Cəmiyyət

ZAMANIN ƏLƏYİ - Rafael Hüseynov yazır

22 May 2025 09:50
Baxış: 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Akademik Rafael Hüseynovun 525-ci qəzetdə məqaləsi dərc edilib.

Milli.Az məqaləni təqdim edir:

Rafael HÜSEYNOV
Akademik

Sirrin cazibəsi var. İnsanlar tarix boyu sirrə mail olub - həm nələrisə gizlətməyə, sirr pərdəsinə bürüməyə çalışıb, həm də mübhəm olanları bilməyə, sirlərə vaqif olmağa çalışıb. Dünyanın hər yerində xüsusi xidmətlər elə sirr yuvası kimi yaranıb, orada çalışanlar da tutduğu vəzifəyə uyğun olaraq irili-xırdalı sirr dağarcıqlarına çevriliblər. Ancaq bir var cari, gündəlik xırda-para sirlər, bir də var millətin, yurdun tarixinə aid olan gizlinlər.

Podpolkovnik Məmmədhüseyn Əsədov hətta təqaüdə çıxıb "İnturist"də işlər müdirinin müavini vəzifəsini tutanda da işi əsasən əcnəbilərlə bağlı olduğundan gündəlik fəaliyyətlərində sirlər çoxdu. Ancaq belə keçəri sirləri bilib-bilməməyin bu gün bizlərçün isti-soyuğu yoxdur. Di gəl, bu çekistin 1920-30-40-cı illərdəki açıq və gizli işlərinin əksəri birbaşa Yeni və Başqa Azərbaycan quruculuğu, həm də yalnız ərazi üzərində deyil, insanların düşüncəsində, həyata baxışlarında, yaşam fəlsəfələrində köklü dəyişmələrin gerçəkləşdiyi çağlara aiddir. Odur ki, həmin dövrə aid xüsusi xidmətlərin arxivlərində qalanların və orada çalışmışların yaddaşında olmuşlardan nələrinsə bugünə və sabaha çatdırılması vacibdir. Çünki bunlar müasir tariximizin tikələri, qəlpələridir ki, bir silsilə o qəbil hadisələrin üstündən pərdələr çəkilmədikcə biz dünənimizi gərəyincə tanımaqda, bilməkdə aciz qalarıq.

İyirminci yüzilin sevimli ekran hadisələrindən olan "Baharın 17 anı" filminin təzə çıxdığı vaxtlar idi və o sevilən kino məşhurlaşdıqca ətrafında xeyli lətifə də yaranırdı. Həmin anekdotlardan biri də bu idi ki, ştandartenfürer Ştirlis mənzilində təkdir, pəncərədən küçəni ehtiyatla seyr edərək onu kimsənin güdmədiyindən arxayın olandan sonra qalın pərdəni çəkir və ürəyində deyir, hə, indi fikirləşmək olar.

Konspirasiyanın bu, ifrat həddi olmasa da, Taleyranın söylədiyi kimi, bu qəbil insanlara dil danışmaqdan daha çox fikirləri gizlətməkçün verilir.

Məmmədhüseyn Əsədov da artıq yaşlı vaxtlarında evdə, doğmalar arasında qırıq-qırıq xırda xatirələrini bölüşsə də, beyninin adətkərdə olduğu vərdişlə söylədiklərini dilə gətirməzdən əvvəl içərisində redaktə edirmiş. Odur ki, onun çekist həyatının başvermişləri haqda öz doğmaca balalarının da məlumatı yoxdur. Ancaq qızı Zemfira xanım yada salır ki, atası ömrün son parçasında çox vaxt əli qələmli olarmış, bir ucdan nəsə yazarmış.

Məmmədhüseyn Əsədovun öz səliqəli xətti ilə qələmə aldığı tikə-para xatirələrini oxuyuram və düşünürəm ki, görün onun həmkarı olan nə qədər çekist özü ilə nə qədər xatirələr aparıb. Axı onlara yazmaqdan, danışmaqdan daha çox susmaq öyrədilirdi (Hərçənd elə dəqiq, az sözlə və aydın xətlə daha çox informasiyanı çatdıra bilmək də onlara aşılanan peşəkar keyfiyyətlərdən idi). Məmmədhüseyn Əsədovun da xatirələri yalnız ayrı-ayrı fraqmentlərdir.

Yaşı altmışı keçəndən, yetmişə yaxınlaşandan sonra, görünür, Əsədov hansı tarixin axarında olmuş olduğunun məsuliyyətini dərk edərək qələmə aldıqlarını xatirədən daha çox gələcəyə hesabat, daha rəislərinə deyil, sabahdakılara təqdim olunası arayışlar kimi hazırlayırmış. O, daxili bir zərurət hiss edibmiş ki, keçmişdə olanları kağıza köçürmək lazımdır və bunlar haçansa gərək ola bilər. Onları heç kimə göstərmədən yazırmış və bir neçə dəftər doldurubmuş. O bir neçə dəftərin olması da Zemfira xanımın sözüdür. Lakin təəssüflər olsun ki, həmin dəftərlər itə-bata düşüb. Zemfira xanım bunu da danışır ki, bir evdən o biri evə köçəndə qarışıqlıqda çox şeylər itdi. Atamın da bir çox yazıları, ondan yadigar qalan ayrı-ayrı əşyalar, şəkillər həmin köçhaköç əsnasında itib batdı və üstündən xeyli müddət keçəndən sonra onları tapmaq istəsək də, təəssüf ki, əlimiz boşa çıxdı. Amma hər halda, yəqin ki, o dəftərlərə daha səliqəli köçürməkdən ötrü əvvəlcə ayrı-ayrı vərəqlərdə etdiyi qeydlər, təkəm-seyrək xatirə qırıqları qalmaqdadır.

Və onlar da bir tərəfdən Məmmədhüseyn Əsədovun özünün ömür yolunu - "çekist" və insan portretini daha dəqiq təsvir etməyə imkan verirsə, digər tərəfdən, bu səhifələr Azərbaycanın sovet onilləri içərisində qət etdiyi yoldur: 1920-ci, 30-cu, 40-cı 50-ci illər, enişlər, yoxuşlar, bəslənən ümidlər, qırılan inamlar, könül dolusu sevinclər, böyük uğurlar və xəyal qırıqlıqları.

Bunların heç biri sadə onillər olmayıb. Biz o illəri görməmişik. Amma ata-analarımız, babalarımız həmin tarixi yaşayıblar. Bütün ruh yüsəklikləri, bütün sarsıntılarıyla, bütün çin çıxan və puç olan diləkləriylə həmin tarix onların həyatından keçib. Onların varlığında qalıb, onları düşündürüb, narahat edib, həmin dövrün insanlarına həm mütiliyi, həm daxildən barışmazlığı aşılayıb.

Əsədovun xatirələrinin ayrı-ayrı parçalarının dərininə nüfuz etdikcə bunu da duyuram ki, üstündən xeyli zaman keçəndən sonra həmin günləri xatırlayarkən özünü - dünənin içərisindəki o cavan, çılğın, hər mübarizəyə hazır Məmmədhüseyni xəyal aynasında canlandıran ixtiyar çekist o vaxt etdiklərindən nələrə görəsə əsla peşman deyil. Gənckən gördüyü işlərin vətən üçün böyük faydalar verəcəyini sadəcə zənn etmirmiş, buna qəlbən inanırmış, əmin olduğu üçün də o cür fədakarlıqla mübarizə aparırmış.

Tarixə qiymət verərkən bugünün isti və rahat bir bucağında əyləşərək həndir-hamar dövranlarda qopmuş təlatümləri indiki başımızla dəyərləndirməyə səy etsək, həmişə gələcəyimiz nəticələr də, çıxaracağımız qənaətlər də yanlış olacaq. Tarixi olduğu kimi qavramaq müzakirəsiz şərtdir. Zaman necə yaşanıbsa, necə keçibsə, o cür də donub qalıb. Dünən inandığı bir ideal uğrunda mübarizə aparmış soydaşımızı bu gün düşmən elan etmək heç də rəva deyil. Bəlkə onlara indi hərdən-hərdən yanlış olaraq bəslənən o cür münasibət elə tarixin həmin adamlardam aldığı qisasdır. Axı bir zamanlar onlar özləri də o cür hərəkət etmişdilər.

Azərbaycanın üzünə çox qapılar bağlamağa hazır olan çətin dövrdə Cümhuriyyətimizi yoxdan var etmiş, millətə istiqlal bəxş etmiş qurucu babaları az sonra devirərək hakimiyyətə gələn bolşeviklərin əksəri elə onlar kimi türk oğlu türkdülər, bu millətin övladları idilər, ancaq öz qan qardaşlarına əks məfkurələr səbəbindən ən qatı düşmən gözü ilə baxdılar. Sonrakı onillərdə də onların adlarını daim qara dəftərlərində saxladılar, onları guya bu xalqı uçuruma aparmışlar kimi ləkələdilər.

Amma zamanın təkəri girdədir. Hərləndi-fırlandı, gün gəldi ki, yerlər dəyişdi, enmişlər qalxdı, qalxaraq uzun müddət ucalarda qərar tutmuşlar çökdü və indi ittiham edənlərin özlərini ittiham etməyə başladılar. Cümhuriyyətin şanlı yolu haqqında yazanlar, düşünənlər dünənki bolşevikləri, vaxtilə cümhuriyyətçilərə qarşı mübarizə aparmışları millətə yağı çıxmış satqınlar, zatına dönük olan xainlər kimi qələmə verdilər.

Həqiqətdəsə həm Cümhuriyyətimizi qurmuş seçkin şəxsiyyətlər - o sədaqətli, o yenilməz vətənpərvərlər, o nadir millət yavruları, həm də daha sonrakı onillərdə Azərbaycan quruculuğu uğrunda çalışmış, Sovet Azərbaycanını daha qüdrətli, daha güclü, insanlarımızı daha bilgin, daha zövqlü, daha firavan etmək yolunda səy göstərmiş xadimlər öz çalışmalarında səmimi idilər.

Məslək yolunda tərəddüd etmədən ölümə getməyə hazır olan o insanlar ideallara inanmışdılar və inandıqlarına görə, doğrunun məhz bu olduğuna iman gətirdikləri üçün, qəlbən bağlandıqları yola etibarlılığı səbəbindən heç kəsi nəinki qınamaq, heç günahlandırmaq da olmaz.

Səhvləri olubsa da, onları tarix və millətin ruhu bağışlasın, elə işlərə qarışmaq bizim səlahiyyətimizdən kənardır.

Məmmədhüseyn Əsədovun xatirələrindən 26 Bakı komissarı da keçir. 26 Bakı komissarı onun nəzərində qəhrəmandır.

Elə biz də eləydik. Gəncliyi, yeniyetməliyi sovet onillərinə təsadüf etmiş insanların nəzərində də vaxtilə 26 Bakı komissarı vətən uğrunda, azadlığımız naminə mübarizə aparmış insanlar kimi təqdim edilirdi. Dərsliklərdə fəxrlə "Mənim babam olmuş 26-lar" deyən Səməd Vurğunun şeirini oxuyurduq, vaxtilə - 1935-ci ildə bu sətirləri yazanda onun inandığı kimi, həmin misralara biz də inanırdıq:

Yox, yox, tarix boyu siz parladınız,

Qalın kitablarda durur adınız.

Yaşadır ayılmış bu insanlığı,

Biz sizdən öyrəndik qəhrəmanlığı!..

Kim 1980-ci illərin sonlarında Bakıda Azadlıq meydanını coşub-daşan hürriyyət eşqi ilə dolduran Xəlil Rzanın o səmimiyyətinə şübhə edər?! Amma 1954-cü ildə o, iyirmialtılara poema həsr etmişdi və "Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir" misraları ilə başlanan parçanı məktəbdə oxuyarkən əzbərləyib həvəslə söylədiyim mənim də, mənim kimi minlərlə başqasının da xatirindədir.

26 Bakı komissarı abidəsinə yeni ailə quranların ziyarətə getməsi də bir adətə döndərilmişdi.

Dövrün, siyasətin hipnozu hərdən elə qüvvətli olur ki, həmin təsirə düşməyə bilmirsən, yuxu içərisində qalmış kimi olursan.

Dövran dəyişdi, tarixin qapalı səhifələrini aça bildik və 26-lar qəziyyəsinin də iç üzündən hali olduq. Bu gün biz 26-ları da sovet imperiyasının Azərbaycana qarşı apardığı məkrli siyasətin icraçıları sırasında qavrayırıq. Onu da görürük ki, Bakıda meydan sulamış bu komissarlar əslində sovet rejiminin ideoloji sifarişini yerinə yetirməklə məşğul olmuşdular və təpədən-dırnağa Azərbaycana zidd mövqedə idilər. Gün dəyişdi, Stepan Şaumyanın əsl siması haqqında çox gerçəklər də aşkara çıxdı, onun Azərbaycanın və azərbaycanlıların qanına susamış qüvvələrin təmsilçisi və vampir icraçısı olduğu da müəyyənləşdi.

Digərləri də elə həmin qəbildən. Ancaq onların arasında Məşədi Əzizbəyov da vardı axı, ona da abidə ucaltmışdıq, adını, xatirəsini yüz yerdə əbədiləşdirmişdik, onunla da iftixar edirdik. Lakin Məşədi Əzizbəyovu da bu gün elə o köhnə quruluşun əsgəri olub deyə düşmənlər sırasına qatmaq əsla düz deyil. Eyni şəkildə Nərimanova qiymətvermədə biz daha ehtiyatla yanaşmalıyıq.

Bolşevik, sovet varlığının fərqli onillərində, kükrəyən selə qoşulub gedərkən o axının içərisindəki tək-tək azərbaycanlılar hər halda öz milli simalarını qorumağa çalışmışdılar, dar macalda Azərbaycan naminə iş görməyə can atmışdılar. Lenin olanda nə olar. Düz söyləmişdi ki, insanlara onların edə bilmədiklərinə görə deyil, etdiklərinə görə qiymət vermək lazımdır.

Məmmədhüseyn Əsədov çekist idi. Bu peşəni sevərək seçmişdi, ideallarının ardınca gedərək bu sahədə çalışmağa qərar vermişdi. Gənc bir insandı və o da, sonrakı bir çox nəsillərin adamları kimi, 26 Bakı komissarını elə qəhrəmanlar kimi, şəhidlər kimi qavrayırdı.

Və onları qətlə yetirmiş insanların cinayətkar olduğuna şübhəsi yoxdu, cinayətkar dəstənin tapılması, aşkarlanması yolunda çalışırdı.

Odur ki, bu insanların xatirələrində tarixin müəyyən nöqtələrdə onların inandığı şəkildə görünməsi təbiidir. Biz olmuşları onların təqdim etdiyi rakursdan da seyr edək, bunun üstünə sonrakı bilgilərimizi də artıraq.

Ancaq istənilən halda belə xatirələr tarix haqqında bir çox gerçəklərin üzə çıxmasına da meydan açır. Azərbaycan qaçaq hərəkatı haqqında da bu gün bizim düşüncələrimiz tam fərqlidir. O qaçaq hərəkatının siyasi qanadını biz Azərbaycan istiqlalı uğrunda mübarizə aparmış insanlar kimi qəbul edirik və həqiqətən də, belədir. Onlardan neçəsi 1930-cu illərin əvvəllərində mühacirət etməyə vadar qaldı. Ancaq vətəndən kənarlarda da o istiqlal ideyasının yaşaması yolunda son nəfəslərinə qədər bacardıqlarını etdilər. Ancaq Məmmədhüseyn Əsədov kimi ideoloji cəbhədə çalışanların gözündə, hətta o dövrdə ədəbi sahədə fəaliyyət göstərənlərin baxışınca, belələri bizə, cəmiyyətimizə yad ünsürlərdi. O çağlar mütləq əksəriyyət onları başlanmış yeni quruculuq xəttinə qarşı duran, aparılan təzə siyasətə zidd gedən və bu xətti dağıtmağa cəhd edən, demək, pozuculuqla məşğul olan ünsürlər kimi qavrayırdı.

Bütün keçmiş və indiki qiymətvermələri bir kənara qoyaraq, sadəcə, tarixi zənciri bütün halqaları ilə ardıcıllıqla əvvəldən-sona seyr etmək vacibdir. Həm də dövrün adamlarının əlyazmalarının, doğruçu xatirələrinin və gerçək şahidlərin yazdıqları, söylədikləri əsasında. Vaxtilə söylənmişləri və yazılmışları, yaxın məsafədən zikr edilən tarix hekayətlərini təhlil etmək, doğru-düzü sonradan aşkarlanan həqiqətlərlə tutuşdurub son qiyməti vermək gələcəkdəkilərin işidir.

Biz boynumuza düşəni edək, itib-batmaq ehtimalı olanları xilas edib sabaha ötürək.

Məmmədhüseyn Əsədovun xatirələri belə başlanırdı: "Mən indi təqaüdçüyəm, ancaq işləməkdə davam eləyirəm. Mənim bütün həyatım əməkdə və öz vətənimə xidmətdə keçib".

"Öz vətənimə xidmətdə" yazanda, əlbəttə ki, o, yalnız Azərbaycanı nəzərdə tutmurdu. Sovet dönəmində insanları "vətən" deyərkən SSRİ-ni ağla gətirməyə alışdırmışdılar.

Əsədov belə davam edirdi: "İndi mənim 65 yaşım var, ancaq özümü gümrah hiss edirəm. VÇK və KQB (Ümumittifaq Fövqəladə Komissiyası - ÜFK və Dövlət Təhlükəsizlik Komitəsi - DTK - R.H.) orqanlarında 1920-ci ilin iyulundan işləməyə başlamışam. Əvvəlcə mən Krasnovodsk stansiyasında Fövqəladə Komissiyanın Dəmiryol bölməsində müvəkkil köməkçisi vəzifəsində çalışırdım. Mən, eləcə də digər əməkdaşlar arasında elə bir fərq yox idi. Demək olar ki, mənim bütün yoldaşlarım dəmiryol fəhlələri idilər. Onlar bu sahəyə partiyanın əksinqilabla mübarizəsində iştirak etmək üçün göndərilmişdilər. İlk dövrlərdə biz ingilis imterventlərin dəmiryol təsərrüfatında dağıdıcılıq fəaliyyətlərinin qarşısını almaq səmtində işləyirdik. Bütün fəhlələr fədakarlıqla çalışırdılar, çətinlikləri eyinlərinə də almırdılar. Ərzaq və digər zəruri vasitələrin çatışmazlığı da bizi narahat etmirdi".

Əsədovun elə bu sözlərindən də oçağkı cavanların ovqatı duyulur. Hamısı 20-25-30 yaşlı insanlardılar, yolunu yeni başlayan siyasi quruluşa, təzə dövrün onlarınkı olmasına cani-dildən inanırdılar, onlara bu inamı təlqin edə bilmişdilər və həmin səbəbdən də bunca fanatikcəsinə çalışırdılar. Yarıac-yarıtox, iş gününə saat hüdudları qoymadan, gecə-gündüz çalışmağa, mübarizə aparmağa hazır idilər. Bu yolda hətta can qorxusu, ölüm təhlükəsi belə onları çəkindirmirdisə, söz yox, belə etiqadlılığın ardında daxildən gələn inam dururdu. Onlar sevərək seçilmiş yolun yolçuları idilər.

Əsədov belə davam eləyirdi: "Ümumxalq hərəkatının qarşısında tarixin kənara atdığı eserlər, menşeviklər, keçmiş ağqvardiyaçı zabitlər dayanırdılar ki, onlar hamısı 26 Bakı komissarının həlak olmasında birbaşa günahkar idilər. Mənə nəsib oldu ki, bu şəri törədənlərin ortaya çıxarılmasında, müəyyənləşdirilməsində fəal iştirak edim. Dəmiryol fəhlələri bu qəbil gizlənən şəxslərdən bir qismini taparaq ədalət məhkəməsinə təqdim etdi. Ələ keçirilənlər iki eser, iki ağqvardiyaçı zabitdən ibarət idi. Bundan əlavə, iki yerli pravoslav ruhanisi, türkmən cəza dəstəsinin rəisi, tətil komitəsinin sədri də tapılıb götürüldü. Tutulub hökumətə təhvil verilənlər də eser və menşeviklər idi. Hamısı da "26-lar"ın güllələnməsində birbaşa iştirak etmişdi. Yalnız bir siyasi bandanın rəhbəri qaçıb qurtara bildi. Bu, Fuksikov idi. Lakin o da sonralar Şimali Qafqazda həbs edildi. Eyni zamanda, onunla eyni yolun yolçusu olan dəmiryol müfəttişi Kun da məsuliyyətə cəlb edildi. Nəticə etibarilə bütün bu tutulanları hərbi inqilabi tribunal mühakimə edirdi. Bu mühakimə prosesi çoxsaylı fəhlələrin iştirakı ilə dəmiryol klubunda keçirilirdi. Tribunalın hökmü fəhlələr tərəfindən böyük məmnunluqla qarşılandı. Ancaq bundan sonra da salamat qurtarmış, hələ də məsuliyyətə cəlb edilməmiş eserlər sakitləşmir, fəaliyyətlərini davam etdirirdilər. Biz müəyyən etdik ki, onlar dəfələrlə səviyyəcə çox da yüksək olmayan fəhlələri yoldan çıxararaq öyrədirdilər ki, Orta Asiya dəmir yolunun rəisinə yerinə yetirilməsi mümkünsüz olan tələblərlə müraciət etsinlər. Təlimatlandırılmış fəhlələr çox ciddi təminat tələbləri qaldırır, ərzaq və əmtəə məhsulları ilə tam həcmdə təmin olunmaqlarını istəyirdilər. Eserlərin və ağqvardiyaçıların belə təxribatçı fəaliyyətlərinin qarşısı fəhlələr arasında geniş izahat işinin aparılması, bir də NEP - Yeni İqtisadi Siyasətin həyata keçirilməsi ilə mümkünləşdi. Açıq intervensiyada ingilis imperialistləri məğlubiyyətə uğradılar. Onların məqsədi Orta Asiyanı ələ keçirmək idi. Bu məğlubiyyətdən sonra onlar 1920-ci ildən öz agenturasını bizim əraziyə yeritməyə başladı".

Məmmədhüseyn Əsədovun bu xəbərləri də diqqətəlayiqdir. Bu məlumatları o, dövlət təhlükəsizliyi sahəsində işləyən əməliyyatçı kimi verir, ətrafda cərəyan edənlər haqqında pərdə arxasındakılardan agah olaraq söz açır.

Bəlli olur və əslində belə dəqiq soraqlarsız da məntiqlə aydındır ki, kənardan müdaxilə və təsirlər çoxmuş.

"Hələ sərnişin qatarları işləmirdi. Hərəkətdə olan yalnız yük daşıyan qatarlar idi. Bir dəfə bizə belə agentura məlumatı daxil oldu ki, Qazancıq stansiyasında sarışın və şübhəli görkəmli bir qadın müşahidə olunub ki, onu bir sadə özbək müşayiət edirmiş. Əməliyyatçıların çox da böyük olmayan bir qrupu bu məsələni aydınlaşdırmaq üçün göndərildi. Bu naməlum qadın tezliklə həmin özbəklə birlikdə nəzarətə götürüldü. O zaman mən müəyyən qədər alman dilini bilirdim. İstintaq zamanı bunu aydınlaşdıra bildim ki, bu naməlum qadın mənşəcə almanmış, amma rus dilində çox gözəl danışırdı. O, Sovet İttifaqından İrana qaçıb gedibmiş. Özünün etirafına görə, ingilislər onu qanadı altına almış və təlimatlandıraraq sonra sovet ərazisinə qaçaqmalçıların vasitəsilə keçirə bilmişdilər. Ona belə bir göstəriş verilmişdi ki, əhalinin ən müxtəlif təbəqələrinin əhvali-ruhiyyəsi ilə maraqlansın, sovet hakimiyyətindən narazı olan insanlarla tanışlıq əlaqələri yaratsın, hərbi hissələrin yerləşmə məkanlarını öyrənsin və digər belə-belə tapşırıqlar. Daha sonra bu alman qadınla əməliyyat işi artıq Daşkənddə aparıldı".

Əsədovun qaçaq hərəkatı ilə bağlı xatirələri də xarici kəşfiyyatın bu işə əl qoyması, proseslərin hansı şəkildə irəliləməsinə birbaşa onların mütəmadi təsir göstərməsini pıçıldayır: "1923-cü ildən mən Azərbaycan Fövqəladə Komissiyası şəbəkəsində işləməyə başladım. Təxminən elə bir qəza yox idi ki, orada bandit qrupları fəaliyyətdə olmasın. Onlar kəndliləri incidir, kəndlərdəki fəalları öldürürdülər. Bu dəstələrin tərkibində adətən cinayətkar ünsürlər olurdu. Bəzən onların sırasında keçmiş müsavat zabitləri də gözə dəyirdi. Bu bandalar çox zaman qolçomaqlar tərəfindən öyrədilib hazırlanmış, yetişdirilmiş fəallardan istifadə edirdilər. Belə dəstələrlə mübarizəni çətinləşdirən bir də o idi ki, alman, türk, ingilis interventlərindən sonra əhalidə böyük miqdarda ən müxtəlif sistemli tüfənglər və sursat yığılmışdı. Soyğunçuluq, qətllər kəndlilərin həyatında adi bir hala çevrilmişdi. Sovet hökumətinə qarşı mübarizəsini davam etdirən keçmiş müsavatçılar və panislamistlər bu cinayətkar bandalardan getdikcə güclənən hakimiyyətin əleyhinə təxribatlar törətməkçün istifadə edirdi. 1929-cu ildə isə Azərbaycan kəndinin ictimai yenidənqurması başlandı. Mülkədarlar, qolçomaqlar silahlanmış bandalara arxalanaraq kənd təsərrüfatındakı ucdantutma kollektivləşməyə qarşı mübarizəyə başladılar. Bizim öhdəmizə bu sahədə daha fəal olan qolçomaqları axtarıb tapmaq vəzifəsi düşürdü. Respublikanın sərhəd rayonlarından mal-qarasını da götürərək ailəliklə qaçıb gedənlər çox idi. Onların bu hərəkətləri atışmalarla, qarşıdurmalarla müşayiət edilirdi və bizim tərəfimizdən də o dövrdə çoxlu ölənlər olurdu. Xatirimə həmin qurbanlardan biri gəlir. "Piri" sərhəd zastavasının rəisi Qolubitskinin həlak olmasını yaxşı xatırlayıram. İndi həmin o "Piri" deyilən sərhəd zastavası Cəbrayıl rayonunun sərhəd zastavasında yerləşməkdədir. İranla həmsərhəd zolaqda qolçomaqların çoxlu bandaları fəaliyyətdə idi. İran hakimiyyətinin müdaxiləsiz, süst müşayiətilə onlar sovet ərazisinə tez-tez həmlələr edirdilər. Daha dərinlərdəki qolçomaqlar silahlı və gizli bandalar yaradaraq fəaliyyətə başlamışdılar. 1930-cu ilin fevral ayında Kürdoğlu Məmmədin dəstəsi məşhur Molla Saleh Hacıyevin cızdığı plana əsasən Kəlbəcər rayonunun mərkəzini tutdu. Həbs olunmuşları azad etdilər, silahları ələ keçirtdilər və sovet hökumətini devrilmiş elan etdilər".

Azərbaycanın şərəf tarixində bolşeviklərin Cümhuriyyətimizi yıxıb taxta çıxmasından lap azacıq sonra, 1920-nin son may, ilk iyun günlərində yenidən istiqlal bayrağımızı bir neçə günlüyə də olsa ucaltmaqla nəticələnən, sovetin oçağkı işğal ərazilərində misli olmayan Gəncə üsyanı kimi müstəsna qəhrəmanlıq səhifəsi var. Ancaq bu səhifə tək deyil. Hətta sovet lövbərini atandan illər sonra da bu etirazçı mücadilələri igid soydaşlarımız mətanətlə davam etdirməkdəymiş.

Şahid o çağlar onlarla qarşı-qarşıya durmuşlardan olan Əsədovdur. Deməli, 1930-cu ildə Kəlbəcərdə də, qısa müddətdə olsa belə, yenə yenilməz azərbaycanlılar bolşeviklərlə qeyri-bərabər savaşda qalib çıxmağı, istiqlalımızı ən qısa vaxt kəsiyində olsa belə, dirçəltməyi bacarmışdılar: "Kommunarların, komsomolçuların və kəndlilərin köməyi ilə orada hakimiyyət yenidən bərpa edildi. 1930-cu ilin aprelində Nuxa rayonunun keçmiş müsavatçılar, zabitlər tərəfindən rəhbərlik edilən bandası Nuxa şəhərini və ətraf kəndləri tutdular. Bu üsyan böyük çətinliklə yatırıldı".

Şəki üsyanları da Azərbaycanın istiqlal və etirazçılıq tarixinin, milli müqavimət və itaətsizlik hərəkatının parlaq və öyünüləsi səhifələri arasındadır.

Şəki üsyanı haqqında mənə ağsaqqal iş yoldaşım, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində birgə çalışdığımız unudulmaz ədəbiyyatşünas Əbdürrəhman Abdullayev bir-birindən maraqlı təfərrüatları nağıl edəndə 1980-ci illərin sonları idi və hələ mətbuatda sovet dövrü Azərbaycanındakı o hay-küylü hadisə haqda bilənlər azdı, mətbuatda, kitablarda bu barədə yazılmırdı, mövzü sovet senzurasının qapalılar cərgəsinə qatdığı söhbətlərdən idi. Üstündən çox illər keçəndən sonra Şəki üsyanı haqda çox yazıldı da, söyləndi də, xalq etirazlarının parlaq nümunəsi olan həmin hərəkatın cəsur qəhrəmanlarını da tanıdıq. Əbdürrəhman müəllim o əhvalatları mənə danışan vaxtlarda isə sovet hakimiyyəti asta-asta çöküşünə doğru irəliləsə, artıq SSRİ-nin dörd bucağında mövcud rejimlə barışmayan kütlələrin izdihamlı mitinqləri başlansa da, hələ ki, 70 ilə yaxın ömür sürmüş hakimiyyət bütün cəza orqanları ilə birlikdə heyini tamam qeyb etməmişdi, hələ ki, cızığından qırağa çıxanları istədiyi kimi ittiham etmək iqtidarında idi, edirdi də.

Rəsmi nəşrlərdə Şəki üsyanı iki-üç cümlə ilə xatırlananda da söyülərək, aşağılanaraq anılırdı. Əbdürrəhman müəllim köhnə kişilərdən idi və ömrü boyu da partiya-sovet işində çalışmış, hökumət adamı olmuşdu. Ancaq Şəki üsyanından bəhs etdikcə, həmin hərəkatın ayrı-ayrı aparıcı simalarının etdiklərindən söz açdıqca hiss edirdim ki, özünü, ailəsini, nəslini böyük təhlükələr altında qoyaraq sovet dövləti kimi bir nəhənglə bərabər olmayan döyüş meydanına atılmış o xalq igidlərindən gizlətmədiyi hüsn-rəğbət və heyranlıqla danışır.

O dövr idi ki, hələ Şəkidə, Yuxarı Karvansaranın arxasındakı meydanda həmin üsyanı yatırmaq üçün döyüşərkən həlak olmuş kommunistlərin xatirəsini əbədiləşdirən abidə ucalırdı, bayramlarda, müxtəlif əlaqədar tədbirlərdə ora çiçək dəstələri düzülürdü və şəhərdə də o abidəsi ucaldılmışların xeyli qohum-əqrəbası yaşayırdı. Ancaq həmin kommunistlər özləri həlak olana qədər, oçağkı təbirlə desək, qəhrəmanlıqlar da göstərmişdilər, onların da üsyançılar arasından öldürdükləri, həbsinə nail olduqları az olmamışdı. Ancaq hər gün Şəkidə o memorialın yanından ötənlərin arasında sovet hakimiyyəti yolunda canını fəda etmiş şəhidlər kimi qiymətləndirilən bu kommunistlərin öldürdüklərinin, sürgünə göndərdiklərinin də əzizləri, yaxınları vardı.

Böyük şairimiz Bəxtiyar Vahabzadədənsə Şəki üsyanının mərdanəlik səhifələri haqqında ilk dəfə hələ tələbəlik illərimdə, 1970-ci illərin ortalarında, hələ belə söhbətlərin danışılmaz olduğu vaxtlarda eşitmişdim. O vaxtlar söyləyirdi ki, gün gələcək, Gəncə üsyanı haqqında da, Şəki qiyamı barədə də qalın-qalın kitablar yazılacaq. O zamanlar gəlməyinə gəldi, ancaq onillər ötəndən sonra və qismət elə gətirdi ki, həmin nəşrlərdən birinə - Həbibulla Manaflının "Şəki üsyanları" əsərinə  Bəxtiyar Vahabzadə müqəddimə də yazdı. O önsözü Bəxtiyar müəllim tarixi müqayisə ilə başlayır, Şəkinin mərkəzində, vaxtilə sovet hakimiyyəti uğrunda mübarizələrdə canını qurban vermiş kommunistlərə həsr edilmiş abidəni xatırlayır və özünə xas hərarətlilik və barışmazlıqla yazırdı ki, 1960-cı illərdə raykomda məsul işdə çalışan bir qohumumla həmin yerdən keçdiyimiz zaman ayaq saxlayıb mənim nəzərimi abidəyə cəlb etdi, onların öz ömürlərini vətən yolunda fəda etdiklərini söylədi. Mən isə əsəbiləşərək "Məgər bunlar vətənin nə olduğunu bilirdimi? - deyərək etiraz etdim. - Əslində bunlar vətən xainləridir. Vətən yolunda canlarını qurban verənlər isə bunları cəhənnəmə vasil edənlərdir".

Şair belə düşünürdü, belə yazırdı və bir dəfə onunla artıq yenidən qayıtmış müstəqilliyimizin oturuşduğu illərdə yenə oxşar mövzuda söhbət edirdik. Söz 1941-1945 müharibəsində əsir düşmüş, nasistlərin yaratdığı milli legionlarda olmuş, sovetlərə qarşı döyüşmüş soydaşlarımızdan gedirdi və Bəxtiyar müəllim legionçuların başçısı olmuş mayor Əbdürrəhman Fətəlibəylinin - Əbo Düdənginskinin üzərinə gələndə Bəxtiyar müəllim onu da əsl böyük vətənpərvər, qəhrəman adlandırdı. Bəxtiyar müəllimin elə həmin müharibədə həlak olmuş qardaşının adını verdiyi oğlu İsfəndiyarla biz Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində birgə oxumuşduq, ona görə bu ailənin tarixçəsinə yaxşı bələd idim. Qayıtdım ki, Bəxtiyar müəllim, sizin sevdiyiniz, xatirəsini əziz tutub poema da həsr etdiyiniz qardaşınız İsfəndiyar bir ayrı baxımdan, Düdənginski və onun silahdaşları başqa bir nöqte-yi nəzərdən qəhrəman sayıla bilər. Ancaq onlar da, bunlar da özümüzünkü idilər, əks cəbhədə qərar tutmuşdular və bir-birlərinə atəş açırdılar. O tərəf də, bu tərəf də haqlı olduğuna inanırdı. İndi onlardan hansının haqlı, hansının haqsız, hansının əsl vətənpərvər, hansının vətənə zidd olduğunu söyləmək insafla, həqiqətlə nə dərəcədə uyğun gəlir?

Bəxtiyar müəllim dalğınlaşdı, kövrəldi, "Neyləmək, bu, bizim zavallı millətin bəxtidir", - dedi.

Söylədim ki, tam haqlısınız, Bəxtiyar müəllim, bu, məhz taledir. Nə o, nə bu tərəfə qiymət verərək qəhrəman, ya xain sayaq, bütün bunlar tarixin, zaman gərdişinin millətə nəsib etdiyi aqibətdir.

Və mən həmişə olduğu kimi, bu gün də əminəm ki, bu qəbil incə məsələlərdə münsif olmaq haqqı yalnız tarixin ixtiyarındadır.

Məmmədhüseyn Əsədovsa bu xatirələri ilə o uzaq tarixin şahidləri arasındakı ən mötəbərlərindəndir. Çünki həm qiyamçılar və üsyan haqda məxfi məlumatlara malikmiş, həm də açıq meydanda üsyançıların ardınca idi.

Belə xatırlayırdı: "Belə agentura məlumatları əldə edildi ki, xarici bandaların sırasında İranla həmsərhəd zolaqda ingilis kəşfiyyatçıları fəaliyyətdədir və eyni zamanda, üsyanla bağlı keçmiş müsavat zabitləri, o cümlədən Salyandan olan Sultan bəy Hüseynzadə haqqında məlumatlar əldə edildi. Alınan məlumatlardan görünən mənzərə bu idi ki, Hüseynzadə və ingilislər xarici bandaların Cəbrayıl sərhəd zastavası səmtindən Azərbaycan ərazisinə hücumunu planlaşdırırlar. Həmin bandalarınsa qarşısında qoyulmuş tapşırıq bundan ibarət idi ki, Qarabağdakı qolçomaqların silahlı köçəri dəstələri ilə birləşsinlər. Həmin dəstələr isə o vaxt Kəlbəcər rayonunun yaylaqlarında idilər. Bu plandan da məqsəd daha bir əksinqilabi üsyan qaldırmaq idi. Xanalının 60 atlıdan ibarət dəstəsi dövlət sərhədini keçərək "İstisu" kurortu rayonunda köçərilərin dəstəsi ilə birləşdi. Buradakı banditlərin ümumi sayı təxminən 300 nəfər idi. Həmin bandaya qarşı Qarabağ komissarları, komsomolçular, bitərəf fəallardan ibarət dəstə qaldırıldı. Ümumi rəhbərliyi Kürdüstan Qəza İcraiyyə Komitəsinin sədri Hüsü Hacıyev yoldaş həyata keçirirdi. Bizim dəstənin döyüş təcrübəsi yox idi, təlim keçməmişdik. Agentura məlumatları alınmışdı ki, bizə qarşı vuruşan banda dəstəmizi dar bir dərə tərəfə çəkmək, mühasirəyə alaraq məhv etmək niyyətindədir. Düşmənin planını müəyyənləşdirmək bizə müyəssər oldu. Döyüş başlandı. Biz bir neçə əsgərimizi itirdik. Döyüşçülərimizdən birini - Gülatlı kəndindən olan Sultan adlı cavanı bizə qarşı döyüşən banda ələ keçirdi və ona ağır işgəncələr verdi".

Məmmədhüseyn Əsədov 1930-cu ildə 31 yaşlı cavan insandı, çekist idi və məhz sırasında olduqlarının gördüyü işin ədalətliliyinə tərəddüdsüz inanaraq, bunu şərəf məsələsi sayaraq xidmətini yerinə yetirirdi. Digər tərəfdən, xarici qüvvələrin də bu gedişata müdaxiləsi haqda danılmaz məlumatlara yiyələndiyindən bu işə elə vətəni qorumaq kimi baxırdı. Şəki üsyanı onun da ömründən keçmişdi, onu da işlədiyi idarə digər özü kimi cavan həmkarlarını etitrazçılarla mübarizəyə səfərbər etmişdi və o da, yoldaşları da məhz xalqının, dövlətinin keşiyində durduğuna əminliklə hər an sinəsini güllə qabağına verməyə hazır olmuşdular.

Qaçaqlara, üsyançılara o dövrdə hökumətin necə əzazil münasibət bəslədiyi, onları nə təhər amansızlıqla cəzalandırdığı haqqında da, qarşı tərəfin onlarla mübarizə aparmaq tapşırığı almış kommunistlərlə nə sayaq qəddarcasına rəftar etdiyi barədə də sıra-sıra hekayətlər keşməkeşli tariximizin qəmli və faciəli səhnələridir.

Qardaşın qardaş qanı tökdüyü belə kədərli olmuşlardan həmişə hissə qapılmadan, daha soyuqqanlı, ədalət ölçülərini bir ləhzə də yaddan çıxarmadan yazmalı, danışmalıyıq. Son olaraq kimin haqlı olduğunu, kimlərin ömürlərini bihudə aldanışlara sərf etdiyini tarixin tərəzisi yerbəyer edir. O aldanışlar da o insanlarımızın ayrı bir talesizliyidir. Lakin nəyin aldanış, nəyin haqq işi olduğunu da bütün aydınlığı ilə yalnız vaxt o vaxt əyan edib ki, olanlar çoxdan olub keçmiş, həmin adamlar hamısı köçünü sürüb getmiş.

Tarixin ələyi isə hələ də işindədir, hələ safların sonacan bir yanlıq, tozların axıracan o biri yanlıq olması davam edir. Bizim borcumuz tariximizin bircə parçasının da unudulmasına, itib-batmasına imkan verməməkdir. Münsifliyi isə həmişə bizdən daha müdrik olan daha sonrakı çağların ixtiyarına buraxaq!..

14 may 2025

525-ci qəzet

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.