Utancaqlıq insanın sağlamlığına mənfi təsir etməsə də, onu rahat yaşamağa, şəxsi həyatını qurmağa, karyerada uğur qazanmağa imkan vermir. Belə ki, utancaq adamlar özlərinə qapanır, yeni tanışlıqlardan, yeni mühitlərdən və həyacana səbəb olan yerlərdən qaçırlar.Utancaqlıq normal yaşamağa maneçilik törədir
Psixoloq Həmid Zeynalabdinovun sözlərinə görə, bəzi adamlar yeni mühitə və yeni tanış olduğu insanlara çox tez öyrəşir, tanımadığı insanlarla asan ünsiyyət qururlar: "Bəziləri, xüsusilə də utancaq adamlar üçün bu, çətin və mümkün olmayan proses kimi görünür. Utancaq adamları başqalarının fikri, onlar haqqında nə düşünəcəyi çox maraqlandırır. Bu səbəbdən də az danışır, jest və mimikalara az yer verirlər. Utancaq adamların bəziləri isə bir kimsənin göstərişi olmadan müstəqil hərəkət etməyə qorxur, onlara nə desən, onu da edirlər. Onlar hətta istədikləri səmtə baxmağa və ya nəyisə soruşmağa da utanırlar. Çox vaxt bu cür insanlar özlərini cəzalandırılmış uşaq kimi aparırlar".
H.Zeynalabdinov bildirib ki, utancaq insanlar üçün daim öz hərəkətlərini təhlil etmək xasdır. Onlar adi söhbət zamanı belə işlətdiyi sözlər barədə uzun müddət düşünür və sonradan öz davranışlarını təhlil edərək gülünc göründüklərini təxmin edirlər.
Əslində utancaqlıq kiminsə nəyisə bacarmaması, pis bilməsi və eybəcər olması ilə bağlı bir hiss deyil. Çox vaxt bunun əksinə olaraq utancaq adamlar çox ağıllı olur, bir çox sahədə bacarıqları ilə fərqlənirlər. Lakin öz davranışlarına görə narahatlıq onlara ictimai yerlərdə öz fikirlərini deməyə imkan vermir. Onlar öz qərarlarını səsləndirməkdən qorxaraq kütlədə heç bir diqqət çəkmirlər.
Utancaqlığın uşaqlıqdan yaranmağa başladığını deyən psixoloq qeyd edib ki, utanmağa meylli uşaqlar olduğu kimi görünməkdən ehtiyat edir, başqaları tərəfindən qınanmaqdan qorxurlar. Bəzi hallarda uşaqlarla kobud rəftar da onların gələcəkdə utancaq olmasına gətirib çıxarır. Utancaq adamlar bir qayda olaraq başqalarının fikrinə böyük əhəmiyyət verir və özlərinə qarşı çox tələbkar olurlar.
Müsahibimiz məsləhət görür ki, utancaqlıqla mübarizə aparmaq üçün insan, ilk növbədə, özünü olduğu kimi qəbul etməli və bu cür də görünməkdən utanmamalıdır: "Daim öz hərəkətlərini analiz etməkdən, özünü günahlandırmaqdan, özünə qarşı tələbkar olmaqdan da çəkinin. Özünüzün təkrarolunmaz olduğunuzu və heç kimə bənzəmədiyinizi anlayın. Ən əsası özünüzə güvənin və bu hissi inkişaf etdirərək başqalarına da nümayiş etdirin. Əgər utancaqlıqdan qaça bilmirsizsə, onda bunu başqalarına da etiraf edin. Bunu etiraf etmək, nə qədər qəribə olsa da, utancaqlığı və həyəcanı minimuma endirir. Utancaqlıqla real həyatda mübarizə apara bilmirsinizsə, sosial şəbəkələrdə ünsiyyət qurmağa və daha sonra ünsiyyəti canlı etməyə səy göstərin".
Utancaqlığı minimuma endirmək üçün gözlərinizi bağlayıb və necə bir situasiyada utana biləcəyinizi təsəvvür edin. Bunu görə bilmək özünüzə etibarınızı bərpa edəcək. Bunu tez-tez təkrarlamaq lazımdır. İlk baxışdan mənasız görünsə də, özünə güvən yaratmaq üçün bu çox təsirli bir üsuldur. Bununla yanaşı, ünsiyyət zamanı gülümsəyin və göz kontaktından qaçmayın. Tanımadığınız bir adam da olsa, gözünün içinə baxıb səmimi gülümsəməyiniz utancaqlığı azaldacaq.
Gülümsəmək, gözəl bir dialoqa başlamaq üçün də yaxşı bir yoldur. Danışarkən dik dayanmağa və dəqiq danışmağa da çalışın. Dik dayanmaq özünə güvənən insan təəssüratını yaradır.
Həmsöhbətimizin dediyinə görə, utancaq insanlar adətən diqqət əskikliyindən də əziyyət çəkirlər. Ona görə ki, təlaşdan onlar söhbətin məğzini anlamır və çox şeyi unudurlar. Yaxşı olar ki, belə adamlar fikrini baş verən hadisəyə yönəldib tərləməsi, üzlərinin qızarması, əl-ayaqlarının əsməsi və səsinin titrəməsi əvəzinə danışılan söhbəti dinləsinlər. Öz hisslərinə qapanmaqdansa, ətrafda baş verənlərə nəzər salmaq və diqqəti bu istiqamətdə cəmləmək lazımdır. "Əgər fikrinizi cəmləyə bilmirsinizsə, yanınızdakı insanlardan onlar barəsində nəsə soruşun, çalışın onlarla danışasınız. Onların dediklərini diqqətlə dinləyin. Onda görəcəksiniz ki, söhbət edib və söhbəti dinləyəndə diqqət utanmağınıza deyil, söhbətin məğzinə yönələcək. Nəticədə özünüzü rahat hiss edəcəksiniz".
Utancaqlıqla mübarizədə effektiv yollardan biri də öz fikrini ifadə etməyə cəht etməkdir. Əgər nəsə demək istəyirsinizsə, bunun gülünc görünməyindən qorxmayın. Ünsiyyətə girmək istəyirsinizsə, bunu dərhal edin. İlk addımı başqası tərəfindən deyil, öz tərəfinizdən də gözləyin. Sadə olun və daha rahat yaşayın.
Yalnız utancaq insanlar deyil, başqaları da müəyyən vəziyyətlərdə sıxıla və ünsiyyətdə çətinlik çəkə bilərlər. Belə ki, statistikaya görə, insanların yalnız 5 faizi həyatı boyu utancaqlıq hiss etməyiblər. Utancaqlıq isə özünü yanaqların, üzün qızarması, qarnın quruldaması, əl-ayaqların titrəməsi, səsin əsməsi, təngənəfəslik kimi göstərə bilər. Bu cür proseslərin baş verməsi bəzən ətrafdakılar tərəfindən diqqətdən kənar qalsa da, utananın özünə mane olur. Belə ki, utancaq adamlar tanımadığı insanlarla ünsiyyətdən qaçır, narahatlıq yaradan vəziyyətlərlə üzləşməkdən qorxurlar. Bu səbəbdən də utancaqlıq normal yaşamağa mane olur.
Ekspress.az