Cəmiyyət

Panikadan necə qurtulmalı?

15 Dekabr 2012 17:00
0 Şərh     Baxış: 18 292
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
İnsanların böyük əksəriyyəti həyatı boyu heç olmasa bir dəfə vahimə basmasına məruz qalır. Bəzi məlumatlara əsasən, Yer kürəsi əhalisinin 10%-i panika sindromundan əziyyət çəkir. Digər kliniki araşdırmalara görəsə, planet sakinlərinin 45-70%-i bu azarın hədəfindədir. Bu sindromdan qadınlar kişilərə nisbətən daha çox əziyyət çəkirlər.

Panika ənənəvi anlamda azar deyil, özünəxas psixoloji durğunluq halıdır. Odur ki, onun müalicəsində tibbi preparatlardan deyil, özəl psixoloji üsullardan istifadə edilir.

Əgər panika sindromu müalicə edilməzsə, sonradan ciddi ürək xəstəliklərinin (ürəyin işemik xəstəliyi, nevroz, hətta miokard infarktı) əsas səbəbinə çevrilə bilər...

Hazırda Yer kürəsini qlobal panika bürüyüb. Mayya təqviminin məşhur 21.12.12 (2012-ci ilin 12 dekabrı) rəqəmi ilə bağlı bir çoxları 6 gündən sonra dünyanın axırının çatacağını gözləyirlər. Baxmayaraq ki, tanınmış mayyaşünas alimlərə görə, 21.12.12-nin dünyanın sonu yox, qədim mayyalılara görə, yeni dünyanın, yeni dünya təqviminin başlaması rəqəmidir. Amma dəxli yoxdur, kimi qorxudan, kimi də maraqdan gələn həftənin cümə gününü gözləyir. Bu baxımdan panikadan, qorxudan danışmaq aktuallıq kəsb edir.

Panika, dəhşət və ya vahimə qorxu hissi ilə bağlı olduğu üçün əvvəlcə bu neqativ emosiyadan başlayaq.

Qorxunun anatomiyası

Hər bir insan yaşından, cinsindən və milliyyətindən asılı olmayaraq həyatı boyu qorxu hissini yaşayır. Qorxu qəribə və mürəkkəb fenomendir: öldürə də bilər, xilas edə də bilər, kömək də edər, bəlaya da salar.

Qorxu hissinə elmi və yaxud qeyri-elmi ədəbiyyatda minlərlə yazı, kitab həsr edilib. Bu yazıda uzun illər ərzində onlardan topladığım və ümumiləşdirməyə cəhd etdiyim məqamları təqdim etməyə çalışacağam.

Qorxu hissi - insanın elə bir daxili vəziyyəti, yaşantısıdır ki, real və yaxud gözlənilən, güman edilən bəlalardan, təhdidlərdən qaynaqlanır. Ümumiyyətlə, bilmədiyimiz, azacıq təxmin etdiyimiz qeyri-müəyyənlik, naməlumluqlar da bizi qorxuya sala bilər.

Psixologiyaya görə, qorxu mənfi çalarlı emosional prosesdir.

Məşhur psixoloq Kerrol İzardın differensial emosiya nəzəriyyəsində qorxu baza (fundamental) emosiyalarına aid edilir. Baza (əsas) o deməkdir ki, qorxu anadangəlmə emosional prosesdir. Bir çox hisslərimiz kimi, qorxu da genetik olaraq fizioloji komponentləri ilə (mimik ifadələr, konkret subyektiv yaşantılar, məsələn, qışqırıq) özünü göstərir.

Qorxunun səbəbləri real, güman edilən və ya təsəvvür edilən təhlükədir. Qorxu onu dəf etməyi, ondan yayınmağı, uzaqlaşmağı reallaşdırmaq üçün insan orqanizmini mobil vəziyyətə gətirir.

İnsanın bir baza emosiyası kimi, təhlükəli hal barədə siqnal verən qorxu çoxsaylı daxili və xarici, anadangəlmə və sonradan qazanılan səbəblərdən asılıdır. Bu səbəblər sırasına aid etmək olar: tənhalıq hissi, tərkedilmə (atılma), üzgünlük, ruh düşgünlüyü, ləyaqətə təhdid, qaçılmaz uğursuzluq hissi, özünün qeyri-adekvat olmasını hiss etmə.

Qorxunun fəsadları: özünəinam hissinin itməsi ilə bağlı yaranan emosional vəziyyət, güclü əsəb gərginliyi, xilas yolu axtarışı, hər an aradan çıxmağa çalışmaq.

Qorxu və onun yol yoldaşı olan emosional durumun əsas funksiyaları: siqnal, müdafiə, adaptasiya (uyğunlaşma) və axtarış.

Qorxu emosiyası müxtəlif situasiyalarda müxtəlif adamlarda gücünə və davranışa təsirinə görə xeyli fərqlənir. Bunu belə formulə də etmək olar: hamı qorxur, amma hər kəs qorxaq deyil.

Qorxu ruh yüksəkliyi və ya ruh düşkünlüyü kimi emosional hallarda peyda ola bilər. Çox güclü qorxu (məsələn, dəhşət, vahimə) daha çox ruh düşkünlüyünün yol yoldaşıdır. Ümumi "qorxu" termini ilə yanaşı, mahiyyətcə ona yaxın "fobiya" ifadəsi də işlədilir. Təhlükəli olmayan situasiyalar, obyektlər elə bir ciddi səbəb olmadan qorxu və həyəcana səbəb olursa, belə psixi narahatlıq "fobiya" adlandırılır.

Qəfil güclü qıcıqlandırıcıdan (qorxutmadan) qaynaqlanan qısa və güclü qorxu "diksinmək", uzunmüddətli, zəif ifadə edilən diffuz qorxu isə "həyəcan" adlandırılır.

Fobiya kimi psixi pozğunluq insanın qorxunu daha güclü yaşamasına səbəb olur. İnsanın müstəqil şəkildə öhdəsindən gələ bilmədiyi fobiya irrasional qorxudur.

Məşhur ingilis filosofu Frensis Bekon deyirdi ki, "qorxudan qorxulu heç nə yoxdur". Bu ifadənin taftologiya kimi səslənəcəyini nəzərə alıb onu bir qədər açaq. Qorxu insanın içində olan, qorxulu isə ondan kənardır. Məsələn, meşədə ayıya (qorxulu olan) rast gəldikdə qorxu hissi sizi basar. Fobiyada artıq kənardan qorxuya ehtiyac yoxdur, qorxulu olan artıq adamın içində "oturur".

Qorxunun iki neyron yolu. Qorxu hissinin inkişafı iki neyron yolu ilə müəyyənləşir. Birincisi əsas emosiyalara cavabdehdir - tez reaksiya verir və çoxlu səhvlərlə müşayiət edilir. O, təhlükələrə sürətlə reaksiya verə bilsə də, bəzən yalan "həyəcan təbili" də çala bilir.

İkincisi isə təhlükəyə gec, amma dəqiq reaksiya verir. Fobiyada ikinci yol adekvat işləmir, nəticədə qorxu hissinin inkişafına təhlükəli olmayan şeylər də stimul verir.

Adrenalin ləzzəti

Filosoflar arasında qorxuya münasibətdə yekdil fikir yoxdur. Bir çoxları qorxunu pis nəticələrə aparan zərərli emosiya sayırlar. Belə ki, bir çox xəstəliklərin yaranma və inkişaf etmə səbəbi məhz qorxu sayılır. Qorxu öz işini beyində görür. Beyin isə öz növbəsində orqanizmə siqnal ötürür. Həmən orqanlar bu siqnaldan lərzəyə gələrək qoruna bilmirlər. Və immun sistemi də, güc də burda yenilir. Qorxu psixoloji cəhətdən də insana ziyan vurur. İnsan qorxduğu zaman, özündən və ya işindən əmin ola bilmir, düşüncələrini rahatca cəmləşdirə bilmir və qorxunun hökmranlığı başlayır.

Qorxuya bioloji təzahür kimi baxan filosoflarsa hesab edirlər ki, o, normal hissdir, insanın özünümüdafiə mexanizmidir, təhlükəli situasiyalar barədə xəbərdar edir. Yəni qorxu insanları düşüncələrində olan hansısa səhv əməldən saxlayır, həyat üçün təhlükəli olan vəziyyətlərdən qoruyur.

Qorxu zamanı qanda xüsusi hormonların ifrazı artır. Bunun səbəbi orqanizmin təhlükə ilə mübarizəsinə dəstək verməklə bağlıdır. Onların arasında ən məşhuru adrenalindir. Adrenalin bir sıra biokimyəvi proseslərə rəvac verir ki, onlar da insanda, necə deyərlər, xüsusi ləzzət, kef, rahatlıq hissi yaradır. İnsan adətən adrenalinə nikotin və ya heroin kimi aludə olmur. Lakin ondan asılılığa da rast gəlinir. Bəzi adamların həmişə risk, kəskin, təhlükəli situasiyalar axtarışı bununla izah edilir.

Beləliklə, nə qədər xoş hiss olmasa da, mötədil (ifrat olmayan) qorxu özünümüdafiə instinkti kimi zəzuri və faydalı sayıla bilər.

Qorxu və ağrı

Qorxu bir növ ağrı kimidir və ya hər ikisinin funksiyası eynidir: həyatı saxlamaq.

Qorxu ilə ağrı çox zaman bir yerdə peyda olur. Ağrı siqnal verir, xəbərdarlıq edir ki, orqanizmin harasındasa işlər qaydasında getmir. Bundan sonra biz başlayırıq həmin yerə çarə görməyə. Ağrı hissi olmasa, biz yaşaya bilməzdik: nə biləcəkdik ki, orqanizmin hansısa hissəsi əldən gedir?

Qorxu da analoji müdafiə funksiyasını yerinə yetirir: siqnal verir ki, haradasa təhlükə var.

Nədən qorxuruq?

Qorxunun yaranma səbəbləri müxtəlif ola bilər, üstəlik, bəzən qorxunu yaradan konkret səbəbi fərqləndirmək belə çətindir.

Görkəmli filosof Con Lokk qorxu emosiyasına belə tərif vermişdi": Qorxu - mümkün, gələcək şər düşüncəsi ilə ruhun narahatlığıdır, həmin şər qüvvə ki, bizə hücumunu ehtimal edirik".

Belədirsə, qorxu həm də bilməməzlikdən, naməlumluqdan (ölüm də naməlum, qaranlıq hadisədir) qaynaqlanır və düşdüyümüz situasiyanı analiz etməklə, gələcəyi mümkün qədər proqnozlaşdırmaqla qorxunu boğmaq olar. Naməlumluğu belə də izah etmək olar: gündüz meşəyə düşsək, heç nədən narahat olmarıq, qaranlıqdasa həmin meşədə hər şey bizi qorxuya, vahiməyə sala bilər.

Bizi çox şeylər qorxuda bilər, onları sayıb qurtarmaq üçün bir qəzet səhifəsi belə yetməz. Tənhalıq, yadlıq, yenilik, dəyişiklik, hündürlük, ağrı və s. bizi qorxuya sala bilər.

Məsələn, ekzistensial qorxunun bu növləri var: açıq məkandan qorxmaq, qapalı məkandan qorxmaq, küçədən qorxmaq, qaranlıqdan qorxmaq, vaxtdan qorxmaq, gələcəkdən qorxmaq, başa düşülməzlikdən qorxmaq, mənasız həyatdan qorxmaq, gizli nəsnələrdən qorxmaq, yol keçməkdən qorxmaq, özünü dərk etməzlikdən qorxmaq, xəstəlikdən qorxmaq və s.

Təbii ki, bütün qorxuların əsasında ölüm qorxusu yatır.

Kimsə ölümdən qaça bilməz. Bəzi adamlar bunun qaçılmazlığını başa düşür və içində boğur, digərləri isə bununla barışa bilmir.

Hər bir insan qorxunu içində boğmağı bacarmalıdır, daim qorxu, səksəkə içində yaşamaq artıq həyat deyil.

Böyük Senekanın məşhur kəlamı var: "Yaxşı yaşamağı bacarmaq üçün yaxşı ölməyi öyrənmək lazımdır".

Vahimənin hücumu

Panika gerçək və ya gerçək olmayan, gözlənilən və ya gözlənilməyən təhlükədən qaynaqlanan neqativ çalarlı affekt halıdır. Ona bir nəfər də tutula bilər (dəhşət, vahimə, vəlvələ), çox sayda adam da (çaxnaşma, sosial vahimə). Sonuncuda panika kütləvi qorxu tutmasına çevrilir və düşüncənin onu nəzarət altına alması problemə çevrilir.

Panika xəstə üçün anlaşılmaz, motivi qaranlıq, əzablı, qəfil peyda olan, qısa sürən, qorxu tutmaları və s. xatalı simptomlarla müşayiət olunan bəladır. Çox vaxt vahimə ağır xəstəlik və ölümlə bağlı hücuma keçə, adamı basa bilir. Hesab edilir ki, panika xarici (obyektiv) səbəblərlə deyil, daxili (subyektiv) səbəblərlə bağlıdır.

Ola bilsin ki, insanın həyatında hansısa önəmli dəyişiklik, adi həyat ritminin dəyişməsi, başqa yerə köçməsi, yaxınlarının ölümü, sevdiyi adamdan ayrılması, işdə münaqişə və ya başqa bir stress halı azar üçün mənbə rolu oynaya bilər. Psixoloqlara görə, panika tez təsirlənən, həyəcanlanan, küsgün adamları daha çox hədəf ala bilir.

İlk dəfə bu azarı Ziqmund Fred XIX əsrin sonlarında qeydə alıb və "həyəcanın hücumu" adlandırıb. Sonralar psixiatrlar xəstəliyi "ürəyin nevrozu" kimi təsnif ediblər. 1980-ci ildəsə Amerika alimləri xəstəlyin qəti adını veriblər: panika.

Bir qayda olaraq ilk panika tutması adamda tam qəfildən, heç bir səbəb olmadan baş verir. Bu azar adamda ildə bir neçə dəfə də baş qaldıra bilər, gün ərzində dəfələrlə də ola bilər.

Panikanın sindromları:

- ürəyin, nəbzin tez-tez vurması

- tərləmə

- daxildə titrəmə, halsızlıq

- hava çatışmazlığı hissi

- boğulma, çətin tənəffüs

- döş qəfəsinin sol tərəfində ağrı

- öyümə

- başgicəllənməsi

- depressiya hissi

- ağılı itirmək qorxusu

- ölüm qorxusu

- ətrafların donması hissi

- yuxusuzluq

- fikrin qarışması.

Bu siyahıya qarında ağrını, sidiyin çoxalması, boğazda qəhərin artması, yerişin dəyişməsi. görmənin pisləşməsi, əl-ayağın titrəməsi və s. də daxil edilə bilər.

Panik hücum vaxt keçdikcə digər qorxuları da "yanına alır": aqorafobiya (açıq məkandan qorxu), klaustrofobiya (qapalı, sıx məkandan qorxu), sosiofobiya (kütlə qarşısına çıxmaqdan, başqalarının diqqətindən qorxu) və s. Bu ondan asılıdır ki, insan ilk vahimə basmasına harada (metroda, liftdə, kafedə, bazarda və s.) məruz qalıb.

Xoşbəxtlikdən panika tutmasından yaxa qurtarmaq mümkündür, bu işin öhdəsindən təkbaşına da gəlmək olar...
 
Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.