Bulvara üz tutanlar, imkan daxilində dəniz gəzintisini əldən buraxmamağa çalışırlar.Dənizkənarı Bulvarın genişləndirilməsi, yeni attraksionların quraşdırılması Bakı sakinlərinin və şəhərimizə gələn qonaqların, demək olar ki, ürəyincədir
Bakı Bulvar İdarəsinin balansında iki gəmi hazırda hələlik "Kristall Holl" və Bayraq Meydanı istiqamətində hərəkət edir. Gələcəkdə ola bilsin, bulvarın hər tərəfinə üzsün. Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, yay vaxtı bu gəmilər günorta saat 12.00-dan gecə saat 00.00-dək çalışır. Küləkli və soyuq günlərdə isə dəniz gəzintisi olmur. Qışda isə tələbat olmadığından, müddət azaldılır.
Məcidovun bildirdiyinə görə, gəmi gəzintisi 30 dəqiqədir və gəzinti 3 manatadır. Beş yaşına qədər uşaqlar üçün isə pulsuzdur. Gəmilər iki il əvvəl "Eurovision" yarışmasından əvvəl Bakıya gətirilərək istifadəyə verilib. "Türkiyədə hazırlanan bu gəmilərin istehsalçısı ingilis şirkətidir. Gəmilər təzə və əla vəziyyətdədir. Xilasedicilərimiz də kifayət qədərdir".
Hər şeyin nəzarət altında olduğunu deyən həmsöhbətimiz bildirir ki, gəmilərin biri 40, digəri 60 nəfərlikdir. Səfər vaxtı monitorda klip və filmlərə də baxmaq olar.
Onu da deyək ki, ötən il Bulvar İdarəsinin sayca 3-cü dəniz gəzintisi gəmisi olan "Mirvari" də istifadəyə verilib. "Mirvari" digərlərindən ölçülərinə və xidmətlərinə görə çox fərqlidir. Belə ki, 3 mərtəbədən ibarət bu gəmidə eyni zamanda 650 nəfər səyahət edə bilər. Gəmidə iki qapalı zal var. Bu gəmidə gəzintinin müddəti digərlərindən 15 dəqiqə çoxdur, yəni 45 dəqiqədir. Bununla yanaşı gəmidə "fast food" qidalar, çay, kofe və digər içkilər təklif edilir. Burada insanlar musiqi dinləyə və ya videolara baxa bilərlər.
Burada qiymət də fərqlidir - 10 manat.
Dəniz gəzintisinə çıxmış Abbas Əhmədov uzun illər dənizçi işləyib. "Mən dənizi çox sevirəm. Uzun illər gəmidə çalışmışam. 15 gün dənizdə, 15 gün evdə olurduq. Evə qayıdandan sonra özünü sözün əsl mənasında "sudan çıxmış balıq" kimi hiss edirsən, nəfəs almağın da çətinləşir".
Müsahibimiz deyir ki, dənizin vərdişkarı oldunsa, ömrünün sonuna qədər əl çəkə bilmirsən. Dəniz səni özünə çəkir. Hazırda təqaüddə olduğu bildirən A.Əhmədovun sözlərinə görə, hər gün bulvara gəlir, dəniz çirkli olsa da, qoxusunu içinə çəkir. Ara-sıra isə dəniz gəzintisinə çıxır. "Əvvəllər gəmilər köhnə idi. Gəmiyə çıxanda ağlına nə desən gələrdi. Adam qorxurdu. İndi isə insan istər-istəməz güvəndə olduğunu hiss edir".
Dəniz gəzintisi zamanı yazıçı-şair Cəlil Cavanşirlə də qarşılaşdıq. Dənizi çox sevdiyini deyən C.Cavanşirin sözlərinə görə, dənizdən çox böyük zövq alır. "Ruhən dincəlirəm, yenilənirəm və rahatlaşıram. Eyni zamanda, səhhətimə yaxşı təsir edir. Qocalanda hökmən dəniz qırağında oturub saatlarla domino oynayacağam".
Qeyd edək ki, bulvarda qısamüddətli dəniz səyahəti təşkil edən daha bir neçə gəmi var. Hansılar ki, onların Xəzər Dəniz Gəmiçiliyinə və Bakı Beynəlxalq Dəniz Ticarət Limanına məxsus olduğu bildirilir.
Ekspress.az