Cəmiyyət

Bakının biabırçı ictimai nəqliyyatı - FOTO

28 Oktyabr 2014 16:22
0 Şərh     Baxış: 1 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspert: "Nəqliyyat şirkətləri qarşısında məsuliyyət müəyyən olunmalıdır"

Bakıda marşrut avtobuslarının fəaliyyəti ilə bağlı narazılıq artmaqdadır. Xüsusən də, son günlər sosial şəbəkələrdə bu haqda müzakirələr gedir. Sərnişinlər vaxtında mənzil başına çatmaq üçün marşrut tapa bilmədiklərindən və həddindən artıq sıxlıq olduğundan şikayətçidirlər.

Musavat.com-un ənəkdaşları problemi işıqlandırmaq və onun mümkün həlli yollarını araşdırmaq üçün paytaxtda yerləşən bir neçə dayanacağa baş çəkib, sürücü və sərnişinlərlə söhbət edib. Məlum oldu ki, mövcud durumdan hər kəs narazıdır, xüsusən də Bakıətrafı qəsəbələrdən gələn sərnişinlər...

Ramana qəsəbəsinin sakini Nərminə Səfərova deyir ki, onların ən böyük problemi axşam saat 11-dən sonra marşrut tapa bilməmələri ilə bağlıdır: "Marşrutların gecikməsi və sərnişinlərin sıxlıq yaratması bir tərəfə, ən böyük problem odur ki, axşam saat 11-dən sonra yolda marşrut tapa bilmirik. Bu səbəbdən də qazandığımız pul taksilərə gedir".

Sürücü Tanrıverdi dayı deyir ki, kartla ödəniş sisteminə keçirilsə, onlar da pul saymağa vaxt itirməzlər: "Artıq kart sisteminə keçməyin vaxtıdır. Bizim ən çox vaxtımızı alan sərnişinlərdən 20 qəpik yığmaqdır. Mən sovet dövründən sürücülük edirəm. Artıq kart sisteminə keçməyin vaxtıdır, biz bu prosesə gecikmişik. Başımız buna qarışır, növbəti dayanacağa gecikirik, sərnişini vaxtında götürə bilmirik, insanlar yığılıb qalır dayanacaqda və sıxlıq olur. Bundan başqa, tıxacda hərəkət etmək mümkün deyil. Biz öz istəyimizlə gecikmirik, bunun səbəbləri bizdən asılı deyil. Çəkdiyimiz zəhmət də aldığımız pula dəymir".

Tələbə Nəzrin Rüstəmovanı narahat edən problem isə marşrutların normadan artıq sərnişin götürməsidir: "Ən çox bizi narahat edən sıxlıqdır, səhər saatlarında elə bir sıxlıq olur ki, nəfəs almaq mümkün olmur. Bunun da səbəbi gecikmələrdir. Ancaq sürücüləri də başa düşmək lazımdır, onlar da axşama kimi sükan arxasında olurlar. Marşrutların sayını artırmaq lazımdır".

Sərnişinlərdən Mehman Kərimov isə sürücülərdən narazıdır: "Sürücülər sərnişinlərə qarşı çox kobud davranırlar, normal sürmürlər, sürət həddini aşırlar. Bəzən icazəsi olmayan sürücülər sükan arxasına keçirlər. Ən biabırçı vəziyyət isə avtobuslarda sıxlığın olmasıdır. Qadınlarla kişilərin bu cür sıxlıqda getməsi düzgün hal deyil".

"Yeni Müsavat"ın müxbiri Röya Rəfiyeva isə marşrutlar arasında intervalın çox olmasından narazıdır: "Bir neçə aydır ki, 199 saylı marşrutdan istifadə edirəm. Bu, 20 yanvar metro stansiyasının yaxınlığından Xırdalan dairəsinə, oradan da Abşeron Gənclər Şəhərciyinə gedən yeganə marşrutdur. Avtobuslar arasında interval böyükdür, 15-20 dəqiqə, hətta bəzən 40-50 dəqiqə avtobus gözləyirəm. Bir neçə avtobus elə vəziyyətdə gəlir ki, artıq saxlamır. İnsanlar açıq qapılardan sallanaraq, gedirlər. Hər gün vəziyyət belədir. Xətdə bir neçə əlavə avtobus buraxmaq əvəzinə sərnişinləri adam yerinə qoymadan aparmağı üstün tuturlar".

Jurnalist Ülviyyə Xuduzadə isə deyir ki, 175 saylı avtobusu bu siyahıdan kənarda saxlamaq olmaz: "Hövsan- 28 may istiqamətində hərəkət edən avtobus o qədər sərnişin götürür ki, qapı bağlanmır, avtobusun təkəri görünmür. Həm 175 saylı, həm də Zığ qəsəbəsinə gedən 48 saylı avtobusun istismar müddəti bitib. Bu avtobuslar sərnişin daşımaq üçün yararlı deyil".

Nəqliyyat üzrə ekspert İlqar Hüseynov musavat.com-a açıqlamasında problemin aktuallığını vurğulayaraq, qeyd etdi ki, marşrut avtobuslarının fəaliyyətini tənzimləmək üçün ilk növbədə tıxacları aradan qaldırmaq lazımdır: "Bizim bu sahədə tədqiqatlarımız var. Marşrut avtobusları ilə bağlı ən böyük problem odur ki, şirkət sahibləri qarşısında qanunvericilik konkret məsuliyyət müəyyən etməyib. Bundan əlavə, yüksək kateqoriyalı avtobus sürücüləri çox azdır. Bəzi sürücülər sürücülük vəsiqəsini rüşvət və ya tanışlıq yolu ilə aldığından avtobusu normal idarə edə bilmirlər. Şirkət sahibləri isə daha böyük şəxslərə, yüksək səlahiyyətli məmurlara bağlı olduğundan onlarda bir arxayınlıq var ki, kimsə onlara toxunmayacaq. Onlar bəzən sürücülük vəsiqəsi olmayan şəxsləri belə, marşrut xətlərinə buraxırlar".

Ekspert deyir ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yaradılarkən bu problemlərin müəyyən qədər həll ediləcəyi gözlənilirdi. Ancaq NİİM gözlənilən nəticəni vermədi: "Bəzən sürücülər daha çox sərnişin götürmək üçün sürətlə hərəkət edir və dayanacağa daha tez çatmağa çalışırlar. Hətta işıqforun qırmızı işığında keçən avtobus sürücüləri də var ki, əksər hallarda onlar qəzalara səbəb olurlar. Mən təklif edirəm ki, belə qəzalar zamanı təkcə həmin sürücülərə qarşı yox, onun təmsil etdiyi nəqliyyat şirkətinin rəhbərlərinə qarşı da cəza tədbirləri görülsün".

Nəqliyyat sisteminin artan əhalinin tələblərinə cavab verməməsinə gəlincə, İlqar Hüseynov bildirdi ki, Bakının infrastrukturu qurularkən bu nəzərə alınmalı idi: "Sovet dövründə paytaxtda bu qədər əhali yox idi. Ancaq tramvaylar, trolleybuslar fəaliyyət göstərirdi. Düşünürəm ki, indi də bu variant tıxacların həllində müsbət rol oynayacaq. Xüsusən də, tramvaylar ekoloji baxımdan çox sərfəlidir. İndi isə bu problemin köklü həlli mümkün deyil. Yollarda tıxac varsa, marşrut avtobusu dayanacağa gecikəcək və orada sərnişinlərin sayı artacaq, sıxlıq da yaranacaq, narazılıq da... Hazırda Bakının infrastrukturu bu problemin qısa müddətdə həllinə imkan vermir. Ancaq tıxacların azalması üçün müəyyən tədbirlər görmək olar. Məsələn, xarici təcrübədə olduğu kimi, cüt nömrəli maşınların həftənin tək günlərində, tək nömrəli maşınların isə cüt günlərində şəhərə çıxışını yasaqlamaq olar. Əksər böyük şəhərlərdə bu, tətbiq olunur".

Qeyd edək ki, bu problemlə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəyini öyrənməyə çalışsaq da, səylərimiz nəticəsiz qaldı.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.