Cəmiyyət

Başımızın əsrlərlə yaşı olan bəlası - qaymorit

18 Avqust 2012 12:55
119 Şərh     Baxış: 146 214
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Sağalırıq və üstündən bir müddət keçəndən sonra ya vəlvələdən, ya zəlzələdən yenə tumov bizi tutur, yenə də burnumuz axır...

Fikir vermirik ki, banal zökəm niyə birdən sürəkli xarakter almağa başlayır - nəfəs almaq çətinləşir, güclü baş ağrıları başlayır, vic-vicə, titrəmə bədənimizin "qonağı" olur.

Ən çox da baş ağrısı adamı hövsələdən çıxarır. Ağrılar bəzən o həddə çatır ki, ağrıkəsici dərmanlardan bir əlac olmur, çarə qalır təbibə, daha dəqiqi - həkim-otolarinqoloqa.

Təbii ki, həkim bizi rentgenə göndərir və oradan gətirdiyimiz başımızın neqativdəki şəklinə baxıb qəfil və qanqaraldıcı diaqnoz qoyur: qaymorit!

Bu azarın əsrlərlə yaşı olsa da, adı 4 yüz il əvvəl qoyulub - XVII əsrdə həkim Qaymor (Haymor) ilk dəfə bu xəstələyin simptomlarını qeydə alıb və burundaxili əlavə boşluqlara öz adını qoyub: qaymor boşluğu.

Qaymorit nədir?

Burnun daxili quruluşunu iki balaca mağaracıq kimi təsəvvür etmək olar, qaymor boşluğu (burnun əlavə boşluğu) isə onun "son məntəqəsidir" - burun deşiklərini daxili səthdə birləşdirir. Burada xüsusi epiteliya var, o, orqanın bayır boşluğa axan seliyi təmizləmək funksiyasını yerinə yetirir.

Burun dəlikləri o qədər dolanbac, əyri-üyrü və onların arası o qədər kiçikdir ki, deşiklərin işinin azacıq pozulması arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Beləcə, zökəm burundaxili səthdə hiperemiyaya (damarların qanla dolması, şişməsi) səbəb olur və selikli qişanın öz əsas təmizləmə funksiyasını yerinə yetirməsi çətinləşir. Və xoşagəlməz proses başlayır: Sekret (vəzi hüceyrələrinin hazırladığı şirə) yerindən tərpənə bilmir - bayıra çıxa bilmir, çünki keçid bağlıdır və o, qaymor boşluqlarında toplanmağa başlayır. Daha çox iki boşluqdan birində toplanır ki, bu da iltihaba səbəb olur.

Xəstəlik başlayanda onun simptomları özünü üşütmədə, temperaturun qalxmasında və halsızlıqda göstərir. İlk növbədə göz toxumaları reaksiya verir - göz qapağı şişməyə başlayır və qızarır.

İrinləmə prosesi qaymor boşluğu divarlarını dağıda və sümük toxumalarına keçə, üst çənə sümüyündə iltihab başlaya (osteomielit) bilər. Qaymoritin vaxtında müalicə olunmamasının ən ciddi fəsadı isə meningit - beyin qişasının iltihabıdır...

Fəsadları

Qaymorit müxtəlif cür olur. Lakin onun adətən iki növü fərqləndirilir: kəskin və xroniki.

Kəskin forma xəstəlik zamanı xronikiyə keçməyə də bilər. Bu, müəlicənin düzgün aparılmasından və onu doğuran faktorların aradan qaldırılmasından asılıdır - həmin amillərin ki, xəstəliyin simptomlarının təkrar baş qaldırması üçün münbit zəmin yaradır.

Risk faktorları:

Burunun nəfəs almanı pozan quruluşu - burun çəpərinin əyriliyi, vazomotor (qan damarlarını daraldıb-genəldən əsəblər) rinit (adi zökəmdə olur), hipertrofik rinit (burun seyvanının böyüməsi), uşaqlarda - adenoidlər, burunun allergik xəstəliyi.

İmmunitetin pozulması sürəkli xroniki xəstəliyə səbəb olur, parazitozlar (bağırsaq qurdu, askaridlər, parazit qurdlarının başqa növləri), allergiya.

Adi soyuqdəymənin, rinitin vaxtında və düzgün olmayan müalicəsi qaymoritin baş qaldırması üçün münbit zəmin yaradır.

Bakteriyalar. Məsələn bakterioloji yaxma (mazka) götürərkən qızılı staflikokkun üzə çıxması. Normal immunitetdə onun burun sahibinə ziyanı yoxdur, lakin immunitet laxlayanda stafilokokk xəstəliklərin inkişafı üçün start verir.

Burunun anatomik quruluşunun inkişafında doğuşdan olan pozuntular.

Dişlərin vaxtında müalicə edilməməsi.

Müalicə

Qaymoritin müalicə vasitələri bu gün yetərincədir. Bunun müxtəlif yolları var, ən əsası - yaxşı həkimin əlinə düşməkdir.

Müalicə yolları:

- Dərmanlarla ənənəvi (konservativ) müalicə. Bu yolla həkimlər preparatların köməyi ilə iltihab prosesinin qarşısını almağa çalışırlar.

- Radikal metod. Bu vasitə ilə qaymor boşluğu deşilir. Boşluqlar furasilin və digər antiseptik məhlullarla yuyulur və boşluğa dərman preparatları yeridilir.

- Homeopatik preparatların qəbulu yolu ilə müalicə. Mütəxəssislər bu variantı yalnız köməkçi vasitə kimi dəyərləndirirlər.

- Xalq təbabəti. Müalicəvi təsirə malik bitkilərlə qaymorit boşluğunun yolunu açmaq.

Hələlik müasir tibb elimində radikal yol - qaymorit boşluqlarını deşmək əsas metod olaraq qalır. Bu yolun həm "lehinə", həm də "əleyhinə" bir yığın mövqe var. Belə ki, bu prosedur çox da xoşagələn deyil və belə fikir var ki, qaymor boşluğunun deşilməsinə (punksiya) bir dəfə qərar versən, bu, xroniki olacaq - müntəzəm şəkildə, az qala hər il davam etdiriləcək.

Lakin həkim-otolarinqoloqlar, xüsusən də lor-cərrahlar bu mövqeni bölüşmürlər. Hesab edilir ki, qaymoritin residivi (təkrar baş qaldırması) başqa səbəblərlə bağlıdır. İlk səbəbsə əvvəlki müalicədə qaymoritin tam sağaldılmaması ilə bağlıdır. Yəni qaymor boşluğunda yaranmış irinli kütlə sonadək təmizlənməyib. Lor-cərrahlar bildirirlər ki, qaymor boşluğundan irini çıxarmaq və yumaq üçün oraya antibiotiklər, iltihaba qarşı preparatlar yerləşdirmək üçün deşilmə qaçılmazdır. Bu prosedur xoşagələn olmasa da, effekti çox yüksəkdir.

Hazırda burun boşluğu deşildikdən sonra orada xüsusi borucuqlar - katetrlər qoyulur və onların vasitəsilə burun boşluğu hər gün təmizlənir.

Katetrlə gəzmək də olar. Məsələn, Finlandiya paytaxtında keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatında qadınların yarışında Rusiya təmsilçisi burnunda katetrlə çıxış edirdi. Azərbaycanda kabel televiziyası ilə yayımlanan Rusiyanın "NTV+" telekanalının idman şərhçisinin dediyinə görə, qaymoritdən əziyyət çəkən idmançının burun boşluğu yarışdan bir gün əvvəl deşilibmiş...

Konservativ müalicə isə dərman preparatlarının köməyi ilə aparılır. Xəstənin temperaturu 38 dərəcəni keçdikdə adətən qızdırmanı düşürən və ağrıkəsən dərmanlar yazılır. Sərt ağrılarda, burnun durmadan axmasında sulvanilamidlər təyin edilir. Lakin antibiotiklərlə ehtiyatlı olmaq lazımdır: bir xəstəyə yararlı olan dərman başqasına düşməyə bilər.

Yuxarı çənədəki boşluğun iltihabının müalicəsində fiziki prosedurlar - göy işıq, sollyuks (işıqla müalicə cihazı) da tətbiq edilir. Xəstəliyin ilk günlərində sollyuksla müalicə müddəti 10-15 dəqiqə olmaqla sutkada bir neçə dəfə təkrarlanır.

Xəbərdarlıq: qaymoriti özünüz təkbaşına müalicə etməyə çalışmayın.

Azarın simptomları

Burun boşluğunda, alında, dişlərdə, gicgahlarda ağrılar, baş ağrısı;

Burunla nəfəs çətinləşir;

Burundan adətən birtərəfli ifraz, əvvəlcə maye, sonra qatı və irinli;

İybilmə hissinin zəifləməsi.

Qaymor sinusu

Qaymorit - burnun əlavə boşluqlarının iltihabıdır. Buna bəzən yuxarı çənənin boşluqları da deyilir. Burun səthinə çıxdıqda birləşən bu boşluqlar kiçik sağ və sol mağaracıqlardan ibarətdir.

Qaymor boşluğu qaymor sinusu da adlanır. Bəzən həkimlər diaqnozu belə qoyurlar: yuxarı çənənin sinusiti. Bu terminlər arasında prinsipial fərq yoxdur.

"Ekspress"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.