Lap elə etsin, nə olacaq ki? Elə ona görə də O - Allah, biz isə yaratdıqlarıyıq. Tanrı insanlara bəzi hisslər də verib ki, nə edirsən et, onlardan azad ola bilməzsən. Məsələn, əks cinsə olan cazibə, ehtiras. Bəlkə də çoxları "nə olardı, bu hissin bir tənzimləyicisi olaydı, "xodunu" ala biləydim, öldüm axı, ay Allah!" deyə giley-güzar ediblər, üsyana qalxıblar. Nə fayda? "Xodu" almaq mümkünsüzdür. Allah belə istəyib. Şücaət elə ondadı ki, o "polnı xodda" ikən adam olasan. Bu hiss indiyə qədər çoxlarını məhv edib. Şeytanın hətta peyğəmbərlərə bu vasitə ilə qurduğu çoxsaylı tələlərdən birinə düşən milyonlar, milyardlar sırasında Adnan Oktarın özünəməxsus yeri var.
Artıq onu çoxları tanıyır. İnsan rəsmən Şeytana təslim olub. Allah da onu tanıtmaq üçün pərdələri üzərindən qaldırıb, maskasını yırtıb ki, ay camaat, baxın, agah olun, bu şəhvətpərəst artıq şəhvətini daxilində, nə bilim qaranlıq otaqlarda, yorğanın altında, hamam odasında, ovcunda boğa bilmir, bundan sizə nə rəhbər, nə yolgöstərən? Milyonlar qarşısına çıxaraq kişinin zifaf gecəsi yanağı od tutub yanan yenicə "rəsmiləşən" zövcəsinə söyləməyə özündə cürət tapa bilmədiyi kəlmələri qurbağaağız, sinələri ikihürgüclü dəvəni, dodaqları isə eşşək arısının qəzəbinə tuş gələn bəxtsizləri xatırladan bir yığın qadınabənzər varlıqlara ünvanlamağa özündə həyasızlıq tapan birisinin ardınca getməyə dəyərmi? "Maşallah", "inşallah"ı öz heyvani hisslərinə qalxan qərar verən Adnan hocanın elə davranışı, xarici görünüşü hər şeyi gün kimi aydınlatmırmı, daha batinini araşdırmağa nə ehtiyac var? Quranı özünə çətir seçərək "Gözəl insanları görənlərin daxilində Allaha, Cənnətə qarşı bir məhəbbət yaranır" söyləyənin, qadınları bu fitnəkarlıqla soyunmağa dəvət edənin bundan da böyük vizit kartına ehtiyacı varmı? Görünən dağa nə bələdçi?! Amma nə yazıq ki, hətta fiziki cəhətdən qüsurlu olanların duyduqlarını bizim bəzi həmyerlilərimiz ya görmür, ya da özünü görməməzliyə vurur, İslama arxa çevirib Şeytana beyət edənin qarşısında əyilməyi, onun əmirlərinə müntəzir olmağı az qala Allaha xidmət kimi dəyərləndirirlər. Belə olmasaydı, Oktar cürət edib Azərbaycana soxulmazdı, burda TV açmaq sevdasına düşməzdi. Əfsuslar olsun ki, bu işdə ona yardımçı olan gənclərimiz var. Şeytan-Oktar tandemi onlara çirkini gözəl göstərməyi bacarıb. Bir naşı, Avropadan əsən cəmi küləkləri ilahiləşdirən, sosial şəbəkəlrdə özünə "podruqa" arayan gənc üçün hansı hökm daha cəlbedicidir, sizcə? "Naməhrəmi gördükdə nəzərlərini aşağı dik", yoxsa studiyaya toplanan qadınabənzərlərin hamıya görünən və adi izləyiciyə görünməyən müxtəlif strateji əhəmiyyətli nöqtələrinə ağzının suyu axa-axa "maşallah!" deyərək tərif verənin yürütdüyü "Qadınlar gözəlliklərini nümayiş etdirməkdən xoşlanırlar" tezisi? Əlbəttə ki, Oktarın "islamı" daha cəzbedicidir "müasir" gənc üçün. O, qəfildən "dindar" olmaq şansı qazanır. Özü də adət etdiyi həyat tərzində faktiki olaraq heç bir dəyişiklik etmədən. Elə məhz bu səbəbdən də, Oktar hərəkatı olduqca təhlükəlidir. Şeytan bilir insanın zəif nöqtələrini, ordan da zərbə endirir: "Adnan Oktarın dəvətini seç, çəkinmədən, utanmadan bütün qadınlara nəzər elə, tərif ver, əzalarına valeh ol! Maşallah! Əsl müsəlmansan! İnşallah!"
Amma ümid edək ki, Azərbaycanda bu təhlükəli tendensiyanın qarşısı alınacaq. Unutmayaq ki, cəmi 20 il əvvəl vəhhabilik Azərbaycanda ilk zəhərli toxumlarını səpəndə, onlara indi adnançılara güldüyümüz kimi gülürdük. Amma cəmi 20 il - və hər şey dəyişdi. Artıq vəhhabiliklə dövlət səviyyəsində mübarizə aparılır. Bunu unutmaq olmaz.
P.S. Məni bir məsələ həmişə maraqlandırıb. Əgər Adnan Oktar və davamçıları həqiqi İslamın istənilən qadının fiziki göstəricilərini seyr edib müzakirəyə çıxarmağa icazə verdiyini düşünürlərsə, o zaman qeyrət, namus, kişilik anlayışlarına necə tərif verirlər? Analarını, bacılarını, həyat yoldaşlarını, qızlarını Oktarın "kediciklərinin" yerində təsəvvür etməkdən "nəşələniyorlarmı"?
İslam.az