Cəmiyyət

Hacıbala Abutalıbovla bağlı xəbər təkzib edildi - YENİLƏNİB - FOTO

15 Aprel 2014 17:59
0 Şərh     Baxış: 2 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:59

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova Bakı meri Hacıbala Abutalıbovun Heydər Əliyev sarayının qarşısındakı parkda çadırdan mənzil-qərargah tikdirməsinə münasibət bildirib.

Milli.Az xəbər verir ki, azvision.az-a açıqlamasında qurum rəsmisi bildirib ki, Hacıbala Abutalıbovun çadırda gecələməsi yalandır:

"Gül bayramına hazırlıq ərəfəsində həmişə çadırlar qurulur. Həmin çadırda isə növbətçilər, polislər, bizim işçilər növbətçi kimi gecə də qalırlar. Orada yemək yeyib, su içirlər. Bəs necə olmalıdır? Acından ölməlidirlər? Bu, hər il olur, təzə bir şey deyil".

Qurum rəsmisinin sözlərinə görə, qurulan çadır bayrama hazırlığı həyata keçirən işçilər üçün nəzərdə tutulub:

"Hələ ki, hazırlıq işləri gedir. Bilirsiniz ki, bu hazırlıq bir-iki günün işi deyil. Hacıbala müəllim Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəridir. Bu bayram onun rəhbərliyi ilə keçirilir. Amma bu hazırlıq işləri həmişə olub, çadır həmişə olub. Həmin çadırda isə növbətçilər, polislər olur. Yağışda, küləkdə orada otura bilsinlər. Cavan uşaqlardan kimsə yazırsa, yəqin ki, xəbəri yoxdur".

Qeyd edək ki, 2004-cü ildən başlayaraq, hər il mayın 10-da, mərhum prezident Heydər Əliyevin doğum günündə Bakı şəhər İcra Hakimiyyəti paytaxtda Gül bayramı təşkil edir. Budəfəki Gül bayramı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə təsadüf edir.

---------
16:00

Bakıda Heydər Əliyev Sarayı və "Qış parkı" bağlandı; Mayın 10-da keçiriləcək Gül bayramına hazırlıqlar başladı


Bir neçə gündür ki, Bakıda mərhum prezident Heydər Əliyevin doğum gününə həsr olunmuş Gül bayramına hazırlıq işlərinə artıq start verilib.

Artıq Heydər Əliyev Sarayının qarşısındakı parkın bir hissəsi piyadaların hərəkətinə bağlanıb. Ərazidə olarkən tarixi-memarlıq abidələrimizin maketinin hazırlandığının şahidi olduq. Eyni zamanda güllərin sərgilənməsi üçün parklarda stendlər qurulurdu.

Ərazidə hazırlıq işlərinə rəhbərlik edən Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, bu dəfəki bayramın miqyası iki dəfə çox olacaq:

"Heydər Əliyev Sarayı və "Qış parkı" kimi tanınan ərazidə Gül bayramını təşkil etməyi planlaşdırırıq. Bir neçə gündür ki, sözügedən parkalarda piyadaların hərəkəti məhdudlaşdırılıb. Eyni zamanda ərazidə güllərin sərgilənməsi üçün stendlərin quraşdırılması davam edir"

Bakı meriyasının nümayəndəsi bildirdi ki, bu dəfəki bayrama görə, Hollandiya, İtaliya, İspaniya və Avstaliyadan güllər sifariş olunub: "Artıq sifariş olunan güllər yoldadır. Bayrama qədər onlar Bakı şəhərindəki xüsusi soyuducu anbarlarda saxlanılacaqlar. Parkların bəzədilməsinə isə bayramdan iki gün öncə başlanacaq".

Mərasimin təmtəraqlı olması üçün təşkilatçılıq işlərinə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun rəhbərlik etdiyini deyən meriya nümayəndəsi vurğuladı ki, H.Abutalıbov sarayın qarşısındakı bağda özü üçün çadırdan mənzil-qərargah tikdirib: "Hacıbala müəllim tez-tez əraziyə gələrək, aparılan işlərlə maraqlanır. Bəzən gecələr də, saatlarla burada qalaraq öz tapşırıqlarını verir. Gül bayramında sərgilənəcək gülləri və dekorasiyaları şəxsən özü seçib. Eyni zamanda bu il bayrama cəlb olunan işçi qüvvəsi ikiqat artırılıb".

Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun özü üçün qurdurduğu çadır qərargaha girib, onunla görüşmək istəyimiz isə heç cürə alınmadı. Bizə gözləməyimizi deyən mühafizə polisi merin nahardan sonra bizimlə görüşə biləcəyini söylədi. Elə bu məqamda Hacıbala Abutalıbov çadırın arxa tərəfindən çıxdı və maşınına əyləşərək ərazidən uzaqlaşdı.

Qeyd edək ki, 2004-cü ildən başlayaraq, hər il mayın 10-da, mərhum prezident Heydər Əliyevin doğum günündə Bakı şəhər İcra Hakimiyyəti paytaxtda gül bayramı təşkil edir. Budəfəki gül bayramı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə təsadüf edir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.