Cəmiyyət

Rauf Arifoğlu: "Çox şeyi itirmişəm, qurban verməyə razı olmuşam..." - MÜSAHİBƏ - FOTO

5 Noyabr 2014 18:49
0 Şərh     Baxış: 2 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kim deyir ki, jurnalist öz çalışdığı iş yeri barədə tərif söyləməz, bu mövzuda ballandıra-ballandıra danışmaz? Əgər söhbət 25 ildən, əsrin dörddə birindən, yəni, qərinədən gedirsə, olar. Hətta deyərdim, lazımdır, vacibdir...

Bəli, noyabrın 10-da "Yeni Müsavat" qəzeti 25 yaşını qeyd edəcək. Milli mətbuata adını böyük hərflərlə yazdırmış, illərin sınağından, keşmə - keşindən Azərbaycan kimi məmləkətdə sağ çıxmış qəzet üçün bu, əlamətdar hadisədir. Həmkarım Aygün Muradxanlı ilə birgə qəzetimizin baş redaktoru və təsisçisi Rauf Arifoğlunu elə bu mövzuda söhbətə çəkdik. Digər dostlar bizi qabaqlamadan yubiley müsahibəsini də özümüz gerçəkləşdirdik.

Məlum, hərəmiz bu 25 ilin bir hissəsində iştirak etmişik. "Yaşımızın çatdığı" və "çatmadığı" illərin hekayəsini Rauf bəydən öyrəndik...Şair demiş, uzun, incə yolun hekayəsini...

- Rauf bəy, "Yeni Müsavat" hekayəsi necə yarandı? Bu ideya necə gəldi sizin ağlınıza? Bir Sovet gənci üçün bu, çox yekə bir ideya deyildi?

- 22 yaşında Milli Azadlıq Hərəkatına qoşulmuşdum. Prosesin gedişində hərəkat partiyalaşma mərhələsinə qədəm qoydu. Azərbaycan Mili Demokrat - Yeni Müsavat Partiyası yaratdıq. Partiyaya yayım orqanı, yayım orqanına da baş redaktor lazım oldu. "Yeni Müsavat"la bir-birimizə qoşulub, bir-birimizi yaratdıq. 89-cu ilin oktyabrında "Yeni Müsavat" Partiyasının elan olunması baş verdi. Bir yayım orqanının qurulması da həmin dövrə təsadüf etdi. Amma yığılıb çap olunması, satışa çıxarılması bir xeyli vaxt aldı. Ona görə də 10 noyabr tarixli, "Azadlıq" meydanındakı mitinqə çatdıraq deyə çalışdıq və çatdırdıq. Həmin mitinqdə 10 mindən çox "Yeni Müsavat" qəzetinin ilk nömrəsi satıldı.

- Cəmiyyətin reaksiyası necə idi? Müsavat Partiyasının mətbu orqanı, mitinq günü satışda...

- Heyrətamiz dərəcədə nikbin və gözəl idi ki, Müsavat qayıdır. Müsavat adında partiyanı Azərbaycan siyasətinə qaytarmaq böyük bir addım və cəsarət idi. Mən bu prosesə bir partiyaçı olaraq girmişdim. Və ondan əvvəl də bir illik media təcrübəm var idi - "Birlik" adında bir dərgi buraxırdım. Məndən başqa qəzeti çıxaracaq adam olmadığı üçün - 5 nəfər idik heyətdə - bu işi mən öhdəmə götürdüm və həyata keçirdim. İlk nömrəni çıxardıq və böyük bir səs gətirdi. Ondan da əvvəl 27 oktyabr 1989-cu ildə biz partiyanın özünü Gəncə şəhərində elan etmişdik, şəhərin mərkəzindəki mitinqdə. O da Gəncədə böyük hay-küyə, həyəcana səbəb olmuşdu. Onu da ona görə elədik ki, əsrin əvvəlində Müsavat Partiyası qurularkən, ona böyük bir parça da Gəncədən qoşulmuş, Cümhuriyyətimizin ilk paytaxtı Gəncə şəhəri olmuşdu. Ona görə də bunu Gəncədə etdik. O zaman Xalq Cəbhəsi çox qüdrətli təşkilat idi. Onun içindən partiyalaşmağa doğru təşəbbüs göstərmək cəsur addım idi. Biz bu addımı atdıq, yayım orqanını yaratdıq. Həm Sovetlərə qarşı müharibə apara-apara, ermənilərlə savaşın içində iştirak edə-edə, bir əlimizdə də qələm tutaraq, bu işi görməyə çalışdıq. O zaman bilməzdik ki, bu hekayənin 25 illik davamı var. İndi soruşursuz ki, böyük addım deyildimi? O zaman üçün bizim addımlarımız böyük bir prosesin gedişində fraqment sayılırdı. İndi üzərindən 25 il keçir. Biz 25 illik fasiləsizliyi təmin etdik deyə bu faktın özü o mahiyyəti böyüdür. Amma o zaman biz gənclər üçün bu, bir fraqment idi və bilmirdik ki, nə qədər davam edəcək, növbəti nömrə çap olunacaqmı? Amma başladıq, Allah kömək oldu, millətimiz də qəzeti almaqla dayaq durdu, buralara qədər gətirə bildik.

- Amma "Yeni Müsavat"ın sizin üçün bir ayrıcalığı var idi. Mən uzun müddətdir prosesləri izləyirəm. Sizin Cəbhədə olduğunuz dönəmi də xatırlayıram, AXCP-nin mətbuat xidmətinə rəhbərlik etdiyiniz dönəmi də xatırlayıram, siyasi proseslərdə daha fəal olduğunuz dövrləri də həmçinin. Amma "Yeni Müsavat" sizin üçün, sanki, həyatınızın projesidir.

- Şübhəsiz ki, elədir... 1989-91-ci illərdə qəzeti qeyri-formal, gizli şəkildə çıxarırdıq. Bir müddət sonra redaksiyanı tamamən Gəncəyə köçürmək məcburiyyətində qaldıq. Çünki biz orda - Gəncəbasarda müharibə aparırdıq. (Ermənilərin yaşadığı Çaykənd uğrunda aparılan döyüşlər nəzərdə tutulur. Həmin vaxt - 1990-cı ilin yanvarının ilk on günlüyündə "Yeni Müsavat" Partiyası 4 şəhid vermişdi - Redaktor.) Müharibəni də AMDP "Yeni Müsavat" aparırdı - savaşın ideolojisi və siyasi komissarlığı bizim tərəfimizdən həyata keçirilirdi. Təşkilatın müəyyən bir qismi ilə mən ora köçdüm, redaksiyanı da ora köçürdüm. Bakıdakı 20 yanvar faciəsindən sonra Gəncəyə də ruslar gəlmişdilər... Günün birində məlum oldu ki, bizi general Qromov axtarır. O, SSRİ-nin qüdrətli generallarından idi, Əfqanıstan müharibəsi qəhrəmanıydı. Guya Gəncədə baş verən erməni qətliamlarını və yerli fəalların ermənilərə qarşı silah götürüb, savaşmalarını cinayət olaraq, araşdıracaqdı. Ağır dövr idi. Bakı ruslar tərəfindən təkrar işğal altına girmişdi, Gəncədə də Qromov və SSRİ KQB-si bizə dinclik vermirdi. Amma arxamız da möhkəm idi - yerli hökumət, polis, xalq bizimlə idi. Ona görə də mən 1990-cı ilin fevralından sonra təməlli olaraq, qəzeti və təşkilatın mərkəzini Gəncəyə köçürdüm. Amma fəaliyyət təbii ki, leqal deyildi. Qəzeti iki il ərzində ən müxtəlif yerlərdə - Tiflisdə, Tovuz mətbəəsində gizli üsullarla çap elədik. Çap olunanları da gizli Gəncəyə daşıyır, orada bölüşdürürdük və sonra, ölkə ərazisindəki etibarlı adamlarımızla satışa çıxarırdıq . Sonra proses böyüdü, paralel olaraq da xalq hərəkatı davam eləyirdi. 91-ci ilin oktyabrında Azərbaycan rəsmən müstəqillik qazandı, onda bizə də gün üzünə çıxma şansı yarandı. 1991-ci ildə qəzeti rəsmi qeydiyyatdan keçirdə bildik. Elçibəy bizim fəaliyyətimizi izləyirdi və onunla xüsusi əlaqələrimiz vardı. Elçibəy şəhərin mərkəzdə - "26-lar Bağı" ərazisində yerləşən məşhur qərargahda redaksiyaya iki otaq ayrıldı, biz 1991-in dekabrında oraya daşındıq. AXC informasiya mərkəzi ilə iç-içə fəaliyyət göstərdik. Lakin Bakıda heç bir mətbəə bizi çap etmədi. Hələ də kommunistlər iş başındaydı və onlar "Yeni Müsavat" adında qəzeti çap etməkdən imtina edirdilər. Sonradan "Azərbaycan" nəşriyyatının rəhbəri olan Nazim İbrahimov bizə yardım etdi - Sumqayıt mətbəəsini danışdı, çapı orada edəcəkdik. Lakin qəzeti yığmağa orada imkan yox idi.

Xanlar rayon mətbəəsi ilə əlaqə yaratdıq - qəzeti orada yığdırır, sonra qatarla Bakıya, oradan Sumqayıta gəlir, çap edib, yenidən Bakıya daşıyır, satışa sunurduq. Ayda iki dəfə dərc olunurduq. Bu, işgəncə idi bizim üçün. Amma sevə-sevə qatlanırdıq. Həmin müddətdə Xalq Cəbhəsi ilə yaxınlaşma davam edirdi. Elə oldu ki, Nəsib Nəsibzadə ilə birgə Elçibəylə, AXCP İdarə Heyəti ilə danışdıq, belə qərar qəbul etdik ki, "Yeni Müsavat" Partiyası Türkiyədəki Milli Mərkəzin də xeyir-duası ilə Bakıda rəsmən bərpa edilsin... Bax, bu proseslər bir-birindən ayrılmaz şəkildə davam edirdi... Həmin prosesdə də gördüm ki, mənim qəzetçilik qabiliyyətim siyasi fəaliyyət, firqəçilikdən bir addım öndədir, mənə də daha doğmadır... Sonra işin gedişində bir də baxdıq ki, hakimiyyətə gəlmişik. O zaman Elçibəyin təklifi ilə mən Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin üzvü oldum. Həm də Mətbuat və informasiya şöbəsinə rəhbərlik edirdim. Müsavat Partiyasında qala-qala. Mən heç zaman başqa bir partiyanın üzvü olmadım. Xalq Cəbhəsinin də üzvü olmamışam. Ə. Elçibəy məhz mənim orada qalmam üçün xüsusi bir qərar verdi və mən AXC üzvü olmadan, bu hərəkatın 7 rəhbərindən biri kimi fəaliyyət göstərdim. Bir daha vurğulayıram ki, o zaman artıq Xalq Cəbhəsi hakimiyyətdə idi, Elçibəy prezident idi, İsa Qəmbər Ali Sovetin spikeri idi. Belə bir periodda mən bir neçə mətbuat orqanı yaratdım. "Dünya" jurnalı, "Dünya" qəzeti, - həm rus, həm Azərbaycan dillərində, "Yeni Turan", "Cümhuriyyət" qəzetləri. Və təbii ki, bunların da başında "Yeni Müsavat" qəzeti gəlirdi. Doğrudur, ayrıcalıq hər zaman "Yeni Müsavat" qəzetində olub. Çox şeyi itirmişəm, qurban verməyə razı olmuşam. Bir şərtlə ki, "Yeni Müsavat" qalsın.

- "Yeni Müsavat"la bu 25 illik səfərinizdə ən böyük ayrılıqlarınız nə zaman olub?

- Qəzetdən məcburi ayrılığım iki dəfə olub. Biri 45 gün müddətində MTN-də qaldığım dönəm idi. Məni təyyarə qaçırdana yardım etməkdə və dövlət çevrilişinə cəhddə ittiham edirdilər. İkinci dəfə 17 ay ərzində ayrı qaldım. Doğrudur, yazılar yazırdım, köşələr verirdim içəridən, reportajlar, fotolar da həmçinin. Lakin çox çəkdi və qəzet o qədər ağır vəziyyətə düşdü ki, 2004-cü ilin sonu 2005-ci ilin əvvəllərində fəaliyyətini dayandırmaq, kollektivin bir hissəsi redaksiyanı tərk etmək məcburiyyətində qaldı. Toparlandıq, yenidən başladıq, 2005-ci ilin mart ayında türmədən çıxanda qəzet öz fəaliyyətini davam edirdi, hətta ən çox satılan qəzet statusunda idi.

- Bir müsahibənizdə oxumuşdum, özünüz də tez-tez təkrarlayırsız ki, əlifbadakı bütün hərfləri tanıyan istənilən şəxsi jurnalist edə bilərik...

- (gülür) Bir şərtlə ki, bir ildən sonra durğu işarələrini də öyrənsin. 

- Yəni, "Yeni Müsavat"da jurnalist kimi yetişmək asandır?

- Yəni, elə mühit yaradırıq ki, onlar üçün "Yeni Müsavat"da yetişmək asan olsun. Bu zaman əsas yük redaktor korpusunun üzərinə düşür. Bizdə prinsip hər zaman belə olub: güclü redaktor korpusu, zəif müxbir heyəti. Amma dinamik, ayaqları ilə hərəkət edən, xəbər gətirən müxbir heyəti. Bu, bir müddət sonra kompensasiya olunur və düzəlir. Onların içindən imzalar düzəlir və yetişir. İndi bildiyiniz gənc imzalar var. Onlar harada yetişdi? Bu mühitdə. Elə imzalar tanıyıram ki, 7-8 il qabaq yazı yaza, xəbəri normal şəkildə təqdim edə bilmirdilər. İndi video da çəkirlər, sayta yazı da qoyurlar, hətta özləri sayt da işlədirlər. Tam universal olublar. Çox qəribə şeydir, "Yeni Müsavat"çılar haraya getsələr, orda baş tacı olurlar. Çünki burda elə zəhmətə alışdırılır ki, insan kimi yox, makina kimi işləmək prinsiplərini öyrənirlər. Ona görə də hansı mətbuat orqanına getsələr, orda onları əlləri üstündə saxlayırlar. Mən görməmişəm ki, "Yeni Müsavat"dan gedən hansısa müxbir getdiyi yerdə autsayder ola. 

- Son illərin müşahidəsi göstərir ki, hər nə qədər qəzet sizə doğma olsa da, sanki, musavat.com saytı daha ağır gəlməyə başlayıb, ona daha çox həssaslıq göstərirsiz. Bu, nə ilə bağlıdır? Və seçim etməli olsanız, günün dinamikasına uyğun olaraq hansını seçərdiniz?

- Mən ənənəvi qəzetçiliyi sevənlərdənəm. Kağız qoxusunu, qəzet xışıltısını çox sevirəm. Amma zaman keçdikcə gördüm ki, yeni media gələcəkdir, qəzetlərin kağız variantının xilası da onun ağılla , paralel tətbiqindədir. Ona görə də bura diqqət artırdım. Daha çox gerçəklikdən doğan məcburiyyətdir; seçim lüksü deyil. Etiraf edim ki, burda - "yeni media"da imkanlar həddən artıq genişdir. Yararlanmağa, kağız versiyasında itirdiyimiz tirajı elektron versiyada bərpa etməyə çalışırıq. Bu da gözləmədiyim halda, özünü fantastik dərəcədə doğrultdu. Qəzetdə bizim ən yüksək tirajımız 30 min civarında olub. Bu gün 100 min civarında saytımıza giriş var. Qəzetimizin real tirajının 3-4 misli qədər yazılarımız oxunur. Bunları görür, ona görə də diqqət ayırıram. Hesab edirəm ki, medianın gələcəyi "new media"dadır və ona diqqət ayırmaq lazımdır. Burda həm də videolu, görüntülü müsahibələr etmək olur. Məsələn, bu gün ilk dəfədir ki, 25 illik tariximiz boyunca videolu müsahibə verirəm. Bu, bizim 25 ildə gəlib çıxdığımız nöqtədir. Bəzi siyasətçilər demiş, "nereden nereye"... (gülür)

- Perspektivləri nə üzərində qurursuz, Rauf bəy? Yaxın 10 ili üçün nə düşünürsüz? 

- Yaxın 10 ili heç düşünmürəm. Yaxın 1 ili düşünür və 5 ili planlaşdırıram. 2009-cu ildə İsa Qəmbər bizə təsisçiliyi təhvil verəndə etdiyim çıxış yadımdadır: "Qarşımdakı vəzifə növbəti 5 ildə qəzetin mövcudluğunu qoruyub saxlamaq və imkan olsa onu inkişaf etdirməkdir", - demişdim... Hesab edirəm ki, bir qəzetçi, menecer kimi İsa bəydən sonra bu vəzifənin öhdəsindən gəldik. O tarixdən düz 5 il keçib və mən qəzeti qoruya bildim. Çoxları hiss eləmir. Amma inkişaf da müqayisəyəgəlməz dərəcədə böyükdür. Musavat.com-un yanında bir rus dilində minval.az saytı açmışıq. Musavat.com özü də rusca yayılır. Digər tərəfdən, 5 il bundan öncə 17 min unikal İP-dən girişimiz var idi, indi bu say minimum 65 min İP-dir. Hadisələrin pik nöqtəsi olanda 105-110-120 min İP-ə qədər artır bu rəqəm. Mən unikal İP-dən danışıram. Məsələn, redaksiyada iki unikal İP var, amma 30-ya yaxın kompyuterimiz. Bakıda elə müəssisə var ki, iki unikal İP ünvanı var, amma 2 minə yaxın kompyuteri mövcuddur. Bunları hesablayanda yüz minlərlə tirajımız var. Anındaca sayta qoyduğumuz xəbər dünyanın hər nöqtəsində açılır, oxunur. Daha oraya qəzet göndərməyə ehtiyacımız yoxdur. Bu baxımdan da hesab edirəm ki, bu beşillik ərzində qarşımıza qoyduğumuz məqsədə çatmışıq. Amma indi çox çətin bir mərhələyə qədəm qoymuşuq. Azərbaycanda media, qələm adamı üçün perspektiv çox dumanlı görünür. Cəmiyyət özü çox aqressivdir sözə. Dostlar bir sözə, bir yazıya, kiçik tənqidə görə bəzən bizdən üz döndərir.
 

- Yaradıcılıqdan söz düşmüşkən, niyə yazmırsız? Nə üçün öz imzanızla, konkret hadisələrə öz baxışınızı, mövqeyinizi ifadə edən müntəzəm köşə yazıları ilə çıxış etmirsiz?

- Əslində, baş redaktorun, menecerin yazı yazması düzgün deyil. Çünki yazdıqca özünün manevr imkanlarını yazısı ilə bağlayır. İndiki situasiyada bunun yeganə səbəbi bu deyil... Digər tərəfdən də, mən indi elə bir layihə üzərində işləyirəm ki, bu layihə məni sayta, cari xəbərlərə diqqət ayırmağa vadar edir. Köşə yazısı yazmaq üçünsə mən gərək zaman sərf edəm ona, saytdan diqqətimi ayıram. Yazı yazsam, hər gün sayta ayırdığım qədər vaxtdan oğurlamış olacam. Elə bir mərhələni keçirəm ki, bu ciddi, biznes layihəsidir. Onu mütləq özüm aparmalıyam. Saytın sükanı arxasında gecə-gündüz, bəzən 16-17 saat özüm oluram. Olmasam, çox çətin olacaq, o etapı ağrılı keçəcəyik. Əməkdaşlar öhdəsindən gəlirlər. Saytda 20 saat ərzində yayım edirik. Amma öhdəsindən gəlmək tamam ayrı şeydir, proses və missiya aparmaq, kağız versiyasındakı liderliyi, xəbər istehsalı prosesini sayta transfer etmək tamam başqa şeydir... Allah imkan versə, zamanım olsa, üç yarımçıq kitabım var. Biri türmə qeydlərimdir, həcmi həddən artıq çoxdur, gündəliklərim var... Qəzetin tarixi ilə bağlı ciddi yazılarım var, onu bitirib tamamlamalıyam. Bir də bir romanım var. Bunlari tamamlaya bilsək, nə xoş. Edə bilməsəm, 30-35 illikdə bu mövzuya yenidən qayıdarıq, siz də məndən müsahibədə soruşarsız ki, o məsələ noldu? (gülür)

- Rauf bəy, jurnalistikada mübahisəli məsələlərdən biri jurnalistin vətəndaş mövqeyinin olması ilə bağlıdır. Sizin qəzetçilik dönəminiz üç siyasi quruluşa düşür: sovetlər dönəmi, müstəqilliyin bərpası və indiki dövr. Sizinçün hansı daha ağır basir: vətəndaş mövqeyiniz, ya jurnalist mövqeyiniz?

- Vətəni normal vəziyyətdə olan jurnalistlər üçün vətəndaş olmağa heç gərək yoxdur, elə jurnalist olmaq yetərlidir. Çünki hər şey yerində olur - dövlət strukturları işləyir, müharibə getmir, erməni yoxdur, bələdiyyələr çalışır, seçkilər saxtalaşdırılmır... Amma vətəninin vəziyyəti Azərbaycan kimi olan, gələcəyində də müharibə gözlənilən bir ölkədə jurnalizmi vətəndaşlıqdan ayırmaq, qarşı qoymaq cinayət olar, Azərbaycanı başqa yerlərə aparar. Bizim kimi ölkələrdə vətəndaş özü dövlətin bir parçası olmağa, mövqeli olmağa məcburdu.

- Az öncə qəzetin tarixindən danışdız, xronoloji ardıcıllıqla... Necə hesab edirsiz, "Yeni Müsavat"ın qızıl dönəmi nə zamana təsadüf edir?

- Oxucunun nəzəri ilə götürsək, 1998-2003-cü illərə. Peşəkarlıq nöqteyi-nəzərdən götürsək, həmin illər qətiyyən qızıl dövr deyil. Biz partiyalardan öndə olaraq, siyasi savaşda tərəf idik. Qəzetimiz bir döyüş makinası kimi savaşırdı. Mən özüm üçün bir mütəxəssis, menecer kimi qızıl dövrü son illər hesab edirəm. Kimsəyə xüsusi nümayiş etdirmədən, özümüzü tərifləmədən, gözə soxmadan "Yeni Müsavat"ın bazasında milyonlarla vəsait qoyulmuş saytlardan, agentliklərdən daha güclü, daha oxunaqlı və etibar olunan bir media gücü yarada bilmişik. Bu, mənim aləmimdə Azərbaycan mətbuatına verdiyimiz ikinci nəfəsdir. Musavat.com olmasaydı, internet məkanında vəziyyət, balans, hadisələrə yanaşma, obyektivlik tamam başqa cür olardı. Biz bu üstünlüyü hiss etdirmədən, qısqandırmadan, qorxutmadan əldə edə bildik. Biz bunu ki, qura bildik, bu, özü böyük uğur idi. İndiki çətin situasiyada yarış mühiti yaratdıq. Ciddi xəbər istehsalçısına çevrilmişik. Ölkənin əksər saytları hər səhər iş gününü bizim müsavat.com-a yüklədiyimiz 100 min işarə həcmindəki yazılarımızı oxumaqla, onları nəzərə almaqla başlayırlar.

- Mediada rəqibləriniz çox güclüdür? 

- Mənim əsas rəqibim hal-hazırda məndə olmayan sərmayə imkanlarıdır ki, mən daha böyük işlər görə bilərdim. O saytlara ki, çoxlu pul qoyulur, onu mən edə bilmirəm. Mən onu peşəkarlığın sayəsində kompensasiya edirəm.
 

- Amma o milyonlarla pul qoyulan saytlar da "Yeni Müsavat"a istinadla və istinadsız xeyli xəbər qoyurlar. Bu, necə bir duyğudur?

- Bu, yaxşı duyğu deyil. Ümumiyyətlə, bir-birindən xəbər götürməyə son vermə ilə bağlı təşəbbüsü dəstəkləməyə başlamışam. Düzdü, biz də xəbər götürürük başqa saytlardan və istinad da veririk. Amma bu praktikaya son vermək lazımdır. Xəbəri agentliklər istehsal etməli, qəzetlər abunə olaraq onu satın almalıdır. Mənim xəbərim başqa saytın manşetində getməməlidir. Başlığı dərhal dəyişirlər; mətndə də bircə cümlə ilə verirlər ki, filan sayt musavat.com-a istinadən yazır... Qalanı bunların adından gedir, xəbərin altına da öz imzalarını qoyurlar. Görünür, o mövzuya qayıdacağıq ki, saytlar bir-birindən xəbər götürməsin.

- "Yeni Müsavat"ın ünvanına deyilən ən xoş söz və ən ciddi tənqid...

- Xoş sözlər çoxdur, ölkədən, onun hüdudlarından kənardan deyilən xeyli təriflər var. Bir xoş söz minlərlə tənqidi əvəz edir mənimçün. Bilirəm ki, doğru yoldayam. Sizə bir nümunə deyim. Bir vaxtlar Müsavat Partiyası mənim məsələmi Divana qoyurdu. Uzun-uzadı müzakirə gedirdi ki, niyə "Yeni Müsavat"da Məmməd İsmayılın şeiri dərc edilib və onun şrifti Divan üzvünün müsahibəsindəki şriftdən daha iridir? Bunun müzakirəsi saatlarla gedərdi ki, bu xəyanətdi, Rauf Arifoğlu pul qazanmaq istəyir, partiya maraqlarını kənara qoyub və s. O zaman məni ancaq İsa bəy müdafiə edərdi. Sonra vəziyyət dəyişdi ki, niyə Fəzail Ağamalı, başqa kənar şəxslər bu qəzetdə müsahibə verir? "Ancaq biz müsahibə verməliyik", - deyirdilər. Mən çıxırdım, müqəssir qismində izahat verirdim ki, hər səhifədə "yaşasın Müsavat" yazmaqdansa Müsavat adına ümummilli qəzet buraxaq, hər kəsin qəzeti olsun. Sonra partiyanın rayon təşkilatları rəhbərləri başqanlığa məktub yazırdılar ki, küçədəki dilənçidən belə müsahibə götürürlər, amma bura adam göndərib bizdən müsahibə almırlar... Bütün bunların hamısı məlumatsızlıqdan, qəzetin mandatı barədə təsəvvürlərin olmamasından irəli gəlirdi. Mən illərlə günahkar qismində özümü bu cür iddialardan müdafiə etmişəm. İndi guya mühit dəyişib. Lakin iddialar və onları səsləndirənlər dəyişməyib. Həmən kültürsüzlük, məlumatsızlıq... Böyük mənada yanaşanda isə mənim unuda bilməyəcəyim heç nə yoxdur, heç zaman "yük" götürmürəm. Heç zaman elə xüsusi adam yoxdur ki, onun kinini xüsusi olaraq saxlayım. O adam ona nail ola bilmir. Mən kin saxlamıram. Bunu özümə qadağan etmişəm.
 

- Əslində, qəzetçinin kini, kin yaddaşı olmamalıdı...

- Bəlkə də, olmamalıdır. Əvvəl məndə vardı və bu, mənə çox mane olurdu. Ona qadağa, buna qadağa... Əlimdəki hakimiyyətdən başgicəllənmə, onu olmaz, bunu olmaz. Sonra anladım ki, bu doğru deyil. Bu prinsiplə irəli getmək olmaz. Ona görə də özümə belə məsələlərdə şəxsi simpatiyamı ön plana çıxarmağı qadağan etdim. Sevdiyim, onsuz da, mənimdir, qalanlarına isə dözürəm. Və onları da qəzetə qazandırıram... 

- Bu daxili stabillik sizin dini baxışlarınızla əlaqəlidirmi? Həcc ziyarətindən sonra...

- Güman etmirəm. Bağışlamaq taktikası olduqca rahat bir şeydir. Təkcə taktika yox, içəridə o "ustanovka"nın olması qədər gözəl şey yoxdur. İnsanlar bilirlər ki, sən o adama nə qədər pislik eləsən də, o, qapını açıq qoyacaq...

- Nə zamansa Jurnalistika fakültəsində dərs demək istəyərsiz? Məsələn, biz tələbə olanda bizə jurnalistikada çalışmış şəxslərdən Zeynal Məmmədli dərs deyirdi və onun təcrübələrini dinləmək xoş idi... Siz bu qədər təcrübəsi olan birisi kimi pedaqoq kimi dərs demək istəyərsiz? Yoxsa kadrları ancaq "Yeni Müsavat"da yetişdirəcəksiz?

- Mən pedaqoq fəaliyyəti barədə heç düşünmürəm. Bəlkə təqaüdə çıxandan sonra gedib dərs deyərəm. (gülür) Amma "Yeni Müsavat" məktəbi hər zaman var.

- Sutkanın neçə saatını işləyirsiz?

- 16-17 saat. Saytla qəzet arasında elə əlaqə qurmuşam ki, iş sistemim bu cürdür. Xəbər istehsalında fərqlilik yaratmaq üçün bunu etmək zorundayam. Oliqarxların böyük paraları media sektoruna daxil olub. Bu rəqabətdə uduzmamağın yolu çox çalışmaqdır. Vəziyyət çətinləşib. Bir az da boş buraxsaq, yazılı qəzetimiz məhv olar. Açığı, düşünürdüm ki, 25 illiyimizdə mən bəyanatla istefa verər, qəzeti kollektivin üzərinə qoyub gedərəm kitab yazmağa, dünyanı gəzməyə. Amma bəyan edirəm ki, bu, mümkün olmadı. Son bir ildə hiss etdim ki, həddən artıq yüksək enerji ilə işləməyə başlamışam. Öz işimi, fəaliyyətimi dəhşətli dərəcədə sevməyə başlamışam. Elə vəziyyət yaranıb ki, işləyə-işləyə ləzzət alıram, həyatımın mənasının və Allahın yazısının necə gözəl olduğunu anlayıram. Yəqin ki, növbəti 5 ildə də qərar vermə həddinə gəlib çıxarıq.

"Yeni Müsavat" 


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.