Cəmiyyət

Ailə xoşbəxtliyinə deyil, restoran sahiblərinə xidmət edən toylar

10 Sentyabr 2014 19:03
2 Şərh     Baxış: 3 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Toylarımızdakı israfçılıqla bağlı narazılıqlar nəticə verəcəkmi?

Bu yaxınlarda Hollivud ulduzları Bred Pittlə Ancelina Colinin uzun müddət vətəndaş nikahında yaşadıqdan və 6 uşaqdan sonra ailə qurmaları dünya mətbuatının əsas mövzusuna çevrildi. "Bütün dünya bu toyu gözləyirdi" yazan mətbuat və sosial mediada az qala örnək kimi göstərilən əsas məqam isə Fransanın Korrens kəndində evlənən ulduzların öz toy mərasimlərini çox sadə keçirmələri ilə bağlı oldu. Belə ki, zəngin ulduz cütlüyü toylarına özlərinə yaxın saydıqları 20 nəfəri dəvət etmiş və gələn qonaqları yalnız viski ilə pitsaya qonaq etmişdilər.

Doğrudan da, ulduzların bu cür sadə nikah mərasimi örnək olunası hadisədir. Xüsusən bizim toylardakı israfçılığın aradan qaldırılması ilə bağlı çağırışların eşidildiyi bir vaxtda.

Əlbəttə, demək olmaz ki, toylarımızdakı israfçılıqla bağlı fikirlər yeni səslənməyə başlayıb. Keçən il bir qrup yazar ictimaiyyətə müraciət edərək toyları boykota çağırdılar. Onlar toylardakı israfçılığa, bayağı mahnılara qarşı çıxaraq, təkcə toyların boykot edilməsini deyil, həm də özlərinin toylara dəvət edilməməsini istədilər. "Toy məclisləri indiki xarakteriylə toy sahibləri və qonaqlar üçün yalnız problemlər yaradır"- deyə sosial şəbəkələrdə kampaniyaya start verildi. O zaman Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar: "Mən də toylardakı həddindən artıq israfçılığın əleyhinəyəm. Buna münasibətim pisdir", - deyə gənc yazarların fikirlərinə münasibət bildirdi. Hərçənd çağırışlarla ictimaiyyətin reaksiyası üst-üstə düşmədiyindən dəyişən mənzərə görünmədi.

Budur, toy və yas mərasimlərindəki israfçılıq məsələsi yenidən gündəmdədir. Bu dəfə məsləyə millət vəkilləri, ayrı-ayrı ziyalılar, ekspertlər, ictimaiyyət nümayəndələri qarışıb. İsrafçılıqdan dad edərək təkliflər irəli sürülür, çarələr axtarılır. Məsələn, millət vəkili Fazil Mustafa "yaslardan sonra sıra gəlir toy və şadlıq evi mafiyasına qarşı qətiyyətli hərəkətlərə. Məncə, bu məsələlərlə də birbaşa Mədəniyyət və Turizm Nazirliyi, şəxsən nazirin özü məşğul olmalıdır. Niyə? Çünki bugünkü toylar Azərbaycan xalqının mədəniyyətini deyil, birbaşa mədəniyyətsizliyini dünyaya təbliğ edir. İnsanlara məcburən on-on iki növ yeməyi zibil kimi yedirdirlər. Bir salat 6-7 toyu yola verir. Hər şeyin pulunu ödəyirsən, ancaq götürüb evə apara bilməzsən" - deyə vurğulayıb. Millət vəkili Səyavuş Novruzov da eyni mövzu ilə bağlı mətbuata açıqlamasında həmkarını dəstəkləyib: "Belə ifrat dərəcədə toy da ola bilməz. Toy mərasimləri ailə xoşbəxtliyinə deyil, restoran müdirlərinə işləyir".

Bu vəziyyəti yaradanlar...

Necə etməli? Min illər kök salan ənənəyə yamaq olan dəyişikliklərdən necə yaxa qurtarmalı? İnsanların şüurundamı dəyişikliyə çalışmalı, yoxsa inzibati metodlara əl atmalı? Bir qrup işbazın qurduğu toy biznesinə necə arxa çevirməli? Yas məclislərində olduğu kimi, toy məclislərindən də "qazanı aparmaq" kimi müdaxiləyə ehtiyac varmı? Ya bəlkə hər şeyi kimliyindən, vəzifəsindən və sosial durumundan asılı olmayaraq insanların özləri tənzimləməlidir? "Kaspi" bu suallara cavab axtararkən müxtəlif təkliflərlə qarşılaşdı.

Toylardakı israfçılığı qanunla tənzimləməyin mümkün olmadığını deyən Milli Məclisin Sosial-siyasət komitəsinin sədr müavini Musa Quliyevin fikrincə, ilk növbədə cəmiyyətdə maarifləndirmə işi aparılmalıdır. Millət vəkili şadlıq evi sahiblərinin vergiyə cəlb olunması məsələsinə də toxundu: "Vergilər Nazirliyi öz işinin öhdəsindən yaxşı gəlmir. Əgər nazirlik lazımi vergiləri tətbiq etsə, vergi orqanları öz vəzifəsini yerinə yetirsə, belə problem də yaranmaz". Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə müvafiq orqanlar - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi, Standartlaşdırma və Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu məsələyə münasibətdə vəzifələrinin öhdəsindən gəlmirlər:

"Gigiyena qaydalarını vaxtlı-vaxtında yoxlasalar, əmək müqaviləsinin olub-olmaması ilə maraqlansalar, Patent üzrə Komitə zallarda akustikanın normativlərə uyğun olub-olmadığına nəzarət etsə, nə toylarda bu qədər səs-küy olar, nə də min nəfərdən ibarət məclislər qurular".

Millət vəkili hesab edir ki, mərasimlərin keçirilməsində ilk növbədə məmurlar, görkəmli ictimai xadimlər, ziyalılar özləri sadə insanlara nümunə olmalı və övladlarının toyunu sadə keçirməlidirlər. Eyni zamanda, rayonlarda icra başçıları, digər məmurlar qayda-qanunu pozmasalar, heç kim də pozmayacaq. Sanki insanların da psixologiyasında bir yarış yaranıb: "Ömrümdə bir dəfə övladıma toy edirəm. Niyə bizim toyumuz filankəsin toyundan pis keçməlidir"- düşüncəsi ilə toy edirlər". Buna görə də şadlıq evlərinin sahibləri, müğənnilər, iaşə xidmətində çalışan biznesmenlər bu məqamdan istifadə edir və varlanırlar. Bunun nə toy sahibinə, nə də toya gələnlərə xeyri var. Yalnız bu sahədə çalışan biznesmenlər qazanır. Bizim insanların şüurunun nə vaxt formalaşacağı, mədəniyyət səviyyələrinin nə vaxt qalxacağını söyləmək isə çətindir".

M.Quliyevin sözlərinə görə, dövlət insanların keçirdiyi mərasimlərə müdaxilə etməməlidir: "Toy ailə şənliyidir. Dövlət özünün tənzimlənmə funksiyasını aidiyyəti orqanlara tapşırıb. Sadəcə, onların öz funksiyalarını lazımi səviyyədə yerinə yetirmələri lazımdır. Məsələn, şadlıq evləri akustikanın normativə uyğun olması ilə bağlı Patent üzrə Komitə ilə müqavilə bağlamalıdır. Və yaxud toy məclisində bir gündə 500-1000 adama salat hazırlana bilərmi? Salat bir saat ərzində hazırlanıb süfrəyə verilməlidir. Amma şadlıq evlərində bunu bir gün qabaqdan hazırlayıb soyuducuda saxlayır, səhəri gün toya gələn qonaqlara verirlər. Bütün bunlara nəzarət olunsa, heç nə həddini aşmaz. Dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi böyük şadlıq evləri yoxdur".

Milli Məclisin deputatı Əli Məsimov, ümumiyyətlə, bizdə nə toy, nə də yas mərasimlərinin Azərbaycan adət-ənənələrinə uyğun keçirildiyini qeyd edib: "Bu, biznes məqsədi ilə yaradılıb. Bunu bir qrup adam yaradıb, onlar da aradan qaldırmalıdırlar. Hər şeyi Milli Məclisdən tələb etmək düzgün deyil". Millət vəkilinin sözlərinə görə, toylardakı israfçılıq həm iqtisadi, həm sosial, həm də mənəvi baxımdan ziyanlıdır: "Məhəmməd Peyğəmbər də bildirib ki, israfçılıq müsəlman qaydalarına uyğun deyil". Millət vəkili hesab edir ki, toylarda baş verən bu cür israfçılıq hallarına dövlət müdaxilə etməməlidir. Belə ki, bu vəziyyəti yaradanlar, özləri də tənzimləməlidirlər.

Keçmişdəki toylarla müqayisədə

AMEA Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədlinin fikrincə, toy mərasimlərində israfçılığın əsas səbəbi insanların bir-biri ilə bəhsə girməsi, əsasən də imkanlı adamlar tərəfindən adət şəklinə salınmasıdır: "İmkanlı adamlar dəbdəbəli süfrələr açırlar. Əslində bu, "Filankəsin süfrəsində filan təam vardı" - deyə özlərini göstərmək istəyindən irəli gəlir. Bu, nemətə hörmətsizlikdir. Qədim süfrə mədəniyyətimizin təhrif olunmasıdır". E.Məmmədli mərasimlərdəki israfçılığın tibbi baxımdan da ziyanlı olduğunu bildirdi: "Gecə ikən müxtəlif yeməkləri yemək yuxusuzluğun əmələ gəlməsinə, maddələr mübadiləsinin pozulmasına, mədədə problemlərin yaranmasına səbəb olur. Süfrəyə düzülən təamların 5-10 faizi yeyilirsə, qalanları stolun üstündə qalır. Toyxana sahibləri də həmin təamların qalanını sabahkı toyda istifadə edirlər. Zəhərlənmələr də buna görə yaranır". Dəbdəbəli toylar və zəngin süfrələrin keçmişimizə yad olduğunu bildirən alimin fikrincə, israfçılığın şadlıq evlərinin sahiblərini varlandırmaqdan başqa heç kəsə xeyri yoxdur: "Nəzərə alsaq ki, menyular, toylardakı stolların qiyməti gün-gündən bahalaşır, onda insanlara hansı ziyanın dəydiyini təsəvvür etmək çətin deyil". E.Məmmədli keçmişdə keçirilən toylardan misal gətirərək ölkəmizin müxtəlif bölgələrində mərasimlərdə bir cür yeməklərin verildiyini bildirdi: "Plovları çox sadə bişirirdilər. Salatları da sonradan süfrəyə verməyə başlayıblar. Çadır toylarında parça bozbaş, küftə bozbaş, qovurma plov və meyvələr verilərdi. Bütün toylar sadə və ucuz keçərdi. İndiki ilə müqayisədə çox böyük fərq var". Şöbə müdiri insanların aşırı dəbdəbəyə meyl etməsini onların eqoizm ilə əlaqələndirdi: "Sonradan bu, adət halına düşəndə eqoizm ikinci plana keçir və bu, qanunauyğunluq kimi qəbul olunur. Əvvəlcə var-dövləti olan eqoist bir adam bunu edir, dəb düşəndən sonra artıq bu yoldan qayıtmaq olmur. Ancaq intellekt sahibi olanlar bu yola getmirlər. Süfrə mədəniyyətinə bu cür münasibətə onlar da ikrahla yanaşırlar. Geniş toy məclisləri, sadəcə "salam" verdiyin insanları toya dəvət etmək düzgün deyil. Mənə elə gəlir ki, ailə şənliklərinə yalnız yaxın adamlar dəvət olunmalıdır. Tanıdığın bütün adamları toya dəvət etmək düzgün deyil. Toya gedənlərin özlərinin çoxu da borcla yaşayır. Çünki onun əmək haqqı bu qədər toyu ödəməyə çatmır. Elə adam var ki, bir dəfə toya gedəndə 10 dəfə sarsılır". E.Məmmədli normal toy qaydalarının tətbiq olunması ilə bağlı dövlətin müdaxiləsini zəruri hesab edir. "Yas məclislərində olduğu kimi, toylar da mütəmadi olaraq izlənilsin. Hadisələr sübut edir ki, çox məsələlərə dövlət səviyyəsində müdaxilə olunanda nəyəsə nail olmaq olur. Ona görə də dövlətin nəzarəti lazımdır". Şöbə müdirinin fikrincə, bununla bağlı mətbuatın və telekanalların da təbliğat aparmasına ehtiyac var. Belə ki, telekanallar şou-proqramlardan, bayağı verilişlərdənsə toylardakı, yaslardakı israfçılığa qarşı təbliğat aparsalar daha effektli olar. "Mənə elə gəlir ki, ardıcıl təbliğat aparılsa, gözlədiyimiz toy səviyyəsi bərqərar olar".

Etiraf edək ki, millət vəkillərinin, alimlərin, ziyalıların səsləndirdiyi fikirlər indiki məqamda daha çox arzulara bənzəyir. Bəlkə o zamana qədər ki, insanlar özləri toyun arzu, iki gəncin bağladığı nikahın sevincinin yaşandığı gün olduğunu dərk edələr. Həm də bilələr ki, toy mərasimi nə bu sevincin bayağı nümayişidir, nə "səxavət kisəsini" açıb kimlərinsə ciblərini doldurmaq cəhdi, nə də evindəki son qəpiklərini düşünmədən xərcləmək və ya borc-xərcə düşmək istəyi.

Soltan bəy demiş: bir halda ki, bir molla, üç manat pul və bir kəllə qəndlə xoşbəxt olmaq mümkündür...

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.