Cəmiyyət

4 oğlanın bir qızı zorladığı haqda xəbər doğrudurmu? - REPORTAJ - FOTO

5 Aprel 2015 20:40
13 Şərh     Baxış: 24 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lent.az-ın əməkdaşı Tovuzda oldu, son günlərin ən səsli-küylü hadisəsini araşdırdı

... - Salam, siz qızın bacısısınız?

- Yox, başına iş gəlmiş qız mənəm!

***

...Tovuzun Əyyublu kəndindəyik. Bir neçə gün bundan əvvəl 4 oğlanın bir qızı zorladığı haqda xəbəriylə medianı silkələdiyi kənddə. Səhər çağı olduğundan yolda-izdə az-az adama rast gəlmək olurdu. Soruşa-soruşa gəlib Kamal Nəsibovgilə çatırıq. Qapını ha döysək də, açan olmur. Nəsibovların evinin qapısının səsinə qonşunun pəncərəsi açılır. Pəncərədən baxan qız bizi səsləyir. Sən demə, elə mətbuatda adı G. N. kimi hallanan "başına iş gəlmiş" həmin tələbə qızmış. Atasıgil qohumlarının yasına getdiyindən evdə tək qalmasın deyə qonşuya gəlib. Elə qonşunun evindəcə zərərçəkmişlə söhbətləşirik. Məlum olur ki...

Danışa da bilmir düz-əməlli. Səsi titrəyir, dodaqlarını çeynəyir, baxışlarını gizlədir. Hadisə martın 22-si günorta saatlarında, G. N.-nın nənəsigilə gedən zaman baş verib. Evdən nənəsiylə bayramlaşmağa çıxan qıza yolda 4 dost - Kamal Məmmədov, Elməddin Niyazov, Nemət Rzayev və Mürsəl Kərimov hücum edib. Onu döyə-döyə Kamalın "Ford"una mindiribər. Daha sonra onu kəndin qəbiristanlığına aparıblar. Bundan sonra...

Bundan sonrasını danışa bilmir...

***

Başlarına gələn o hadisədən sonra ailə çaşqınlıq içindədi. İnsanlara etibarları qalmayıb. Əvvəl elə bildilər məni qarşı tərəf göndərib. Bakıdan gəldiyimi, sırf məsələnin aydınlaşması, düzgün araşdırlması üçün gəldiyimi deyincə, bir xahişləri oldu.

- Bir xahişim var sizdən.

Sualdan ani donub qaldım. Xahişin nə olduğunu da bilmədən söz vermək istəmirəm. Yəqin onlar da narahat olduğumu anlayıb.

- Qurana and iç ki, düzünü yazacaqsan.

İçim rahatlaşır.

- Əlbəttə.

Arxa otaqdan Quran gətirirlər. Davam edirik, atası Kamal Nəsibovla. Danışır: "Mən bilsəm ki, qızımda günah var, doğrayardım onu. Amma o günahsızdı. Suçu olsa, şikayət edərdi? Açıb ağardardı? Zəhmətkeş qızım var mənim. Dərsi olanda dərsini oxuyub, boş vaxtı olanda həyətdə atasına kömək edib. Peyin daşıyıb, ot daşıyıb..."

***

Atasının dediyinə görə, həmin gün ağlaya-ağlaya evə gələn qız başına gələnləri ailəsinə danışır. Ailə hüquq-mühafizə orqanlarına məlumat verir. Artıq hər 4 nəfər barəsində cinayət işi açılıb. Kamal, Elməddin və Mürsəl hadisənin sabahı polisdə izahat verməyə çağırılır. 3 günlük get-gəldən sonra məhkəmə hər üçü haqqında 4 aylıq həbs-qətimkan tədbiri görür. Lakin qızın atası o gün müəmmalı hadisədə iştirak etmiş dördüncü şəxs barəsində də hökm çıxarılmasını tələb edir və martın 26-da Nemət də məsuliyyətə cəlb edilir.

K. Nəsibov deyir ki, bütün kənd bu məsələyə görə ayağa qalxıb, onları dəstəkləyir. Kənd sakinləri hadisəni törətmiş 4 şəxsin ailəsinin kənddən getməsini tələb edir və bu barədə imza belə toplayıblar...

Hadisədə ən çox adı hallanan Kamal Məmmədov kəndin nüfuzlu şəxslərindən olan Seyid Kamalın nəvəsidir. Nəinki kənddə, bütün Tovuzda mömin ailə kimi tanınırlar. Sınanmış cədləri, inamlı ocaqları var. Uşağı olmayanlar bu ocağa nəzir deyər, övlad sahibi olurlarmış.

Məlum gündən 10 gündən çox vaxt keçsə də, Kamalın atası Əbülfət kişi hələ də özünə gəlməyib. Oğlunun belə bir iş tutacağına inanmır. Kamalın ağlı başında, zəhmətkeş oğlan olduğunu deyir. Dedikcə gözləri dolur. Öyrənirik ki, sözügedən "Ford"la Kamal gündəlik çörək pulunu qazanırmış. Kənddən rayona, rayondan kəndə sərnişin daşıyırmış. Elə illər əvvəl G. N.-ı da hazırlığa rayona o aparıb-gətirib. Həmin vaxt aralarında heç bir problem olmayıb.

Kamalın anası iki göz, iki çeşmə ağlaya-ağlaya o gündən danışır.

- Yataqda sürümüzü otaran çoban var. Kamal gündəlik ona yemək aparır. O gün də yemək bişirib vermişdim ki, aparsın. Apardı da. Axşam idi. Yağış, tufan qarışmışdı bir-birinə. İşıqlarımız da sönmüşdü. Beyqafıl qapı açıldı, üç nəfər həyətə girdi. Qaranlıq idi. Üzlərini görmədim. Hörmətlə, gülə-gülə qarşıladım. İki qadın, bir kişi idilər. Qadınlardan biri içəri girən kimi dedi, oğlunu çağır. Dedim hansı oğlumu. Dedi, şofer olan oğlunu. Mən də Kamalı çağırdım. Kamal evdən çıxan kimi yapışdı yaxasından. Valideyndi, anlayıram. Bu əhvalat kimdə olsa, elə eləyər. Atasıyla mən donub qalmışdıq yerimizdə. Nə baş verdiyindən xəbərsiz. Sən demə, bu qızın anası imiş. Oğlanın üstünə hücum çəkəndə dedi, 6 oğlan bir qızımı aparıblar, nə bilim nə ediblər... Bizim oğlan da bunu eşidən kimi Elməddinə, Mürsələ zəng vurdu ki, Allah sənin evini yıxsın, mənim adımı niyə veribsən? Mənim burda günahım nəydi?

***

"Elməddinlə G. N. telefonla tanış olublar. Hələ qız Bakıdaykən. Bayrama evlərinə gələn qız Elməddinlə görüşmək istədiyini deyib. Elməddin də dostu Mürsəldən maşınını istəyib. Zəngləşib qızla Elməddin görüşüb. Elə Mürsəlin hazırda polis bölməsində olan "Mercedes" markalı maşınında. Maşın yolda palçığa batıb. Bu zaman Elməddin Mürsəldən, Mürsəl də dostları Kamaldan kömək istəyib. Kamal da "Ford" markalı maşını ilə "Mercedes"i batdığı yerdən çıxarıb. Daha sonra Mürsəlin təcili işi çıxıb. Mürsəl öz maşınında, Elməddinlə qız isə Kamalın maşınında kəndə qayıdır. Dostlar qızı öz istəyi ilə nənəsigilin evinin yanında düşürdüklərini deyir. Bundan sonra Mürsəl qıza zəng edərək onu maşınında çəkilmiş şəkillə hədələyir. Əgər onunla da görüşməzsə, həmin görüntüləri internetdə yayacağıyla şantaj edir. Qız məcbur Mürsəllə görüşür. Həmin vaxt Mürsəlin telefonuna Nemət zəng edir. Qız Neməti tanıdığını, əslində Elməddini deyil, Neməti sevdiyini və onun görmək istədiyini deyir. Mürsəl də Neməti yanlarına dəvət edir. Nemət qəbiristanlığın yanında dayanmış maşına minəndə Mürsəllə qızın arxa oturacaqda oturduqlarını görüb özü sükan arxasına keçib. Daha sonra G. N. Nemətlə tək qalmaq istəyir. Mürsəl onları maşında qoyub maşından düşüb. Qayıtdıqda isə onları uyğunsuz vəziyyətdə tutub. Bu işin yaxşı bitməyəcəyini deyərək Neməti danlayır. Bundan sonra onlar qızı evlərinin yanında düşürüblər". Bunları Kamal ailəsinə danışıb. Ayın 23-ü polisə izahat verən günün gecəsi. Əbülfət kişi hər 4 dostu bir yerə yığıb məsələnin əslini araşdırarkən.

Təcavüzə məruz qaldığı deyilən qızın atası Kamalın ailəsinin barışmaq üçün dəfələrlə araya ağsaqqal saldıqlarını, adlarına olan bütün mülkiyyəti G. N.-nın adına keçirməyə, hətta oğlanlarının qızla evlənməyə belə hazır olduqlarını onlara təklif etdiyini dedi. Əbülfət kişi təklifi bir daha bizim yanımızda səsləndirir. G. N. qızı kimi qəbul etmək istədiklərini, indiyə qədər nə olubsa unutmağa hazır olduqlarını, adət ənənəylə qızı evlərinə gəlin gətirmək istədiklərini deyir. Lakin qızın atasını daş atıb başını tutur.

- Qızımı çəkib bir kənara danışdırdım. Dedim, a bala, düzünü de, sevdiyin filan olar. Gizlətmə atandan. Dedi, ata, məni həyətdəki itin yerinə bağla, amma onlara vermə. Mən də dedim ki, qapımda yüz itim ola, birini onlara vermərəm.

Nəsibov belə şeyin heç vaxt mümkün olmayacağını dönə-dönə təkrarlayır.

Hadisə ilə bağlı hazırda barəsində həbs qətimkan tədbiri seçilən Elməddinin atası İsgəndər Niyazov da oğlunu o qızla evləndirməyə hazırdır. Lakin bunu oğlunun günahı olduğu üçün yox, Kamal Nəsibovun köhnə hüquqşünas olduğu, bu sahədə yaxşı dostlarının ona kömək edəcəyini və ədalətli qərar çıxmayacağı üçün edəcəyini deyir. Oğlunun haqsız yerə həbs yatmasındansa, qızla evlənməsinə razıdır. Hətta bu gün işin ədalətli aparılması üçün İ. Niyazov Respublika Baş Prokurorluğuna, millət vəkili Qənirə Paşayevaya da məktub yazıb.

Hadisə adı çəkilən üçüncü şəxs - Mürsəl isə əsgərlikdən 3 ay əvvəl, bu il yanvarın 1-də gəlib. G.-la tanışlığı əsgərlik vaxtına təsadüf edir. "Mercedes"i də Mürsələ atası əsgərlikdən gələndə hədiyyə edib. Hadisədə adı çəkilən Kamal, Mürsəl, Elməddin və Nemət bir məktəbdə oxuyublar, həmyaşıddırlar.

Mürsəlin atası Həsrət Rzayev deyir ki, Elməddin oğlundan maşını nə üçün istədiyini deməyib: "Qızın Elməddinin maşınına mindiyini kənddə bir neçə qadın görüb. Əlində də çətir olub. Həmin gün yaman yağış yağırdı".

Həsrət Rzayevin danışdıqca halı pisləşdiyindən həyat yoldaşı davam edir: "Oğlum Bakıda xidmət edirdi. Avqustda Bakıya yanına gedəndə dedi ki, mama, Əyyubludan bir qız mənə zəng edib. Deyir, adım Leyladı. Yetiməm. Məni nənəm böyüdüb. Özü də sənin bacıngillə qonşuyam. Dedim, ay bala, sənin nömrəni o haradan bilir? Dedi, bilmirəm".

Qızın dediklərini təsdiqlətmək üçün Mürsəl bacısına zəng edir. Bacısı da qonşuluğunda Leyla adlı qızın olmadığını deyir. Bazar günlərinin birində qızın kim olduğunu öyrənmək üçün onu görüşə çağırır. Beləcə, qızla görüşürlər. Görüş haqda təfərrüatı anası da bilmir. Amma həmin görüşdən sonra Mürsəl qıza onu bir daha narahat etməməyi tapşırır. Onların növbəti görüşü martın 22-də, Mürsəlin Elməddinə maşın verdiyi gün baş tutub. Hər halda Mürsəlin anası bunu iddia edir: "Kamal onu nənəsigildə düşürəndən sonra qız Mürsələ zəng edib ki, mən darıxıram, gəl məni gəzdir. Onlar maşında gəzən vaxtı Nemət Mürsələ "vızov" atıb. Bu vaxt telefon maşında ön oturacaqların arasında olub. Qız Mürsəldən qabaq telefonu götürüb nömrəyə baxıb deyib ki, bu nömrə mən sevdiyim oğlanındı. Xahiş edirəm, o oğlana de bura gəlsin. Mürsəl Nemətə zəng edib ki, qız buradadı, gəl. Nemət də gəlib. Nemət oturub qabaqda, sükan arxasında. Mənim oğlumla qız arxada. Qız Mürsələ deyib ki, sən düş, bizi beş-on dəqiqə gözlə. Mürsəl düşüb, Nemət gəlib oturub qızın yanında. Bir qədər sonra qayıdıb. Qızı evlərinə gətirəndə o, evlərinin yerini səhv deyib, beləcə Mürsəli bir neçə dəfə küçəni fırladıb. Maşından düşmək istəməyəndə, Mürsəl qapını açıb qıza bir-iki ilişdirib maşından düşürüb. Hadisə belə olub".

Nemətgilin qapısını döydük. Böyüklər evdə yoxuydu. Təkcə bacısıdır. Tovuza Nemətə yemək aparmışdılar. Gəlişimin səbəbimi bilən kimi qucağındakı körpəsinin bağrına sıxıb ağlayır. Qardaşının günahsız içəridə yatdığını deyir. Bir qədər sonra böyüklər də gəlib çıxır. Atası danışır: "Hadisəni eşidən kimi oğlumu çağırdıq ki, bəs bu nə söhbətdi? Dedi, iyirmi ikisi günü səhər saat 10-da Kamal və Elməddinlə çayxanada oturmuşdum. Birdən Elməddinə zəng gəldi. Çıxıb çöldə danışıb gəldi. Bilmədik kiminlə danışdı. İçəri girəndə Mürsələ zəng edib ki, istədiyim qızla görüşə gedəcəm maşını ver. Bir qədər sonra Mürsəl maşının gətirib".
Anasının ürəyi dayanmır. Söhbətə qoşulur: "Elməddin maşını götürüb gedib qızla görüşə. Sonra dostlar Kamalın "Ford"una doluşub Elmədinin dalınca sürüblər. "Ford"u "Mercedes"dən aralı saxlayıb onları izləyib gediblər. Yolda Neməti düşürüblər. Axşam 4-5 arası Nemət Mürsələ "vızov" atıb. O, buna cavab da verməyib. Qayıdıb gedib çayxanaya. Görüb, Elməddin, Kamal domino oynayırlar. Bu vaxtı Mürsəl zəng edib ki, qəbiristanlıqdayam, özünü mənə çatdır. Nemət getmək istəyəndə Elməddin deyib ki, başını burax, getmə. Buna baxmayaraq Nemət yenə gedib. Qəbiristanlığın çəpəri tərəfdə maşını görüb. Əlini maşının qapısına atanda görüb ki, qapı içəridən bağlıdı. İkinci cəhddən qapı içəridən açılıb. Nemət keçib sükan arxasında oturub. Çünki arxa oturacaqda G. N. və Mürsəl olub. Çönüb qıza baxıb. Hava ala toranlıq olduğundan qız bu vaxtı Mürsəli də maşında görəndə düşüb maşından qaçmaq istəyib. Bu vaxt Mürsəl onun çiynindən vurub ki, otur. Geri dönüb baxmaq istəyəndə qız deyib, mənə baxma, utanıram. Nemət ikinci dəfə qıza baxanda ağ köynəkdə olduğunu və köynəyin sol qolunun cırıldığını görüncə düşüb maşından gedib. Bir xeyli aralanıb "çardaqlı qəbr"in yanına çatanda qız köməyə çağırıb ki, məni burda qoyub getmə. Nemət geri qayıdıb Mürsələ başa salıb ki, bunun axırı pis olacaq. Gəl aparaq bu qızı evlərinə qoyaq. Aparıb qızı evlərinə qoyublar".

Raya xala sonuncu üç cümləni demişdi ki, otaqdan bir küy qopur. Mürsəlin anasıyla Nemətin xalaları qarışır bir-birinə. Başladılar bir-birini yalanda ittiham etməyə. Sakitləşdirə bilmirik. Kimin yalan, kimin doğru olduğu yəqin bu olayda adı hallanan o 4 nəfər , bir də G.N. bilir. Suallarla dolu işi araşdırıb ortaya çıxarmaq isə qalıb müstəntiqin boynuna, qabiliyyətinə.

***

Zorlanma hadisəsinin baş verdiyi iddia edilən qəbiristanlığa da baş çəkdik. Kənddin yaxınlığında, evlərlə iç-içəydi qəbiristanlıq. Balaca və seyrək qəbirləri vardı. Bu tərəfində qışqırsan, o biri başında eşidiləcək.

Oğlanların ailəsi heç bir zorakılıq aktı olmadığını iddia etsə də, G. N. hadisədən sonra rüsvay olduğunu düşünərək intihara cəhd edib. Bir müddət xəstəxana da belə yatıb. Tibbi ekspertizadan sonra psixoloji yardım almasa da, ümumi vəziyyəti qənaətbəxşdir. Ən azından özü belə deyir. Gecə yuxularının normal olduğunu, özünü yaxşı hiss etdiyini. Lakin hələ dərsə getmir. Bir müddət özünü toparlamaq üçün kənddə, ailəsinin gözü qabağında olacaq.

***

Ortada bir həqiqət var. Martın 22-si tələbə qızın başına gələnlər bütün ailəni, həm də onları tanıyanları, adı bu olayda hallanan kəndin sakinlərini pərişan edib. Amma ümidsiz deyillər, Azərbaycan dövlətinin qanunlarına inanır, hakimlərin ədalətli qərar verəcəyinə güvənirlər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.