Kişi hüquqları qorunurmu: qadınların müdafiəsi artdıqca kişilər cəmiyyətdən sıxışdırılıb çıxarılacaqmı?
14 Dekabr 2010 09:21
Bütün dünyada qadınların hüquqlarının pozulmasından, cəmiyyətdəki mövqeyinin sıxışdırılmasından, diskriminasiyaya və zorakılıqlara məruz qalmalarından çox danışılır, deyilir. Elə bizim qadınlarımızdan da. Amma kişiləri gözardı etməmək lazımdır. Milli.Az xəbər portalı kişilərin hüquqlarının nə dərəcədə qorunduğunu, eyni diskriminasiyaya onların da məruz qalıb-qalmadığını araşdırıb.
Azərbaycanlı kişilər diskriminasiyaya məruz qaldıqlarını iddia edirlər
"Belə
bir köhnə lətifə var. Boz canavar Qırmızıpapaqdan soruşur: "Sən nəyi
seçirsən? Udulmanı, yoxsa birləşməni?" Sualı verənləri dəyişdirsək,
onda bu lətifə olmayacaq, müasir kişilərin real həyatı olacaq. Yalnız o
soruşmur, ona əslində çox zaman mövcud olmayan seçimi etmək təklif
olunur. Çünki birləşmənin ardınca mütləq udulma gəlir. Artıq bizim kişi
dünyasında yaşadığımız haqqında qəlibləşmiş dünyagörüşünü dəyişdirmək
vaxtıdır. Dünya artıq çoxdan kişi dünyası deyil, kişi dünyası qadınlar
tərəfindən idarə olunur. Və qadınlar özləri bu idarəetmədən əziyyət
çəkirlər". Kişi hüquqları ilə bağlı orijinal tədqiqatların müəllifi
Vadim Streltsov bu fikirdədir. Yəqin ki, yazının məqsədini anladınız.
Burada Azərbaycanda bəlkə də sensasiya kimi qəbul olunacaq bir
məsələdən, kişi hüquqlarından bəhs edəcəyik. Yəqin düşünəcəksiniz ki,
qadın hüquqlarının kişilər tərəfindən kobud şəkildə pozulduğu bir Şərq
cəmiyyəti olan Azərbaycanda kişi hüquqlarından danışmaq absurd deyilmi?
Deyil. Biz ona görə bu qənaətə gəldik ki, statistika son illərdə
ölkəmizdə intihar edənlər arasında kişilərin çoxluq təşkil etdiyini
bildirir. Onların da əksəriyyəti üzərilərinə düşən ailə başçısı
funksiyasını yerinə yetirmədiklərinə, ailələrindəki qadınların xəyanəti
ilə üzləşdiklərinə, qadınların intim həyatlarına namus məsələsi kimi
baxdıqlarına, kişi adına layiq olan ləyaqətli həyatlarını təmin edə
bilmədiklərinə görə intiharı üstün tutublar. Bəziləri isə iş tapa
bilmədikləri üçün ölümü seçiblər. Biz də kişi hüquqları üçün məhz bu
məsələdən başlayaraq yola çıxdıq.
7 kişi bir evdə yaşayanda nə baş verir?
Qarşımıza ilk çıxan gəncdən, Bakı Dövlət Universitetinin Tətbiqi
riyaziyyat fakültəsinin məzunu Rəşad Əliyevdən soruşuruq: kişi
cinsindən olan biri kimi hüquqlarınızdan razısınızmı? "Yox" qətiyyətlə
cavab verir. Əlavə edir ki, 4 il universitetdə təhsil alıb. İndi isə
ixtisasına uyğun iş tapa bilmir. Fəhləlik eləmək isə onluq deyil,
fiziki göstəriciləri buna imkan vermir. Elm sahəsindən kənarda
bacaracağı əsas işlər xidmət sektoru ilə bağlıdır. "Hara gedirsənsə,
işə gənc qızları axtardıqlarını deyirlər. Hətta xaricdə işə düzəlmək
imkanları vəd edən firmalara üz tutanda da, onlara gənc qızların lazım
gəldiyini bildirirlər. Uşaqlara dayəlik eləməyə belə hazıram, amma
bütün ailələr qadın dayələrə üstünlük verirlər. Neçə restorana,
otellərə ofisiantlıq üçün müraciət etmişəm. Həmişə də deyiblər ki, bizə
qadın ofisiant lazımdır. Özüm şəhərdə kirayədə qalıram. Mən yaşayan
evdə it yaşamaz. Normal evləri oğlanlara kirayə vermirlər. Hamı qız
kirayənişin axtarır. Bütün bunlar ölkədə kişi hüquqlarının pozulması
deyil, bəs nədir?". Heç bir əks arqument qoymuruq.
Müəllimlik kişiyə yaraşan sənət deyil?
İçərişəhər metrosunun yaxınlığında təmir-tikinti işləri ilə məşğul
olan bir fəhləyə yaxınlaşırıq. Ondan özünün kişi hüquqlarından razı
olub-olmadığını soruşuruq. Tərəddüd etmədən deyir ki, "biz fəhlə
babayıq. Fəhlə nədir, hüquq nədir?!" Yenə də israr edirik ki, fəhlə də
insandır. Hər halda onların evlərindəki qadınların hüquqları daha çox
pozulur. Nəsimi Abdullayev adlı bu fəhlə Şəkidən gəldiyini deyir.
Evlərindəki qadınların hüquqlarının pozulması barədə dediklərimizlə
əsla razılaşmır: "Mən də, qardaşım da burada fəhlə işləyirik. Atam isə
marşrutda şofer işləyir. Biz başqa 4 nəfər kəndçimizlə 1 otaqlı həyət
evində kirayədə qalırıq. Vaxtlı-vaxtında çimmək, paltarlarımızı yumaq
imkanımız yoxdur. Evə yorğun gedirik, çox vaxt yemək bişirib yeməyə də
halımız olmur. Gündüzləri də ki, dönərlə, pirojkilərlə keçiririk.
Qarnımız isti yeməyi evə gedəndən-gedənə görür. Evdəki arvadlar da ki,
bizim göndərdiyimiz pullarla özlərini, uşaqları birtəhər dolandırırlar.
Həmişə də kasıbçılıqdan şikayətlənir, üzümüzü danlayırlar ki,
evdən-eşikdən uzaq düşmüsük, evə də ki, qəpik-quruş aparırıq. Sonra da
deyirlər ki, arvadların hüquqları pozulur. Qoy arvad gəlib bir gün
burda mən yatan yerdə yatsın görüm səhəri aça bilir?!".
Nəsimi yumor hissini də büruzə verməkdən çəkinmir. Deyir ki, "axşamlar
7 kişi bir otağa yığışanda tərli corabların iyindən oturmaq olmur. Su
da hər deyəndə gəlmir ki, corabları yuyaq". Hada bilmirəm tər qoxuyan
corablar və suyun gəlməməsinin kişi hüquqlarına bir dəxli varmı?
Yaxşı kişinin arvadı niyə işləməməlidir?
Növbəti şikayətçimiz isə Lənkərandan olan Nicat İbadovdur. Atası
onu rəsmən evdən qovub ki, kişisən, get zəhmət çək, qazanıb gətir,
ailəni dolandır. "Yoldaşım müəllimədir. Atam isə onun məktəbdə
işləməsinə razı deyil. Mənə də deyir ki, yaxşı kişinin arvadı işləməz.
Zəhmət çək, sən də kəndin digər cavanları kimi işlə ailəni dolandır.
Gəlin evə maaş gətirsə, rayonda biabır olarıq. Deyərlər ki, filankəsin
ailəsini gəlin dolandırır. Mən də müəlliməm. Amma atam deyir ki,
müəllimlik kişiyə yaraşan sənət deyil. Get kişi işinin qulpundan yapış.
Onun aləmində kişi işi daşdan çörək çıxarmaqdır".
Odur ki, Nicat APU-dakı dörd illik tələbəlik həyatından sonra Qaradağda
yerləşən daş karxanalarından birinə yollanıb. İndi orada vaqonlara
kubik yükləyir. Hər ay Lənkərana 200 manat pul göndərir ki, ailəsi
dolansın. Nicat həm atasının, həm də ailədəki qadınların ona
münasibətdə ədalətsiz olduqlarını düşünür. "Yoldaşım işləmək
məsələsində mənim yox, atamın tərəfini tutdu. Dedi ki, istəyirəm mən
evdə oturub ər çörəyi yeyəm".
Evin bütün yükü kişinin üzərinə düşür
Əhliman Məmmədov isə Gədəbəy rayonunda doğulub. Özünü qanandan
Rusiyanın çöllərindədir. Hazırda Həştərxan vilayətində ev tikintisi və
təmiri ilə məşğuldur. Qardaşı oğlunun toy mərasimində iştirak etmək
üçün vətənə gəlib. Ordan bazarlıq eləməyə vaxt qalmadığından kəndə
getməmişdən əvvəl evdəkilərə hədiyyə almaq üçün Bakı bazarlarına üz
tutub. "Mənim kişi kimi hüquqlarım pozulur. 20 il ərzində yığışdırsan
evimdə, isti yatağımda yatdığım bir ay olmaz. 25 yaşımda institutu
bitirib Rusiyaya yollanmışam. İndi 45 yaşım var. Qızımı bu il ərə
vermişəm, oğlum da universitetə daxil olub. Bundan sonra da işləməliyəm
ki, uşaq məktəbi qurtarsın. Onu babat işlə təmin eləyim ki, daha mənim
kimi ömrü Rusiyətin yollarında çürüməsin. Vallah uşaqlar necə böyüyüb
xəbərim olmayıb. Əlimə beş manat düşəndə də onu poçtla evə yollamışam
ki, arvad uşaqları idarə eləsin. Elə bilirlər biz Rusiyətdə kef
çəkirik. Mən də adamam axı. Mən də istəyərəm uşaqların üzünü doyunca
görüm, əziyyətlə tikdiyim evimdə oturum, istirahət eləyim. Amma
Azərbaycanda evin bütün yükü kişinin üstünə düşür. Şəxsən mənim 20 il
evimdə yaşamaq hüququm, uşaqlarımla bir yerdə olmaq hüququm pozulub".
"Niyə maaşımı axırıncı qəpiyinə kimi arvada verməliyəm?"
Ramana qəsəbəsinin sakini Rafiq Balıyevin hüququnu isə öz həyat yoldaşı
və uşaqları birbaşa pozur. Onun sözlərinə görə, sovet dövründə zavodda
işləyib və yaxşı maaş alıb. Onda arvad da, uşaqlar da qulluğunda
dayanıb. İndi isə 85 manat maaşla gözətçi işləyir. Bir şüşə araq alıb
içəndə arvad və uşaqlar burnundan gətirir. "Mən içən gün gərək evə
gəlməyim. Gələndə də arvad baş-beynimi aparır ki, nə qədər maaş
alırsan, hansı gününə içirsən? Evə sərxoş gəlsəm, qapını mənə açmırlar.
Mən də çarəsiz qalıb ya qohum evinə gedirəm, ya da bayırda yatıram.
Mənim içki içmək, evimə kefli halda getmək hüququm arvad və qızlarım
tərəfindən pozulur. İndi mən nə edim ki, maaşım azdır, mənə uyğun başqa
iş yeri də yoxdur. Mən də adamam, içki içmək, həyatdan zövq almaq
haqqım yoxdur? Niyə maaşımı axırıncı qəpiyinə kimi arvada verməliyəm?
Verməyəndə də elə şüvən qoparır ki, əlimdən heç nə gəlmir. Döysəm, məni
polisə verəcək.."
Kişilərə niyə atalıq məzuniyyəti verilmir?
Söhbətləşdiyimiz kişilərin demək olar ki, hamısı bu və ya başqa
formada kişi hüquqlarının pozulduğunu iddia etdilər. Kimi ailəsinin
sevdiyi qızla evlənməsinə qadağa qoyulduğuna görə, kimisi "kişi gərək
əsgərliyə gedə" deyə zorla əsgərliyə göndərildiyinə görə, kimisi də
ailənin ağır yükünü təkbaşına çəkmək zorunda qaldığına görə
şikayətləndi.
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Samir
Şahtaxtlının hüquq anlayışı da kifayət qədər maraqlıdır: "Kişi olduğuma
görə saçlarımı uzatmağa, bəzək əşyaları taxmağa həsrətəm. Xaricdə kim
istəsə saçını da uzadır, müxtəlif aksessuarlardan, sırğalardan da
istifadə edir. Bizdə isə o saat həmin kişilər diskriminasiyaya məruz
qalır. Adını başqa cür qoyurlar...".
Orada qadınlar ərlərini döyürlər...
Kişi hüquqlarına dair ədəbiyyatda onların öhdəlikləri, xüsusilə də
hərbi xidmətlə bağlı məcburiyyətləri hüquq pozuntusunu şərtləndirən
başlıca amil kimi üzə çıxır. Bəzənsə, kişiyə atalıq məzuniyyətinin
verilməməsi kobud hüquq pozuntusu sayılır. Bəzi Avropa dövlətlərində və
ABŞ-da kişilərin ailədə zorakılığa məruz qaldıqlarına dair çoxsaylı
faktlar mövcuddur. Necə ki, Azərbaycanda qadınlar ərləri tərəfindən
döyülür, eləcə də, Hollandiya, Norveç, İsveçrə kimi ölkələrdə kişilərin
öz həyat yoldaşları tərəfindən döyülməyə, zorakılığa məruz qalma
faktları ilə əlaqədar hüquq-mühafizə orqanlarına üz tutanların sayı
kifayət qədərdir.
"Səni mən kişi eləmişəm!
Bir qədər də ekspertlərin kişi hüquqları ilə bağlı rəylərini dinləyək. Rusiyalı analitik Vadim Streltsov yazır:
"Bir
çox hallarda ailə qurduqdan və yaxud da vətəndaş nikahına girdikdən
sonra kişilərlə bağlı anlaşılmaz metamorfozalar meydana çıxır. Qadınlar
kişiləri "ütüləyərək" yeni formaya salmağa çalışırlar. Əsasən, buna
nail olurlar da. Kişiləri tamamilə əyəndən, sındırandan sonra isə
qadınlar qalib kimi danışaraq deyirlər: "Səni mən kişi eləmişəm! Səni
adam arasına çıxası vəziyyətə gətirmişəm. Əgər mən olmasaydım, Allah
bilir indi nə gündəydin". Qəribədir ki, birgə həyat zamanı kişilər
kifayət qədər fəallıq nümayiş etdirirlər. Onların özlərinin
məsuliyyətləri meydana gəlir. Ailəni dolandırmaq, maddi cəhətdən təmin
etmək onların üzərinə düşür və bu, hətta ən məsuliyyətsiz kişini belə
heç olmasa bu barədə düşünməyə təşviq edir. Niyə heç kəs heç vaxt fikir
verməyib ki, kişilərin geyim tərzi onlar evlənəndən sonra dərhal
dəyişir? Bir sıra müasir qadınlar öz ərlərini həndəsi cəhətdən düzgün,
geyinib-keçinmiş, amma darıxdırıcı edir. Qadınların nəzərincə, onların
"düzgün" hesab etdiyi kişilər sakit və səbrli olmalıdırlar. Öz
emosiyalarını dəfn etməli, qadınların bir sözünü iki eləməməlidirlər".
Hansı kişilərə ərə getmək istərdiniz?
Ekspertin fikrincə, bəzi qadınlar zəhmətə qatlaşmaq istəmirlər və
kişiləri öz arzularına alət etməklə məşğul olurlar: "İndi gənc qızların
çoxundan soruşsan ki, onlar necə oğlana ərə gedərdilər, cavablar
təqribən belə olur: "Fiziki cəhətdən güclü, pullu, savadlı,
dünyagörüşlü, vurub-tutan, vəzifəli, maşınlı, onu çox sevən, evə hər
gün çiçəklər və hədiyyələr gətirən kişini". Çox nadir hallarda qadınlar
ərlərinin onlara ev işlərində, mətbəxdə, uşağa baxmaqda kömək etməsini
istəyirlər. Birinci halda adama elə gəlir ki, bütün bu cəhətlərin
kişidə olmasını vacib sayan qadınlar bərabər həyatları boyunca əlavə
heç bir zəhmətə qatlaşmaq istəmirlər. Əgər istəmirlərsə, onda onların
həyatı bitmişdir. İkinci halda isə qadında kişinin onun vəzifələrini
əlindən alacağına dair qısqanclıq yaranır. Guya kişi bu işləri görsə
kişilikdən düşəcəkmiş. Əslində qadın qorxur ki, onu kişi üçün önəmli
edən məişət qayğılarından da yaxa qurtarmış olsa, onda kişini bu
evliliyə bağlayan heç bir səbəb qalmaz. Deməli, qadın özünün önəmini
göz önünə sərmək üçün kişinin onun funksiyalarını üstlənməsinə razı
olmur. Əksər hallarda kişinin məişət qayğıları ilə məşğul olmasına o
qadınlar cani-könüldən razıdırlar ki, onların iş həyatları, başqa
dünyaları var. Və onlar sosial həyatlarını kişilərlə bölüşdükləri kimi
məişət həyatlarını da kişi ilə bölüşməyə razıdırlar. İş qadınlarına
evlərinə döndükdə ərlərinin onlar üçün süfrə hazırladığını, çay
süzdüyünü görmək son dərəcə keyflidir".
Kişi qadını həm sevməli, həm də bütün ehtiyaclarını ödəməlidir?
Streltsovun fikrincə, kişinin öz maraqlarını ortaya çıxarması
apellyasiyaya yer qoymayan qadağadır. Onlar öz iddiaları ilə çıxış
etdikdə qadın bunu özünə qarşı haqsızlıq, həqarət olaraq qəbul edir. Və
əlbəttə ki, onun mütləq işi olmalıdır, amma o heç vaxt işsiz ola
bilməz. İşi bir kənara qoyaq, kişi işləməyi bacarmalıdır. Tez-tez işlə
bağlı da metamorfoza baş verir. Qadın kişiyə diqtə etməyə başlayır ki,
o məhz hansı işdə işləməlidir və onun iş prinsipləri necə olmalıdır.
Kişi isə birdən işində öz prinsiplərini yeritməyə başlasa, qadın o saat
deyəcək ki, sən daha mənim barəmdə düşünmürsən, mən sənin vecinə
deyiləm və s. Görəsən, kimsə düşünübmü ki, bu nə cəfəngiyyatdır? Kişi
həm qadını sevməlidir, həm də onun maraqlarını təmin etməlidir? Kişinin
özünün elementar maraqlara malik olmaq hüququ var. "Mən indi səninləyəm
və sən dəyişməlisən" tipli istiqamətləndirmə ona gətirib çıxarır ki,
kişidə heç bir şəxsi insani maraqlar qalmır. Onun dünyası qadının
üstünlük təşkil etdiyi iş-ailə sxemi ilə yekunlaşır və özünün ailə
başçısı səlahiyyətinə malik olduğunu güman etməsi onun yeganə
təsəllisidir. Əvvəllər, ötən əsrdə situasiya bir qədər başqa idi:
kişilərin istədiyini eləmək, fikirləşmək, düşündüklərini həyata
keçirmək, ona aid olanlara mənsub olmaq hüquqları vardı.
Kişi qadın üçün nə etməlidir?
Ekspertin fikrincə, bir çox müasir qadınlar sadəcə kişilərin
hüquqlarını məhv edir, onların insan hüquqlarını öz ehtiyaclarına
qurban verirlər. Sevimli mövzu - "mən qadınam, buna görə də sən kişi
mənə qayğı göstərməlisən". Qadınlar həmişə öz güclərinə karyera qurmaq
istəyirlər və özlərini elə göstərirlər ki, guya hər şey yaxşı gedir.
Kişilərdən isə nəzakət, mülayimlik, diqqətcillik, hədiyyə vermək tələb
olunur. Və o, bütün bunları kişi mahiyyətinə görə etməlidir, yəni
ürəkdən gəlməlidir. Nəticədə isə adətən bu ifadə ilə qarşılaşacaq: "Sən
heç vaxt mənə ürəyimcə olanı hədiyyə eləmirsən, sən kişi deyilsən". "O
mənə hədiyyələr almalıdır, o məni təmin etməlidir". "Mən ona öz
cavanlığımı, gözəlliyimi, sağlamlığımı vermişəm, amma o, buna layiq
kişi olmadı". Bəs görəsən, kişi öz cavanlığını, gözəlliyini və
sağlamlığını qadına vermirmi? Kim bunu ölçə bilər ki, qadın kişiyə çox
şey verir, yoxsa kişi qadına?
Kişi adam deyil?
Qadın hüquqları uğrunda mübarizə missiyası kişiləri dalana dirəyib.
Belə təsəvvürlər yaradılıb ki, kişi adam deyil, qadınların arzularını
reallaşdırandır, bundan daha pisi də, borclu olmaq öhdəliyinə malikdir.
Və son dövrlərdə qadınların başqa bir tələbləri də meydana
çıxıb. Bu isə sırf intim münasibətlərlə bağlıdır. Bir çox ölkələrin
ailə qanunvericiliyinə görə, cinslərarası münasibətlərdə də qadınların
arzuları əsas götürülməlidir. Heç bir qadın arzu etmədiyi intim
əlaqələrə cəlb edilə bilməz. Bir sıra ölkələrdə isə kişilər qadınların
intim ehtiyaclarını ödəməyə borcludurlar. Ailə planlamasında qadınların
rolu şişirdilir.
Bir sıra qadın təşkilatları o qənaətdədirlər ki, cinsi istismarı həyata
keçirən kişilər və qadınlar qanunvericiliyin qarşısına bir yerdə
çıxarılmalıdırlar. Lakin burada qanun iki cinsdən olan fərdlər arasında
açıq-aşkar fərqi dəstəkləməlidir: yenə də qanunvericilik qadınlarla
bağlı maddələrin yüngülləşdirilməsinin tərəfindədir. Axı əxlaqsızlığı
törədən bir tərəf yox, hər iki tərəfdir. Çünki bir çox hallarda cinsi
istismar qarşılıqlıdır.
Əgər ərli qadın başqa kişi taparsa...
Rusiyalı qadınlarda isə belə bir xüsusiyyət mövcuddur: əgər mən
mövcudamsa, sənin həyatında başqa qadın mövcud olmamalıdır. Sənin hər
bir digər qadınla olan əlaqən mənim adekvat hərəkətimi şərtləndirəcək.
Təəssüf ki, Rusiyada kişilər qadınlar qarşısında belə şərt qoymaqda çox
vaxt acizdirlər: əgər sənin başqa bir kişi ilə əlaqələrin olsa, onda
mən də başqa qadın axtarmağa məcbur olacağam.
Bütün qanunvericilik ailəyə məxsus uşaqlar üzərində himayəçilik
üstünlüyünü anaya verir. Həddi buluğa çatmayan uşaqların himayəçiliyi
boşanma halında məhkəmələr tərəfindən anaya verilir. Burada ananın
uşağı himayəçiliyində saxlamaq imkanlarının olub-olmaması da nəzərə
alınır. Əgər ana uşağın himayəçiliyindən imtina etsə, yalnız o zaman
atanın himayəçi kimi hüquqları tanınır.
Azərbaycanda atalar niyə uşağın bezini dəyişmir?
Maraqlıdır, qadınlar bu hüququ əldə edərkən onu əsas gətirirlər ki,
məhz o, uşağı 9 ay qarnında daşıyıb, əziyyətlə doğub, yuxusuz qalaraq
ona süd verib, çimizdirib, onun bezlərini dəyişib. Halbuki ABŞ və bir
sıra Avropa ölkələrində uşağın qidalanmasından tutmuş paltarlarının
yuyulmasına, ütülənməsinə və bezlərinin dəyişdirilməsinə qədər atalar
köməklik göstərir. Yuxusuzluğa gəlincə isə, uşağın ağlamasından ana ilə
bərabər onunla eyni yatağı paylaşan ataya da pay düşür.
Qadınlar əksər vaxtlarda iqtisadi cəhətdən kişidən asılı olur. Bu vaxt
onlar iddia edirlər ki, onları dolandırmaq, təmin etmək kişilərin
borcudur. Amma iş elə gətirsə ki, məhz qadın işləyir və evə pul
gətirir, bu zaman rollar dəyişmir. Kişi heç də iddia etmir ki, onu
təmin etmək arvadın borcudur. Arvad isə nümayişkaranə şəkildə bəyan
edir ki, o, işləyib kişini saxlamağa borclu deyil. Arvadından pul alan
kişiyə bizim ölkədə birtəhər baxırlar. Məsələn, deyirlər, o nə kişidir
ki, arvadın puluna siqaret alır, o alan şalvarı geyinir. Yəni evə
qazanc gətirməyən kişi - kişi deyil. Lakin qadın istənilən halda özünün
sosial statusunu qoruyur.
Ata "ailə öhdəliklərini icra edən işçi"dir?
Rusiyada Əmək haqqında qanunlar Məcəlləsi qəbul olunarkən Dövlət
Dumasının deputatları ailə başçısının hüquqlarını müəyyənləşdirmək
məcburiyyətində qaldılar. Belə bir sual meydana çıxdı ki, niyə uşaq
doğularkən qadınlara analıq məzuniyyəti verilir, amma kişilər atalıq
məzuniyyətindən məhrumdurlar. Deputatlar qərara gəldilər ki, ailə
öhdəlikləri olan işçi rolunda çıxış edən kişilərin ailəyə uşaq gələrkən
yeni məsuliyyətləri yaranır. Əvvəla qadınları hamilə olarkən onların
tələbatlarını ödəməyə məcburdurlar. Uşaq doğulandan sonra isə ilk aylar
qadına yardım etməlidirlər. Ailəyə uşaq gələndə ailənin yükləri artır.
Kişi gecəni yuxusuz qalmağa, səhərləri də yuxusuz və yorğun halda işə
getməyə məcburdur. Bu isə onun psixikasına, sağlamlığına ciddi zərər
vurur. Hər halda kişi yeni şəraitə uyğunlaşana qədər atalıq məzuniyyəti
götürmək səlahiyyətinə malik olmalıdır. Bu, eyni zamanda yetkinlik
yaşına çatmamış, lakin valideynin qayğısına, tərbiyəsinə ehtiyacı olan
uşaqların tərbiyəsi zamanı da vacibdir. Çünki belə uşaqlar atanın
təsiri altına daha tez düşə bilirlər, nəinki ananın. Atanı "ailə
öhdəliklərini icra edən işçi" kimi qovmaq böyük çətinliklər yarada
bilər. Bu eyni zamanda əmək intizamının da pozulmasına gətirəcək. O
zaman Rusiyada fikirlər yaranmışdı ki, kişilərin uşaqla bağlı
hüquqlarının qadınlarla bərabərləşdirilməsi qadınlara qarşı
diskriminasiyadır. Rusiya Dumasının Qadın, ailə və gənclərin işi üzrə
komitəsinin sədr müavini Andrey Selivanov dinləmələr zamanı bildirmişdi
ki, kişilərə atalıq məzuniyyətinin verilməsi ilə bağlı qanuna
düzəlişlər heç kəsin hüququnu pozmayacaq. Burada qadınlara qarşı
diskriminasiyadan da söhbət getmir. Artıq ailə üzvləri uşaqla bağlı
məsuliyyətləri bərabər şəkildə bölüşə biləcəklər.
Qadının aborta getməsi kişinin hüququnu pozur?
Kişilərin seçim hüquqları ilə bağlı tədqiqatların müəllifi Kati
Yanqın yanaşması daha orijinaldır: "Məgər bu ədalətlidir, qadınlar
bütün reproduktiv hüquqlara malikdirlər, amma kişilər yalnız produktiv
vəzifələrə?" Hamiləliyin süni ləğvi üçün nəzərdə tutulmuş dərman
preparatlarından danışarkən Yanq qeyd edib ki, qadınların doğulmamış
uşaqları həyatdan məhrum etmək hüququ abortun əleyhdarı olan kişilərin
hüquqlarının kobud şəkildə pozulmasıdır. "Uşağı dünyaya gətirmək, ya da
gətirməmək məsələsi qarşılıqlı diskussiyalar və səsvermə yolu ilə həll
edilməlidir. Uşağın əmələ gəlməsində hər iki tərəf maraqlı olduğundan
onun tələf edilməsində də hər iki tərəfin maraqları bərabər
bölüşdürülməlidir. Niyə qadınlara istədikləri zaman hamiləliyi kişinin
rəyini soruşmadan, öz arzusu ilə ləğv etmək hüququ verilir" - deyə Yanq
sual edir. Onun fikrincə, seks prosesində hər iki tərəf məsuliyyətli
olmalıdır. Onlar bu işi görməmişdən əvvəl seçməlidirlər ki, nəticə
etibarilə uşağın əmələ gəlməsini istəyirlər, ya yox. Lakin bir çox
hallarda qeyri-bərabər vəziyyət yaranır. Kişilər arzuolunmaz hamiləliyi
törətməkdə günahlandırılırlar.
Kişilərin hüquqları ən çox harada qorunur?
"Qanun və Siyasət" jurnalına müsahibəsində hüquqşünas Melani
Makkolli bildirmişdi ki, əgər qadın kişinin icazəsi olmadan uşağı
dünyaya gətirməyə israr edəcəksə, onda o, gələcək aliment hüququndan
məhrum edilməlidir. Çünki atanın uşağa atalıq etməyi boynuna
götürüb-götürməyəcəyi başlıca şərtdir.
Kişinin üstün hüquqlarını
ən çox dini kitablar tanıyır. İslamda ən qabarıq olanı Talaq hüququdur.
Yəni kişinin boşanmaq hüququ. Amma dinin əsaslarında göstərilir ki,
kişi Talaq qərarı verəndən sonra bir müddət qadının onun evində
qalmasına imkan verməlidir. Ola bilsin ki, bu gözləmə müddətində
onların yenidən birləşmə şansları yaransın.
Azərbaycanda ali
təhsil ocaqlarında təhsil alan qızların sayı oğlanların sayından
çoxdur. Rusiyada isə bu məsələdə ədalətsizlik daha böyükdür: 2000-ci
illərdə ali məktəblərdə 2094 qız tələbəyə cəmi 1634 oğlan tələbə
düşürdü. Yəni ali təhsil alan gənclər arasında qızlar oğlanlardan
çoxdur. Bu isə kişilərin ali təhsil sahəsində diskriminasiyasıdır. Bəs
cəmiyyət və dövlət nə istəyir: oğlan tələbələrin yerinə quldur və
narkoman? Səfillər? Bu siyasi məsələdir və hələ ki, bunun cavabı yoxdur.
Kişi hüquqlarına dair beynəlxalq konvensiyalar qəbul etmək "zapodlo"dur?
Qadın hüquqları ilə bağlı qəbul olunmuş beynəlxalq sənədlərin
sayı-hesabı yoxdur. Təkcə son illərdə BMT-nin himayəsi altında qadın
hüquqlarının vəziyyətinə dair 5 beynəlxalq konfrans keçirilib.
Beynəlxalq sənədlər qəbul edilib, yüzlərlə dövlətlər bu sənədləri
imzalayıb. Qadınlar anadan olandan ölənə qədər onlara aid olan bütün
məsələrlə bağlı xartiyalar, qətnamələr, bəyənnamələr qəbul edilib.
Hətta bir sıra ölkələrdə, məsələn, Yeni Zelandiyada qadın məsələləri
üzrə nazirlik var. Qadın komitə və fondlarının sayı-hesabı isə
bilinmir. Artıq son 30 ildir ki, cinslərarası münasibətdə elə də ciddi
ayrı-seçkilik yoxdur. Patriarxal dönəmdən başlayaraq, kişilərin
öhdəlikləri artıb, qadınlar isə bütün hüquq və imtiyazları özündə
saxlayıb. Kişilər isə özlərinin bir sıra hüquqlarını itiriblər, yaxud
da qadına güzəştə gediblər. Dünyada kişi hüquqları ilə bağlı yeganə
dövlət qurumu ABŞ-ın Nyu-Cersi ştatındakı kişilərin işlərinə dair
komitədir.
Kişilərin hüquqlarına bəzi hallarda regional müstəvidə baxılsa da, bir
dəfə də olsun beynəlxalq müstəvidə baxılmayıb. Tədqiqatlar göstərir ki,
kişi hüquqlarının ən çox pozulduğu cəmiyyət sovet cəmiyyəti olub və
hazırda həmin sahədə estafet ABŞ-a keçib.
Kişilər qadınlardan daha çox intihar edir
Azərbaycanda da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət
Komitəsi mövcuddur. Kişi hüquqları ilə bağlı isə nə bir dövlət qurumu,
nə də hansısa QHT yoxdur.
Rusiyada aparılan araşdırmalardan məlum
olub ki, səfil həyat tərzi keçirənlərin 90%-i kişilərdir. Onların
əksəriyyəti öz evlərini məhz qadınların yeritdiyi diskriminasiya
siyasəti nəticəsində itiriblər. Bu ölkədə, yəni Rusiyada intihar edən
kişilərin sayı qadınlardan 6 dəfə çoxdur. Narkotik aludəçisi olan
kişilərin sayı qadınlardan iki dəfə çoxdur. SPİD-li xəstələrin 90%-i
kişilərdir. Eyni zamanda alkoqolizm, papirosçəkmə faizi də kişilər
arasında yüksəkdir. Ölüm halları isə qadınlara nisbətən kişilərdə dörd
dəfə artıqdır. İstehsalatda ölən kişilərin sayı qadınlardan 20 dəfə
çoxdur. Kişilərə qarşı diskriminasiya yeniyetmələr arasında da
böyükdür. Onlar nəinki təkcə yapışqan iyləməkdə çoxluqdadırlar, onlar
eyni zamanda məktəbi atırlar, evlərindən qaçırlar, intihar edirlər,
nökərçiliyin bütün növləri ilə məşğul olurlar. Qəribədir ki, uşaqlar və
həddi buluğa çatmayanlar üçün nəzərdə tutulan həbsxanalarda, eyni
zamanda böyüklər üçün cəzaçəkmə müəssisələrində də kişilərin sayı
qadınlardan dəfələrlə çoxdur.
Kişilərin ömründən kəsilib qadınlara verilir?
Bu da kişi hüququna dair bir aksiomadır: "Kişilər qadınlardan az
yaşayırlar, çünki onlar qadınlardan pis yaşayırlar". Orta statistikaya
görə, İsraildə 4 il, İslandiyada 4,5 il, feministlərin ən çox
dəstəkləndiyi Finlandiyada 7 il, Kanadada 7,5 il kişilər qadınlardan az
yaşayırlar. Ən son məlumatlara görə isə ABŞ və Böyük Britaniyada
qadınlar kişilərdən orta hesabla 10 il, Rusiyada isə 12 il çox
yaşayırlar. Qəribədir ki, kişi hüquqları demokratiyanın beşiyi sayılan
ABŞ-da daha çox pozulur. Məsələyə bu aksioma ilə nöqtə qoyulur: Əgər
sən amerikalısansa və ikinci dəfə evlənmisənsə, prezident ola
bilməzsən. Əgər sən qadın seçimində yanılmısansa, niyə sənin dövlət
işlərində də yanıla biləcəyini düşünməyim?".
Və son olaraq: feminist ruhda böyüyən və tərbiyə alan insanlar
qadın hüquqlarının müdafiəsinə girişərkən nə qədər kişinin hüququnu
pozduqlarını unudublar.
Tomris
Milli.Az