Cəmiyyət

Mənə 24 saat mesaj yazanlar

29 Sentyabr 2014 02:30
7 Şərh     Baxış: 4 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sənə payızın fəlsəfəsindən, yağışın romantikasından, xəzəl xışıltısından, yar baxışından yaza bilərdim. Və ya bir az da səfehləyib mətbuatımızın yağlı biləyini irəli verib foto çəkdirib, sonra bu fotonun fonunda İŞİD, dünya ədəbiyyatı, qadın-kişi münasibətlərində Brahman fəlsəfəsi, qoltuq altını necə təmizləməli, qaşı necə almalı, düşbərəni necə bükməli kimi vacib məsələlərdən yazan civi yazarələr kimi sarsaqlaya bilərdim. Amma eləmirəm. Həyatında bir cücə çıxartmamış, yabaya dəstək olmamış adamların necə yaşamaq və sevişmək haqdakı yazıları hər gün saytlarda səni maarifləndirir. Qanını qaraldıb təhsildən yazacağam. O təhsildən ki, pulsuzu da, pullusu da eyni şok effekti verir.

Zaman yetişdi, bu şoku yaşamaq növbəsi mənə də çatdı. İllər uzunu uşaqları şagird olan dost-tanışlardan məktəbdəki "süpürgə pulu", "kisə pulu", "qazantutan pulu" haqda o qədər eşitmişdim ki, "pulunu ver, təhsilini al" prinsipi ilə övladımı ödənişlə təhsil verən məktəbə göndərdim. Müəllim və valideyn heyəti ilə tanışlıq məni on bir il nəyin gözlədiyini yəqin etməyimə kömək elədi. Daha çox rus dilli pedaqoqların olduğu məktəbdə müəllimlərin təmkini və təhsili yerində olsa da, valideynlərin mənə yaşatdığı soyuq duşun təsirindən çıxa bilmirəm.
 

...İclas zalında əyləşib digər valideynləri gözləyirdik ki, qəfil içəri 20-25 nəfər tanqo rəqqasəsi kimi geyinmiş qadın daxil oldu. Elə qulağım səsdə tanqo gözləyirdim ki, birdən məlum oldu ki, gələnlər rəqqasələr yox, qızımın sinif yoldaşlarının analarıdır. Bazar uğultusu, qarışıq parfüm qoxuları bir-birinə qarışdı. Müdriyyət və müəllim heyəti özünü doğma dildə təqdim etməyə başladığı anda zalda qırğın düşdü. Məlum oldu ki, rəqqasə-valideynlər Azərbaycan dilində "bilmirlər", rus dilli məktəb olduğu üçün müdriyyət rus dilində salamlaşmaq məcburiyyətindədir.

Həyatlarının 30-35 ilini Azərbaycanda yaşayıb, azərbaycanlı ata-anadan törəyən, qaraqaş-qaragöz el qızlarımızın öz dillərində bilməməyi məndə onlar haqqında saxta Çingiz Abdullayev intellekti, elitarlığı, daha doğrusu özünü rusa yaxma istəyi fikrini yaratdı. Əlqərəz, müdriyyət rusca danışıb izah elədi ki, bura Azərbaycandır, xəyali "Domodedovo" aeroportundan enin. Tanışlığın ilk dəqiqələrindən sonra qaraqaş, qaragöz rus analar özfəaliyyət olaraq siyahı tərtib etməyə başladı: "Sinif otaqlarına dispenser alınmalı, müəllimlər günü üçün pul yığılmalı, hər şagirdin doğum günü qeyd olunmalı, hər həftə uşaqların gəzintisi üçün pul yığılıb bir valideynə verilməli və.s".

Mən belə başa düşdüm ki, valideynlər silah-sursatlı gəlib. Ömründə ilk dəfə valideyn kimi məktəbə ayaq basan qadın bu siyahının tərtib olunması üçün sanki, bir ömür məşq edib. Rus dilli, Hindistan geyimli, alverçi beyinli analar qısa müddətdə müəllim heyətini heyrətə gətirib iclası dayandırmağa məcbur etdi. Məlum oldu ki, sadalananların heç biri olmayacaq. Müəllimlər isə məktəbin daxili qaydalarına əsasən, valideynlərlə yalnız assistentlər vasitəsi ilə əlaqə quracaq. Məktəb assistentləri səngər qismində valideyn və müəllim arasında ona görə yerləşdirilib ki, yersiz pul haqq-hesabları və bazarxana yaranmasın. Valideynlər təbii ki, qanqaraçılıq içində məktəbdən ayrıldı. Heç yerdə işləməyən, evdən yalnız uşaq gəzdirmək bəhanəsi ilə çıxa bilən, ərindən pulu zülmlə alan evdar analar üçün uşağın məktəbə başlaması əla fürsətdir. "Məktəbdən istəyirlər" adı ilə evdən alınan pullar milli qadınlarımızın əbədi-əzəli, sarsılmaz bank sisteminə - döşək ağlarının arasına yönəlir.
 

Məktəbdən narazı ayrılan valideynlər kandarda telefon nömrəmi istəyir. Məcburiyyət və saxta mədəniyyətdən telefon nömrəmi verirəm. İndi günlərdir, telefonun WhatsApp mesaj sistemində 31 qadının 24 saat yazışmasına baxıram. Məktəbdən narazıdırlar, müəllimdən narazıdırlar. Məlum olur ki, əslində müəllimə yaxşı alim və müəlliflərin dərsliyindən istifadə etmir. Hikkələrini belə çıxarırlar. Uşaqlar isə... Onlarla məktəb məşğul olur.
 

Biz insan yetişdiririk. Məktəb təhsil verir. Bazar məntiqi isə imkan vermir ki, gələcək üçün normal cəmiyyət yaradaq. Bizim böyütdüklərimiz də bizim surətimiz olacaq. Müəllim ona görə rüşvət almır ki, maaşı azdır. Şagirdin cibini güdən müəllim azmaaşlı yox, azəxlaqlıdır. Müəllimin cibinə pul dürtən valideynin bir məqsədi ola bilər - kor, savadsız, hər şeyin pulla həll oluna biləcəyinə inanan debil böyütmək...
 

P.S . Dördüncü sinifdə oxuyurdum. Müstəqilliyin ilk illəri idi. Məktəbdə yenə də nə üçünsə pul yığılırdı. Sinfimizə məcburi köçkünlərin məktəbindən Sənan adlı oğlan gəlmişdi. Uşaqlar bir-bir valideyninin evdən göndərdiyi "Qız Qalası"nı müəllimənin stolunun üstünə qoyurdu. Sənan şəstlə yerindən qalxıb bir ovuc Sovet "üçlüyünü" müəllimənin qabağına tökdü. Müəllimə ağzını açmamış: "Anamın paltosunun cibindən çıxartdım" dedi. Sənanın anası ölmüşdü.

Günay Arda

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.