Cəmiyyət

Şagirdlərin sağlamlıq vəziyyəti öyrənilir

23 Oktyabr 2014 17:16
0 Şərh     Baxış: 2 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi "Sağlam təhsil sinfi" fəaliyyət göstərən məktəblərdə monitorinqlərə başlayıb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində ümumtəhsil məktəblərində monitorinqlərə başlanılıb. "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq həyata keçirilən "Sağlam təhsil-sağlam millət" layihəsi təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Layihə müxtəlif məktəblərdə ayrı-ayrı yaş qrupları üzrə 10 000 şagirdin davamlı tibbi-gigiyenik, gender, psixoloji-pedoqoji müayinəsinin həyata keçirilməsi və mərhələlər üzrə hesabatların hazırlanmasını nəzərdə tutur.

Mütəxəssislər ötən tədris ilində 2600 şagirdin müayinəsini başa çatdıraraq ilkin məlumatları təqdim ediblər. Layihə çərçivəsində artıq Bakı şəhərinin 5 və Sumqayıt şəhərinin 1 məktəbində 15 "Sağlam təhsil sinfi" yaradılıb və onlar yeni dərs ilindən fəaliyyətə başlayıb. Şagirdlər arasında monitorinq işləri davam etdikcə "Sağlam təhsil sinif"lərinin sayı artırılacaq.

Layihə üzrə mütəxəssislər qrupunun rəhbəri, Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmələr gigiyenası kafedrasının dosenti Şəhla Balayeva görülən işlər barədə "Kaspi"nin suallarını cavablandırdı.

- "Sağlam təhsil - sağlam millət" layihəsinin həyata keçirilməsi hansı zərurətdən gündəmə gəldi?

- "Sağlam təhsil" dedikdə təlim-tərbiyə müəssisələrində elə bir mühitin yaradılması nəzərdə tutulur ki, orada nəinki bilikli, həm də sağlam nəsil yetişsin. Sağlam mühit amillərinə sinif otaqlarının quruluşu, dizaynı, mebellərin forması və ölçüləri, yerləşdirilməsi, sinif otaqlarının tərtibatı, işıqlanması və s. daxildir. Bütün bunlar monitorinq qrupu tərəfindən öyrənilib tələblərə uyğun təkmilləşdiriləcək. Gigiyenik normativlərə uyğun şəraitin təşkili və tərtibi, uşaqların belə bir mühitdə təhsil alması nəzərdə tutulur.

- Hazırda monitorinqlər nə qədər şagird və məktəb arasında həyata keçirilib? Nəticələr necədir?


- Layihə çərçivəsində 10 min uşağın sağlamlıq vəziyyətinin müayinəsi nəzərdə tutulub. Monitorinqlər "Coca-Cola" şirkətinin dəstəyi ilə həyata keçirilir. Bizim işçi qrup monitorinqlərə may ayından başlayıb. May-iyun aylarında mütəxəssislər tərəfindən 2600 uşaq müayinə edilib. İşçi qrupa pediatr, gigiyenist, nevropatoloq, oftalmoloq və psixiatrlar daxildir. Hazırda Bakı şəhərində yerləşən 5 tam orta məktəbdə - Səbael rayonundakı 23, Binəqədi rayonundakı 83, Nizami rayonundakı 214, Xəzər rayonundakı 26 və Suraxanı rayonundakı 114 saylı məktəblərdə müayinələr aparılır. Bu məktəblərdə 1, 5 və 11-ci sinif şagirdlərini müayinə edirik. Həmin məktəblər layihə çərçivəsində pilot məktəblər kimi seçilib və bu təhsil ocaqlarının birinci siniflərində pilot "Sağlam təhsil sinif"ləri təşkil olunub. Pilot siniflərdə məktəblilər üçün yaradılan mühit uşaqların hərəki fəallığını artırmaqla yanaşı, həm də normativlərə uyğun təşkil edilib.

Qeyd etdiyim məktəblərdə müayinələr davam edir. Məlumatlar tam yığıldıqdan sonra statistik təhlil aparıb nəticələr haqqında məlumat verəcəyik. Hələlik pilot məktəblər Bakı və Sumqayıt şəhərlərində seçilib. Lakin ümid edirik ki, bu layihə özünü doğruldacaq və gələcəkdə bütün ölkəni əhatə edəcək.

- Hər halda müayinələr zamanı sizdə ilkin rəylər yaranıb. Deyə bilərsinizmi, təhsil ocaqlarında gigiyenik normalara nə qədər əməl olunur?

- Uşaqlar arasında kifayət qədər görmə problemləri, qamət pozğunluqları var. Bu, ilk növbədə uşaqların məktəblərdə və məktəbəqədər müəssisələrdə günlərini oturaq şəraitdə keçirmələri, hətta, evə gəldikdən sonra da oturaq həyat tərzi keçirmələri üzündən baş verir. Digər tərəfdən, sinif otaqları uşaqların boy ölçülərinə müvafiq olmayan mebellərlə təchiz olunur. Müşahidələrimiz göstərdi ki, uşaqlar boylarına uyğun olmayan partalar arxasında otururlar. Bunlar ilkin müşahidələrdir. Amma tam məlumatı bütün bunları bir-biri ilə əlaqələndirib, müəyyən bir nəticəyə gələndən sonra demək olar. Ümumiyyətlə, qamət və görmə pozğunluğu məktəb xəstəlikləri adı ilə 19-cu əsrdə tibbi ədəbiyyata daxil olub.

- Ümumiyyətlə, tibbi nöqteyi-nəzərdən təhsil texnologiyalarının şagirdlərin səhhətinə hansı ziyanı var?

- Hazırda təhsil texnologiyaları çeşidlidir. Ancaq əsas problem bu texnologiyalardan istifadə etməklə bağlıdır, yəni düzgün istifadə etmədikdə ziyanlı ola bilər, düzgün istifadə isə uşaqların inkişafına kömək edə bilər. Təbii ki, bəzi texnologiyalardan hədsiz istifadə zərərə gətirib çıxarır, uşaqlar arasında patologiyaların, fizioloji dəyişikliklərin baş verməsinə səbəb olur. Həmçinin, uşaqlarda yorğunluq tez baş verir. Amma yenə də buna birmənalı yanaşmaq olmaz. Biz bütün bu amilləri də araşdırmalıyıq.

- Bu günlərdə uşaqların icbari dispanserizasiyasına həsr olunan mətbuat konfransında Səhiyyə Nazirliyi nümayəndələri bütün uşaqların, o cümlədən məktəblilərin tibbi müayinələrə cəlb olunduğunu qeyd etdi. Sizin layihənin uşaqların icbari tibbi müayinəsindən fərqi nədir?

- İcbari müayinəyə məktəb yaşlı, həmçinin məktəbəqədər yaşlı uşaqlar da cəlb olunur. 1 yaşa qədər uşaqlar ayda bir, 1-3 yaşlı uşaqlar 3 ayda bir dəfə, 3-6 yaşlı uşaqlar 6 ayda bir dəfə, məktəb yaşlı uşaqlar ildə bir dəfə dərin tibbi müayinədən keçməlidirlər. Bu müayinə o deməkdir ki, nəinki pediatr, digər ixtisas həkimləri də o müayinədə iştirak edir və uşaqların fiziki, psixi və digər sağlamlıq göstəriciləri tədqiq edilir və bunun nəticələri sonradan təhlil olunur. Apardığımız monitorinqin müasir müayinələrdən fərqi ondan ibarətdir ki, biz uşaqların sağlamlığını müayinə etməklə yanaşı, həmçinin onların təhsil-təlim şəraitini öyrənirik ki, sonra bunların bir-biri ilə əlaqəsini üzə çıxaraq.

- Təhsil müəssisələrində tibb kabinetlərinin fəaliyyəti ilə bağlı müəyyən narazılıqlar eşidilir. Bəzi məktəblərdə isə ümumiyyətlə, belə kabinetlər yoxdur. Monitorinqləriniz zamanı bu cür faktlarla qarşılaşmısınızmı?

- Monitorinq keçirdiyimiz bütün məktəblərdə tibb kabineti var. Ümumiyyətlə, belə kabinetlər bütün məktəblərdə mövcuddur. məktəblərə həkim və tibb bacısı təhkim olunur ki, uşaqların sağlamlığına daim nəzarət etsin. Sadəcə, təminat məsələsi var. Ola bilsin, elə məktəblər var ki, ora tibbi avadanlıqla tam təmin olunmayıb. Ancaq çox az məktəblərdə bu vəziyyət müşahidə olunur. Məktəblərə gedəndə görürəm ki, tədricən bu təminat da yaxşılaşır.

Məktəblilərin həyat tərzi, qidalanması onların sağlamlığının formalaşmasında böyük rol oynayır. Bu baxımdan valideynlərin üzərinə daha böyük məsuliyyət düşür. Valideynlər uşaqlarının düzgün gün rejimini təşkil edərək, buna nəzarət etməli, onların qidalanmasına, kifayət qədər yatmasına, açıq havada fəal istirahət etməsinə, televizor, kompüter və digər texnologiyalarla uzun müddət məşğul olmamasına xüsusi diqqət etməlidirlər. Valideynlər uşaqları körpəlikdən sağlam həyat tərzinə alışdırmalı və bu baxımdan özləri onlara nümunə olmalıdırlar.

- Məlumdur ki, "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı" tətbiq edilib və məktəblərdə satışı qadağan edilən ərzaqların siyahısı ilə təhsil müəssisələrinin rəhbərləri də tanışdırlar. Yəqin ki, həyata keçirdiyiniz monitorinqlərə məktəb bufetinə nəzarət də daxildir. Bu sahədə vəziyyət necədir?

- Hal-hazırda məktəblərin isti yeməklə təminatı ilə bağlı qərar qəbul olunub. Bu, mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Bir sıra məktəblərə artıq uşaqlar üçün isti yemək gətirilir. Bəzi məktəblərdə bütün gigiyenik normaları gözləmək şərti ilə şərait varsa, isti yemək hazırlanmasına icazə verilir. Əlbəttə ki, burada icazə verilən məhsullar və qida növlərinin hazırlanmasından söhbət gedir. Düzdür, icazə verilməyən ərzaqlar artıq satışdan çıxarılıb. Biz bu cür ərzaqlara bufetlərdə rast gəlmədik. Yeri gəlmişkən, satışına icazə verilən ərzaqlar da quru məhsullardır. Təsəvvür edin, uşaq 5-6 saat məktəbdə olur. Bu müddət ərzində uşaqların isti olmayan, quru ərzaqlarla, şirniyyatlarla gününü keçirməsi onların orqanizminə pis təsir edir. Ən yaxşı üsul uşaqların məktəb mühitində isti yeməklə təmin olunmasıdır. Şagirdlərin isti yeməklə təmin olunmamasına müvafiq şəraiti olmayan məktəblərdə rast gəlinir.

- Monitorinqlərin nəticəsində aşkar olunan çatışmazlıqların tamamilə aradan qaldırılacağına əminsinizmi?


- Bizim layihənin də məqsədi bütün çatışmazlıqları aşkar edib, aradan qaldırılması üçün tədbirlər hazırlamaqdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.