Cəmiyyət

Bakının dilənçiləri: kimdir onlar?

1 Avqust 2013 19:25
0 Şərh     Baxış: 2 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Onları tutub polisə aparmaq heç nə dəyişmir

Onlara hər addımda rast gəlinir. Xüsusən də metro stansiyalarının çıxışlarında, metro keçidlərində, vaqonlarda, şəhərin hərəkət sıxlığı olan küçələrində, parklarında. Metroda hər stansiyada bir vaqondan digərinə keçən və "uzaqdan idarə olunan" balaca "pulyığanlar"ı çoxumuz, demək olar, hər gün müşahidə edirik. Yolun ortasına uzanıb, özünü "əsdirən" dilənçi kişilərdənsə danışmağa dəyməz. İş günləri başa çatandan sonra bu adamların ayağa qalxıb necə dim-dik gəzdiyini hamı bilir.

Onlar sosial həyatımızın bir parçası olan dilənçilər, qaraçılardır. Əvvəllər qaraçılar daha çox fala baxmaqla məşğul idilər. Əksər hallarda cavanları tora salırdılar. Parklarda, bulvarda gəzişən cütlüklərə bir-iki çəkici söz atıb maqnit kimi özlərinə tərəfə çəkirdilər, sonrası da məlumdu.

Son illər falçılıq artıq rəsmi xarakter aldığından, müasir fal ustalarına telekanallarımız geniş auditoriya açdığından qaraçıların fal biznesi zəiflədi. Amma dilənçilik bir peşə kimi hələ də üstünlüyünü qoruyub saxlayır. Və bu insanların dilənmək hesabına var-dövlət sahibi olmaları da artıq zərb-məsələ dönüb. Xatırlayırsınızsa, bu yaxınlarda ABŞ-da gənc xanımın dilənməklə necə varlandığı xəbəri yayılmışdı. Demə, xanım özünü yaşlı qadın cildinə salıb dilənirmiş. Sonra məlum olub ki, şəxsi avtomobili var və iş saatı bitdikdən sonra dönüb olur gözəl-göyçək bir xanım...

Fransa hökuməti isə bir-iki il öncə qaraçıların ölkədən deportasiyasına qərar vermişdi. Fransa hökuməti bunu qaraçıların kriminal qruplarla əlaqəli olmaları və kriminal hadisələrdə iştirakları ilə əsaslandırırdı. Dediyimiz odur ki, əksər ölkələrdə dilənçilər problemi var. İstər Şərq ölkəsi olsun, istərsə də Qərb.

Bakıda da bu problem hər zaman göz önündədir və həlli də hələ ki, mümkün görünmür. Məsələn, bu günlərdə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 46 nəfər saxlanılıb. Onlardan 7-si qadın, 39-u uşaq olub. Saxlanılanlar Bakı Baş Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına təhvil verilib. Bəs sonrası?..

Məhbuslara Yardım Fondunun prezidenti Məmməd Zeynalov bildirdi ki, dilənçiləri tutub polisə aparmaqla heç nə dəyişmir:

- Sovet vaxtı dilənçilik, avaraçılıq cinayət tərkibli əməl hesab olunurdu. Cinayət Məcəlləsində 215-ci maddə vardı və dilənçilik edəni, avaraçılıqla məşğul olanı bu maddə ilə cinayət məsuliyyətinə cəlb edirdilər. Amma müstəqillik əldən etdikdən sonra Avropa konvensiyalarına qoşulduq və indi Cinayət Məcəlləsində belə maddələr yoxdur.

Konkret cinayət tərkibli əməl olmadığı üçün qaraçıları dilənçilik etdiyinə görə həbs etmək, cəza vermək də mümkün deyil. Lap tutalım polis bunun birini-ikisini tutub apardı saxlanma təcridxanasına. Həbsxana insanları islah etmir, daha da korlayır. Oradan çıxandan sonra onsuz da yenə köhnə peşələrinə qayıdacaqlar. Bu insanları cəmiyyətin normal üzvünə çevirmək üçün başqa tədbirlər görülməlidir. Maarifləndirici işlər aparılmalıdır.

Məsələn, Fransada qaraçılarla bağlı məsələni çətinləşdirən və problem halına gətirən onların vətəndaşlığının olmamasıdır. Avropada elə bir sistem qurulub ki, polis hər hansı bir şəxsi hansısa məsələ ilə bağlı, ya yol hərəkəti qaydasını, ya qanunun hansısa müddəasını, ictimai qaydanı pozmaqla bağlı saxlayırsa, şəxsin adını kompüterə daxil edir və haqqında həmin dəqiqə bilgi əldə edir. Bu insan kimdir, nəçidir, cinayət məsuliyyətinə cəlb edilib, ya yox və s. Amma qaraçıların vətəndaşlığı, qeydiyyatı olmadığından onlar haqqında hər hansı bilgi əldə etmək mümkün deyil. Ona görə də bu şəxslərin axtarışı, onların cinayət məsuliyyətinə cəlb edilməsi müşküldür.

Azərbaycanda isə vəziyyət fərqlidir. Qaraçılar əsasən Yevlax zonasında məskunlaşıblar və hamı da bilir ki, bu insanların əsas məşğuliyyəti dilənçilikdir. Fərq burasındadır ki, bizim qaraçıların vətəndaşlığı var. Onlar Azərbaycan vətəndaşlarıdır. Sənədləri, pasport qeydiyyatları var. Bu da məlumdur ki, qaraçılar tərəfindən cinayət əməlləri çox törədilir.

Xüsusən də onlar daha çox oğurluqla məşğul olurlar. Mən şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, Yevlax zonasından cinayətkarlar çox çıxır. Bu insanlar həqiqətən problem yaradandırlar. Və çətin islah olunandırlar. Onları islah etməyin yolu maarifçilik işlərinin aparılmasıdır. Uşaqların təhsilə cəlb edilməsidir. Bu, böyük sosial layihələr tələb edən bir işdir.

İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, ekspert-kriminalist İlqar Altay da hesab edir ki, dilənçiləri ancaq əməyə alışdırmaqla islah etmək mümkündü:

- Hər bir dövlətin kriminal sahəyə nəzarət edən xüsusi orqanları var. Kriminal təhlükə yaranırsa, onun qarşısı qanunla təsbit olunmuş formada alınmalıdır.

Bu fakt diqqətdə saxlanmalıdır ki, nə vaxtsa dilənçilər tərəfindən anti-ictimai hərəkətlər, ictimai təhlükə xarakteri daşıyan əməllər olarsa, müvafiq tədbirlər görülə bilsin. Çox zaman belə iradlar səslənir ki, polis hara baxır, niyə bu dilənçiləri, qaraçıları tutmur? Hətta onların polisləri "ələ aldığı" da deyilir. Mən bu fikirlərlə qismən razı ola bilərəm. Burada söhbət yüksək səviyyədə "ələ alınmaqdan" yox, aşağı səviyyələrdə, "uçastkovıy", patrul polisi səviyyəsindən gedə bilər.

Ola bilsin, kimsə sahə müvəkkilinə, yaxud metro polisinə haqq verir ki, onların metroda dilənməyinə, yaxud keçidlərdə dilənçilik etməsinə mane olmasın. Ancaq yuxarı səviyyələrdə bu mümkün deyil. Hüquq-mühafizə orqanlarının dilənçiləri məsuliyyətə cəlb etməsi üçün qanuni əsas olmalıdır. Bilirsiniz, qaraçılarla mübarizə bütün dünyada problemə çevrilib. Onları islah etmək çətindir. Bu xalqın təfəkküründə, ümumiyyətlə, genetikasında oturaq həyat tərzi yoxdu. Oturaqlıq dövlətçiliyin əsas əlamətləridir. Onlarda da bu yoxdu. Mən bu insanlarla təmasda olmuşam, söhbət etmişəm. Mənə bir qaraçı kişisi dedi ki, ən balacamız toyuq, ondan bir az böyüyü qoyun, keçi, bir az da böyüklər inək, mal-qara, at oğurluğu ilə məşğul idi. "Mən isə lap böyük oğurluqla məşğul idim.

Çoban itlərini oğurlayırdım. Sonra da onu sahibinə baha qiymətə satırdım. Amma bir gün Şəmkirdən bizə adamlar gəldi və bizə kələm, kartof əkməyi öyrətdilər. Və biz gördük ki, demə, kələmdən, kartofdan daha çox qazanmaq olurmuş. O vaxtdan başladıq bostan əkməyə, öz zəhmətimizlə pul qazanmağa". Həqiqətən də sovet vaxtı Yevlaxda qaraçıları bir kolxozda birləşdirmişdilər. Bu insanlar da əkin-biçinlə məşğul idilər. Yəni bu insanları əməyə alışdırmaq, məşğulluğa öyrətmək lazımdı. Qaraçılarla bağlı sosial tədbirlər görülməlidir ki, oğurluqdan, əyrilikdən, dilənçilikdən əl çəksinlər. Bir halda ki, Azərbaycan üçün belə bir təcrübə var, niyə bundan indi istifadə olunmur? İşsiz, nəzarətsiz qalan bu insanlar ictimaiyyətə başağrısı verirlər, kriminal da törədirlər. Anti-ictimai mövqedə dayanırlar. Amma onlarla bağlı xüsusi proqram işlənsə, qaraçılar da cəmiyyətin normal üzvünə çevrilər.

Bəlkə o zaman biz nə vaqonlarda əl açıb dilənən ayağı yalın cocuqları, nə cavan qızları fala baxmaq çağırışları ilə şirnikləndirən gəlinləri, nə də özünü yerlə bir edən erkəkləri görərik. Nə bilmək olar? Bəlkə də belə bir zaman gəlib yetişəcək. Amma hələ ki, biz qaraçı deyilən etnik qrupla cibimiz bir yana, böyük bir ölkəni paylaşırıq...

"Şərq" qəzeti

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.