Cəmiyyət

Bir teleqram Azərbaycanın elm tarixini dəyişdi

24 İyul 2026 13:27
Baxış: 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bir alim düşünün. Ölkəsinin iqlimini, relyefini araşdırır. Bəzən bir əraziyə gedib oranı qarış-qarış gəzir, yüksəklikləri tək-tək nəzərdən keçirir. Nəhayət, axtardığını tapır. İdeal yer seçilir. Onun bir amalı var: ölkəsində regionun ən mühüm elm mərkəzlərindən birini yaratmaq. Bu işə razılıq almaq üçün, bəlkə, onlarla, yüzlərlə məktub yazmışdı.

Və 1959-cu il. Bir teleqram Azərbaycanın elm tarixini dəyişir. Almaniyadan sifariş olunan diametri 2 metr olan nəhəng teleskop Moskvaya çatmışdı. Bəli, o şəxs ölkəmizin elm tarixində silinməz iz qoyan Yusif Məmmədəliyev idi.

Moskvada başlayıb, Şamaxıda bitən tarix

Teleskop gəlməyinə gəlmişdi, amma düşmən də pusquda gözləyirdi. Sanki yeni teleskopun iyini almışdılar. Eşidər-eşitməz Ermənistan Elmlər Akademiyasının o vaxtkı rəhbərlərinin göz bəbəkləri böyümüş, iştahaları qabarmışdı. Yeni teleskopu Byurakan Rəsədxanasına aparıb, Şamaxıya isə oradakı köhnəni sırımaq üçün SSRİ rəhbərlərinin qapılarında gecələyirdilər. Lakin SSRİ Elmlər Akademiyasının prezidenti Aleksandr Nesmeyanovun Yusif Məmmədəliyevə böyük rəğbəti bütün naqis planları pozdu. 3 gün sonra teleskop artıq Bakıda idi.

İşlər sürətləndirilir, vaxt itirilmədən 2 metrlik teleskop Pirqulu yüksəkliyindəki məbədinə yerləşdirilir. Bu gün Şamaxı Astrofizika Rəsədxanasının simvoluna çevrilən həmin teleskop altmış ildən çoxdur ki, Azərbaycan elminə xidmət edir. 

Yaydır, yolunuzu Şamaxıya salırsınızsa, buranı mütləq ziyarət edin! Baxın, diqqətlə baxın! Bir elm fədaisinin qurub yaratdığı bu əzəmətə baxın! Amma gözlərinizlə deyil, qəlbinizlə, milli kimliyinizlə baxın! Görün ki, elə çətin bir dövrdə aparılan mübarizə necə bəhər verib.

Hamı yatır, onlar səmanı izləyir

İlk baxışdan bura sakit görünür, amma gecələri oyaqdır... Hamı yatanda alimlər o teleskopların arxasına keçib milyonlarla işıq ili uzaqlıqdakı ulduzları, qalaktikaları və Günəşi müşahidə edirlər. 

Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Səbahəddin Alışovla bu haqda bir az söhbətləşdik. Deyir ki, yay aylarında ziyarətçilər gəlsə də, burada əsas fəaliyyət elmi-tədqiqatlardır. Qış aylarında isə turist, demək olar ki, olmur. Burada çalışan yüzə yaxın elmi işçinin hərəsinin öz tədqiqat istiqaməti var. Kimisi Günəşi araşdırır, kimisi ulduzların təkamülünü öyrənir... Ən geniş tədqiqat istiqaməti ulduz fizikasıdır. Rəsədxananın üç şöbəsi sırf bu sahə üzrə araşdırmalar aparır.

Alimlərin əldə etdiyi nəticələr təkcə rəsədxananın jurnalında deyil, dünyanın nüfuzlu elmi nəşrlərində də dərc olunur.
Hazırda Şamaxı Astrofizika Rəsədxanasında 6 teleskop var. Onlardan ikisi Günəşi, dördü isə digər səma cisimlərini müşahidə etmək üçündür. Bu isə sözünü etdiyimiz diametri 2 metr olan teleskopun uzun illər istifadə olunmuş idarəetmə pultudur. 2008-2012-ci illərdə aparılan geniş modernizasiya işlərindən sonra isə bütün idarəetmə sistemi kompüterləşdirilib. Texnologiya dəyişsə də, teleskop hələ də öz aktuallığını qoruyur.

Milyonlarla kilometr yol qət edən daşlar...

Rəsədxanada maraq doğuran guşələrdən biri də meteorit kolleksiyasıdır. Burada Azərbaycan ərazisində müxtəlif illərdə düşmüş meteoritlər, eləcə də vulkanik mənşəli daşlar nümayiş etdirilir. Hər daşın arxasında milyonlarla kilometrlik kosmik səyahət dayanır. Buna baxanda sanki kainatı əlinin içində hiss edirsən...

İşıq da işığa kölgə salarmış...

Astronomlar üçün ən dəyərli şey gecənin zülmət qaranlığıdır. Sovet dövründə bunun üçün ciddi qaydalar tətbiq olunurdu. Rəsədxananın ətrafında beş kilometr radiusda heç bir süni işıq mənbəyinin yaradılmasına icazə verilmirdi. Məqsəd teleskopların müşahidələrinə mane ola biləcək işıq çirklənməsinin qarşısını almaq idi. Lakin sonrakı illərdə bu qaydalara tam əməl olunmadı. Yeni tikililərin işıqları elmin işığına kölgə salmağa başladı.

İşıq da işığa kölgə salarmış. Qəribədir, deyilmi? Buna baxmayaraq, rəsədxana yenilənir, sistemlər təkmilləşdirilir. Əvvəl Dəmirçi kəndi yaxınlığındakı Mıxtökən dağında, sonra isə Kəlbəcərdə yeni teleskop quraşdırılması müzakirə olundu. Hələlik bu planların reallaşması yaxın görünmür. Ancaq alimlər deyirlər ki, hər tədqiqat üçün böyük teleskopa gərək də yoxdur. Elmi istiqamətdən asılı olaraq daha kiçik teleskoplarla da mühüm nəticələr əldə etmək mümkündür.

Şamaxı Astrofizika Rəsədxanasından ayrılarkən bir məqam adamı düşündürür. Burada çalışan insanlar hər gecə göyə baxırlar. Məqsədləri ulduzların gözəlliyini seyr etmək yox, kainatın sirlərinə bələd olmaqdır. Bəlkə də, buna görə rəsədxananın ən qiymətli sərvəti teleskoplar yox, dünən və bu gün onların arxasında dayanan insanlardır - başlarını dik tutan adamlar.

Əgər bu yay yolunuz Şamaxıya düşsə, yalnız təbiəti gəzməklə kifayətlənməyin. Bir vaxtlar böyük mübarizə hesabına Azərbaycana gətirilən teleskopun qarşısında dayanıb düşünün ki, bir insanın vaxtında verdiyi qərar onilliklər boyu bir ölkənin elminə necə işıq salır.

Bu gün o işıq Şamaxı dağlarını aşaraq ulduzlara uzanır.

Çingiz Səfərli

Azərbaycan müəllimi qəzeti

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.