmağa çalışır və bəzən buna nail olur. 

Özünü gözə soxmaq üçün dəridən-qabıqdan çıxan gənclik yorulmadan, usanmadan yaltaqlıq edib özünü gözə soxmağa, yeri gəlsə, öz yaşıdlarını aşağılamağa, təhqir etməyə, özünü müdrik göstərməyə başlayır. Sosial şəbəkələrdə kimlərinsə təbliğatçısına, təlxəyinə çevrilən bu gənclərin gələcəyi indidən bəllidir.
 
Yaltaqlıq xəstəlikdir və irsən keçir. Dədəsi yaltaq olanın cəsarətli olması, xarakterli olması mümkün deyil. Babası kolxoz sədrinin atının başını tutan gədələrin bu gün ləyaqətlə yaşamaları mümkünsüzdür. "Genetik çatlar" sonradan bərpa olunmur və  bu çatlar sonradan heç vaxt bitişməyən sınıqlara çevrilir.

Yaltaqlıq tədricən qorxaqlığa, gəvəzəliyə çevrilir. Yaltaq hamının yanında və həmişə gözükölgəlidir. Onun danışdıqlarını heç kəs ciddi qəbul etmir. Yaltağı heç kəs, hətta yaltaqlandığı adam da sevmir. Kimlərsə xarizma yaratmaq üçün yaltağın xidmətinə ehtiyac hiss edir və bir müddət sonra həmin yaltağı daha gənc və perspektivli yaltaq əvəz edir.

Son vaxtlar sosial şəbəkələrdə sürətlə çoxalan gənc yaltaqların taleyi istər-istəməz narahatlıq yaradır. Bu "sürünənlərdən", yaltaqlardan törəyənlər gələcək üçün böyük təhlükənin siqnalıdır. 

Ətrafında dəstə-dəstə yaltaq saxlayan adamlar yaxşı bilirlər ki, yaltaqlıq sevgi göstəricisi deyil. Yaltaqlıq qorxudan və aclıqdan doğur. 

Anar Nağılbazın sözü olmasın, "Acından belə edir bəziləri..."

Cəlil Cavanşir
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.