Cəmiyyət

Şadlıq saraylarının menyularındakı qiymətlər əl yandırır

17 Sentyabr 2014 17:34
0 Şərh     Baxış: 37 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xeyir-şər məclislərində israfçılığı azaltmaqla bağlı tövsiyə-qadağalar bu menyulara əsla təsir eləməyib...

Azərbaycan toyları öz dəbdəbəsi, zəngin süfrəsi ilə seçilir. Son günlər ölkədə yas mərasimləri ilə yanaşı, toylarda da israfçılığın qarşısının alınması məqsədilə müzakirələr xeyli artıb. Hətta bu yaxınlarda restoran və şadlıq saraylarında toylar üçün menyu qiymətinin aşağı salınacağı da bildirilir.

Təəssüf ki, Azərbaycanda "yaxşı toy" düşüncəsi hələ ki, bahalı və çox yemək çeşidi ilə müəyyən olunur. Toyların dəbdəbəsi artdıqca onlardan gözlənən gəlir də yüksəlir. Orta statistik Azərbaycan ailəsi ayda azı 3, ildə isə 20 dəfə toya gedir. Hər getdiyi toya isə minimum 50 manat ödəyir. Bu zaman orta aylıq əmək haqqı 440 manat olan ailə aylıq gəlirinin 34 faizini toya ödəmiş olur. Onu da nəzərə alaq ki, ölkədə orta aylıq əmək haqqı 440 manat olanların sayı da azdır. Buna görə də əksəriyyət toy dəvətnaməsi alanda sevinə bilmir. Toy edən şəxs isə çəkdiyi xərcin müqabilində çox vaxt borclu qalır.

Həmçinin toylarda süfrədə olan israfçılıqda insanların iştahasını qapadır, yüksək səs akustikası isə insanların toydan zövq almasına imkan vermir. Biz də şadlıq saraylarındakı menyuların qiymətini və ümumi vəziyyəti müəyyən etmək üçün paytaxtda fəaliyyət göstərən bir neçə şadlıq sarayına baş çəkdik.

İlk baş çəkdiyimiz məkan "Yeddi gözəl" şadlıq sarayı oldu. Burada toy etmək istədiyimizi deyib menyu ilə tanış olduq. Sarayın inzibatçısı menyunun qiymətinin toyu seçəcəyin günə uyğun olaraq dəyişdiyini dedi. O, restorana əsasən orta təbəqənin insanlarının gəldiyini bildirdi. Onun sözlərinə görə, 3 fərqli menyu var, menyuların qiyməti 45 manatdan 70 manatadəkdir. Ancaq qiymətin seçiləcək gündən asılı olaraq dəyişdiyini deyən inzibatçı oktyabrın 2-də toy etsək, 1-ci menyunun qiymətinin 45 manatdan 34 manatadək düşə biləcəyini dedi. Qeyd edək ki, birinci menyuya 5 cür salat, 11 növ isti yemək, 9 cür təbii şirələr və sular, 4 növ spirtli içki, bar xidməti, video çəkiliş, şərbət masası, rəqs qrupu PTS və mini divikam, dəvətnamə, atəşfəşanlıq daxildir.

Buradan ayrılıb digər məkana - Nizami rayonundakı "Su səsi" şadlıq sarayına baş çəkdik. Şadlıq sarayının inzibatçısı Vüqar Abdullayev menyunun 25 manatdan başladığını bildirdi: "Bizdə iki zal var. Yuxarı və aşağı zal. Aşağı zalda stolun biri 45 manat, yuxarı zalda isə 50 manatdır. Təbii ki, gələn qonaqların sayının çoxluğu qiymətdə müəyyən endirimə səbəb olur".

"Su Sonası" şadlıq sarayında isə menyuların qiyməti 85, 95 və 140 manata idi. Burada zal 700 nəfərlikdir.

"Xarı bülbül" şadlıq sarayında qiymət 40, 70, 80 manat arasında dəyişir.

"Ay işığı" şadlıq sarayında isə müştərilərə təqdim olunan menyuların minimal qiyməti 50 manatdan başlayır. Digər qiymətlər isə 60, 70, 100, 120 manat olmaqla dəyişir. Menyuya bar xidməti, qarşılama, bəy-gəlin masası, rəqs qrupu, tort və dəvətnamələrin daxil olduğunu söylədilər.

"Yeganə" şadlıq sarayında ən ucuz menyu 60 manatdır. Digər menyuların qiyməti isə 80, 120 manatdır.

"Kral" şadlıq sarayında isə qiymət 90 manatdan başlayır. Başqa menyuların qiyməti 100, 130, 150 və 170 manatdır. Menyuya toyun çəkilişi, fontan və sairə daxildir.

"Madonna" şadlıq sarayında qiymət 60, 70, 90 manat, "İmperial" şadlıq sarayında isə 40, 50, 60, 80 manat arasıdır. Şadlıq saraylarının menyularına isə bunlar daxildir: lülə, quzu və çolpa kababı, basdırma, göbələk kartofla, bildirçin, assorti kababı, balıq kababı, sac yeməyi, kartof lüləsi, tərəvəz kababı, soyutma toyuq, toyuq qril və ya tabaka, plov turşu qovurma və ya şah plov, qara kürü, qırmızı kürü, ciyər paşteti, toyuq ruleti, vetçina, 3 növ pendir, pomidor, xiyar, qarışıq tərəvəz turşuları, qara və ağ zeytun, limon, paytaxt salatı, mövsüm salatı, göbələk salatı, toyuq salatı, meyvə salatı, təndir və qara çörək, Bakı lavaşı, 2 növ araq, şampan, ağ və qırmızı şərab. Bu yeməklərin daxil olduğu menyunun qiyməti 45 manatdır. Bura bar xidməti və servis də daxildir. Əlavə istəklərə görə isə menyunun qiyməti 70, 95, 140 manatadək artır.

İnzibatçılardan menyuların qiymətlərinin aşağı salınması ilə bağlı hansısa göstəriş alıb almadıqlarını soruşduqda isə onlar belə bir göstərişin olmadığını dedilər.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.