Cəmiyyət

Onlar unutmurlar, daha sonra dəhşət yaşadırlar...

9 Fevral 2013 18:59
1 Şərh     Baxış: 11 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Kinli, qəddar insanlar hamıya zərər yetirirlər. Lakin kin saxlamaqla onlar hamıdan çox özlərini məhv edirlər. Belə adamlar çox vaxt həyatı və şəxsi sirləri barədə heç kimlə bölüşmür. Uzun müddət kinlə yaşayır və kin saxladığı insana zərbə vurmaq üçün məqam gözləyirlər.

Psixoloq Nurlan Ağayev bildirib ki, müəyyən qədər kinli olmaq lazımdır. "Əgər insan kin saxlamasa, başına gələnlərdən dərs ala bilməz. Nəticədə hər dəfə eyni səhvləri buraxar. Bu səbəbdən də adətən kin saxlamayan adamlar eyni səhvlərə yol verirlər", - deyən N.Ağayevin sözlərinə görə, lakin hədsiz kinli olmaq insanın özünü və onun həyatını tam məhv edir. Kinli adamlar ətrafdakılar barədə çox pis düşünür, daim hər şeyə görə narazılıq ifadə edirlər. Belələri düşünür ki, hamı onlar üçün nəsə etməyə borcludur. Ətrafdakılardan daim öz xeyrinə görə nəsə tələb edir, onlara qarşı deyilən tənqidləri və pis hərəkətləri unutmurlar. Uzun müddət kiməsə qarşı kin saxlayan belə adamlar xırda məsələlərə görə də küsürlər. Belə adamlarla yola getmək çox çətin olur.

Həmsöhbətimizə görə, kinli insanlar daim hamıdan incidiyi üçün yalqız qalırlar. Onlar bağışlaya bilmir və yaxınlarına qarşı çox tələbkar olurlar. Bu isə bir müddətdən sonra insanları yorur. Heç kim özünü hər zaman günahkar hiss etmək, bağışlanmağını gözləmək istəmir.

Kinli adamlar onlara qarşı pislik edən insanlardan qisas almaq istədikləri üçün təhlükəlidirlər. Ağıllı adamlar kinli insanlarla, ümumiyyətlə, ünsiyyət qurmaqdan belə çəkinirlər. Ona görə ki, normal insan hansısa mübahisəni və ya acı sözü unuda bildiyi təqdirdə kinli adamlar həmin hadisəni unuda bilmir. Onlar bacara bildikləri an kin saxladığı adamdan qisas alırlar. "Uzun müddət kini unuda bilməyən belə adamlar öz doğmalarına, iş yoldaşlarına qarşı da eyni davranırlar. Uyğun vaxt olan kimi öz doğmasını hansısa hərəkətinə görə cəzalandırır və ya iş yoldaşına qarşı nəsə pislik edirlər. Kin onlarda digər hisslərə nisbətən daha çox inkişaf edib. Onların bütün hərəkətlərini də kin idarə edir. Çox vaxt bu səbəbdən iş yerlərində uzun sürən konfliktlər olur".

Psixoloq bildirir ki, kin ailələrin xoşbəxt yaşamasına da mane olur. Xüsusilə də bu, özünü gəlin-qayınana münasibətlərində göstərir. Misal üçün, qayınana yeməyin hazırlanması prosesində gəlininə irad tutur ki, "yeməyi düz bişirmirsən". Gəlin buna qarşı heç nə deməsə belə, ona qarşı kin saxlayır. Bəzən ən xırda məişət problemləri belə kinli insanlara psixoloji olaraq çox pis təsir edir və hətta ailələrin dağılmasına gətirib çıxarır. N.Ağayevin sözlərinə görə, ümumiyyətlə, kinli insanlar çox qorxulu olur. "Ona görə ki, sən onu bağışladığın təqdirdə o, səni heç vaxt bağışlamaya bilər".

Kin həyat yoldaşları arasında da anlaşılmazlıqların çoxalmasına gətirib çıxarır. Kinli insan sevgilisinin diqqətsizliyini unuda bilməyib onun hərəkətinə cavab planlaşdırır. Kinli insanlar heç olmasa öz kinləri barədə yaxınları ilə bölüşməlidirlər. Əks halda onlar öz daxili aləmində müharibə apararaq yaşayırlar. Qarşıdakının bir əhəmiyyətsiz mənfi hərəkətinə görə, iki-üç mənfi hərəkətlə cavab verirlər. Onların qarşıdakı tərəfə yönəltdikləri kinləri soyuyayana qədər istənilən qədər pislik edə bilərlər. "Bir sözlə, kinli insanlar istər ailədə, istərsə də işgüzar həyatda ən arzuolunmaz tərəf müqabilidirlər. Kin valideynlərlə övladların münasibətinə də mənəvi zərbələr vurur. Kinli insanlar nə evdə ailə üzvləri ilə yola gedə bilir, nə də sosial həyatda iş yoldaşları və tanışları ilə".

Qeyd edək ki, kin həm də bir növ keçici xarakter daşıyır. Uzun müddət mənfi hadisələr, sözlər və insanlar barədə danışan biri ilə uzun müddət vaxt keçirdikdə bu, insana təsir etməyə başlayır. Bir müdddət buna neytral qala bilən adam davamlı olaraq neqativ düşüncələrlə əhatələndiyi üçün özü də neqativ düşünməyə başlayacaq.

Ağayevin dediyinə görə, insanlar uzun müddət kinli qala bilirlər. Onun sözlərinə görə, bəzi insanlar 30-40, hətta ömürlərinin sonuna qədər kiminləsə küsülü qalır. "Küsdükləri adamla danışsalar belə, ona qarşı gizli kin saxlayır və həmin adama nifrət edirlər. Düzdür, elə şeylər var ki, insan onları bağışlaya bilmir. Bu zaman onun kin saxlaması adi haldır", - deyən psixoloq bildirib ki, həqiqətən də kimsə sizə qarşı çox pis hərəkət edibsə ona qarşı kin saxlamaq olar. Xəyanət edib, aldadıb, küllü miqdarda pul və ya qiymətli əşya oğurlayıbsa, bir sözlə, hansısa hərəkəti ilə sizin inamınızı qırıbsa, bu zaman kin saxlamağa və bununla da həmin adamdan uzaqlaşmağa dəyər. Hər haqsızlığı bağışlamaq da düzgün deyil.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.