Azərbaycan Tikinti Assosiasiyasının təşkilatçılığı ilə Assosiasiyanın üzv şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyətinin Belarus Respublikasına, qarşı tərəfin dəvəti əsasında, əməkdaşlıq niyyətli işgüzar səfəri həyata keçirilmişdir.
Milli.Az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ATİA İdarə Heyətinin sədri Ramiz İsayevin başçılığı ilə, Assosiasiyanın rəhbər heyəti və üzv şirkətlər - "Crystal Group of Companies" ASC, "Unimetal" MMC, "Fəxrəddin-K" MMC, "İzo Fasad" MMC və digər korporativ üzvlərdən ibarət heyətlə Belarus Respublikasının aidiyyəti dövlət qurumları, peşəkar birlikləri, layihə və ekspertiza institutları, eləcə də tikinti sektoru nümayəndələri ilə bir sıra məhsuldar görüşlər keçirmişdir. Görüşlər zamanı tikinti sənayesinin inkişafı, şəhərsalma, layihələndirmə, ekspertiza fəaliyyəti, istehsal imkanları, innovativ texnologiyalar və institusional əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılmışdır.
Səfərin əsas hissəsi Belarus Memarlıq və Tikinti Nazirliyinin naziri Aleksandr Studnevin qəbulunda keçirilmiş rəsmi görüş olmuşdur.
Nazir Azərbaycanla tikinti sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb və iki ölkə rəhbərləri arasında formalaşan etibarlı tərəfdaşlığın əməkdaşlığa güclü təkan verdiyini qeyd edib. Görüşün nəticəsi olaraq Belarus Respublikası İnşaatçılar İttifaqı ilə Azərbaycan Tikinti Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum memarlıq və tikinti sahəsində sistemli əməkdaşlığı və irimiqyaslı birgə layihələr üçün hüquqi bazanı təmin edir.
Bundan sonra nümayəndə heyəti Belarus Tikinti İttifaqının ofisində B2B formatında görüşlərdə iştirak edib, "Belstroytsentr", Baş Dövlət Tikinti Ekspertizası, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu və "Belqosproekt" ilə müzakirələr aparıb. Bu görüşlərdə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi, peşəkar əlaqələrin genişləndirilməsi və gələcək birgə təşəbbüslərin formalaşdırılması məsələləri diqqət mərkəzində olmuşdur.
Azərbaycan Tikinti Assosiasiyası hesab edir ki, belə səfərlər beynəlxalq işgüzar tərəfdaşlığın inkişafı, sektorlararası əlaqələrin gücləndirilməsi və milli tikinti sektorunun qabaqcıl beynəlxalq təcrübə ilə daha sıx inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Milli.Az





