Cəmiyyət

Vəli kişi və xanımından məsləhət: "Çalışın ki..."

19 Oktyabr 2013 23:12
4 Şərh     Baxış: 2 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

67 il birgə ömür sürdüyü Xanım xanımı ilk günlərdəki kimi təravətlə sevdiyini söyləyən 91 yaşlı Vəli Ələkbərov kişilərin heç də həmişə haqlı olmadığını, bəzən qadın məsləhətinə qulas asmalı olduğunu deyir. 6 övlad, 17 nəvə, 12 nəticəsi olan bu cütlük gənc ailələrə hər şeydən öncə səbirli olmağı, bir-birini anlamağı və qarşılıqlı hörmət göstərməyi tövsiyə edir.
 

Azərbaycanda elə ailələr var ki, onları hər kəs üçün nümunə saymaq olar. Bir çox insanlar hər nə qədər "dünya dəyişib" desələr də bu cür örnək ailələr var və olacaq. Bu cür ailələrdən biri də Şirvan şəhərində yaşayır. Vəli Ələkbərov və onun xanımı Xanım Ələkbərova "Zaman-Azərbaycan"a müsahibələrində maraqlı məqamlara toxundular. Vəli Ələkbərov deyir ki, qadının kişiyə qarşı vəzifəsi olduğu kimi, kişinin də qadına qarşı öhdəlikləri vardır: "Gənclərə tövsiyəm odur ki, evləndikdən sonra bir-birilərinə bəzi məsələlərdə güzəştli qaydada yanaşsınlar. Kişi sərtlik edərsə, bəzi halda qadın ona güzəştə getməlidir və ya əksinə.

Güzəşt qaydaları mənim fikrimcə, ailəni tamamlayır. Həmişə kişi haqlı olmaz, kişi də səhv edə bilər. Yaxşı kişi həyat yoldaşını eşitməlidir. Ana, ata, uşaqlar bir-birinə sevgi ilə bağlanmalıdırlar". Onun xanımı Xanım Ələkbərova isə həmişə həyat yoldaşına qarşı diqqətli olduğunu söyləyir: "Yüngül söz-söhbətimiz olub, ancaq bir-birimizə həmişə güzəştə getmişik. Ailədə sərt rejim olmamalıdır".

Son dövrlərdə boşanmaların sayının artması ciddi narahatlıq doğurur. Boşanmalar ən çox uşaqların psixologiyasına təsir edir. Ana və atası ayrı uşaqlar psixoloji cəhətdən həmişə sarsıntı içərisində olurlar. Psixoloqlar boşanmaların bir çox səbəbinin olduğunu bildirirlər. Ailə içi münasibətlərdə anlaşılmazlıqlar, şiddət, səhvlərin üzə vurulması, alçaltma və yersiz tənqid etmələr, ərin içki və qumar vərdişi və s. bunlara misal göstərmək olar. Psixoloqların fikrincə, uzunömürlü ailələr boşanmaya qədər aralarındakı məsələləri həll edirlər.

Bu problemi öz aralarında həll edə bilməyənlər isə sonda məğlub olurlar. Cəmiyyətdə elə ailələlər var ki, orada tərəflərin bir-birinə münasibəti hər kəsə örnəkdir. Buna misal olaraq Şirvan şəhərində hər kəs tərəfindən hörmətlə qarşılanan, hamının "Vəli müəllim" deyə müraciət etdiyi Vəli Ələkbərovla onun ömür-gün yoldaşı Xanım Ələkbərovanı qeyd etmək olar. Onlar 67 ildir ki, xoşbəxt ailə həyatı yaşayırlar. Bu günlərdə Vəli müəllimin qonağı olduq. O və həyat yoldaşı Xanım nənə bizi qapıda gülərüzlə qarşıladılar.

Vəli müəllimin 91 yaşı olmasına baxmayaraq, gümrahlığı, hərəkətliliyi diqqətimizi çəkdi. Həyat yoldaşı 85 yaşlı Xanım nənə də ondan geri qalmırdı. Xanım nənə gülərək: "Bala, nənəniz qonaqpərvərdir ha",-deyərək bizi çay süfrəsinə dəvət etdi. Beləcə, söhbətimizə çay süfrəsi arxasında davam etdik.

Vəli Ələkbərov 1922-ci ildə Qərbi Azərbaycanda Qəmərli rayonunun Sabunçu kəndində anadan olub. Onun həyat yoldaşı Xanım Ələkbərova 1928-ci ildə Qəmərli rayonunun Qaraqoyunlu kəndində anadan olub. Onlar 1946-cı ildə ailə həyatı qurublar və 67 ildir ki, birlikdə mehriban ömür sürürlər. Vəli müəllim digər azərbaycanlılarla birlikdə 1950-ci ildə ata-baba yurdundan məcburi qaydada köçürülüb - deportasiya olunub. O, ailəsi ilə birlikdə Şirvan şəhərində (keçmiş Əli Bayramlı-B.Ə.) məskunlaşıb. 6 uşaqları, 17 nəvələri və 12 nəticələri var.

"Övladlarımız ailə qurublar, yoldaşımla ikimiz qalırıq. Bəzən həyat yoldaşım xəstə olur, ona mən baxıram. Bazara gedib alış-veriş edirəm. Əvvələr alış-verişə bizim xanım gedərdi. Ancaq indi 85 yaşı var, onun üçün gəzmək çətindir. Bir-birimizə dayaq olub dolanırıq. Bazar günləri övladlarım gəlib ev-eşiyi səliqəyə salırlar, bizə kömək edirlər. Bəzən də biz onlara gedirik",-deyir Vəli Ələkbərov.

 

"Biz çox mehriban olmuşuq, bir-birimizi başa düşmüşük"

"Xanım nənə, Vəli müəllimlə necə tanış olmusuz?" sualımıza cavab belə oldu: "Əmim qızının vasitəsilə. Əmim qızı Vəli müəllimin dayısı yoldaşı idi. Bir gün məni onlara çağırdılar. Bir-birimizi görüb tanış olduq və bir müddət sonra ailə qurduq. Biz çox mehriban olmuşuq, bir-birimizi başa düşmüşük". 

Xanım nənə deyir ki, indi bir çoxları yalnız xarici görünüşə baxıb evlənirlər. Lakin evlilikdə xasiyyət də çox önəmli məsələdir: "Mənə elə gəlir ki, evlənməmişdən qabaq canlı görüş olmalıdır. Görüşəndən sonra hər iki tərəf valideynlərinin kim olduğunu öyrənməlidir, oğlan qızın tərcümeyi halını, həyat yolunu və ya əksinə, qız oğlanın tərcümeyi-halını dərindən öyrənməlidir. Valideynlər də öz növbəsində qarşı tərəfin ata-anasını, hansı nəsildən olduğunu araşdırmalıdırlar. Bundan başqa, qızın anasının səliqə-səhmanı necədir, ailədə münasibətlər necə qurulub və s. Bütün hallarda oğlan və qız bir-birlərini dərindən öyrənib-tanıyandan sonra evlənməlidirlər". 

Ailədə narazılıq "sən-mən" davasından başlayır

Müsahibimiz dedi ki, evlənəndən sonra ər-arvad bir-birini başa düşməlidir, güzəştə getməlidir: "Allahın verdiyi ilə dolanmışıq. Olmayanda nə yoldaşım danışıb, nə də mən. İkimiz də bir-birimizi başa düşürük. O, səhv eləyəndə mən güzəştə gedirəm, mən səhv eləyəndə o güzəşdə gedir və ortaq məxrəcə gəlirik. Beləliklə, bir-birimizə münasibətimiz həmişə yaxşı olur. Yüngül söz-söhbətimiz olur, ancaq bir-birimizə həmişə güzəştə gedirik. Münasibətdə bir-birimiz başa düşürük. Ailədə sərt rejim olmamalıdır.

Həmişə kişi haqlı olmaz, bəzən kişi də səhv edir. Yaxşı kişi həyat yoldaşını eşitməlidir. Ailənin təməlini sevgi təşkil edir. Ailə üzvlərini birləşdirən sevgi olmalıdır. Ana, ata, uşaqlar bir-birinə sevgi ilə bağlanmalıdırlar. Mənim fikrimcə, ailədə narazılıq "sən-mən" davasından başlayır, "sən belə dedin, sən belə etdin" qarşılıqlı günahlandırmalarla məsələni həll etmək mümkün deyil.

"Yoldaşının ana-atasına hörmət eləsin"

Vəli Ələkbərov da yeni ailə qurmaq istəyənlərə tövsiyələrini verdi: "Yeni ailə qurmaq istəyənlər unutmamalıdırlar ki, qadının kişiyə qarşı vəzifəsi olduğu kimi, kişinin də qadına qarşı vəzifələri vardır. Onlara tövsiyəm odur ki, evləndikdən sonra bir- birlərinə bəzi məsələlərdə güzəştli qaydada yanaşsınlar. Kişi sərtlik edirsə, bəzi halda qadın ona güzəştə getməlidir və ya əksinə. Güzəşt qaydaları mənim fikrimcə, ailəni tamamlayır. Bununla da boşanmaların qarşısı alınır. Ər-arvad münasibəti nə qədər yaxşı olsa, uşaqlarının tərbiyəsi bir o qədər yaxşı olar. Ər-arvad hər gün uşağın yanında mübahisə etsə, bu uşaqlara pis təsir edər. Hər iki tərəf qarşı tərəfin ana-atasına hörmət etməlidir. Mən qızlarıma həmişə nəsihət edirəm ki, yoldaşının ana-atasına hörmət eləsin, onların qulluğunda dursun və onların təbiətləri necədir, xasiyətləri necədir, öyrənsin". 

2 orden, 15 medal 

Sonda bir daha bildirək ki, Vəli müəllim Şirvanda kifayət qədər tanınan və sayılıb-seçilən ağsaqqallardandır. O, Şirvanda bir sıra məsul vəzifələrdə çalışıb. Belə ki, rayon partiya komitəsində təbliğatçı, partiya kabinetinin müdiri, təbliğat-təşviqat şöbəsinin müdiri, "Yüksəliş uğrunda" rayon qəzetinin redaktoru, rayon və şəhər icra komitəsinin sədri, müxtəlif illərdə şəhər 1, 16, 13 və 10 saylı məktəblərin direktoru, Şəhər xalq maarif şöbəsinin müdiri, sonrakı illərdə Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi, şəhər icra hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbə ərazi inzibati vahidi üzrə nümayəndəsi, şəhər icra hakimiyyətində Mülki müdafiə qərargahının rəisi, şöbə müdiri, şəhər Ağsaqqallar şurasının sədri kimi vəzifələrində işləyib. Hazırda pensiyadadır. Vəli müəllim 2 orden, 15 medalla təltif olunub. Bunlara Qırmızı Əmək Bayrağı ordeni, 1-ci dərəcəli Böyük Vətən müharibəsi ordeni, "İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə", "Qafqazın müdafiəsinə görə" 1941-1945-ci illərdə alman faşizmi üzərində qələbəyə görə medallarını qeyd etmək olar.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.