Sumqayıt sakinləri uzun illərdir kanalizasiya sisteminin olmamasından narazıdırlar.
Milli.Az xəbər verir ki, müraciət edən yerli əhalinin sözlərinə görə, Sumqayıt şəhəri Saray Bağları, Qurd Dərəsi massivi və Ruhulla Axundov küçəsində 10-15 ildir ki, kanalizasiya sistemi olmadan yaşayırlar.
Onlar qeyd edir ki, hər il müvafiq qurumlara müraciət etsələr də, nəticəsiz qalır. Hətta zaman-zaman quraşdırmaq üçün əraziyə borular gətirilir, lakin nə hikmətdirsə, gecənin bir yarısı onları aparırlar, bir müddət sonra yenidən gətirirlər. Kanalizasiya sisteminin olmaması nəticəsində isə evlərin çirkab suları küçələrə axır, pis qoxu və antisanitariya yaranır. Xüsusən yağış yağanda vəziyyət daha da acınacaqlı hala düşür.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, mərkəzləşmiş tullantı su şəbəkəsi olmayan ərazilərdə, qeyd olunan ünvan da daxil olmaqla ADSEA-nın sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb:
"Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərdə ətrafda xoşagəlməz qoxu və mənzərə yaratmamaq üçün həmçinin mövcud su hövzələrini çirkləndirməmək məqsədilə tövsiyə edilir ki, şəbəkənin qurulacağı müddətə qədər hər bir həyətyanı sahədə fərdi "şambo" və ya septik quyulardan istifadə edilsin".
Layihənin nə zamana yekunlaşacağı ilə bağlı isə onu bildirdilər ki, "hazırda bu barədə tam dəqiq fikir demək mümkün deyil, çünki tikinti quruculuq işləri mərhələli şəkildə aparılır"./ lent.az
Milli.Az