Milli.Az 1937.az-a istinadən Aydın Talıbzadənin yazısını təqdim edir.
Lap "olum, ya ölüm" sualına oxşayır: amma o deyil. Havaxtdı bu haqda mədəniyyətimizdə danışırlar. Dedim, bəlkə, bir-ikisini də mən deyim? Deyim ki, mövzunun müzakirə mozaikasında daha yeni düzülüşlər əmələ gəlsin.
Əvvəl görək şalvar nəmənə...
Dünya şalvar geyinməyi türklərdən öyrənib: o cümlədən farslar da, ərəblər də, puştun əskərləri də. Avropalıların bəyənmədiyi davakar və cəsur barbar tayfalar - hunlar - şalvarı dəbə mindiriblər və bu dəbi Qərbə aparıblar. Köçəri çöl adamları yovşanlı bozqırlarda şalvardan rahat özgə nə geyinəsiydilər ki? Təsəvvürə gətirmək çətin. Şalvar qayçı şəklindədir deyə, at belində əngəlsiz oturmağa yararlıdır. Həm istidir, yumşaqdır, həm yaraşıqlıdır, estetikdir, həm də abırlı: əyri, tüklü, donqar kişi ayaqlarını yaxşıca gizlədir. Müəyyən həyat tərzinin ifadəçisidir ŞALVAR; köçəriliyin əlamətidir, rəmzidir, türkün məişətinin, mədəniyyətinin fakturasıdır, mahiyyət konkretliyidir.
Amma... türklər şalvarı həmişə urvatsız bir şey sayıblar: hörmətdə at olub, papaq olub, bir də arvad. Onlar şalvara lağ, zarafat, şəbədə obyekti kimi yanaşıblar. Tarixən də bu ənənə qalıb, nəsildən-nəslə ötürülüb və qırılmayıb. XX əsrin Bakı mühitində kiməsə sataşmaq istəyən meyxanaçı da öncə heç nədən ehtiyatlanmadan həmin adamın şalvarına "ilişib". Və qəribəsi, təəccüblüsü budur ki, şalvara ünvanlanmış zarafatın, atmacanın üstündə hələ heç kim bir-birini söyməyib, qan salmayıb, qada törətməyib. Səbəbi mənə bəlli. Yəni şalvardı da, bədənin urvatsız yerlərini bürüyür. Bundan əlavə, millətin mənəvi dəyərlər müstəvisində şalvar kişilik, namus, qeyrət atributu kimi ciddi qəbul edilməyib. Niyə? Müqəssir kimdir, yoxsa nədir? Şalvara - qərinələrin təsdiqlədiyi əsl kişi geyiminə - bu cür "yüngül", əhlikef münasibətin kökləri haradan gəlir?
Uzaqlardan, lap uzaqlardan... və dil qatında aparılan araşdırmalar buna əyani sübut. Struktur etibarı ilə "şalvar" iki tamamilə müstəqil sözdən ibarətdir: "şal" və "var"; hər ikisinin də konkret mənası ayrılıqda məlum. "Şal" yundan hazırlanmış iri baş yaylığıdır; "var" isə malikliyi, olmağı bildirir. Di gəl ki, onların birgələşib yaratdığı yeni kəlmə verbal bir işarə kimi öz məna sərrastlığını itirir, predmeti görükdürməkdə, onun utilitar məğzini aşkarlamaqda "acizləşir". Həqiqətən, qız-gəlin şalı hara, kişi geyimi hara? Əlaqə hanı burda? Düzdür, bəziləri bu sözü, yəni şalvarı, məhz cəfəngiyyata bir bax, şala varmaq kimi yozur. Bəzilərisə hətta gedib köhnə rus lüğətlərində "şarovarı" sözündən "yapışırlar" ki, bu da heç bir məntiqə sığmır. Türkün şalvarına ruslar ad qoya bilməzdilər axı?
Onda boş-bekar, tənqidə tablamayan versiyaları tullayaq bir kənara və götürüb "ŞAL" sözünün etimoloji "şəcərə"sini təhlilə çəkək. Nədən türk qövmləri qadınların baş örtüyünü "şal" adlandırıblar? Haradan "alıblar", necə fikirləşiblər bu sözü?
Cavabı təsadüfən çıxdı ortaya, təbii ki, mənim üçün.... Yəqin çoxları xəbərsizdir ki, Azərbaycanın Oğuz bölgəsində yarpağa "ŞƏL" deyirlər. Razılaşaq ki, ŞƏL ağacın, onun tacının YAYLIĞI, yəni ağacın "BAŞ ÖRTÜYÜ" kimi də yozulmağa caiz. Bir qırıq da şübhəm yoxdur ki, "şəl" sözü "şal"ın arxaik variantıdır. Təbii ki, qadınların baş yaylığının yarpağa bənzədilməsi gözəl, şairanə poetik metaforadır və dədə-babalarımızın hüdudsuz fantaziyasının dəlalətidir. Özümü sığortalamaq xatirinə mən bir az da fars lüğətini vərəqlədim və orada da bir şəl sözü buldum. Farslar çolağa, axsağa deyirlər şəl, bir də rəngli nazik dəriyə. Buradan da mənə əlüstü aydın oldu ki, "şəl" sözü farscadan türkcəyə yox, türkcədən farscaya keçib. Çünki sözün arxaik mənası birmənalı şəkildə türkcəyə mənsubdur: şəl zərif yarpağı dildə ifadə etmək, bir növ yarpağı səslə göstərmək cəhdinin gerçəkliyidir.
Bəs "şalvar"ın bura nə dəxli? Dəxli birbaşadır. Yəni yenədəmi YARPAQ, ŞƏL? Bəli, tərəddüdsüz söyləyirəm ki, digər bir alternativ görmürəm. Elə buradaca istərdim ki, Adəm peyğəmbəri xatırladım. Onun cənnət bağlarında ayıb yerlərini gizli saxlamaqdan ötrü istifadə etdiyi nə idi? Əncir yarpağı, əncir şəli: Türklərin adına "ŞALVAR"ı da həmin o şəldəndir, həmin o şəlin modifikasiya olunmuş formasıdır. Sözümün canı bu ki, şalvar mifoloji yarpağın əsrlər boyudur ki, funksiyasını yerinə yetirir: gizlədir və qoruyur. Deməli, şalvar haradasa, dolaylısı yolla Adəm Səfiyullahın şəlinə, yarpağına işarədir. Yenə şübhəlisiniz və söylədiklərimə inanmayıb gülümsünürsünüz? Eybi yox: mənim ayrı bir arqumentim də mövcud. Azərbaycan dilində "ŞƏLTƏ" sözü işlədilir və bu söz də, qəribəsi budur ki, kişilərin gecə geyimini (alt tuman-köynəyini) bildirir. Şəltə "bədən yarpağı" və ya "bədən qədər (bədən boyda) uzadılmış yarpaq" anlamına uyğun gəlir. Bu da öz növbəsində mənim irəli atdığım versiyanın və ya gümanın düz olduğuna birbaşa sübutdur. Hələ mən "ŞƏLPƏ-ŞÜLPƏ" sözünü demirəm ki, xalq arasında şey-şüy kimi anlaşılır. Qeyri-rəsmi mədəniyyətdə, qeyri-normativ leksikada "şəlpə" anatomik bildirici qismində də işlədilir.
Beləliklə, mən yarpağı (şəli) tarixi-kultoroloji araşdırmanın predmetinə çevirirəm: nədən ki, insanın təbiətdən mədəniyyətə doğru atdığı ilk addım məhz yarpaqla rəmzləşir, obrazlaşır. İnsan utandı, xəcalət çəkdi, həya elədi və budaqdan bir yarpaq dərib mədəniyyətin əvvəlinci mərhələsinə qədəm qoydu. Təsadüfi deyil ki, məhz yarpaq (şəl) abır-həyanın mənəvi problem aktuallığını birinci olaraq simvollaşdırır. Faktiki olaraq insan təbii olan örtüyü təbiətin üstünə atmaqla onu məxfiləşdirir, gizlədir, görünməsini ayıb sayır və haradasa öz-özü üçün sınaq-oyunlar tapır. Yarpaq-şəl mədəniyyətdə pərdələr problemini aktuallaşdırır...
Təbiətdə pərdə yoxdur: ona görə ki, təbiətdə ayıb yoxdur.
Lakin bununla belə xalqın meydan mədəniyyəti çərçivəsində dini rəvayətlər kontekstindən çıxarılmış Adəm şəli, Adəm yarpağı dönüb olur gülüş hədəfi, rişxənd bəhanəsi. Kobud meydan mədəniyyəti dini folklor yarpağını ələ salıb dolayır, ona şəbədə bağlayır, lağ eləyir, situasiyanı absurda qədər ucuzlaşdırıb məzələnir. Elə budur türk dünyasında şalvarın urvatsızlığına bais. Tutarlı arqumentdir, mühüm amildir, amma yeganə deyil. Ona görə də heç kim şalvara papaq qədər ciddi yanaşmır.
Hərçənd şalvar kişisəl cəmiyyətin çox güclü atributudur: cinsləri konkretləşdirən bir bildiricidir.
Şort isə, əksinə, nə şalvar kimi şalvardır, nə ətək kimi ətək... və eyni zamanda həm ondandır, həm bundan... Şalvarı kəsib şort eləyiblər. Şort mini şalvardır; di gəl, müsəlman aləmində bu, aşağılıq əlaməti sayılır.
Rus qadınları üçün, elə azərbaycanlı qadınlar üçün də, mətbəxdə dolaşan və ya arvad-arvad danışan kişi öz seksuallığını itirir. Eləcə də şort geyinmiş kişi, yəni ayaqlarını bayırda qoymuş kişi... Ənənəvi azərbaycanlı ailəsinin mental dəyərlər sistemində tərbiyə almış qadınlar şort geyinmiş kişilərə təbəssümlə yanaşırlar, onu ciddi qəbul eləmirlər. Nədən ki, gələnəksəl qavrayışda şort uşaq geyimidir, uşağı nişan verir. Cizgi filmlərinin əksər balaca qəhrəmanlarının əynində həmişə şort olur: çünki şort balacalığın, cocuqluğun, uşaqkimiliyin rəmzidir. Ona görə şort geyinmiş kişi gülməli, uşaqsayağı görünür. Hətta birinci sinfə gedən oğlan uşağı belə təkidlə şortdan qurtulub şalvara keçməyə çalışır, hətta bunun üçün əməllicə mübarizə aparır. Şalvarın balaqlarının çirmələnməsi isə şortdan fərqli "uşaq geyimi" streotipini yada salmır.
Hərçənd niyə bu şort söhbəti gündəmə gəlsin ki?.. Nə vacib işdir bu belə?.. Burada problem məhrəm və ya naməhrəm, yəni din söhbəti deyil, komfort söhbəti deyil, geyim söhbəti deyil, məsələnin altyapısıdır...
Azərbaycanlıları suçlamaq ki, bunlar istidən bişirlər, amma şort geyinmirlər, milli düşüncə streotipinin əsiri olub qalırlar, azından Şərq dünyasının ənənələrini bilməməkdən irəli gəlir... Şərqlilər qədim zamanlardan biliblər ki, istidə nə qədər çox soyunursansa, bir o qədər sənə çox isti olur... Çimərlikdə sərinləmirsən, daha doğrusu, sərinliyə-sərinliyə istidən yanırsan, bişirsən... Türkmənlər isə səhra günəşinin altında heç vədə "yanmırlar": şələ papaqları (telpek) və əyinlərindəki xalat-don onları qoruyur... Ərəblər heç vədə öz ağ libaslarını gödəltmirlər, ayaqlarını açmırlar, şort geyinmirlər, başlarından kufiyəni götürmürlər... Onları nə gün vurur, nə gün qurudur...
Əslində, bu şort söhbəti "unisex" məsələsinin aktuallığından ortaya çıxır. Nərmin Kamal yüzdə yüz haqlıdır yazanda ki, "Qərb dövlətləri cinsi ayrı-seçkiliklə mübarizə layihəsini gerçəkləşdirib tamamlamaqdadır. İndi də bu, geyimlərdə əks olunur. Bu fəlsəfəyə görə, "geyim gender məsələsi olmamalıdır. Geyim bizim cinsimiz haqqında informasiya vermək, cinsi mənsubiyyəti göstərmək üçün deyil, geyim - insanın özünüifadəsi və incəsənət məsələsidir". Xub. Lap bu fikirlə razılaşmaq da mümkün... ancaq qismən... Çünki Avropa daha çox "unisex"ə keçdikcə cinslərin özünüidentifikasiyası (xüsusilə də yeniyetmələrdə və gənclərdə) problemli görünməyə başlayır. Belə baxanda, şort nədir ki, ondan danışasan... amma çözdükcə görürsən ki, "ey vay, bu başı daşdılar"... "Unisex" geyim tərzi toplumda cinsləri maksimal şəkildə bir-birinə oxşadır və apriori seksual cazibənin azalmasına xidmət eləyr, seksual aktivliyi qismən söndürür: bir tərəfdən kişilərdəki brutal imic aradan götürülür, digər tərəfdən isə qadın öz zahiri zərifliyini itirir. Bu oxşarlıqdan ya səhvlər komediyası, ya da səhvlər faciəsi üçün qapılar açılır.
Kişisəl cəmiyyətdə şalvar və ətək, əslində, tərbiyə vasitələridir: nümunələrdir, görklərdir: oğlan kişi kimi böyüməlidir, qız - qadın kimi... Yoxsa sonradan bu əngələ çevriləcək: uşaq hansı cinslə özünü identifikasiya etmək barədə şübhələr, və hətta streslər yaşayacaq...
Qadın kişidən, kişi qadından nə qədər yaşınırsa və ya belə deyək də, qapanırsa, seksual maraq daha da artır. Fikir verin, çimərlik paltarında seksual intriqalar, seksual gərginlik birə beş azalır. İslam mədəniyyətində, və eləcə də bütün Şərq məmləkətlərində kişi və qadınların geyiminin dəqiq differensə olunması seksual həvəsin daimi gizli regeneratoruna çevrilir. Razılaşaq ki, sirrin, gizlinin cazibəsi böyükdür insan psixikası üçün... Çünki bu gizlinin, sirrin, müəmmanın, tapmacanın arxasında bir kəşf dayanır...
Nəsil törətməkdən ötrü isə bu, vacib psixi qıcıqdır. Qadın və kişinin bir-birinə daim tamarzı qalması atmosferi seksual qığılcımlarla doldurur. Vaxtilə professor Niyazi Mehdi bu barədə qədərincə yazıb... Yox, tələsib məni köhnə fikirlilikdə suçlamayın, mahiyyətə varın.
İndi dünyada bir çox gizli proyektlər, məxfi qurumlar mövcuddur ki, onların işi yalnız insanların say artımının qarşısını (peyvəndlər vasitəsilə, genetikanı dəyişməklə) almaq, dünya əhalisinin sayını tənzimləmək, aşırı çoxalmanın fəlakət səviyyəsinə çatmasını dayandırmaqdır. Bu "unisex" məsələsi də ona yönəlik əməllərdən biridir: əks cinslərin seksual cazibəsini minimallaşdırmaq məqsədini güdür.
Bilirəm, mənimlə kimlərsə razılaşmayıb qədim yunanları və ya romalıları misal gətirib deyəcək ki, onlar əyinlərinə toqa geyinirdilər və ayaqları həmişə dizdən aşağı bayırda qalırdı. Məgər o kişilər seksual maraq çevrəsindən kənarda qalırdılar? Yox, amma bu fakt pozğunluğun topluma daha sürətlə yayılmasına gətirib çıxarırdı.
Şort da bir qısa şalvar kimi potensial ətəkdir.
Xəbəriniz var ki, qısa ətək və ya şalvar geyinmək qadınlara hətta zərər imiş?.. Yapon mədəniyyətini öyrənərkən, onların geyim dəblərini öyrənərkən aşkarladım ki, yapon qadınları niyə kimono geyinirlər. Sən demə, kimono (çarşab, çadra, pərəncə kimi) iri addım atmağa qadınlara icazə vermir və bu da qadın xəstəliklərinin qarşısını əməllicə alır.
Ona görə də deyirəm ki, "hər axan çay qızıl alma gətirməz".
Şort məsələsi də heç elə belə ortaya atılmayıb...
Gördüyümüz nə varsa, təkcə gördüyümüz deyil: onun ideyası həmişə fəlsəfi və siyasi fikrin içində hərlənir...
Milli.Az