Bu suala indiyə kimi bir neçə variantda cavablar verilib. Əsasən deyilir ki, sürücünün özünü şübhəli aparması, saqqız çeynəməsi, gözlərinin qızarması, avtomobilin şüşələrinin tərləməsi polisin diqqət yetirdiyi əsas məqamlardandır. Lakin bu əlamətlərin heç biri olmadan da polisin sərxoş sürücüləri aşkar etməsi faktları var.Sərxoş sürücülərə qarşı cəzaların sərtləşdirildiyi vaxtda yenidən bir sual gündəmə gəlib: polis sürücünün sərxoş olmasını necə müəyyən edir?
Milli.Az bildirir ki, məsələ ilə bağlı aznews.az-a çox maraqlı məlumatlar daxil olub. Məlum olub ki, polislər sərxoş sürücüləri yaxalamaq üçün restoran administratorları, taksi sürücüləri, dayanacaq nəzarətçilərilə çox sıx şəkildə işləyirlər. Bunlar arasında polislər daha çox restoran rəhbərliyilə əlaqələrə üstünlük verirlər.
Beləliklə xeyir işin "yola verilməsinə" nəzarət edən şadlıq sarayının, restoranın administratoru yol polisinə hansı avtomobilin sahibinin içkili olması ilə bağlı məlumat ötürür. Həmin maşının dövlət nömrə nişanını yol polisinə verir. Beləcə, yol polisi həmin avtomobilin sahibinin asanlıqla içkili olduğunu sübuta yetirib cərimələyir.
Elə buna görədir ki, toydakı səs-küydən qanunları unudan əksər sürücülər xeyir işdən çıxıb adətən polis bölmələrinə düşürlər.
Bəs polisin qanunları pozan sürücüləri belə yollarla müəyyən etməsi qanunidirmi?
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da DYP əməkdaşları ilə taksi sürücülərinin, administratorların əlbir işlədiyini təsdiqləyir. Ekspert deyir ki, son zamanlar taksi sürücüləri ilə polislərin əlbir işləməsi ilə bağlı məlumatlar tez-tez yayılır. Polis taksi sürücüsünə həmin ərazidə dayanmağa şərait yaradır, qarşı tərəf isə bunun əvəzində qaydaları pozan avtomobilləri polisə xəbər verir. Parklama qaydalarını pozan nəqliyyat vasitələrini polisə xəbər verməklə onları cərimə meydançasına aparılmasına yardımçı olur.
QANUN DEYİR Kİ..
Administratorlarla yol polisi əməkdaşlarının da əlbir işlədiyini təsdiqləyən Ə.Hüseynov belə bir fəaliyyətin qanunda da öz əksini tapdığını söylədi. Onun sözlərinə görə, intizamsızlığa meylli, sərxoş halda maşın idarə etmək istəyən bəzi adamlar administratorlarla yol polisinin əlbir işləməsini qınayır və bu kimi fəaliyyətin yanlış olduğunu təbliğ edirlər. Halbuki, bütün dünyada intizamın yaranmasının əsaslarından biri budur. Almaniyada nəinki sərxoş vəziyyətdə maşın sürən, hətta işıqforun qırmızı işığında keçən sürücünü görən adamlar zəng edərək bu barədə polisə məlumat verirlər. Ekspert deyir ki, polis haqqında qanunvericilikdə polisin əməliyyat xidməti deyilən bir fəaliyyət var. Yəni əməliyyat dəstəyi olmadan polisin heç bir qurumu normal fəaliyyət göstərə bilməz. Odur ki, onlar administrator, qapıçı, ofisiantla, dayanacağın gözətçisi ilə danışıb, belə hallar olanda onlara məlumat verilməsini istəyirlər:
"Tam olaraq qanunauyğun bir sövdələşmədir. Buna görə heç bir administrator, vətəndaş qınaq oluna bilməz. Çünki həmin şəxslər potensial təhlükənin qarşısını alır. Polisin sərxoş sürücünü saxlanamsı ilə bağlı fəaliyyətini tənzimləyən qanunvericilik var. Orada da göstərilir ki, polis hansı halda nəqliyyat vasitəsini dayandıra bilər. Yol Patrul Xidməti haqqında təlimatda konkret əsaslar göstərilib. Həmin əsaslardan biri olduqda yol polisi əməkdaşı nəqliyyatı dayandıra bilər. Məsələn, əsaslardan biri də növbətçi hissədən daxil olan məlumatdır. Administrator növbətçi hissəyə məlumat verir ki, filan dövlət nömrə nişanlı avtomobilin sahibi sərxoşdur. Növbətçi hissə həmin ərazidə olan patrul xidmətində olan polisə informasiyanı ötürür. Bu məlumat hər hansı avtomobili saxlamaq üçün yetərlidir".
YALANÇI MÜƏSSİSƏLƏR, QHT-lər, SİYASİ PARTİYA YARADILA BİLƏR
Avtomobil dayandırılandan sonra növbəti mərhələnin sərxoşluğun müayinəsi olduğunu deyən Ə.Hüseynovun sözlərinə görə, müayinə xüsusi cihazların vasitəsilə və ya tibbi müəssisəsində analiz vasitəsilə aparılmalıdır. Əməliyyat-axtarış haqqında qanunla əməliyyat fəaliyyəti tənzimlənir. Bu yarıgizli fəaliyyət növü olduğundan əməliyyat tədbirlərinin bütün detalları açıqlanmır:
"Əməliyyat-axtarış haqqında qanunda da göstərilib ki, əməliyyat mənbələri qanun cərçivəsində həvəsləndirilə bilər. Hazırda dünyanın bütün ölkələrində belə bir praktika var. Hətta Əməliyyat axtarış fəaliyyəti haqqında qanunda əməliyyat-axtarış tədbirləri üçün yalançı müəssisələr, QHT-lər, siyasi partiya yaradıla bilər. Amma bunu sərxoş sürücünün saxlanılamsı üçün etmək gülünc olardı. Ola bilər ki, polis əməkdaşı ofisiant, administrator geyimi ilə məclisə nəzarət edə bilər. Lakin administratorun içkili olduğu halda polisin onu saxlamayacağı və ya onu "yola verəcəyi" ilə bağlı sövdələşməyə girməsi qanundan kənardır".
Milli.Az