Cəmiyyət

Peyğəmbərlər kimlərdir?

26 Aprel 2014 19:31
0 Şərh     Baxış: 13 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allah bizə verdiyi bütün nemətlərin əvəzində yalnız tələb edir ki, Onun qoyduğu qanunlara əməl edək. Bu qanunların hamısı insanların xeyrinədir. Onların bəzilərinin xeyrini başa düşürük, bəzilərini isə dərk etməyə hələ çətinlik çəkirik. Allah elə mərhəmətlidir ki, insanın ziyanına olan, yaxud insanın yerinə yetirə bilmədiyi işləri ona vacib buyurmur.

Uca Allah öz qanunlarını peyğəmbərlərin vasitəsi ilə insanlara bildirib. Peyğəmbərlər Allahla insanların arasında vasitəçilərdir. Allah "vəhy" adlanan üsulla onlara öz qanunlarını öyrədir. Peyğəmbərlərə vəhy bəzən yuxuda, bəzən isə ayıqlıqda gəlib. Bəzən təbiətdəki hər hansı cisim (məsələn, od) Allahın əmri ilə dilə gəlib peyğəmbərlə danışıb. Bəzən isə Cəbrayıl adlı mələk peyğəmbərlə görüşüb, Allahın vəhyini ona çatdırıb. Peyğəmbər Allahdan aldığı vəhyi olduğu kimi insanlara çatdırır və dinin qanunlarını onlara öyrədir. Elə "peyğəmbər" sözünün mənası da "xəbər gətirən şəxs" deməkdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, peyğəmbərlərin hamısı müəyyən xüsusiyyətlərə malik olublar. Hər şeydən əvvəl, onlar günahsız idilər (buna dini kitablarda "məsum" deyilir). Peyğəmbərlər həm dini fəaliyyətlərində, həm də şəxsi həyatlarında zərrə qədər günah etməmişlər. Onların bütün davranışları insanlar üçün nümunə idi.

Peyğəmbərlər Allahın vəhyinə son dərəcə əmanətdar olmuşlar. Onlar vəhyi olduğu kimi, heç bir dəyişikliksiz insanlara çatdırmışlar.

Peyğəmbərlərin hamısı ağıllı və zəkalı olmuş, bütün elmləri hamıdan artıq bilmişlər. İnsanlar bütün çətin məsələləri peyğəmbərlərin köməyi ilə həll etmişlər.

Peyğəmbərlər Allah tərəfindən göndərildiklərini sübut etmək üçün möcüzələr göstərirdilər. Möcüzə elə bir əməldir ki, onu peyğəmbərdən savayı heç kim yerinə yetirməyə qadir deyil. Allah peyğəmbərlərə elə güc vermişdi ki, insanların tələb etdiyi bütün çətin və qeyri-adi möcüzələri göstərə bilirdilər. 

Hər peyğəmbərin möcüzəsi öz zəmanəsinə uyğun idi. Bir ölkədə hansı elm və sənət daha çox inkişaf edirdisə, Allah o ölkəyə göndərdiyi peyğəmbərə həmin elmə aid möcüzə göstərmək qüdrəti verirdi. Məsələn, Həzrət Musanın zamanında Misirdə sehrbazlıq dəbdə idi. Ona görə də Allah Həzrət Musaya möcüzəvi çomaq verdi. Musa istədiyi an çomağı ilana çevirirdi, çomağı qayaya vuranda daşın içindən su çıxırdı. Musa bu möcüzəsi ilə bütün Misir sehrbazlarını məğlub etdi.

İsa peyğəmbərin dövründə tibb elmi inkişaf etmişdi. Həzrət İsa ölüləri diriltməklə, korlara şəfa verməklə bütün həkimləri aciz qoydu.

Həzrət Məhəmməd peyğəmbərin dövründə isə ərəblər ədəbiyyata və şeirə yüksək qiymət verirdilər. Allah peyğəmbərimizə Qurani-kərimi nazil etdi. Quran öz məzmununa görə insanın yaratdığı bütün əsərlərdən yüksəkdə durur. Ərəbistanın adlı-sanlı şairləri Həzrət Məhəmmədlə bəhsə girirdilər. Onlar Qurana tay olan kitab yazmaq istəsələr də, həmişə məğlub olurdular. Qurani-kərim bu gün də tayı-bərabəri olmayan bir kitab sayılır.

Rəvayətlərə görə, tarixdə 124 min nəfər peyğəmbər olub. Quranda buyurulur ki, Allah hər bir xalqa peyğəmbər göndərib. Amma bütün peyğəmbərlərin adı və həyatı haqqında məlumat bizə gəlib çatmayıb. Onların yalnız az bir hissəsi haqqında müqəddəs kitablarda məlumat verilib. Quranda elə peyğəmbərlər haqqında məlumat verilib ki, onların başına gələn hadisələrdən insanlar daha çox ibrət götürə bilərlər.

Qurani-kərimdə 25 peyğəmbərin adı çəkilir:

Həzrət Adəm, İdris, Nuh, Hud, Saleh, İbrahim, Lut, İshaq, İsmayıl, Yəqub, Yusif, Əyyub, Şüeyb, Musa, Harun, Davud, Süleyman, İlyas, Əlyəsə, Zülkifl, Yunis, Zəkəriyya, Yəhya, İsa və Məhəmməd (hamısına Allahın salamı olsun). Quranda adı çəkilən daha üç nəfərin peyğəmbər olub-olmaması şübhəlidir: Zülqərneyn, Üzeyir və Loğman.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.