Cəmiyyət

Riyaziyyatçı niyə yazıçı oldu? - FOTO

27 Oktyabr 2014 18:01
0 Şərh     Baxış: 1 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabir Rüstəmxanlı: "Kitabxanada qızlar başıma oyun açırdılar"

Görüşümüz müsahibimizin tələsdiyi vaxta düşsə də, uşaqlığından, tələbəlik illərindən elə maraqla danışdı ki, həmin illəri biz də gözümüzün önündə canlandırmaya bilmədik. Azərbaycanın xalq şairi, ictimai-siyasi xadim, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının uşaqlıq, tələbəlik illərinə birgə səyahət edək.

"Uşaqlıq və yaşlı dövrüm arasında sərhəd yoxdur"

Müsahibimiz İkinci Dünya Müharibəsindən sonra, 1946-cı ildə Yardımlının Hamarkənd kəndində kasıbçılıqla yaşayan bir ailədə dünyaya gəlib. Atası müharibədən qayıdanda böyük bir ailənin yükü onun çiyinlərində olub: "Kəndlərin ağır vaxtında qadınların da kişilərlə bir yerdə əkib-becərdiyini, dağ yamaclarını bellə kürüklədiyini dumanlı şəkildə xatırlayıram. Kəndlərdə elə ailələr var idi ki, bir tikə çörəyə möhtac idilər. O illərdə atam müharibədən yaralı qayıtsa da, işləmək imkanı olan birisi kimi bir çox ailələrə kömək edirdi. Mən atamı daim işləyən, alın təri ilə halal çörəyini qazanan insan kimi görmüşəm. Anam da eyni kənddə böyümüş kəndçi qızı idi. Valideynlərim orta məktəbdə 1930-cu illərdə oxuduqlarına görə latın qrafikası ilə yazırdılar. Mən tələbə olanda anam hərdən mənə latın qrafikası ilə məktublar yazardı. İndi də o məktublardan bəzisini saxlayıram".

Kasıbçılıqla böyüdüyünü deyən S.Rüstəmxanlının fikrincə, kənd uşağı üçün uşaqlığın sərhədlərini müəyyənləşdirmək çətindir: "Gözümüzü açandan valideynlərimizin köməkçisi olmuşuq. Həyət-bacada işləyir, ot çalmağa, zəmi biçməyə, meşəyə odun gətirməyə gedirdik. Bir sözlə, həmişə xırman üstündə böyüklərimizin yardımçısı olurduq. Buna görə də mən uşaqlıqla yaşlılıq dövrü arasındakı sərhədləri müəyyənləşdirə bilmirəm".

Riyaziyyat olimpiadalarına qatılır

Birinci sinfə 6 yaşında gedir. Yeddi il kəndlərindəki orta məktəbdə oxuduqdan sonra təhsilini Yardımlı qəsəbə 11 illik məktəbində davam etdirir. Yardımlı qəsəbə məktəbinin yaddaşında universitet kimi qaldığını deyir. Çünki bu məktəbin müəllimləri mükəmməl səviyyədə dərs deyirmişlər. Məktəb evlərindən uzaqda yerləşdiyindən müxtəlif kəndlərdən gələn şagirdlərlə birgə təhsil ocağının yanındakı internatda qalır: "Orada bizə yemək də, ildə bir-iki dəfə yeni geyim də verirdilər. Şənbə günü kəndə gedirdik, paltarlarımızı evdə yuyurdular. Bir az da evdən təzə ərzaq götürüb bazar günü geri qayıdırdıq. 11-ci sinfi bitirənə kimi 4 il internatda həm Bakının tələbə həyatına bənzər, həm də əsgər həyatını xatırladan bir həyat yaşadım. Texniki məktəb olduğuna görə həm də sənət öyrənirdik. Tez-tez kəndlərə alma, tütün yığmağa köməyə gedirdik".

Orta məktəb illərində ictimai fəal şagird olduğunu deyən həmsöhbətimiz məktəbin teatr truppasında da təmsil olunduğunu, tamaşalar göstərdiklərini deyir: "Şeir yazmağa başladığımdan rayon tədbirlərində öz şeirlərimlə çıxış edirdim. Həm riyaziyyatçı, həm də ədəbiyyatçı kimi respublika olimpiadalarına qatılırdım. Orta məktəbdə artıq respublikanın təhsil və mədəni həyatına bir növ alışırdım. İldə bir neçə dəfə toplantılarda iştirak etmək üçün bizi Bakıya gətirirdilər. Qeyd edim ki, orta məktəb mənim üçün universitet illərindən daha maraqlı idi".

Bakı küçələrində hamı rusca danışırdı

Bakı ilə ilk tanışlığı da elə orta məktəb illərinə təsadüf edir. Deyir ki, Bakı yadında içməsi mümkün olmayan xlorlu su, yaraşıqlı binaları ilə qalıb: "Hökumət Evinin içərisinə girəndə mərmər döşəməni, binanın ətrafındakı səliqəli bağı görmək kənd uşağı üçün son dərəcə maraqlı idi. Alabaş avtobusla rayondan təxminən 10 saat yol gəlirdik. Bibiheybətdən şəhərə doğru dönəndə artıq adamı Bakının neft qoxusu vururdu. Neft mədənləri, o vaxt bizə uca görünən Bakının binaları, bir də küçələrdəki yadlıq ağlımda qalıb. Küçələrdə hamı rusca danışırdı. Bakıya ilk gəlişimdə bunu hiss etdim və mənə çox pis təsir etdi".

Gələcəyin böyük riyaziyyatçısı

Orta məktəbdə oxuyarkən riyaziyyatçı olmağa qərar verən S.Rüstəmxanlı qarşılaşdığı haqsızlıq ucbatından bu fikrindən vaz keçməli olur: "Mənə qızıl medal verməmək üçün 9-cu sinifdə qurtardığım triqonometriya fənnindən "5" qiymətimi "4" etmişdilər. Fizika imtahanında isə komissiya üzvləri xüsusi hazırlaşmışdı ki, mənə dolaşıq suallar versinlər, mən də əsəbiləşim. Bilirdilər ki, mən bütün il boyu əla oxumuşam və necə ola bilər ki, mənə "5" verməsinlər. Beləliklə, fizika və triqonometriyadan "4" aldım. Sonra direktora məktub yazdım. Çox istədiyim riyaziyyat müəllimiylə də münasibətlərimiz kəsildi, riyaziyyatla birdəfəlik üzülüşdüm. Hansı ki, özümü gələcəyin çox böyük riyaziyyatçısı kimi görürdüm. Kənddə təhsil almağıma baxmayaraq, Moskvadan gələn viktorinaları həll edirdim. İxtisas seçimi mənim üçün çox çətin seçim idi. Təsəvvür edin, riyaziyyatçı olacağını düşünəsən və birdən-birə fikrini dəyişmək məcburiyyətində qalasan. Beləliklə, orta məktəbi bitirəndə sənədlərimi filologiya fakültəsinə verdim".

İmtahanlardan üç "5", bir "4"lə çıxıb rahat şəkildə rayona qayıdan həmsöhbətimiz filologiya fakültəsinə qəbul olduğunu düşünür. Amma universitetə gəlib siyahıda adları oxuyanda, öz adını tapa bilmir: "Bilirdim ki, bir qızdan başqa hamı məndən aşağı qiymət alıb. Necə ola bilərdi ki, mən kənarda qalım? Çox pərt oldum. Rayona necə qayıdacağım barədə düşündüm. Təsadüfən digər ixtisaslara qəbul olanların da siyahısını oxudum. Gördüm, adım şərqşünaslıq fakültəsinə düşənlərin siyahısındadır. O vaxt şərqşünaslıq fakültəsində Ərəb tərcüməçiliyi ixtisası yeni açılmışdı, filologiyadan yüksək bal yığanları ora köçürmüşdülər. Filologiyada oxumaq üçün dəfələrlə universitetin o vaxtkı rektoru, rəhmətlik akademik Şəfayət Mehdiyevin yanına getdim. Yazıçı olmaq və filologiyada oxumaq istədiyimi dedim. Məni fikrimdən döndərməyə çalışsa da, filologiya deyib durdum. Beləliklə, çox çətinliklə də olsa, şərqşünaslığı filologiyaya dəyişdirdim".

"Evdə tapşırdım ki, mənə pul göndərməsinlər"

Kənddən Bakıya oxumağa gələrkən 16 yaşlı həmsöhbətimiz valideynlərinə tapşırır ki, evdən ona pul göndərməsinlər, özü özünü dolandıracaq: "Çünki ailəmiz böyük idi və valideynlərimin necə əziyyət çəkdiyini görürdüm. Həqiqətən də beş il oxuduğum müddətdə evdən pul almadım. Universitetdə bəlkə də ən kasıb tələbələrdən biri olmağıma baxmayaraq, birinci kursdan sonra elə bilirdilər ki, mən ən imkanlı tələbələrdənəm. İşlədiyimə görə geyimim-keçimim yerində idi. Tələbə yoldaşlarım da bilirdilər ki, həmişə mənim cibimdə pul var. Buna görə ən ağır vaxtda, çətinlikləri olanda mənim üstümə gəlirdilər".

"Qızlar başıma oyun açırdılar"

S.Rüstəmxanlı bir müddət universitetin yataqxanasında qalsa da, sonradan kirayə çıxır: "Çünki tələbə yoldaşlarıma işlədiyimi deməyə utanırdım. Tezdən saat 8-də durub "Azərkitab"ın anbarında fəhlə kimi işləməyə gedəndə hara getdiyimi soruşurdular. Birdən saat 2-də universitetdə peyda olurdum. Sonra gecələr qarovulçu olduğumdan yataqxanaya qayıtmırdım. O vaxt elə yaşımız idi ki, işlədiyimi deməyə utanırdım. Buna görə kirayə ev tutmalı oldum. Bakının elə bir guşəsi yoxdur ki, orada kirayənişin olmayım".

Birinci kursdan əməyə alışdığını deyən S.Rüstəmxanlı işə Belinski adına uşaq kitabxanasından başlayır: "Orada bir dəstə cavan qız işləyirdi. Kənddən yeni gəlmiş cavan uşaq olduğumdan, qızlar mənimlə zarafatlaşır, niyə qalstuk taxmadığımı, arıq olduğumu tez-tez sual verirdilər. Bir sözlə, qızlar başıma oyun açırdılar. Şəhər həyatına alışmağımın, utancaqlıq hissindən qurtulmağımın bir səbəbi də həmin kitabxanada işləməyim oldu. Sonrakı illərdə oxuya-oxuya "Azərkitab"ın bazasında fəhlə işləyirdim. Həyat elə gətirdi ki, "Azərkitab"ın da daxil olduğu Mətbuat və İnformasiya Nazirliyinə rəhbərlik etdim. Tələbəlikdə Nərimanov rayonunda ət kombinatında qarovulçu da işləmişəm. Beşinci kursda oxuyurdum. Səhiyyə Nazirliyinin dərman anbarında da qarovulçu işinə yenicə düzəlmişdim. Gecə ilk iş günü qarovula çıxacaqdım ki, həmin gün "Ədəbiyyat" qəzetində jurnalist kimi əmrim verildi və işə başladım. Qeyd edim ki, "Ədəbiyyat" qəzetində bir məqaləm çap olunandan sonra məni işə götürdülər".

"Qiymət kitabçamı yolladım, müəllim qiymətimi yazdı"

S.Rüstəmxanlı tələbə vaxtı qarşılaşdığı maraqlı əhvalatları da bizimlə bölüşdü. Yaxşı tələbə olduğuna görə bir dəfə rəhmətlik Gülhüseyn Hüseynoğlu həmsöhbətimizə yaxınlaşıb deyir ki, imtahana özü gəlməsin, qiymət kitabçasını göndərsin: "Mən də elə etdim və Gülhüseyn müəllim qiymətimi yazdı. Həmin vaxt başqa bir dostum Gülhüseyn müəllimin imtahanından kəsilmişdi. Onun yanına gedib dedim ki, "bir halda ki, mənə belə sayğınız var, dostum kəsilib ona da qiymət yazın". Qayıtdı ki, "adını demə, qrupunu de. Çünki mən heç vaxt, heç kimə tapşırıqla qiymət yazmamışam. Sənin xatirinə bütün qrupa qiymət yazaram. O da onun içərisində gedər. Amma adını desən, bu, mənim tərəfimdən prinsiplərimin pozulmasıdır".

Şirməmməd Hüseynov dedi ki, "qiymət yazmaram"

Bir dəfə də Jurnalistika fakültəsində oxuyan bir oğlan S.Rüstəmxanlıya yaxınlaşıb Şirməmməd müəllimin onun xətrini çox istədiyini deyir və müsahibimizdən xahiş edir ki, onu Şirməmməd müəllimə tapşırsın: "Oğlan bizimlə dərnəklərə gəlirdi. Milliyyətçi, vətənpərvər idi. Şirməmməd müəllimin yanına gedib dedim ki, "tələbə yoldaşım var, çox vətənpərvər, qeyrətli oğlandır. Belə uşaqlara hörmət edirsiniz, ona da qiymət yazın". Dedi ki, "yazmaram". Səbəbini soruşdum. Dedi, "nə qədər qeyrətli olsa da, savadsız olduğuna görə günün birində biqeyrət olacaq".

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.