Cəmiyyət

İmam Hüseynə qılınc çəkənlərin aqibəti

30 Aprel 2015 21:35
7 Şərh     Baxış: 4 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bəşər tarixində elə hadisələr var ki, qiyamətə qədər unudulmayacaq, hər il xatırlanacaq, iştirakçılarından kimisi sevgi ilə, kimisi nifrətlə yad ediləcək. Əgər İslam aləmindən danışırıqsa, heç şübhəsiz, ağlımıza gələn ilk hadisə Kərbəla vaqiəsi olacaq. Bu hadisə əsl ibrət obyektidir, insanların öz kimliyini ortaya qoyduğu möhtəşəm bir imtahandır.

Bu hadisədə üz-üzə duran tərəflər əslində kimin haqlı, kimin haqsız olduğunu çox yaxşı bilirlər. İmam Hüseynin (ə.s.) yanında olub, hər cür məşəqqətlərə sinə gərənlər də, qarşı tərəfdə dayanan böyük bir qoşunun içində yer alan komandanlar da, əsgərlər də hər şeyi bilirdilər. Hər kəs də hər şeyi bilə-bilə öz yerində qaldı, haqlı axirətini satmadığı kimi, haqsız da dünyasından vaz keçə bilmədi. Beləcə, iki əqidə, iki əxlaq, daha doğrusu, əqidə ilə əqidəsizlik, əxlaqla əxlaqsızlıq üz-üzə, göz-gözə dayandılar. Kim nə deyir-desin, bəzən nəsibsizliyin, bədbəxtliyin elə hallarına rast gəlirsən ki, heyrətdən donub qalırsan. Belələri nəyə bənzəyirlər, bilirsinizmi? - Selləmə yağan səadət yağmuru altında dayanasan, üstünə bircə damcı da nur düşməyə. Alman şairi Höte ən böyük yanğısını: " Ya Muhamməd, Səninlə eyni zamanda doğulmadığım üçün nə qədər üzgün olduğumu ifadə etməyə söz tapmıram"- kimi ifadə etdiyi halda, həmin tarixdə dünyaya göz açmış, o mübarək simanı, bəşər tarixinin ən xeyirli insanını görmüş, Onun şirin, ruhu riqqətə gətirən söhbətlərini dinləmiş olduqları halda, söylədiklərinin ziddinə getmək qədər bədbəxtlik, korluq təsəvvür etmək mümkün deyil. Bir an üçün əbədiyyəti, dünya üçün axirəti fəda etməkdir bu korluğun, bu bədbəxtliyin adı. Yezid və ətrafı da bu korluq, bu zillət içində tarixin qaranlıqlarına gömülmüş zavallılardır.

Hər canlı ölümü dadacaq, hər ölü də yenidən dirilib Allah qarşısında hesaba çəkiləcək, savablarının da, günahlarının da qarşılığını görəcək, amma Allah-Təala bəzi kimləri öz günahlarına qarşılıq olaraq hələ dünyada ikən rəzil eləyir, ölümün o üzündə də onlar üçün ağır aqibət hazırlayır. Yezidin aqibəti qiyamətə qədər hər kəs üçün bir görkdür, ibrət nümunəsidir, "Allahım, məni elələrinin gününə düşməyə qoyma!" - deyə duaları ilə qorunmağa çalışdığı dəhşətli sonluqdur.

İmam Hüseyn və tərəfdarlarının qətlinə fərman vermiş, bütün tarixi qana boyayan, heç zaman köhnəlməyən, unudulmayan bu məşum hadisənin icrasına qatılmış hər kəs hələ dünyada ikən öz əməllərinin cəzasını yaşamağa başlamış və davamını, həm də ən betərini çəkmək üçün rəzil və rüsvay halda gəbərib getmişlər. Kimlər vardı o bədbəxtlər sırasında, hansı zavallılar tarixi heç zaman qurumayacaq, ardı kasilməyəcək qana boyamışdılar və necə aqibətlə, acı sonluqla dünyadan getdilər, oxumaq, bilmək, ən başlıcası isə nəticə çıxarmaq lazımdır. 

1. Yezid bin Muaviyə: İmam Hüseynin şəhid edilməsinin baş aktyorudur. Bütün əmr və təlimatları birbaşa özü vermiş, əməlinin layiqli nəticəsini də hələ dünyada ikən almağa başlamışdır. Huvvari nahiyəsində içkili halda ov edərkən çöl eşşəyini minmiş, çöl eşşəyi də qaçaraq onu yerə çırpmışdır. Yerə necə zərblə dəymişsə, boynu qırılmış, qarnı cırılmış, bağırsaqları ətrafa dağılmış, o qədər əyan-əşrəfi içində elə o haldaca gəbərib getmişdir.

2. İbn Ziyad: O məşum hadisənin ikinci baş aktyorudur. Hür bin Yezidə göndərdiyi məktubda belə yazırdı: "Məktubum sənə çatan kimi Hüseyn bin Əlini və əshabını olduqları yerdəcə mühasirəyə al. Həm də elə bir yerdə ki, baş soxmağa sığınacaq olmasın, ağacsız, otsuz, susuz, qupquru bir çöl olsun. Osman bin Affan kimi onlara da "bir damcı su " verilməsin.

İmam Hüseyn və əshabına "bir damcı su verməyin" əmrini ikinci olaraq tələffüz edən də elə bu "yezidcik"dir.

"Əgər gəlib biət edəcəklərsə, həmən gətir, biət etməyəcəklərsə, hücum edib öldür, cəsədlərinin bütün əzalarını kəs. Əgər Hüseyn ölərsə, onun sinəsini və kürəyini atlara tapdalat!"

Bu zalım Yezidin ölümündən sonra camaatın qorxusundan Kufədən Şama qaşmışdır. Hər zaman da ailəsi tərəfindən nifrət görmüşdür. Anası hər gördüyündə ona: "Sən cənnət üzü görməyəcəksən" söyləyərmiş.

Qatıldığı bir müharibədə əsir düşmüş, vücudunun hər yeri qılıncla doğranaraq öldürülüb, başı bədənindən ayrılıb və cəsədi yandırılıb.

Umarə bin Umeyr deyir: "İbn Ziyadın başını gətirib Rahabə məscidində bir palazın üstünə qoydular. Bir də gördük ki, bir ilan onun burun dəliyinin birindən girib, o birindən çıxır. İlan bir müddət gözdən itir və yenidən gəlirdi. Bu mənzərəni görən camaat da "baxın, baxın, ilan yenə gəldi, burnuna girir" deyə çığırırdı. Özü də o ilan oraya düzülmüş səkkiz başın içində ancaq Ziyadın burun dəliklərinə girib-çıxırdı. Sonra onun kəlləsini qır dolu bir küpün içinə qoyub, Mədinəyə, Əli bin Hüseynə və Haşimoğullarına göndərildi."

3. Ömər bin Sad bin əbu Vaqqas: Hz. Hüseynin (r.a.) üzərinə yürüş edən ilk ordunun komandanıdır. İmam Hüseynin (r.a.) üzərinə yürüş etmək əmri aldıqda, əvvəlcə, bu işə cəsarət etmədi. Ətrafında kiminlə məsləhətləşdisə, hamısı onu əzabla qorxuzub bu işdən çəkindirməyə çalışdı. Bu işin qarşılığında Ziyad ona Rey valiliyini vermişdi. Ömər onun "Getməsən, həm valiliyi əlindən alaram, həm də başını bədənindən ayıraram və evini ailənin başına yıxaram" hədəsi qarşısında duruş gətirməyib, 4000 süvari ilə İmam Hüseynə (r.a.) qarşı yola çıxmışdı. Kərbəlada İmam Hüseyn (r.a.) və tərəfdarlarını mühasirəyə almış, onların bir qurtum su içmələrinə belə imkan verməmişdir.

Halbuki hələ illər öncə Həzrət Əlinin (r.a.) ona "Sənin Cənnət ilə Cəhənnəm arasında durub Cəhənnəmi seçdiyin zaman halın necə olacaq?" deyə Kərbəlada yanlış mövqe tutması ilə bağlı xəbərdarlığını yaxşı xatırlayırdı. Kərbəlada ilk savaş oxunu atan və bunu orduya elan edən də elə bu adamdır. Ömrünün sonunda elə hala gəlmişdi ki, gecələri gözünü yummağa belə qorxurdu, yuman kimi vahimə içində bağırıb ayılırdı. Amma bu qorxunun ona zərrə qədər faydası olmamış, öz evində Əbu Amrə tərəfindən başı kəsilərək öldürülmüşdür. Sonra oğlunun da başı kəsilmiş və hər ikisinin cəsədi xalqın gözü önündə yandırılmışdır.

4. Şimr bin Zil Cevşen. Ziyadın məsləhətçisi və bu işdə ağıl verənidir. Kərbəlada ikən Ziyad bir ara Hz. Hüseynin (r.a.) Məkkəyə dönməsinə icazə vermək istəyəndə bu münafiq o andaca məsələyə müdaxilə etmiş, cürbəcür ssenarilər uyduraraq onu fikrindən daşındırmışdır. Başqa bir məqamda isə Ömər bin Sad İmam Hüseyni (r.a.) Yezidin yanına aparmaq istəyəndə yenə bu münafiq işə qarışmış, onu da bu fikirdən uzaqlaşdırmışdır. Həzrəti Hüseyn (r.a.) Kərbəlada Şimri görərkən babasının, yəni sevimli Peyğəmbərimizin (s.ə.s.) bir hədisini xatırlayır. O hədisdə sevimli Peyğəmbərimiz (s.ə.s.): "Mən bu an Əhli-Beytimin qanını içən alaca bir itə, köpəyə baxar kimiyəm", - buyurmuşdu. Muxtarın hakimiyyəti dövründə Şimr həftələrlə orda-burda gizlənmiş, ələ keçəndə isə köpəklərə diri-diri yem edilmişdir.

5. Abdullah bin əbu Husayn: Fərat çayının kənarında növbə tutan, İmam və tərəfdarlarının su içməsinə imkan verməyən iri cüssəli bir komandandı. Bir ara İmamın suya baxdığını görüncə: "Suyamı baxırsan? Heç baxma! O su göylərdəki qədər sənə uzaqdır. Vallahi, sən ölüncəyə qədər o sudan bir damcı belə içə bilməyəcəksən", - demişdi. Hz. Hüseyn (r.a.) də: "Allahım, onu susuz olaraq öldür və əbədiyyən əfv etmə", - deyə dua edir. Hümeyd bin Müslim İmamın bu bədduasına şahid olub. O deyir ki, sonralar mən bu komandana baş çəkməyə getmişdim. O necə bir xəstəliyə tutulmuşdusa, davamlı olaraq susuzluqdan yanırdı. Suyu içirdi, amma su boğazından keçmədiyi üçün geri qaytarır, sonra yenə su istəyir, içir, qaytarır, beləcə, görünməmiş bir partlaya-partlaya can verdi.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.