Cəmiyyət

Bakıda ilin ən uzun gecəsi olacaq: 14 saatdan çox - Tarix açıqlandı

17 Noyabr 2026 15:18
Baxış: 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda astronomik qış dekabrın 22-də Bakı vaxtı ilə saat 00:50-də başlayacaq. Bu tarix ilin ən uzun gecəsi və ən qısa gündüzü ilə yadda qalacaq.

Milli.Az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, qış gündönümü zamanı Cənub yarımkürəsi Günəşə maksimum dərəcədə yönəlir. Həmin vaxt Cənub qütbündə 24 saat gündüz, Şimal qütbündə isə 24 saat gecə müşahidə olunur. Bu andan etibarən Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayır.

Dekabrın 22-də Bakıda gündüzün uzunluğu 9 saat 17 dəqiqə 23 saniyə, gecənin müddəti isə 14 saat 42 dəqiqə 37 saniyə olacaq. Günəş saat 08:00-da doğacaq, 17:17-də batacaq. Günorta saatlarında Günəş üfüqdən cəmi 26,2 dərəcə hündürlükdə olacaq ki, bu da il ərzində qeydə alınan ən aşağı göstəricidir.

Qış niyə dekabrın 21-də deyil, 22-də başlayır?

Dünyanın bir çox ölkəsində qışın başlanğıcı dekabrın 21-i kimi qəbul edilir. Lakin qış gündönümü hadisəsi dünya vaxtı ilə dekabrın 21-də saat 20:50-də baş verəcək. Bakı vaxtı dünya vaxtından 4 saat irəli olduğuna görə bu hadisə Azərbaycanda gecəyarısından sonra, dekabrın 22-də qeydə alınacaq.

Astronomik qış nə vaxt başa çatacaq?

Astronomik qış 88 gün 23 saat 34 dəqiqə davam edəcək. Fəsil 2027-ci il martın 21-də saat 00:24-də yaz bərabərliyi ilə başa çatacaq.

Rəsədxananın məlumatına görə, Yerlə Günəş arasındakı orta məsafə 149 milyon 597 min 870 kilometrdir. Yer Günəş ətrafında elliptik orbit üzrə hərəkət etdiyindən bu məsafə il ərzində dəyişir.

Yerin Günəşə ən yaxın olduğu orbit nöqtəsi perihel, ən uzaq olduğu nöqtə isə afel adlanır. Yer növbəti dəfə 2027-ci il yanvarın 3-də saat 06:32-də perihel nöqtəsindən keçəcək. Həmin vaxt planetimizlə Günəş arasındakı məsafə 147 milyon 104 min 592 kilometr olacaq.

Qeyd olunub ki, Yerin orbitinin bu xüsusiyyəti Şimal yarımkürəsində fəsillərin gedişinə müəyyən qədər yumşaldıcı təsir göstərir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.