Cəmiyyət

A bəy, heç olmasa internetə girə bilirsən?

21 May 2014 03:00
3 Şərh     Baxış: 3 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
1994-cü ilin 27 iyulunda Pulitser mükafatlı fotoqraf, cənubi afrikalı Kevin Kaster intihar etdi. Həmin yay günündə o maşınını çayın kənarına sürüb, orada şlanqın bir ucunu yapışqanlı lentlə mühərrikin qazçıxaran borusuna bağlayıb, bir ucunu isə maşının yan şüşəsindən içəri, salona salıb, mühərriki yanılı qoymuşdu. Həzin musiqi altında...

...1994-cü ilin mayına kimi Kevin Kaster "heç kim" idi. İntihar edəndə isə onu az qala dünya tanıyırdı. Şöhrət təzə-təzə gəlirdi onun ayaqlarına, karyerası zirvəyə doğru yol alırdı. Amma bunlar onun umurunda olmamışdı. O, əzabdan canını biryolluq qurtarmaq istəmişdi. "Məni qətllərin, meyitlərin, qəzəbin, ağrının aydın xatirəsi... ac və yaralı uşaqlar, barmaqları tətiyə gicişən, çoxu polis və ya cəllad olan psixlərlə dolu mənzərələr izləyir..."

...Cəmi bir neçə ay əvvəl onun başına şöhrət çələngi qoyulmuşdu. Sudanda aclıqdan ölümcül halda olan uşaq və onun arxasınca gəzən leşyeyən qartalı kadra götürməsi ilə dünyanı heyrətləndirmişdi. Pulitser mükafatına layiq görülmüşdü. Lakin aclıqdan ölən uşaqların faciəsi üzərində xoşbəxtlik yaratmaq mümkün deyildi. Onun başına "tac" qoyulduğu dəbdəbəli mərasimin də puluna hardasa aclıq çəkən uşaqların dadına çatmaq olardı...

...Onunla eyni vaxtda daha iki ispaniyalı fotoqraf bənzər şəkillər çəkmişdilər. Hər iki fotoqraf xatirələrində yazırdılar ki, həmin illərdə aclığın dara çəkdiyi torpaqlarda bu cür kadrları tapmaq heç də çətin deyildi. "Onlara - ac uşaqları və onları izləyən leş quzğunlarına hər on metrdən bir rast gəlmək olardı. Sənə isə sadəcə, fotoaparatın düyməsini basmaq qalırdı"... 

...Bütün dini kitablar israfçılığı, harınlığı pisləyir, qadağan edir. Peyğəmbərlərin bir qarın ac-bir qarın tox dolanmaqları ilə bağlı hədislər, rəvayətlər insanlara ruzi bölgüsünü anlatmaq üçün nümunədir. Quranda "Allah-təala hər bir canlının ruzisini göndərib" deyilir. Bu, nə deməkdir? Bu, o deməkdir ki, insanların heç də hamısı ruzi qazanmaq sarıdan eyni qabiliyyətə malik deyillər. Amma bu, o demək deyil ki, birisi fərasətli çıxıb, çox qazanıbsa, başqalarını ac qoymalıdır. "Acların və utanıb əl açmayanların" payı var bütün qazanclarda. Və bu ildə bir dəfə Ramazan ayında verilən zəkat deyil. Bəs nədir? İzah etməyə məcburuq. Israfçılıq etməmək, harınlıq etməmək, lazım olduğundan artıq mal-dövlət toplamamaq... Əslində bütün dinlər və insanlığın yazılmamış qanunları bəşəriyyətin xilas yolunu bunda görür. 


İmam Əli (ə.s) valilərinə yazdığı məktublarda onlara təvazökar yaşamağı, xalqın içərisindəki kasıblara əl tutmağı tövsiyə edib. "İstəsəm, mən də yağ-bal taparam, buğda çörəyinin xalisini yeyərəm, ipək paltar geyinərəm. Ancaq nəfsimin istəyinin mənə üstün gəlməsi, məni ləzzətli yeməklər yeməyə çəkməsi heç mümkünmüdür? Hicazda, yaxud Yəmamədə neçə gündür doyunca yeməmiş yoxsullar olduğu halda mən necə qarındolusu yemək yeyə bilərəm?.. Ləzzətdən doymayan nəfsin istəyinə tam təslim olan və mal-dövlət yığmağa meyl salan şəxsin bənzəri yalnız heyvandır".
 

Bir ocaqda artıq yeyilən bir tikə mütləq başqa bir ocağın başında birisinin ac qalması deməkdir. Bu, dünyanın qanunauyğunluğudur. 

...Bura da müsəlman ölkəsidir - Azərbaycandır. Avropaya inteqrasiya edirik, imkan tapan kimi inkişaf etmiş ölkələrə səfər edirik, qayıdanda oradakı insanların müasirliyindən, sadəliyindən ağız dolusu danışırıq. Amma buyurun, ölkəyə baxın, nə görəcəksiniz? Tam bir biabırçılıq. Ölkədə bir vurçatlasın var ki, gəl görəsən. Dəbdəbəli toylar, yaslar, nişan, xınayaxdı, nişan qabağı qaytardı, uşağın birinci sinfə getməsi, dördüncü sinfə keçməsi, onuncu sinfi bitirməsi...hamısını toy-bayramla, yüksək səviyyədə qeyd edir Qarabağ dərdli xalqımız. Kredit götürüb yas verən kim, borca girib toy edən kim...

Əlbəttə ki, millətimiz öndəgedənləri - yüksək vəzifəli məmurlar və onların balaları öndədirlər. Niyə də olmasınlar? Əgər aylıq gəliri 300 manat olan adamlar ən aşağısı 500 manatlıq telefon alıb, 15 min manatlıq maşında gəzirlərsə, pulun haradan gəldiyini, necə və nə qədər gəldiyini bilməyən məmur balası necə olmalıdır?

...Görməmişlik, meşşanlıq, var-dövlətini nümayiş elətdirmək, maddiyyatla öyünmək müasir dünya üçün çoxdan çözülmüş problemlərdir. Biz isə bir yığın belə təfəkkürlünün əlində hələ də girinc qalmışıq. Hamı boyundan hündürə tullanmaq istəyir, hamı gəlirindən artıq xərcləmək istəyir, hamı olduğundan artıq görünmək istəyir.

Dünyanın ən cavan milyarderi - Mark Zukerberq öz var-dövlətinə nisbətdə çox ucuz maşın sürür. Maşın həvəskarı olmadığıma görə adını yadımda saxlamamışam, onsuz da Facebook-un qurucularından olan bu cavan oğlanın təvazökarlığı dillər əzbəridir. Çünki onun dəbdəbə dalınca qaçmağa, sadəcə, vaxtı yoxdur. Necə deyərlər, gecə-gündüz işləyir.

Zukerberqdən söz düşdü, bir hadisəni xatırladım. Deyilənə görə, bizim məmurlardan birinin oğlu "Facebook kralı"nın var-dövləti haqda eşidəndə, "az qalıb, tezliklə mən də Azərbaycanın Zukerberqi olacam" deyib. Yanındakılardan kimsə cəsarət edib, soruşmayıb ki, "bəy, heç olmasa internetə girə bilirsən?.."

...Kasıblıq uzaq zamanlarda Amerikada utanc, Avropada isə tale sayılırdı. Azərbaycanda isə hələ də kasıblıq biabırçılıqdır, rüsvayçılıqdır, rəzalətdir. Halbuki Azərbaycanda çox adam kasıbdır. Mənəvi yoxsullar daha çoxdur...

Qızılgül Abdinova

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.