Bu sahədən toplanan "qara pullar" vahid kart sisteminin tətbiqinə mane olur.Nəqliyyat Nazirliyi ictimai nəqliyyatdakı xaosu qiymət artımı ilə tənzimləməyi vəd edir
Səhər saat 9 radələri, avtobuslarda həmişəki sıxlıq, sürücülərin qrafik uğrunda bir-biri ilə yarışmaları, sərnişinlərin artıq vərdiş halına düşmüş deyinmələri - artıq bu mənzərəsiz ictimai nəqliyyatı təsəvvür etmək mümkün deyil. Onu da qeyd edək ki, sərnişin-sürücü münasibətləri də get-gedə daha da gərginləşir. Dünən şahidi olduğumuz bir hadisə zamanı sürücü onu təhqir edən sərnişin qadını avtobusdan düşürmədən yerindən tərpənmədi: "Siz bir nəfərsiz, bir söz deyəndə o dəqiqə özünüzdən çıxırsınız. Bizi fikirləşmirsiniz ki, sizin kimi sərnişinə gündə neçə dəfə rast gəlirik. Sizin hamınıza nəyisə başa salmağa nə vaxtımız, nə də səbrimiz yoxdur artıq. Elə sizin kimilər ucbatından biz bu gündəyik..." Digər bir avtobus isə təxminən 3 km yolda 3 dəfə əks istiqamət zolağına çıxaraq, həm özünü, həm sərnişinləri, həm də qarşı tərəflə öz yolu ilə gedən avtomobil sürücülərini təhlükə qarşısında qoydu.
Müşahidə etdiyimiz belə hallarda artıq kimin haqlı, kimin haqsız olmasına insan qərar verə bilmir. Neçə ildir ki, eyni problem yaşanır və bu problem çözülmək əvəzinə, get-gedə daha da çətinləşir. Belə nəticəyə gəlmək olur ki, yalnız aidiyyatı qurumların kifayət qədər effektiv metodları tətbiq etməməsi böhranlı vəziyyət yaradıb.
Problemin həlli yolları
Bir neçə ay öncə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edildiyini açıqlamışdı. O, bu addımın səbəbini ictimai nəqliyyatda problemlərin həll üçün gərəkdiyini vurğulamışdı.
Tarif Şurası isə öz növbəsində ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı heç bir müraciət daxil olmadığını bildirib.
Ə. Cəfərov mətbuata açıqlamasında bildirib ki, qiymətlər artırılmayana qədər nəqliyyat sistemindəki bəzi neqativ hallar davam edəcək: "Sürücülərə və avtobus sahibləri olan iş adamlarına bu qiymətlə gediş haqqı sərf etməyəcək. Nəticədə avtobuslarda nasazlıq yarandıqda xəttə daha az nəqliyyat vasitəsi çıxacaq ki, bu da nəqliyyatda sıxlığın yaranmasına şərait yaradacaq".
Sürücülər arasında apardığımız sorğuya əsasən yazırıq ki, nəqliyyat vasitəsinin təmir işləri sürücülərin öhdəsinə düşmür. Sürücülərə tətbiq edilən gündəlik plana gəldikdə, 18 nömrəli avtobusda planın 50-113 manat arasında dəyişdiyini öyrəndik. Gündəlik plan 14 nömrəli avtobusda 121 manat, Xırdalan şəhərinə gedən 119 nömrəli avtobusda isə 80 və 120 manat arasında dəyişir. Planın hansı səbəblərdən belə fərqli olduğunu öyrənmək istədiyimizdə, sürücülər işlərini itirməkdən narahatlıq keçirdiklərinə görə bunu demədilər.
Gündəlik planın onları qane edib-etmədiyinə gəldikdə: "Kim razıdır ki, qoyulan plandan? Təbii ki, mən də razı deyiləm" - deyə avtobus sürücüsü Nadir bildirdi. Onun sözlərinə görə, qane edəcək məbləğ 100 manatdır.
Sahibkarlardan "Xalid Faiq oğlu" MMC-nin rəhbərliyi ilə əlaqə saxladıq. Əməkdaşımızla danışan, adını deməkdən çəkinən şəxs avtobusların vahid kart sisteminə bütünlüklə keçmədiyi ilə bağlı sürücülərin maaş deyil, planla işləməli olduğunu bildirdi: "Planı biz deyil, nəqliyyat sektorunda çalışan adamlar var ki, onlar müəyyən edirlər. Məbləğ isə marşrutun hansı xətti üzrə işlədiyindən asılıdır". O, qurumun rəhbərliyinin müəyyən etdiyini plandan sürücülərin razı olduğunu da bildirdi: "Təbii ki, razıdırlar. Onlar da bir təhər 20-30 manat qazanıb ailələrini dolandırmalıdılar axı...".
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Bizim Yol" qəzetinə açıqlamasında ictimai nəqliyyatda neqativ halların çözülməsində gediş haqqını artırmağın düzgün yanaşma olmadığını bildirdi: "Bu yalnız əlavə pul qazanmaqdır, hər hansı bir neqativ halın qarşısı bu yolla alınmayacaq. İctimai nəqliyyatda problemləri aradan qaldırmaq üçün ilk öncə problemin kökü araşdırılmalıdır".
"Gündəlik plan sahibkarlar tərəfindən tətbiq edilir və bu da qeyri-qanuni bir haldır. Dünyanın heç bir ölkəsində görünməyən bir özbaşınalıqdır", - deyən ekspert planın hər hansı bir rəsmi sənəddə yer aldığı təqdirdə, həmin şirkətin cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirdi: "Bu "qara mühasibatlıq"dır. Sözügedən şirkətlərdə hər hansı bir yoxlama aparılarsa, rəsmi sənəddə sürücünün guya ki, səhər saat 8-də işə gəldiyi, saat 15.00-da növbəsini təhvil verdiyi, 300-500 manat əmək haqqı aldığı kimi qeydləri görəcəksiniz. Orada heç bir plan haqda məlumat tapmaq olmaz".
Ekspert onu da dedi ki, yoxlamalar aidiyyatı qurumlar tərəfindən aparılmalıdır: "Bu sahəyə əsasən Nəqliyyat Nazirliyi nəzarət edir. Lakin bəzi məqamlar da var ki, orada digər aidiyyatı qurumların müdaxiləsi də lazımdır. Misal üçün, plan məsələsinə Vergilər Nazirliyi, nizam-intizam, yol hərəkəti qaydaları ilə bağlı məsələyə Dövlət Yol Polisi müdaxilə etməlidir".
Ekspert problemlə bağlı öz mülahizəsini də söylədi: "Fərz edək ki, avtobusların 20 qəpik gediş haqqı ilə işləməsi vergilərə görə həqiqətən çətindir. Hökumət ictimai nəqliyyat vasitələrini vergidən azad etsin. Sahibkarlardan maraqlandıqda ki, nəyə görə onlar D kateqoriyalı sürücüləri olan işçiləri cəlb etmir, cavabında "Onlar 500 manat maaş istəyirlər. Mən isə maşın sürə bilən birini gətirirəm 200-300 manata işlədirəm" cavabını verir. Belə hal varsa, hökumət dotasiya versin, sürücünün əmək haqqından ƏDV tutulmasın. Dotasiya verilmirsə, güzəştlər müəyyən edilsin".
Ekspert vahid kart sisteminə də toxundu: "Bu sahibkarların arxalandığı şəxslər var. Nəyə görə hələ də kart sisteminə keçə bilmirik? Əvvəla, kart sisteminin konsepsiyasını onlar hələ də müəyyən edə bilmirlər. Daha vacib bir məqam "qara mühasibatlıq"-da əldə edilən pullar kart sistemində davam edə bilməməsidir. Çünki bu sistem olarsa, gün ərzində min sərnişin deyil, on min sərnişin daşındığı ortaya çıxacaq. Sonra isə on min sərnişinə görə yığılan pulların hara itdiyi ortaya çıxacaq" - deyən ekspert bu problemlərin yalnız sistemli şəkildə həll edilə biləcəyini qeyd etdi.
Problemləri çözəcək 5 qəpik...
Xatırladaq ki, Tarif (qiymət) Şurasının bu ilin sentyabrın 5-də keçirilmiş növbəti iclasında sərnişindaşıma xidmətlərinin tarifləri dəyişdirilməyib. Şura bildirib ki, Nəqliyyat Nazirliyinin müraciəti əsasında şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar Şuranın 26 aprel 2013-cü il tarixli Qərarına dəyişikliklər edilib. Qəbul olunmuş qərara əsasən şəhərdaxili marşrutlarda gediş haqqı mövcud 20 qəpik səviyyəsində saxlanılıb, şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar 8 marşrut xəttinin (114, 131, 146, 181, 189, 202, 203, 215) məsafəsi qısaldığından, 15 marşrut xəttinin (102, 106, 112, 126, 139, 140, 149, 164, 168, 169, 171, 182, 194, 196, 211) məsafəsi isə uzandığından gediş haqqı mövcud tariflər əsasında məsafəyə uyğunlaşdırılıb.
Daha bir neçə il geriyə baxsaq, gediş haqqının 10 qəpik olduğu vaxt onu 15 qəpiyədək artırılmasını xatırlayaq. Sərnişinləri məyus edən yalnız qiymət artımı olmadı. Bu eləcə də ölkədə 5 qəpiyin qıt olduğunu göstərdi. Belə ki, gediş haqqını ödəyərkən sürücü xırdanı qaytara bilmədikdə sərnişinə and-aman edərək 5 qəpiyin olmadığını deyirdi. Sərnişinlər isə öz növbəsində bir çox hallarda 5 qəpiyi artıq olaraq qoyub gedirdi. Aidiyyatı qurumların rəsmiləri isə ölkədə 5 qəpiyin kifayət qədər dövriyyədə olduğunu bildirirdilər.
Yenidən qiymət 5 qəpik artırılarsa, eyni hal yenidən təkrarlanacaqmı? Təbii ki, ölkənin ehtiyatında nə qədər 5 qəpiyin olduğu gediş haqlarının artırılacağı zaman məlum olacaq. Lakin durumdan başqa bir çıxış yolu var kimi görünür - vahid kart sistemi. Sərnişinlər əgər kart ödəniş sisteminə keçərsə, o zaman sürücülərə artıq nə 5 qəpik vermək lazım olacaq, nə də ki, 5 qəpiyi tapmadıqda sərnişinlərə and-aman etməsi. Burada daha bir vacib məqam ortaya çıxır - bütün avtobuslarda ödəniş sistemi kartını qəbul edəcək cihazlar quraşdırılıbmı?
Şəhər daxili bir çox avtobuslarda bu cihazların quraşdırıldığının şahidiyik. Lakin yetər ki, şəhərdən bir addım kənara atasan, bu cihazlar da gözdən itir. Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə müraciət etsək də, sualları cavablandıracaq şəxs tapılmadı.
"Bizim Yol" qəzeti