AMİP-in keçmiş lideri Etibar Məmmədov Çexiyadadır. Ölkənin məşhur kurort zonalarından olan Karlovı Varıda müalicə olunan E.Məmmədovun yanında yaxınları da olub. Bu barədə "Yeni Müsavat"a məlumat verən mənbənin sözlərinə görə, E.Məmmədovun xarici görünüşü onun məşhur sanatoriya mərkəzinə gəlmə məqsədini də üzə çıxarırdı. Çünki keçmiş AMİP lideri xəstəhal görünürmüş. Onun mərkəzdə nədən müalicə aldığı bilinməsə də, bir həftədən artıqdır ki, Karlovı Varıda olduğu bizə çatan məlumatlar sırasında idi.Dünyada ən çox turistin axışdığı bu istirahət məkanı barədə bilmədiklərimiz; azərbaycanlılar məşhur şəhərdə ev də alır, biznes də qurur
Ümumiyyətlə, Karlovı Varı azərbaycanlıların çox tez-tez baş çəkdiyi məkanlardan biridir. Hətta yolda gedərkən eyni küçədə bir neçə azərbaycanlı tanışa rast gəlməyiniz də mümkündür. Buna səbəb həm bu məkanda istirahət və müalicə imkanlarının nisbətən əlçatan olması, həm də sovet dövründən qalan nostalgiyanın izləridir.
Karlovı Varı - Çexiya Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəridir.
Şəhərdə çox sayda bulaq mövcuddur. Bunlardan ən istisi Termal Bulağıdır. Şəhərin ən böyük və ən məşhur tikilisi Milli Kolonadadır. Bulaqların əksəriyyəti burada yerləşir. Karlovı Varını dünyada tanıdan ikinci önəmli fakt isə burada hər ilin iyul ayında keçirilən beynəlxalq kinofestivaldır.
Bir sözlə, Karlovı Varı gəzinti, istirahət və müalicə üçün dünyanın ən möhtəşəm və əvəzedilməz məkanlarından biridir.
Çexiyada ölkənin ikinci böyük şəhəri olan Brno da çox sayda gəzməli, görməli ünvanlara sahibdir. Şəhər Svitava və Svratka çaylarının birləşdiyi yerdə yerləşir.
Karlovı Varı "Dirilik suyu" adı ilə məşhur "Bexerovka" likörü ilə də tanınır. O, müalicəvi otlardan hazırlanan tinkturadır. Tərkibi spirt, mineral su, 20-yə yaxın ot növü və şəkərdən ibarət olan, hazırlanma texnikası sirr saxlanılan likördən mədə xəstəliklərinin müalicəsində istifadə edilir.
Karlovı Varı sakitliyi və rahatlığı dəyərləndirməyi bacaran insanların yeridir. Tennis, boulinq, bilyard, qolf və atçılıq həvəskarları burada darıxmayacaq. Karlovı Varı qolf turnirləri ilə də məşhurdur. Turistlərin hər axşam şəhər filarmoniyasındakı canlı konsertləri dinləmək imkanı var.
Karlovı Varı mağazalarının çoxunda çex istehsalı olan büllur və çini qab-qacaqlar satılır. Şəhərə gələn qonaqlar Karlovı Varı istehsalı olan çini əşyalara daha çox üstünlük verirlər. Daş qızılgüllər isə turistlər üçün ən yaxşı suvenirdir. Bu suvenir termal suların tərkibindəki kalsium araqonit maddəsindən hazırlanır.
Tarixi "Diana" qülləsi, "IV Karl qalası", "Müqəddəs Mariya Maqdalena" məbədi və "Yapon bağı" şəhərin ən gəzməli yerləridir. 600 illik tarixə malik bu şəhər həm də kinofestivalı ilə məşhurdur. Festival əsasən iyulun əvvəlində keçirilir. Ən ucuz otellər mərkəzdən kənardakı - Yeni Role, Köhnə Role, Tuqnise, Draqovise və Doubi rayonlarında yerləşir.
Azərbaycanın turizm firmaları da Karlovı Varıya maraqlı və cəlbedici turlar təklif edirlər. Onlardan ən sərfəlisi bu yay firmalardan biri tərəfindən müştərilərə təqdim edilmişdi. 18 iyul-1 avqust tarixləri üçün 2 həftəlik (14 gecə, 15 gün) tur 1365 manat idi. Qiymətə viza, yemək, müalicə, otel və transfer daxil idi. Sanatoriya qalaya bənzər iki binadan ibarətdir. Bir meşə sahəsində, mineral bulaqlardan 15 dəqiqəlik piyada yerləşir. Qonaqlara balneoloji, sauna, solarium, qəhvə klubu, yay restoran, park, mehmanxana bar, camaşırxana, velosiped kirayələmə, roomservice (odaya ərzaq, içkilər) pulsuz internet xidməti təklif olunur. Bundan başqa, səhər yeməyi, nahar və axşam restoran xidmət edir.
Karlovı Varıda gündəlik müalicə də mümkündür. Məsələn, ANGLICKY DVUR (3 ulduzlu) - 62 AZN
LAZNE III (3 ulduzlu)- 62 AZN
MANES (3 ulduzlu) - 70 AZN
Qiymətə 1 nəfərin 1 gecə oteldə qalması, qidalanması və baza müalicəsi daxildir.
4 ulduzlu oteldə 7 gecə 8 gün istirahət 550 AZN-dən başlayan qiymətlərlə təqdim edilir. Səyahət şirkətlərinin nümayəndələrinin sözlərinə görə, Ukraynada baş verən proseslərlə əlaqədar bu ölkəyə vətəndaşların marağı xeyli azalıb.
Mətbuat daha öncə bir neçə dəfə Karlovı Varıda biznes quran, daşınmaz əmlak satın alan iş adamlarından yazıb. Bunlardan biri Azərbaycan parlamentinin üzvü Adil Əliyev və onun qardaşı Allahverdi Əliyevdir. A.Əliyev Çexiya Respublikasında bizneslə məşğul olur və "Uest End Center" adlı şirkətin səhmdarlarındandır. Bu şirkət Karlovı Varının qərb ətraflarında torpaq sahələrinə malikdir. Əliyevlər ailəsinin 2003-cü ildə qurduğu RAN Ltd şirkəti Karlovı Varıda, TERMA TRAVEL qrupuna aid iki şirkətlə eyni ünvanda mənzillənmişdi...
Son dövrlər soydaşlarımız xaricdə daşınmaz əmlak alarkən Çexiyaya da daha çox üstünlük verirlər. Bunun bir neçə səbəbi var. Birincisi, Çexiya Şengen zonasıdır. İkincisi, Çexiya Avropanın mərkəzində yerləşir və burada daşınmaz əmlakın qiyməti eyni keyfiyyət daxilində Fransa, İtaliya və ya İspaniyadakı daşınmaz əmlakın qiymətindən bir neçə dəfə aşağıdır.
Eləcə də, çex dili slavyan dil qrupuna aiddir və rusdilli insanlar üçün bu dili öyrənmək o qədər də ağır zəhmət tələb etmir. Çexiyada, Praqada və ya Karlovı Varıda daşınmaz əmlak almaqla, müştəri asanlıqla rezident statusu və ya Şengen zonasında yaşayış vəsiqəsi ala bilər. Avropanın digər ölkələrində böhran səbəbindən ucuzlaşan əmlakı alanlar arasında da azərbaycanlılara rast gəlmək olar. Xaricdə daşınmaz əmlakın ucuzlaşmasına valyutaların məzənnələrindəki dəyişikliklər də təsir göstərib. Avro ilə manatın təxminən eyni həddə olması isə azərbaycanlı alıcılar üçün yaxşı imkan yaradıb.
"Yeni Müsavat"