Cəmiyyət

“Dəli Kür”ün KADRARXASI: “Əqrəb, əqrəb!” - FOTO

1 Noyabr 2014 19:39
0 Şərh     Baxış: 7 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fazil Salayev Adil İsgəndərova demişdi ki, "Adil müəllim, o pulu ki, ata verirlər, mən istəyirəm elə at olum"" 

Modern.az saytı "Kadrarxası" layihəsini davam etdirir. Bu həftə kadr arxasında baş verənlərdən aktyor və rejissor Əbdül Mahmudov danışacaq. Sənətkarla birlikdə "Dəli Kür" filminin tamaşaçılar üçün maraqlı olan pərdəarxası məqamlarından söhbət açırıq.

Arayış: 15 may 1944-cü ildə Hacıqabul rayonunun Atbulaq kəndində anadan olan Əbdül Mahmudov əslən Şamaxıdandır. Ata tərəfi Ərdəbildən gəlib. 1961-ci ildə orta məktəbi bitirən Ə.Mahmudovun kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş verib.

Aktyor 1962-1966-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Adil İsgəndərovun kursunda aktyorluq ixtisasına yiyələnib. "Axırıncı aşırım" filmi çəkilən müddətdə isə Moskvada ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsinə daxil olub. 1971-1973-cü illərdə Moskvada Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G.Daneliya kimi məşhur sənətkarlardan dərs alıb. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor işləyib. Bir ara kinostudiyanın nəzdindəki kino-aktyor teatrının bədii rəhbəri olub. Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimidir.

Ailəlidir, iki övladı, iki nəvəsi var.

"Dəli Kür" filmi 1969-cu ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında lentə alınıb. Kinoromanda keçən əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, qabaqcıl ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir.

Azərbaycan film tarixində özünəməxsus rolu olan "Dəli Kür" hazır olduqdan sonra bir çox tənqid və təqdiblərə məruz qalıb. Ekran əsərində əks olunan bir çox məqamlar o vaxtı senzuradan keçməyərək çətin məqamlarla üzləşib.

Filmin ssenari müəllifi İsmayıl Şıxlı, quruluşçu rejissor Hüseyn Seyidzadə, rejissor köməkçiləri Əbdül Mahmudov və Ramiz Əliyev, quruluşçu operator İqor Boqdanov, quruluşçu rəssam Nadir Zeynalov, bəstəkar Cahangir Cahangirov, səs operatoru Akif Nuriyev, redaktor İsa Hüseynov olub.

Rollarda Ələddin Abbasov, Eldar Əliyev, Vladislav Kovalkov, Məlik Dadaşov, Leyla Bədirbəyli, Liya Eliava, Zemfira Sadıqova, Məmməd Bürcəliyev, Elçin Şıxlı, Fikrət Əliyev, Ceyhun Mirzəyev, Reyhan Müslümova, Zemfira İsmayılova, İsmayıl Osmanlı, Ənvər Həsənov, Məmməd Əlili, Qorxmaz Əlili, Mirzə Babayev, Nəsibə Zeynalova və başqaları çəkilib.

"Kinematoqrafçılar dedi ki, "gedin öz-özünüzü öldürün"" 

Əbdül Mahmudov: "Nəsr janrı Azərbaycan ədəbiyyatı üçün xarakterik bir janr deyil. İstər sovetləşmə dövründə, istər ondan əvvəl, istərsə də sonralar Azərbaycan torpaqları yadellilərin diqqət mərkəzində olub. Təsadüfi deyil ki, bu proses indinin özündə də davam edir. Qarabağ məsələsi, müsəlman-xristian fundamental qarşıdurmaları, işğalçılıq, deportasiya siyasəti elə-belə məsələlər deyil. Hansı ki, indi də aktuallığını qoruyub saxlayan problemi İsmayıl Şıxlı çox yüksək səviyyədə öyrənib, çox ustalıqla qələmə alıb. Əsərdəki hadisələr Şəmşəddin mahalında (indiki Qazax-Ağstafa) cərəyan edir. Burda həqiqət ondan ibarətdir ki, sovetləşmə dövrünə qədər olan mərhələ, Azərbaycana qarşı planlı şəkildə böyük bir maraq Pyotrun vəsiyyətindən irəli gələrək, yavaş-yavaş reallaşdırılırdı. Bunun da nəticəsi sovet höküməti, şura hökuməti, sonra da itirilən torpaqlarımız, külli miqdarda mədəniyyətimiz, repressiya və s. baş oldu. Burda mədəniyyətimiz, adət-ənənələrimiz həm mənəvi, həm fiziki, həm də cismani represiyalara məruz qaldı. Orda yeganə üstün tərəf ondan ibarətdir ki, həqiqətən Rusiyada da maarifpərvər insanlar var idi. Onlar bilirdi ki, dünyanın xilası onun elmində, savadında, maariflənməsindədir. Ona görə də filmdə olan Çernyayevski xətti, bir rus demokratının Azərbaycana gəlib, elmə maraq göstərməsi, zəhmət və xərc çəkməsi çox müsbət bir hadisə idi".

Əbdül Mahmudov deyir ki, "Azərbaycanın mədəni işğalı mərhələli şəkildə başlayıb və onun da arxasında böyük imperiya maraqları dururdu.

"Həmin məsələ də filmdə çox açıq şəkildə öz əksini tapmışdı, amma bu izi itirmək üçün o vaxtkı senzura həmin epizodun filmdən çıxarılmasını tələb etdi. Bu mənada filmin əsas məğzini yaradan səbəblərdən biri də Azərbaycana məxsus ərazilərin məhz silahlı təcavüz yolu ilə işğal olunmasını göstərmək idi. Bu da filmdə öz əksini tapmışdı. O vaxt Zaqafqaziyada bu işə rəhbərlik edənlər içərisində kazakların adı çəkilsə də, əslində elə ruslar idi. SSRİ Kinematoqrafiya Komitəsində Zusiva soyadlı bir xanım vardı. O epizodun çıxarılmasında əsasən onun rolu böyük oldu.

Filmin çəkilişləri böyük zəhmət hesabına başa gəlmişdi. Kür çayının qırağında, "Qarayazı" meşəsində çox ağır çəkilişlər aparmışdıq. Detonasiya sistemi, ağır pirotexnika yüksək səviyyədə istifadə olunmuşdu. Rəhmətlik Hüseyn Seyidzadə də kütləvi, dava səhnələrini çox yüksək səviyyədə təsvir etmişdi. O belə səhnələri yüksək zövqlə çəkməyi bacaran rejissor idi. Epizodları olduğundan daha açıq, aydın etmişdi. Birmənalı şəkildə Cahandar ağanın torpaqları işğal olunur. Kazaklar hər şeyi zor gücünə mənimsəmək istəyirlər. Həmin yerdə olan Cahandar ağanın adamları onlara müqavimət göstərir, Cahandar ağanın da həmin adamlara dəstək verməsi və nəhayət həmin atışmada Cahandar ağanın öldürülməsi...

Bu səhnə çox müzakirə olundu. Zusiyeva açıq-aydın bildirdi ki, "yoldaşalar, nə edirsizsə edin, gedin özünüz-özünüzü öldürün. Qətiyyən icazə verə bilmərik ki, kazaklar, rus əsgərləri azərbaycanlılara güllə atsın və işğalçı kimi qələmə verilsinlər".

O vaxt hər şey planlı şəkildə həyata keçirilirdi. Film hazır olandan sonra onu dəyişmək üçün əlavə sərmayə də verdilər. Mən indi düşünürəm ki, Sovet hökuməti öz ideologiyasına lazımi qədər vaxt da, sərmayə də ayırırdı. Əlindən gələni də əsirgəmirdi. O cümlədən də Cahandar ağanın ölüm səhnəsi. Hansı ki, cılızlaşdırıldı. Guya Cahandar qaçırdığı arvada görə, qadının adamları qisasçılıq zəminində ağanı güllələyib.

Kinostudiyanın müdiri Adil İsgəndərov o vaxt buna qarşı nə qədər mübarizə apardı. Belə olan təqdirdə filmin bağlanma təhlükəsi meydana çıxdı. Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etməyərək bildirdi ki, necə olursa olsun, bir azərbaycanlı rusu döyə bilməz, rus da azərbaycanlını öldürə bilməz. Buna görə də rejissor məcburən həmin səhnəni kəsdi, sonda Allahyar Cahandarı öldürdü, çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirildi. Kazak başçısını oynayan məşhur aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da, kinoda onun obrazını görə bilmirik.

Film tamaşaçıların da hələ də başa düşə bilmədiyi eybəcər bir forma aldı. Çox heyf ki, film həmin epizodla bir növ şikəst oldu".

Filmdən çıxarılan həmin epizodun "Qızıl fond"da saxlanılmasına dair məlumatlar olsa da, bu öz təsdiqini tapmayıb:

""Epizod "Qızıl fond"da saxlanılır" deyilməsi mənim üçün qaranlıqdır. Çünki, o vaxtkı senzura elə idi ki, filmə daxil olmayan lentlər yandırılaraq müəyyən ölçüdə gümüş alınırdı. Ona görə də həmin epizodun saxlanmasına görə kiminsə o vaxt belə bir riskə getməsinə inana bilmirəm. Əgər doğurdan da olsaydı bu gün onu ortaya çıxarmaq olardı".

Elçin Şıxlının ilk rolu 

Filmin ssenarisi İsmayıl Şıxlıya məxsus olduğundan onun oğlu, hazırda Azərbaycan jurnalistikasında öz imzası ilə tanınan Elçin Şıxlı da rol alıb. Kiçik Elçin atasıyla birlikdə çəkilişlərə gələn zaman ona uyğun rollarda iştirak etməsi məqsədəuyğun görülür. Və beləcə Elçin Şxılı kinoda ilk rolunu oynayır. Bu həm də onun son rolu olur. Çünki o, aktyorluq sənətini davam etdirmir.

Kiçik Elçin dublyajda və Qazaxda çəkilən natura səhnəsində iştirak edir. Mollaxanadakı epizod isə "Azərbaycanfilm" kinostudiyasının pavilyonlarından birində çəkilib. Kiçik Elçini görən rejissor Hüseyn Seyidzadə tapşırır ki, "tez aparın o uşağı qrimləyin, çəkilişə hazırlayın, mən bu səhnədə onu da çəkəcəyəm". Beləcə Elçin Şıxlını qrimləyib səhnə üçün hazırlayırlar. Rejissor balaca Elçinə başa salır ki, "motor " deyiləndə hamı o yan-bu yana qaçaraq, qışqıracaq, onda sən də qaçıb hoppanarsan divardakı rəflərdən birinin üstünə və kamera sənə yaxınlaşanda "əqrəb, əqrəb!" deyib qışqırarsan". Hüseyn Seyidzadə necə tapşırırsa, o da rolunun öhdəsindən eləcə gəlir.

Əbdül Mahmudov: "Qori semanirayasında uşaqlarla bağlı səhnələrin hamısı kinostudiyanın pavilyonunda çəkilib. Ordakı uşaqların əksəriyyəti indi tanınmış aktyorlardır: Ənvər Həsənov, Ceyhun Mirzəyev, Fikrət Əliyev, Qorxmaz Əlili, Telman Əliyev (Hadı). O vaxt kinostudiyada uşaqlar üçün aktyor ştatı vardı. Bizə lazım olan uşaqları toplamaq üçün məktəbləri gəzirdik.

Həmin səhnədə lampa asıldığı təsvir olunub və hamı qaçanda bir uşaq hoppanıb həmin lampadan asılı qalır. O görüb, bəlkə də tanımadığınız uşaq bizim Qorxmaz Əlilidir. Onun atası da Molla Sadığın köməkçisi rolunu oynayan balaca kişi idi".

Filmin ilk kadrları 

Aktyor bildirir ki, ümumiyyətlə bədii kinoda ünvanlı çəkilişlər həyata keçirilir. Filmin ilk kadrları da ünvanlı çəkilişdir. Bu çəkiliş vasitəsilə cərəyan edən hadisələrin əsas yeri göstərilir. Çünki, əsasən ümumi şəkildə hadisənin harada baş verməsini göstərmək hər zaman mümkün olmur. Ümumi plan çəkilir, qalan yerlər isə uyğunlaşdırılaraq həmin yer kimi göstərilir.

"Onu qurub təşkil etdiyimiz dekorasiya, natura və digər çəkilişlər ünvan göstərilməklə bir neçə dəfə aparıldı. Tamaşaçı baxan zaman həmin yerləri tanıyırsa bilir ki, bu yer "Qarayazı" meşəsi, Qırmızı körpüdən bu yana Qazax rayonun ərazisidir. Daha inandırıcı olsun deyə, vertolyotdan çəkilişlər aparılıb. Sonda şagirdlərin "Ana Kür" mahnısının sədası altında gəzintiyə çıxması, Cahandar ağanın bacısnın suda batırılması da orada lentə alınıb. Məşhur "Tumantökdü" epizodunda bacısının ora getməsini qəbul etmədiyindən, bu hərəkəti namussuzluq hesab etdiyindən dolayı Cahandar ağa onu suda batırır".

Filmin əsas hissələri Şamaxının Çuxuryurd qəsəbəsi, Dədəgünəş kəndində Qazaxda "Qarayazı" meşəsində çəkilib.

Qori seminariyası, lal qızın müəllimə gül verməsi səhnəsi, Cahandar ağanın evi də qurulma dekorasiyadır. Kinostudiyanın pavilyonunda ekranlaşdırılıb.

Rejissor deyir ki, Zemfira Sadıqova (Mələk) Kürdə paltar yuduğu səhnə zamanı bərk xəstələnir, hətta hərarəti qalxır. Titrlərdə adı keçən, amma oynadığı rol filmdən çıxarılan Yusif Vəliyev çətinliklə də olsa, dərman tapıb gətirir. Səhəri gün isə çəkilişlər qaldığı yerdən davam etdirilir. Yaz ayları olduğundan su çox soyuq imiş. Buna görə də aktirsa xəstələnmişdi.

Yeri gəlmişkən, aktrisa Zemfira Sadıqova aktyor Yusif Vəliyevin həyat yoldaşı idi.

"Filmdəki atların qiyməti 350 min dollara yaxın idi"

Əbdül Mahmudov deyir ki, hər at ekrana yatımlı olmur, efirdən yaxşı təsir bağışlamır. Mükəmməl effekt almaq üçün isə Cıdırdan xüsusi seçilmiş atları filmdə çəkirdilər.

Əbdül Mahmudov: "İki cür atlar var: kənd atları və Cıdır atları. Hər at ekran üçün yayarlı, yatımlı, gözəl olmur. Kənd atları əksərən yük vasitəsi kimi istifadə edildiyindən efirdən yaxşı görünmürlər. Bir də var ekrana yaraşan, xan, bəy üçün olan minik atları. O atları Cıdırdan müqavilə yolu ilə götürürdük. O cümlədən də "7 oğul istərəm", "Axırıncı aşırım","Nəsimi" filmlərindəki atların hamısı Cıdırdan müqavilə yolu götürülmüşdü. Onlar çox baha başa gələn epizodlar idi. Nəzərə alın ki, mehtərin öz qiyməti, baytar həkimlərin öz qiyməti, atın özünün gündəlik xərci vardı. Nəhayət atın yeməyi, saxlanma məsələsi, hamısı böyük vəsait tələb edirdi. "Qaçaq Nəbi" filmindəki boz atı Şəki atçılıq zavodundan götürmüşdük. Həmin atın qiyməti 350 min dollar idi. Ata bir şey olsaydı, kinostudiya həmin məbləği at sahiblərinə ödəməli idi. Boz ata 4 nəfər məxsusi adam qulluq edirdi. Ümumiyyətlə Cıdır atları və xidmət edənlər, eləcə də onların çəkiliş meydanına aparılması və gətirilməsi hamısı böyük maddiyyat hesabına başa gəlirdi. Bir at üçün 4-5 aktyorun pulu verilirdi. "7 oğul istərəm" filminin çəkilişi zamanı "Canik" dediyimiz Fazil Salayev "Azəbaycanfilm"in direktoru Adil İsgəndərova dedi ki, "Adil müəllim, o pulu ki, ata verirlər mən istəyirəm at olum". O zaman çox gülmüşdük. Ondan sonra Adil müəllim çox çətinliklə Mərkəzi Komitədən aktyorlar üçün "stavka" aldı. Buna baxmayaraq, atların qiyməti yenə də baha idi.

Filmdəki epizodun mahiyyətindən, xarakterindən asılı olaraq atlarla bağlı olan səhnələr-yıxılması, əzilməsi, döyüş səhnələrində aktyorları kaskadyorlar əvəz edirdi". 

"Dəli Kür"də Novruz bayramı ilk dəfə ekrana təmtaraqla çıxarıldı

Söhbət zamanı müsahibim bildirir ki, məhz ilk dəfə olaraq bu filmdə Novruz bayramı ekranlara çıxarılıb.

"Bildiyiniz kimi bu bayrama dini bir don geyindirib yasaq etmişdilər. Mən hətta 1962-ci ildə baş tutan ilk Novruz bayramının iştirakçısı olmuşam. O vaxt tələbə idik. Görkəmli dövlət xadimi Şıxəli Qurbanovun böyük təşəbbüsü ilə ilk dəfə Azərbaycanda Novruz bayramı meydan səviyyəsində keçirilmişdi. Bundan sonra bayram donduruldu. Nəhayət Adil müəlliminin kinostudiyaya gəlişilə bayram filmlərdə əks olunmağa başladı. İsmayıl Şıxlının əsərindəki Novruz bayramı Hüseyn Seyidzadəyə onları ekranlaşdırmaq üçün əsas verdi. Hüseyn müəllim də belə səhnələrin mahir qurucusu olaraq çox yüksək səviyyədə təşkil etdi. Həmin epizodu Dədəgünəş kəndində qurduq. Hər çey hazır olanda çəkilişlər başladı. O səhnənin çəkilişi isə 1 həftəyə baş tutdu. O çəkilişə 3 dəfə Adil müəllim o vaxtkı mədəniyyət naziri Məmmə Qurbanov, Mərkəzi Komitənin şöbə müdirlərilə gəlib tamaşa etdi. Siz təsəvvür edin ki, Moskvada o cür möhtəşəm filmin təhvili vaxtı Novruz bayramı səhnəsinə necə xüsusi maraq göstərildi. O qədər gözəl münasibət vardı ki, hamısı ağzını açıb təəccüblə tamaşa edirdi. Məhz bu filmdən sonra geniş, təmtaraqlı səhnələr çəkilməyə başladı. İlk dəfə papaqatdı, yumurta döyüşdürmə kimi ənənələrimz filmdə təsvir olunmuşdu.

Orda balaca uşaqla Çernyayevskinin dialoqu olan səhnədə uşaq deməli idi ki, "çünki bizdə papağı olmayan kişilərə pis baxırlar".Gördük ki, bu bir az "ağ" oldu. Məlum olduğu kimi söhbət Çernyayevskidən gedirdi, hansı ki, Azərbaycana maarifləndirmə, xoş niyyətlə gəlmişdi. Elə buna görə də mətn dəyişdirilərək, uşaq "papaq pay qoymaq üçündür" dedi.

O vaxt çox adam Novruz haqqında çox şeyi bilmirdi. Bildiyiniz kimi, bayram 4 çərşənbədən ibarətdir. Hər çərşənbənin öz mahiyyəti var. Biz o çərşənbələrin mahiyyətini açmağa çalışdıq. 4 çərşənbə həm də 4 fəsilə işarədir. Bircə mənim indi bəyənmədiyim Keçəllə, Kosadır. Görün Yeni ildə Şaxta baba nə gözəl işlər görür. Qar qızla birlikdə uşaqlara hədiyyə paylayır. Amma bizim Keçəllə Kosa qapı-qapı gəzib pay "dilənir". Mən bunu qəbul etmirəm. O vaxt kinoda təsadüfi şeylər az olurdu. Çünki hər şey ciddi, peşəkar səviyyədə işlənilib hazırlandıqdan sonra texniki tərəfi həyata keçirilirdi. İdeoloji təbliğat, aktyor oyunu baxımından heç bir əlavədən söhbət getmirdi". 

İsmayıl Osmanlının faytonu

Əbdül Mahmudov: "Məmmədəlinin (aktyor İsmayıl Osmanlı) faytonu da real fayton idi. Teatrdan fərqli olaraq, kinoda hər şey göz qabağında olduğundan reallıq qorunub saxlanmalı idi. Onu təhrif etmək, dəyişmək tamaşaçını aldatmaq mümkün olan iş deyil. Həmin fayton indi də kinostudiyada durur. Bunun üçün bizim rəssamlar, dekoratorlar vardı. Faytonun hansı dövrə aid olmasını dəqiq öyrənib eskizlərlə işləyib hazırlamışdılar. İndiyə qədər həmin faytona zarafatla "İsmayıl Osmanlı faytonu" deyirdik. O vaxt bir maşında, ya faytonda çəkiliş aparılırdısa, öncə onun içi göstərilməli idi. Ondan ötrü "lapet" deyilən bir şey vardı. Aktyorlar onun üstündə arabaya, maşına mindirilirdi. Əslində burda da belə olmuşdu. Araba böyük bir lapetin üstünə qoyulmuşdu. Hərəkət edən lapet idi, fayton isə yerində qalmışdı. Çünki, orada həm faytonun böyük planlı çəkilişi vardı, həm də Məmmədəli ilə Çernyayevskinin Novruz bayramı barədə söhbəti. Qonaq deyir ki, "niyə belə tələsirsən?". Məmmədəli cavab verir ki, "bizdə bayram axşamında adət belədir ki, gərək hamı evdə olsun".

Çəkilişlər əsasən yaz-yay fəslində həyata keçirilmişdi. Öncə burdakı çəkilişləri kənara qoyub Çuxuryurdda çəkiləcək səhnələri reallaşdırmaq üçün 2 ay sərf etməli olduq". 

Tamaşaçılar filmdə ecazkar musiqinin şahidi olurlar. Əbdül Mahmudov deyir ki, filmin musiqisi sırf Cahangir Cahangirovun adıyla bağlıdır.

"Bu mənada Azərbaycan xalqının bəxti çox gətirib. İstənilən sahədə zaman-zaman çox kaloritli ustadları olub. Cangir Cahangirov da onlardan biri idi. O dövrdə Cahangir bəylə yanaşı, Fikrt Əmirov, Xəyyam Mirzəzadə, Arif Məlikov, Tofiq Quliyev, Rauf Hacıyev, daha kimlər, kimlər vardı...

Həm də filmin taleyini rejissor həll edir. Bu filmin də rejissru təsadüfi adam olmadığından Azərbaycan kinosunu, musiqisini, tarixini çox gözəl bildiyindən hər bir detala diqqət edirdi".

Milli.Az

Böyütmək üçün şəkillərə kilikləyin


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.