Cəmiyyət

Kişi hüquqları qorunurmu: qadınların müdafiəsi artdıqca kişilər cəmiyyətdən sıxışdırılıb çıxarılacaqmı?

14 Dekabr 2010 09:21
Baxış: 4 168
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bütün dünyada qadınların hüquqlarının pozulmasından, cəmiyyətdəki mövqeyinin sıxışdırılmasından, diskriminasiyaya və zorakılıqlara məruz qalmalarından çox danışılır, deyilir. Elə bizim qadınlarımızdan da. Amma kişiləri gözardı etməmək lazımdır. Milli.Az xəbər portalı kişilərin hüquqlarının nə dərəcədə qorunduğunu, eyni diskriminasiyaya onların da məruz qalıb-qalmadığını araşdırıb. 

Azərbaycanlı kişilər diskriminasiyaya məruz qaldıqlarını iddia edirlər

"Belə bir köhnə lətifə var. Boz canavar Qırmızıpapaqdan soruşur: "Sən nəyi seçirsən? Udulmanı, yoxsa birləşməni?" Sualı verənləri dəyişdirsək, onda bu lətifə olmayacaq, müasir kişilərin real həyatı olacaq. Yalnız o soruşmur, ona əslində çox zaman mövcud olmayan seçimi etmək təklif olunur. Çünki birləşmənin ardınca mütləq udulma gəlir. Artıq bizim kişi dünyasında yaşadığımız haqqında qəlibləşmiş dünyagörüşünü dəyişdirmək vaxtıdır. Dünya artıq çoxdan kişi dünyası deyil, kişi dünyası qadınlar tərəfindən idarə olunur. Və qadınlar özləri bu idarəetmədən əziyyət çəkirlər". Kişi hüquqları ilə bağlı orijinal tədqiqatların müəllifi Vadim Streltsov bu fikirdədir. Yəqin ki, yazının məqsədini anladınız. Burada Azərbaycanda bəlkə də sensasiya kimi qəbul olunacaq bir məsələdən, kişi hüquqlarından bəhs edəcəyik. Yəqin düşünəcəksiniz ki, qadın hüquqlarının kişilər tərəfindən kobud şəkildə pozulduğu bir Şərq cəmiyyəti olan Azərbaycanda kişi hüquqlarından danışmaq absurd deyilmi? Deyil. Biz ona görə bu qənaətə gəldik ki, statistika son illərdə ölkəmizdə intihar edənlər arasında kişilərin çoxluq təşkil etdiyini bildirir. Onların da əksəriyyəti üzərilərinə düşən ailə başçısı funksiyasını yerinə yetirmədiklərinə, ailələrindəki qadınların xəyanəti ilə üzləşdiklərinə, qadınların intim həyatlarına namus məsələsi kimi baxdıqlarına, kişi adına layiq olan ləyaqətli həyatlarını təmin edə bilmədiklərinə görə intiharı üstün tutublar. Bəziləri isə iş tapa bilmədikləri üçün ölümü seçiblər. Biz də kişi hüquqları üçün məhz bu məsələdən başlayaraq yola çıxdıq.

7 kişi bir evdə yaşayanda nə baş verir?

Qarşımıza ilk çıxan gəncdən, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinin məzunu Rəşad Əliyevdən soruşuruq: kişi cinsindən olan biri kimi hüquqlarınızdan razısınızmı? "Yox" qətiyyətlə cavab verir. Əlavə edir ki, 4 il universitetdə təhsil alıb. İndi isə ixtisasına uyğun iş tapa bilmir. Fəhləlik eləmək isə onluq deyil, fiziki göstəriciləri buna imkan vermir. Elm sahəsindən kənarda bacaracağı əsas işlər xidmət sektoru ilə bağlıdır. "Hara gedirsənsə, işə gənc qızları axtardıqlarını deyirlər. Hətta xaricdə işə düzəlmək imkanları vəd edən firmalara üz tutanda da, onlara gənc qızların lazım gəldiyini bildirirlər. Uşaqlara dayəlik eləməyə belə hazıram, amma bütün ailələr qadın dayələrə üstünlük verirlər. Neçə restorana, otellərə ofisiantlıq üçün müraciət etmişəm. Həmişə də deyiblər ki, bizə qadın ofisiant lazımdır. Özüm şəhərdə kirayədə qalıram. Mən yaşayan evdə it yaşamaz. Normal evləri oğlanlara kirayə vermirlər. Hamı qız kirayənişin axtarır. Bütün bunlar ölkədə kişi hüquqlarının pozulması deyil, bəs nədir?". Heç bir əks arqument qoymuruq.

Müəllimlik kişiyə yaraşan sənət deyil?

İçərişəhər metrosunun yaxınlığında təmir-tikinti işləri ilə məşğul olan bir fəhləyə yaxınlaşırıq. Ondan özünün kişi hüquqlarından razı olub-olmadığını soruşuruq. Tərəddüd etmədən deyir ki, "biz fəhlə babayıq. Fəhlə nədir, hüquq nədir?!" Yenə də israr edirik ki, fəhlə də insandır. Hər halda onların evlərindəki qadınların hüquqları daha çox pozulur. Nəsimi Abdullayev adlı bu fəhlə Şəkidən gəldiyini deyir. Evlərindəki qadınların hüquqlarının pozulması barədə dediklərimizlə əsla razılaşmır: "Mən də, qardaşım da burada fəhlə işləyirik. Atam isə marşrutda şofer işləyir. Biz başqa 4 nəfər kəndçimizlə 1 otaqlı həyət evində kirayədə qalırıq. Vaxtlı-vaxtında çimmək, paltarlarımızı yumaq imkanımız yoxdur. Evə yorğun gedirik, çox vaxt yemək bişirib yeməyə də halımız olmur. Gündüzləri də ki, dönərlə, pirojkilərlə keçiririk. Qarnımız isti yeməyi evə gedəndən-gedənə görür. Evdəki arvadlar da ki, bizim göndərdiyimiz pullarla özlərini, uşaqları birtəhər dolandırırlar. Həmişə də kasıbçılıqdan şikayətlənir, üzümüzü danlayırlar ki, evdən-eşikdən uzaq düşmüsük, evə də ki, qəpik-quruş aparırıq. Sonra da deyirlər ki, arvadların hüquqları pozulur. Qoy arvad gəlib bir gün burda mən yatan yerdə yatsın görüm səhəri aça bilir?!".

Nəsimi yumor hissini də büruzə verməkdən çəkinmir. Deyir ki, "axşamlar 7 kişi bir otağa yığışanda tərli corabların iyindən oturmaq olmur. Su da hər deyəndə gəlmir ki, corabları yuyaq". Hada bilmirəm tər qoxuyan corablar və suyun gəlməməsinin kişi hüquqlarına bir dəxli varmı?

Yaxşı kişinin arvadı niyə işləməməlidir?

Növbəti şikayətçimiz isə Lənkərandan olan Nicat İbadovdur. Atası onu rəsmən evdən qovub ki, kişisən, get zəhmət çək, qazanıb gətir, ailəni dolandır. "Yoldaşım müəllimədir. Atam isə onun məktəbdə işləməsinə razı deyil. Mənə də deyir ki, yaxşı kişinin arvadı işləməz. Zəhmət çək, sən də kəndin digər cavanları kimi işlə ailəni dolandır. Gəlin evə maaş gətirsə, rayonda biabır olarıq. Deyərlər ki, filankəsin ailəsini gəlin dolandırır. Mən də müəlliməm. Amma atam deyir ki, müəllimlik kişiyə yaraşan sənət deyil. Get kişi işinin qulpundan yapış. Onun aləmində kişi işi daşdan çörək çıxarmaqdır".

Odur ki, Nicat APU-dakı dörd illik tələbəlik həyatından sonra Qaradağda yerləşən daş karxanalarından birinə yollanıb. İndi orada vaqonlara kubik yükləyir. Hər ay Lənkərana 200 manat pul göndərir ki, ailəsi dolansın. Nicat həm atasının, həm də ailədəki qadınların ona münasibətdə ədalətsiz olduqlarını düşünür. "Yoldaşım işləmək məsələsində mənim yox, atamın tərəfini tutdu. Dedi ki, istəyirəm mən evdə oturub ər çörəyi yeyəm".

Evin bütün yükü kişinin üzərinə düşür

Əhliman Məmmədov isə Gədəbəy rayonunda doğulub. Özünü qanandan Rusiyanın çöllərindədir. Hazırda Həştərxan vilayətində ev tikintisi və təmiri ilə məşğuldur. Qardaşı oğlunun toy mərasimində iştirak etmək üçün vətənə gəlib. Ordan bazarlıq eləməyə vaxt qalmadığından kəndə getməmişdən əvvəl evdəkilərə hədiyyə almaq üçün Bakı bazarlarına üz tutub. "Mənim kişi kimi hüquqlarım pozulur. 20 il ərzində yığışdırsan evimdə, isti yatağımda yatdığım bir ay olmaz. 25 yaşımda institutu bitirib Rusiyaya yollanmışam. İndi 45 yaşım var. Qızımı bu il ərə vermişəm, oğlum da universitetə daxil olub. Bundan sonra da işləməliyəm ki, uşaq məktəbi qurtarsın. Onu babat işlə təmin eləyim ki, daha mənim kimi ömrü Rusiyətin yollarında çürüməsin. Vallah uşaqlar necə böyüyüb xəbərim olmayıb. Əlimə beş manat düşəndə də onu poçtla evə yollamışam ki, arvad uşaqları idarə eləsin. Elə bilirlər biz Rusiyətdə kef çəkirik. Mən də adamam axı. Mən də istəyərəm uşaqların üzünü doyunca görüm, əziyyətlə tikdiyim evimdə oturum, istirahət eləyim. Amma Azərbaycanda evin bütün yükü kişinin üstünə düşür. Şəxsən mənim 20 il evimdə yaşamaq hüququm, uşaqlarımla bir yerdə olmaq hüququm pozulub".

"Niyə maaşımı axırıncı qəpiyinə kimi arvada verməliyəm?"

Ramana qəsəbəsinin sakini Rafiq Balıyevin hüququnu isə öz həyat yoldaşı və uşaqları birbaşa pozur. Onun sözlərinə görə, sovet dövründə zavodda işləyib və yaxşı maaş alıb. Onda arvad da, uşaqlar da qulluğunda dayanıb. İndi isə 85 manat maaşla gözətçi işləyir. Bir şüşə araq alıb içəndə arvad və uşaqlar burnundan gətirir. "Mən içən gün gərək evə gəlməyim. Gələndə də arvad baş-beynimi aparır ki, nə qədər maaş alırsan, hansı gününə içirsən? Evə sərxoş gəlsəm, qapını mənə açmırlar. Mən də çarəsiz qalıb ya qohum evinə gedirəm, ya da bayırda yatıram. Mənim içki içmək, evimə kefli halda getmək hüququm arvad və qızlarım tərəfindən pozulur. İndi mən nə edim ki, maaşım azdır, mənə uyğun başqa iş yeri də yoxdur. Mən də adamam, içki içmək, həyatdan zövq almaq haqqım yoxdur? Niyə maaşımı axırıncı qəpiyinə kimi arvada verməliyəm? Verməyəndə də elə şüvən qoparır ki, əlimdən heç nə gəlmir. Döysəm, məni polisə verəcək.."

Kişilərə niyə atalıq məzuniyyəti verilmir?

Söhbətləşdiyimiz kişilərin demək olar ki, hamısı bu və ya başqa formada kişi hüquqlarının pozulduğunu iddia etdilər. Kimi ailəsinin sevdiyi qızla evlənməsinə qadağa qoyulduğuna görə, kimisi "kişi gərək əsgərliyə gedə" deyə zorla əsgərliyə göndərildiyinə görə, kimisi də ailənin ağır yükünü təkbaşına çəkmək zorunda qaldığına görə şikayətləndi.

Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Samir Şahtaxtlının hüquq anlayışı da kifayət qədər maraqlıdır: "Kişi olduğuma görə saçlarımı uzatmağa, bəzək əşyaları taxmağa həsrətəm. Xaricdə kim istəsə saçını da uzadır, müxtəlif aksessuarlardan, sırğalardan da istifadə edir. Bizdə isə o saat həmin kişilər diskriminasiyaya məruz qalır. Adını başqa cür qoyurlar...".

Orada qadınlar ərlərini döyürlər...
 

Kişi hüquqlarına dair ədəbiyyatda onların öhdəlikləri, xüsusilə də hərbi xidmətlə bağlı məcburiyyətləri hüquq pozuntusunu şərtləndirən başlıca amil kimi üzə çıxır. Bəzənsə, kişiyə atalıq məzuniyyətinin verilməməsi kobud hüquq pozuntusu sayılır. Bəzi Avropa dövlətlərində və ABŞ-da kişilərin ailədə zorakılığa məruz qaldıqlarına dair çoxsaylı faktlar mövcuddur. Necə ki, Azərbaycanda qadınlar ərləri tərəfindən döyülür, eləcə də, Hollandiya, Norveç, İsveçrə kimi ölkələrdə kişilərin öz həyat yoldaşları tərəfindən döyülməyə, zorakılığa məruz qalma faktları ilə əlaqədar hüquq-mühafizə orqanlarına üz tutanların sayı kifayət qədərdir.

"Səni mən kişi eləmişəm!

Bir qədər də ekspertlərin kişi hüquqları ilə bağlı rəylərini dinləyək. Rusiyalı analitik Vadim Streltsov yazır:           
"Bir çox hallarda ailə qurduqdan və yaxud da vətəndaş nikahına girdikdən sonra kişilərlə bağlı anlaşılmaz metamorfozalar meydana çıxır. Qadınlar kişiləri "ütüləyərək" yeni formaya salmağa çalışırlar. Əsasən, buna nail olurlar da. Kişiləri tamamilə əyəndən, sındırandan sonra isə qadınlar qalib kimi danışaraq deyirlər: "Səni mən kişi eləmişəm! Səni adam arasına çıxası vəziyyətə gətirmişəm. Əgər mən olmasaydım, Allah bilir indi nə gündəydin". Qəribədir ki, birgə həyat zamanı kişilər kifayət qədər fəallıq nümayiş etdirirlər. Onların özlərinin məsuliyyətləri meydana gəlir. Ailəni dolandırmaq, maddi cəhətdən təmin etmək onların üzərinə düşür və bu, hətta ən məsuliyyətsiz kişini belə heç olmasa bu barədə düşünməyə təşviq edir. Niyə heç kəs heç vaxt fikir verməyib ki, kişilərin geyim tərzi onlar evlənəndən sonra dərhal dəyişir? Bir sıra müasir qadınlar öz ərlərini həndəsi cəhətdən düzgün, geyinib-keçinmiş, amma darıxdırıcı edir. Qadınların nəzərincə, onların "düzgün" hesab etdiyi kişilər sakit və səbrli olmalıdırlar. Öz emosiyalarını dəfn etməli, qadınların bir sözünü iki eləməməlidirlər".

Hansı kişilərə ərə getmək istərdiniz?

Ekspertin fikrincə, bəzi qadınlar zəhmətə qatlaşmaq istəmirlər və kişiləri öz arzularına alət etməklə məşğul olurlar: "İndi gənc qızların çoxundan soruşsan ki, onlar necə oğlana ərə gedərdilər, cavablar təqribən belə olur: "Fiziki cəhətdən güclü, pullu, savadlı, dünyagörüşlü, vurub-tutan, vəzifəli, maşınlı, onu çox sevən, evə hər gün çiçəklər və hədiyyələr gətirən kişini". Çox nadir hallarda qadınlar ərlərinin onlara ev işlərində, mətbəxdə, uşağa baxmaqda kömək etməsini istəyirlər. Birinci halda adama elə gəlir ki, bütün bu cəhətlərin kişidə olmasını vacib sayan qadınlar bərabər həyatları boyunca əlavə heç bir zəhmətə qatlaşmaq istəmirlər. Əgər istəmirlərsə, onda onların həyatı bitmişdir. İkinci halda isə qadında kişinin onun vəzifələrini əlindən alacağına dair qısqanclıq yaranır. Guya kişi bu işləri görsə kişilikdən düşəcəkmiş. Əslində qadın qorxur ki, onu kişi üçün önəmli edən məişət qayğılarından da yaxa qurtarmış olsa, onda kişini bu evliliyə bağlayan heç bir səbəb qalmaz. Deməli, qadın özünün önəmini göz önünə sərmək üçün kişinin onun funksiyalarını üstlənməsinə razı olmur. Əksər hallarda kişinin məişət qayğıları ilə məşğul olmasına o qadınlar cani-könüldən razıdırlar ki, onların iş həyatları, başqa dünyaları var. Və onlar sosial həyatlarını kişilərlə bölüşdükləri kimi məişət həyatlarını da kişi ilə bölüşməyə razıdırlar. İş qadınlarına evlərinə döndükdə ərlərinin onlar üçün süfrə hazırladığını, çay süzdüyünü görmək son dərəcə keyflidir".

Kişi qadını həm sevməli, həm də bütün ehtiyaclarını ödəməlidir?

Streltsovun fikrincə, kişinin öz maraqlarını ortaya çıxarması apellyasiyaya yer qoymayan qadağadır. Onlar öz iddiaları ilə çıxış etdikdə qadın bunu özünə qarşı haqsızlıq, həqarət olaraq qəbul edir. Və əlbəttə ki, onun mütləq işi olmalıdır, amma o heç vaxt işsiz ola bilməz. İşi bir kənara qoyaq, kişi işləməyi bacarmalıdır. Tez-tez işlə bağlı da metamorfoza baş verir. Qadın kişiyə diqtə etməyə başlayır ki, o məhz hansı işdə işləməlidir və onun iş prinsipləri necə olmalıdır. Kişi isə birdən işində öz prinsiplərini yeritməyə başlasa, qadın o saat deyəcək ki, sən daha mənim barəmdə düşünmürsən, mən sənin vecinə deyiləm və s. Görəsən, kimsə düşünübmü ki, bu nə cəfəngiyyatdır? Kişi həm qadını sevməlidir, həm də onun maraqlarını təmin etməlidir? Kişinin özünün elementar maraqlara malik olmaq hüququ var. "Mən indi səninləyəm və sən dəyişməlisən" tipli istiqamətləndirmə ona gətirib çıxarır ki, kişidə heç bir şəxsi insani maraqlar qalmır. Onun dünyası qadının üstünlük təşkil etdiyi iş-ailə sxemi ilə yekunlaşır və özünün ailə başçısı səlahiyyətinə malik olduğunu güman etməsi onun yeganə təsəllisidir. Əvvəllər, ötən əsrdə situasiya bir qədər başqa idi: kişilərin istədiyini eləmək, fikirləşmək, düşündüklərini həyata keçirmək, ona aid olanlara mənsub olmaq hüquqları vardı.

Kişi qadın üçün nə etməlidir?

Ekspertin fikrincə, bir çox müasir qadınlar sadəcə kişilərin hüquqlarını məhv edir, onların insan hüquqlarını öz ehtiyaclarına qurban verirlər. Sevimli mövzu - "mən qadınam, buna görə də sən kişi mənə qayğı göstərməlisən". Qadınlar həmişə öz güclərinə karyera qurmaq istəyirlər və özlərini elə göstərirlər ki, guya hər şey yaxşı gedir. Kişilərdən isə nəzakət, mülayimlik, diqqətcillik, hədiyyə vermək tələb olunur. Və o, bütün bunları kişi mahiyyətinə görə etməlidir, yəni ürəkdən gəlməlidir. Nəticədə isə adətən bu ifadə ilə qarşılaşacaq: "Sən heç vaxt mənə ürəyimcə olanı hədiyyə eləmirsən, sən kişi deyilsən". "O mənə hədiyyələr almalıdır, o məni təmin etməlidir". "Mən ona öz cavanlığımı, gözəlliyimi, sağlamlığımı vermişəm, amma o, buna layiq kişi olmadı". Bəs görəsən, kişi öz cavanlığını, gözəlliyini və sağlamlığını qadına vermirmi? Kim bunu ölçə bilər ki, qadın kişiyə çox şey verir, yoxsa kişi qadına?
 
Kişi adam deyil?

Qadın hüquqları uğrunda mübarizə missiyası kişiləri dalana dirəyib. Belə təsəvvürlər yaradılıb ki, kişi adam deyil, qadınların arzularını reallaşdırandır, bundan daha pisi də, borclu olmaq öhdəliyinə malikdir.

Və son dövrlərdə qadınların başqa bir tələbləri də meydana çıxıb. Bu isə sırf intim münasibətlərlə bağlıdır. Bir çox ölkələrin ailə qanunvericiliyinə görə, cinslərarası münasibətlərdə də qadınların arzuları əsas götürülməlidir. Heç bir qadın arzu etmədiyi intim əlaqələrə cəlb edilə bilməz. Bir sıra ölkələrdə isə kişilər qadınların intim ehtiyaclarını ödəməyə borcludurlar. Ailə planlamasında qadınların rolu şişirdilir.

Bir sıra qadın təşkilatları o qənaətdədirlər ki, cinsi istismarı həyata keçirən kişilər və qadınlar qanunvericiliyin qarşısına bir yerdə çıxarılmalıdırlar. Lakin burada qanun iki cinsdən olan fərdlər arasında açıq-aşkar fərqi dəstəkləməlidir: yenə də qanunvericilik qadınlarla bağlı maddələrin yüngülləşdirilməsinin tərəfindədir. Axı əxlaqsızlığı törədən bir tərəf yox, hər iki tərəfdir. Çünki bir çox hallarda cinsi istismar qarşılıqlıdır.

Əgər ərli qadın başqa kişi taparsa...

Rusiyalı qadınlarda isə belə bir xüsusiyyət mövcuddur: əgər mən mövcudamsa, sənin həyatında başqa qadın mövcud olmamalıdır. Sənin hər bir digər qadınla olan əlaqən mənim adekvat hərəkətimi şərtləndirəcək. Təəssüf ki, Rusiyada kişilər qadınlar qarşısında belə şərt qoymaqda çox vaxt acizdirlər: əgər sənin başqa bir kişi ilə əlaqələrin olsa, onda mən də başqa qadın axtarmağa məcbur olacağam.

Bütün qanunvericilik ailəyə məxsus uşaqlar üzərində himayəçilik üstünlüyünü anaya verir. Həddi buluğa çatmayan uşaqların himayəçiliyi boşanma halında məhkəmələr tərəfindən anaya verilir. Burada ananın uşağı himayəçiliyində saxlamaq imkanlarının olub-olmaması da nəzərə alınır. Əgər ana uşağın himayəçiliyindən imtina etsə, yalnız o zaman atanın himayəçi kimi hüquqları tanınır.

Azərbaycanda atalar niyə uşağın bezini dəyişmir?

Maraqlıdır, qadınlar bu hüququ əldə edərkən onu əsas gətirirlər ki, məhz o, uşağı 9 ay qarnında daşıyıb, əziyyətlə doğub, yuxusuz qalaraq ona süd verib, çimizdirib, onun bezlərini dəyişib. Halbuki ABŞ və bir sıra Avropa ölkələrində uşağın qidalanmasından tutmuş paltarlarının yuyulmasına, ütülənməsinə və bezlərinin dəyişdirilməsinə qədər atalar köməklik göstərir. Yuxusuzluğa gəlincə isə, uşağın ağlamasından ana ilə bərabər onunla eyni yatağı paylaşan ataya da pay düşür.

Qadınlar əksər vaxtlarda iqtisadi cəhətdən kişidən asılı olur. Bu vaxt onlar iddia edirlər ki, onları dolandırmaq, təmin etmək kişilərin borcudur. Amma iş elə gətirsə ki, məhz qadın işləyir və evə pul gətirir, bu zaman rollar dəyişmir. Kişi heç də iddia etmir ki, onu təmin etmək arvadın borcudur. Arvad isə nümayişkaranə şəkildə bəyan edir ki, o, işləyib kişini saxlamağa borclu deyil. Arvadından pul alan kişiyə bizim ölkədə birtəhər baxırlar. Məsələn, deyirlər, o nə kişidir ki, arvadın puluna siqaret alır, o alan şalvarı geyinir. Yəni evə qazanc gətirməyən kişi - kişi deyil. Lakin qadın istənilən halda özünün sosial statusunu qoruyur.

Ata "ailə öhdəliklərini icra edən işçi"dir?

Rusiyada Əmək haqqında qanunlar Məcəlləsi qəbul olunarkən Dövlət Dumasının deputatları ailə başçısının hüquqlarını müəyyənləşdirmək məcburiyyətində qaldılar. Belə bir sual meydana çıxdı ki, niyə uşaq doğularkən qadınlara analıq məzuniyyəti verilir, amma kişilər atalıq məzuniyyətindən məhrumdurlar. Deputatlar qərara gəldilər ki, ailə öhdəlikləri olan işçi rolunda çıxış edən kişilərin ailəyə uşaq gələrkən yeni məsuliyyətləri yaranır. Əvvəla qadınları hamilə olarkən onların tələbatlarını ödəməyə məcburdurlar. Uşaq doğulandan sonra isə ilk aylar qadına yardım etməlidirlər. Ailəyə uşaq gələndə ailənin yükləri artır. Kişi gecəni yuxusuz qalmağa, səhərləri də yuxusuz və yorğun halda işə getməyə məcburdur. Bu isə onun psixikasına, sağlamlığına ciddi zərər vurur. Hər halda kişi yeni şəraitə uyğunlaşana qədər atalıq məzuniyyəti götürmək səlahiyyətinə malik olmalıdır. Bu, eyni zamanda yetkinlik yaşına çatmamış, lakin valideynin qayğısına, tərbiyəsinə ehtiyacı olan uşaqların tərbiyəsi zamanı da vacibdir. Çünki belə uşaqlar atanın təsiri altına daha tez düşə bilirlər, nəinki ananın. Atanı "ailə öhdəliklərini icra edən işçi" kimi qovmaq böyük çətinliklər yarada bilər. Bu eyni zamanda əmək intizamının da pozulmasına gətirəcək. O zaman Rusiyada fikirlər yaranmışdı ki, kişilərin uşaqla bağlı hüquqlarının qadınlarla bərabərləşdirilməsi qadınlara qarşı diskriminasiyadır. Rusiya Dumasının Qadın, ailə və gənclərin işi üzrə komitəsinin sədr müavini Andrey Selivanov dinləmələr zamanı bildirmişdi ki, kişilərə atalıq məzuniyyətinin verilməsi ilə bağlı qanuna düzəlişlər heç kəsin hüququnu pozmayacaq. Burada qadınlara qarşı diskriminasiyadan da söhbət getmir. Artıq ailə üzvləri uşaqla bağlı məsuliyyətləri bərabər şəkildə bölüşə biləcəklər.

Qadının aborta getməsi kişinin hüququnu pozur?

Kişilərin seçim hüquqları ilə bağlı tədqiqatların müəllifi Kati Yanqın yanaşması daha orijinaldır: "Məgər bu ədalətlidir, qadınlar bütün reproduktiv hüquqlara malikdirlər, amma kişilər yalnız produktiv vəzifələrə?" Hamiləliyin süni ləğvi üçün nəzərdə tutulmuş dərman preparatlarından danışarkən Yanq qeyd edib ki,  qadınların doğulmamış uşaqları həyatdan məhrum etmək hüququ abortun əleyhdarı olan kişilərin hüquqlarının kobud şəkildə pozulmasıdır. "Uşağı dünyaya gətirmək, ya da gətirməmək məsələsi qarşılıqlı diskussiyalar və səsvermə yolu ilə həll edilməlidir. Uşağın əmələ gəlməsində hər iki tərəf maraqlı olduğundan onun tələf edilməsində də hər iki tərəfin maraqları bərabər bölüşdürülməlidir. Niyə qadınlara istədikləri zaman hamiləliyi kişinin rəyini soruşmadan, öz arzusu ilə ləğv etmək hüququ verilir" - deyə Yanq sual edir. Onun fikrincə, seks prosesində hər iki tərəf məsuliyyətli olmalıdır. Onlar bu işi görməmişdən əvvəl seçməlidirlər ki, nəticə etibarilə uşağın əmələ gəlməsini istəyirlər, ya yox. Lakin bir çox hallarda qeyri-bərabər vəziyyət yaranır. Kişilər arzuolunmaz hamiləliyi törətməkdə günahlandırılırlar.

Kişilərin hüquqları ən çox harada qorunur?

"Qanun və Siyasət" jurnalına müsahibəsində hüquqşünas Melani Makkolli bildirmişdi ki, əgər qadın kişinin icazəsi olmadan uşağı dünyaya gətirməyə israr edəcəksə, onda o, gələcək aliment hüququndan məhrum edilməlidir. Çünki atanın uşağa atalıq etməyi boynuna götürüb-götürməyəcəyi başlıca şərtdir.
Kişinin üstün hüquqlarını ən çox dini kitablar tanıyır. İslamda ən qabarıq olanı Talaq hüququdur. Yəni kişinin boşanmaq hüququ. Amma dinin əsaslarında göstərilir ki, kişi Talaq qərarı verəndən sonra bir müddət qadının onun evində qalmasına imkan verməlidir. Ola bilsin ki, bu gözləmə müddətində onların yenidən birləşmə şansları yaransın.

Azərbaycanda ali təhsil ocaqlarında təhsil alan qızların sayı oğlanların sayından çoxdur. Rusiyada isə bu məsələdə ədalətsizlik daha böyükdür: 2000-ci illərdə ali məktəblərdə 2094 qız tələbəyə cəmi 1634 oğlan tələbə düşürdü. Yəni ali təhsil alan gənclər arasında qızlar oğlanlardan çoxdur. Bu isə kişilərin ali təhsil sahəsində diskriminasiyasıdır. Bəs cəmiyyət və dövlət nə istəyir: oğlan tələbələrin yerinə quldur və narkoman? Səfillər? Bu siyasi məsələdir və hələ ki, bunun cavabı yoxdur.

Kişi hüquqlarına dair beynəlxalq konvensiyalar qəbul etmək "zapodlo"dur?

Qadın hüquqları ilə bağlı qəbul olunmuş beynəlxalq sənədlərin sayı-hesabı yoxdur. Təkcə son illərdə BMT-nin himayəsi altında qadın hüquqlarının vəziyyətinə dair 5 beynəlxalq konfrans keçirilib. Beynəlxalq sənədlər qəbul edilib, yüzlərlə dövlətlər bu sənədləri imzalayıb. Qadınlar anadan olandan ölənə qədər onlara aid olan bütün məsələrlə bağlı xartiyalar, qətnamələr, bəyənnamələr qəbul edilib. Hətta bir sıra ölkələrdə, məsələn, Yeni Zelandiyada qadın məsələləri üzrə nazirlik var. Qadın komitə və fondlarının sayı-hesabı isə bilinmir. Artıq son 30 ildir ki, cinslərarası münasibətdə elə də ciddi ayrı-seçkilik yoxdur.  Patriarxal dönəmdən başlayaraq, kişilərin öhdəlikləri artıb, qadınlar isə bütün hüquq və imtiyazları özündə saxlayıb. Kişilər isə özlərinin bir sıra hüquqlarını itiriblər, yaxud da qadına güzəştə gediblər. Dünyada kişi hüquqları ilə bağlı yeganə dövlət qurumu ABŞ-ın Nyu-Cersi ştatındakı kişilərin işlərinə dair komitədir.
Kişilərin hüquqlarına bəzi hallarda regional müstəvidə baxılsa da, bir dəfə də olsun beynəlxalq müstəvidə baxılmayıb. Tədqiqatlar göstərir ki, kişi hüquqlarının ən çox pozulduğu cəmiyyət sovet cəmiyyəti olub və hazırda həmin sahədə estafet ABŞ-a keçib.

Kişilər qadınlardan daha çox intihar edir

Azərbaycanda da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi mövcuddur. Kişi hüquqları ilə bağlı isə nə bir dövlət qurumu, nə də hansısa QHT yoxdur.
Rusiyada aparılan araşdırmalardan məlum olub ki, səfil həyat tərzi keçirənlərin 90%-i kişilərdir. Onların əksəriyyəti öz evlərini məhz qadınların yeritdiyi diskriminasiya siyasəti nəticəsində itiriblər. Bu ölkədə, yəni Rusiyada intihar edən kişilərin sayı qadınlardan 6 dəfə çoxdur. Narkotik aludəçisi olan kişilərin sayı qadınlardan iki dəfə çoxdur. SPİD-li xəstələrin 90%-i kişilərdir. Eyni zamanda alkoqolizm, papirosçəkmə faizi də kişilər arasında yüksəkdir. Ölüm halları isə qadınlara nisbətən kişilərdə dörd dəfə artıqdır. İstehsalatda ölən kişilərin sayı qadınlardan 20 dəfə çoxdur. Kişilərə qarşı diskriminasiya yeniyetmələr arasında da böyükdür. Onlar nəinki təkcə yapışqan iyləməkdə çoxluqdadırlar, onlar eyni zamanda məktəbi atırlar, evlərindən qaçırlar, intihar edirlər, nökərçiliyin bütün növləri ilə məşğul olurlar. Qəribədir ki, uşaqlar və həddi buluğa çatmayanlar üçün nəzərdə tutulan həbsxanalarda, eyni zamanda böyüklər üçün cəzaçəkmə müəssisələrində də kişilərin sayı qadınlardan dəfələrlə çoxdur.  

Kişilərin ömründən kəsilib qadınlara verilir?

Bu da kişi hüququna dair bir aksiomadır: "Kişilər qadınlardan az yaşayırlar, çünki onlar qadınlardan pis yaşayırlar". Orta statistikaya görə, İsraildə 4 il, İslandiyada 4,5 il, feministlərin ən çox dəstəkləndiyi Finlandiyada 7 il, Kanadada 7,5 il kişilər qadınlardan az yaşayırlar. Ən son məlumatlara görə isə ABŞ və Böyük Britaniyada qadınlar kişilərdən orta hesabla 10 il, Rusiyada isə 12 il çox yaşayırlar.  Qəribədir ki, kişi hüquqları demokratiyanın beşiyi sayılan ABŞ-da daha çox pozulur. Məsələyə bu aksioma ilə nöqtə qoyulur: Əgər sən amerikalısansa və ikinci dəfə evlənmisənsə, prezident ola bilməzsən. Əgər sən qadın seçimində yanılmısansa, niyə sənin dövlət işlərində də yanıla biləcəyini düşünməyim?".
 
Və son olaraq: feminist ruhda böyüyən və tərbiyə alan insanlar qadın hüquqlarının müdafiəsinə girişərkən nə qədər kişinin hüququnu pozduqlarını unudublar. 

Tomris
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.