Cəmiyyət

Azərbaycanda Facebook şantajları

18 İyun 2014 09:48
0 Şərh     Baxış: 2 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saxta profillərdən qorunmağın yolları

Bu yaxınlarda ahıl xalq artistlərindən birinin orta yaşlı müğənni bir xanımla görüşərkən öpüşməsi paparazzilərin obyektivinə tuş gəlmişdi və onlar şəklin əhatə dairəsini fotoşopda qısaldaraq sosial mediaya yerləşdirmişdilər. Şəkli sosial mediadan götürən bəzi "KİV-lər" də tənbəllik eləmədən bunu hacı titullu ahılın intim səhnəsi kimi yayaraq, ağsaçlı müğənnini əsəbləşdirmişdilər, sağlamlığına zərər vurmuşdular. Yəni hansısa jurnalistin hansısa xəbərə görə qazanacağı 5-10 manat üçün həyatını ölkə mədəniyyətinə həsr etmiş möhtərəm bir insan az qala dünyasını dəyişəcəkdi.

Anspress-in araşdırmasına görə, bu cür "sosiallaşma" son zamanlarda bütün Azərbaycanı bürüyüb və adamlar bir-birlərini "Facebook"la, "Youtube"la, "Twitter"lə, "Odnoklassniki" ilə qorxudurlar. Bəzən də şantaj edirlər. Bu yaxınlarda yol hərəkət qaydasını pozmuş bir sürücü protokol yazmaq istəyən Dövlət Yol Polisi (DYP) işçisindən tələb edirdi ki, protokol yazmasın, əks halda onu "Youtube"da biabır edəcək. Polis mundiri geyinmiş DYP işçisinin də qanundan o qədər də xəbəri olmadığını nümayiş etdirirdi və qorxmuş şəkildə özünü müdafiə etməyə çalışırdı: "Məni niyə biabır etməlisən axı?" deyirdi.

Halbuki, Azərbaycan qanunvericiliyinə görə, vətəndaşın videogörüntüsünü özünün icazəsi olmadan hər hansı kütləvi informasiya vasitəsində (KİV) dərc etmək qanun pozuntusu sayılır. Sosial media da KİV sayılır və KİV haqqında qanunun 10-cu maddəsinə görə, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan materiallar dərc etdirmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Maddə 1 0.1-ə görə isə gizli audio və videoyazılardan, kino və foto çəkilişindən istifadə etməyə və ya hazırlanmış məlumat və materialları yaymağa isə yalnız çəkilən şəxsin bu barədə yazılı razılığı olduqda yol verilir. Həm də bu materiallar məhkəmənin qərarı ilə nümayiş etdirilə bilər. "Bu maddənin tələblərini pozaraq gizli audio‐video yazılardan, kino‐foto çəkilişindən istifadə olunması və onun yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyətə səbəb olur", - deyə sözü gedən qanun maddəsinin ikinci hissəsində vurğulanır.

Yəni Azərbaycan mediasında geniş yayılmış həmin videoçarxın qəhrəmanı olan DYP əməkdaşı qorxa-qorxa "Məni niyə biabır etməlisən axı?" demək əvəzinə yol hərəkət qaydasını pozmuş sürücüyə qanunun bu tərəfini də izah etməli idi və başa salmalı idi ki, bununla vətəndaş növbəti cinayətə imza atmış olacaq. Əfsus ki, bu cür polis işçiləri kimi bir çox KİV təmsilçiləri də qanunvericilikdən xəbərsizdirlər və buna görə də tez-tez bu cür başlıqlı yazılarla reytinq tutmağa çalışırlar. "Xalq artistinin qızının çılpaq şəkilləri", "Məşhur müğənninin qızı soyundu" kimi başlıqlı yazıların baş qəhrəmanları bəzən azyaşlılar olur ki, bu da cinayət dərəcəsini bir xeyli ağırlaşdırır.

Qanunvericilik bu cür materialları baş qəhrəmanın yazılı razılığı olmadan dərc etməyi qadağan edir. Yəni müxtəlif KİV-lərin bu cür materialları baş qəhrəmanla yazılı razılıq olmadan dərc etməsinin axırı məhkəmədə böyük cərimlərlə bitə bilər. Qərbdə bunu çoxdan bilirlər və KİV-lər heç zaman yazılı icazə olmadan heç bir ulduzun şəkillərini "copy-paste" üsulu ilə dərc etmirlər.

Qonşu Rusiyada da bu qanunlar çoxdan qüvvədədir. Şimal qonşumuzda yalnız ölkə maraqları naminə təsvirləri dərc etməyə icazə verilir. Həmçinin sərbəst giriş üçün açıq olan yerlərdə (iclaslarda, qurultaylarda, konfranslarda, konsertlərdə, tamaşalarda, idman yarışlarında və bu cür başqa tədbirlərdə) əldə edilmiş çəkilişləri yaymaq olar. Amma bunda da istisna var və təsvir əsas istifadə obyekti ola bilməz. Yəni təsvir yazıya dəstək vasitəsi kimi göstərilməlidir.

Həm də vətəndaş şəkil üçün pul aldıqda KİV onun təsvirini istədiyi kimi yaya bilər. Yəni bu qaydalar pozulduqda vətəndaş məhkəməyə müraciət edir və məhkəmə qayda pozan tərəfə vurduğu mənəvi zərərin dərəcəsindən asılı olaraq cərimə kəsir. Təbii ki, sözügedən təsvirlər də şəbəkədən yığışdırılır.

KİV-lərdən və polis işçilərindən fərqli olaraq Azərbaycanda bir çox sosial şəbəkə iştirakçısı, xüsusilə də icazəsiz təsvirləri yayanlar bu qaydaları bilir və ona görə də saxta profillərdən istifadə edirlər. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz anspress-ə bildirib ki, ölkədə sosial şəbəkələr gücləndikcə saxta profillər də artır. "Ötən il dünya 100 milyonadək saxta "Facebook" səhifəsinin mövcudluğundan söhbət gedirdi. Sosial şəbəkələr inkişaf etdikcə onun imkanlarından başqa məqsədlər üçün istifadəyə də meyl artır. Bu, digər sosial media vasitələrinə də aiddir",- deyə Osman Gündüz vurğulayır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) anspress-ə verilən məlumata görə, hazırda ölkədə 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. "Bunun nə qədərinin saxta olduğunu bilmək olmur. Yalnız müəyyən faktlar ortaya çıxanda onların yalançı olub-olmadığını bilmək olur. Bəzən sosial şəbəkələr özü axtararaq yalançı profilləri silirlər", - deyə RİTN şöbə müdiri İsfəndiyar Əliyev vurğulayır. Onun sözlərinə görə, vətəndaşların arasında maarifçilik işi aprarmaq lazımdır ki, özlərini saxta profillərdən qorusunlar, belə profillərin yaydığı materialları paylaşmasınlar, əks halda qanun qarşısında cavab verməlidirlər. Və dövlət məmuru bu fikrində çox haqlıdır. Artıq sosial şəbəkələrdə elə haker qrupları var ki, vətəndaşa hər hansı bir informasiya göndərməklə onun kompüterinə casus proqram təminatı yükləyə bilər və kompüterin kamerası vasitəsi ilə gizli çəkilişlər apara bilər.

Müstəqil araşdırmalara görə, Azərbaycanda sosial şəbəkə səhifələrinin təxminən 20 faizi, yəni 400 minə qədəri saxtadır, yəni başqa ad altında gizli şəkildə açılıb. Adətən belə profillər böyük təhlükə mənbəyinə çevrilir. Azərbaycan İnternet Forumunun rəhbəri belə hallarla bağlı beynəlxalq təcrübədə xeyli sayda məhkəmə çəkişmələri olduğunu bildirir: "Öz keçmiş ərinin adına saxta "Facebook" səhifəsi açaraq orada qanunsuz informasiyalar paylaşdığına görə, bir qadına 18 ay həbs cəzası kəsiblər". Yəni saxta profillərin hər hansı vətəndaşı şantaj etməsi Azərbaycanda yenilik deyil və bir çox tanınmış adamlar belə halla üzləşib.

Osman Gündüz belə vəziyyətdə dərhal hərəkətə keçməyi tövsiyyə edir: "Əgər artıq siz saxta profillə üzləşmisinizsə, o zaman sizin haqqınızda olan informasiyaların "screenshoot" edərək saxlanılması daha doğru olardı. Sonrakı addımlar isə sosial şəbəkənin imkanlarından istifadə edərək dərhal saxta səhifə barədə raport vermək, zəruri instansiyalara məlumat vermək, azyaşlıların isə dərhal bu haqda valideynləri və müəllimlərinə məlumat verməsi daha faydalı olardı".

Onun fikrincə, qanuna zidd məlumatlar, şantaj və böhtanlar olarsa, dərhal hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etmək lazımdır. "Məsləhət və tövsiyələr üçün Elektron Təhlükəsizlik Mərkəzinə müraciət etmək vacibdir", - deyə Azərbaycan İnternet Forumunun rəhbəri vurğulayır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.