Cəmiyyət

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

23 Oktyabr 2026 11:49
Baxış: 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nağdsız ödənişlərin təşviqi istiqamətində müxtəlif tədbirlər görülsə də, bəzi ticarət və xidmət obyektlərində kartla ödəniş zamanı problemlərlə qarşılaşılır. Bəzi hallarda müştərilərə yalnız nağd ödəniş etmələri bildirilir və ya kartla ödənişə əlavə şərtlər qoyulur.

Kartla ödənişdən yayınma hansı hallarda qanun pozuntusu hesab olunur və istehlakçılar hüquqlarını necə qoruya bilərlər?

Milli.Az xəbər verir ki, vəkil Vüsalə Muradxanlı Demokrat.az-a açıqlamasında nağdsız ödənişlərin tətbiqi müasir iqtisadi münasibətlərdə şəffaflığın təmin olunması və istehlakçı hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır deyib.

"Sahibkarlıq subyektlərinin ödənişi yalnız nağd qaydada tələb etməsi, POS-terminal vasitəsilə ödəniş qəbulundan imtina etməsi və ya müştərilərə fiziki şəxslərin bank kartlarına ("kartdan-karta") köçürmə etməyi təklif etməsi qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının vergi və istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyinə əsasən, ƏDV ödəyicilərinin təsərrüfat obyektlərində, eləcə də rüb üzrə orta aylıq dövriyyəsi 2 000 manatdan artıq olan vergi ödəyicilərinin obyektlərində POS-terminalların quraşdırılması və nağdsız ödənişlərin qəbulu məcburidir".
Vəkil əlavə edib ki, pərakəndə ticarət və ictimai iaşə obyektlərində ödəniş zamanı istehlakçıya həm POS-terminal qəbzi, həm də nəzarət-kassa aparatının (NKA) çeki təqdim olunmalıdır:

"Şəxsi bank kartlarına köçürmələrin tələb edilməsi və ya "terminal işləmir" bəhanəsi ilə kartla ödənişdən imtina olunması hüquqi məsuliyyətə səbəb ola bilər. Hüquqları pozulan istehlakçılar belə hallarla qarşılaşdıqda hadisənin baş verdiyi yerin ünvanını, tarixini və saatını qeydə almalı, ödənişdən imtinanı təsdiqləyən yazışmaları və digər qanuni sübutları saxlamalıdırlar. Daha sonra faktla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi şikayət ünvanlaya bilərlər".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.