Cəmiyyət

Zəkatını verməyənin qorxunc aqibəti

11 Aprel 2015 21:20
0 Şərh     Baxış: 1 949
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Sələbə hər gün beş namazını məsciddə, Rəsulullahın (s.ə.s.) arxasında qılırdı. Namaza o qədər meyilli idi ki, Rəsulullah ona "məscidin göyərçini" ləqəbini vermişdi. Namaz qılmaqdan Sələbənin alnı dəvənin dizi kimi qabar bağlamışdı.

Rəsulullah son günlər hiss edirdi ki, namaz qurtarar-qurtarmaz Sələbə məsciddən qaçır. Bir gün yenə o, tələm-tələsik məsciddən çıxanda Rəsulullah soruşdu:

- Ey Sələbə, sənə nə olub ki, münafiqlər kimi məsciddən qaçırsan?

Sələbə dedi:

- Ya Rəsulullah, mən o qədər kasıbam ki, evimizdə əynimə geydiyim bu paltardan başqa geyim yoxdur. Ona görə də mən bu paltarı xanımımla şərikli geyinirik. Mən namazı qılan kimi evə qaçıram ki, xanımım da bu paltarı geyinib namazını qılsın. Evə qaçmağımın səbəbi də budur. Nə olar, Allaha dua et ki, bizə mal-mülk versin, biz də bu kasıblıqdan qurtaraq.

Rəsulullah (s.ə.s.) buyurdu:

- Sənə yazıq olar, ey Sələbə, şükrünü edə bildiyin az mal, şükrünü edə bilməyəcəyin çox maldan daha xeyirlidir.

Sələbə israr etdi:

- Ya Rəsulullah, bizim üçün dua edin. Dua edin ki, Allah-Təala bizə də ehsan etsin.

Rəsulullah yenə onu fikrindən daşındırmaq istədi:

- Ey Sələbə, sən Allahın (c.c.) Rəsulu kimi olmaq istəməzsənmi? Nəfsim Qüdrət əlində olan Allaha and içirəm ki, qızıl və gümüşlə yüklü dağların mənimlə gəlməsini istəsəm, əlbəttə, yüyürə-yüyürə gələrlər. Amma mən bilirəm ki, dünya axirətdə nəsibi olmayanların nəsibidir.

Sələbə anlamaq istəmirdi. O qədər israrlı idi ki, sanki qulaqları kar olmuşdu, Rəsulullahı eşitmirdi. Yenə israr elədi:

- Ya Rəsulullah, nə olar, dua et, Allah bizə var-dövlət versin. Səni Haqq Peyğəmbər olaraq göndərən Cənabi-Allaha and içirəm ki, əgər sən Allahdan mənə mal verməsini istəsən, mən də malımda haqqı olan hər kəsin haqqını mütləq ödəyəcəm.

Rəsulullah (s.ə.s.) daha bir söz söyləmədi, əllərini açdı və:

- Ya Rəbb, Sən Sələbəyə ehsan eylə, - deyə üç dəfə dua etdi.

Çox keçmədi ki, Allah-Təala Sələbəyə var-dövlət ehsan eləməyə başladı, onun xeyli qoyunu oldu. Beş namazı Peyğəmbərin arxasında qılan Sələbə indi ancaq günorta və ikindi namazlarını məsciddə qıla bilirdi. Sələbənin qoyunları o qədər çoxaldı ki, Mədinəyə sığmadı və o, vadiyə daşınmalı oldu. Artıq Sələbə həftədə bircə dəfə cümə namazına gəlirdi.

Uzaq-uzaq ellərdən gələn insanlar Rəsulullahın məscidində səadət, şəfaət tapır, mərhəmət nuruna boyanırdılar. Sələbə isə bir dəstə qoyunun arxasına düşüb Rəsulullahdan da, qurtuluş qapısından da uzaqlaşmışdı.

Bir gün Rəsulullah Sələbəni soruşdu. "Ya Rəsulullah, Sələbənin qoyunları o qədər çoxaldı ki, Mədinənin vadiləri onun sürülərini tutmadı, o da uzaq vadilərə köç etdi", - dedilər.

Rəsulullah (s.ə.s.):

- Yazıq, Sələbəyə çox yazıq, - dedi.

Həmin günlərdə malların zəkatı ilə bağlı ayət nazil oldu:

Onların mallarından bir zəkat al ki, onunla onları təmizə çıxarmış, mallarına bərəkət qazandırmış olasan (Tövbə/103).

Bu ayədən sonra Rəsulullah (s.ə.s.) bəzi səhabələrə zəkat toplamaq vəzifəsi verdi və ətraf yerlərə göndərdi. O səhabələrdən ikisi Sələbənin yanına gəldi və ayəni göstərib, zəkat istədilər. Sələbənin gözünü dünya malı örtmüşdü, zəkat toplayan səhabələrə qarşı ədəbsiz sözlər işlətdi: "Sizin istədiyiniz xəracdır. Siz gedin, mən düşünüm, sonra qərar verərəm", - dedi.

Bu hadisənin ardınca başqa bir ayə nazil oldu: "Onlardan (münafiqlərdən) kimisi "əgər Allah (c.c.) lütf və kərəmindən ehsan edərsə, mütləq zəkatını verəcəyik və həqiqi salehlərdən olacağıq" deyə Allaha and içdilər. (Fəqət) Allah (c.c.) onlara lütfündən verincə xəsislik edib (Allahın əmrindən) üz çevirərək sözlərindən döndülər. (Tövbə/75-76)

Sələbənin yanından dönən səhabələr heç ağızlarını açmamış Rəsulullah iki dəfə: "Yazıq, Sələbəyə çox yazıq", - buyurdu.

Həzrəti Ömər dərhal atına sıçradı və özünü Sələbəyə yetirdi:

- Yazıqlar olsun sənə, ey Sələbə, sən məhv oldun, sənin haqqında qorxuducu ayət nazil oldu, - dedi.

Sələbənin canına vəlvələ düşdü, ağlı başına gəldi, nə qədər böyük xəta işlətdiyini anladı. Verməli olduğu zəkatdan qat-qat artığını götürüb Mədinəyə gəldi. Rəsulullahdan üzr diləyib, əfv olunmasını və gətirdiyi zəkatı qəbul etməsini istədi.

Rəsulullah (s.ə.s.) Sələbəyə heç gözləmədiyi cavabı verdi:

- Cənabi-Haqq mənə səndən zəkatı qəbul etməməyi əmr etdi.

Sələbə həlak olmuşdu. Rəsulullah həyatı boyunca onun zəkatını qəbul etmədi. O, Haqq dünyasına qovuşandan sonra xəlifə olan Əbubəkir də "Allahın "alma" deyə əmr etdiyi və Rəsulullahın da almadığı bir zəkatı mən də ala bilmərəm" deyərək, təklifi rədd etdi. Həzrəti Ömər də Sələbədən zəkat qəbul etmədi. Sələbə Həzrəti Osman zamanında həlak olub getdi.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.