"Son illərdə gənc nəsil iki əsas təhlükə ilə sosial media xüsusilə "TikTok"un mənfi təsirləri və mərc oyunlarının cazibədar, amma zərərli tələləri ilə üz-üzə qalırlar. Hər iki faktor onların intellektual və mənəvi inkişafına ciddi zərbə vurur".
Milli.Az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, "TikTok"un yaydığı asan əyləncə şagirdlərin diqqətini uzunmüddətli məqsədlərdən yayındırır. Təhsil üçün vacib olan konsentrasiya və dərin düşüncə qabiliyyətlərini itirən gənclər, günümüz trendlərinə qapılaraq vaxtlarını mənasız videolarla keçirirlər. Bununla yanaşı "TikTok"da yayılan qeyri-sağlam məzmun onların əxlaqi dəyərlərini zəiflədir.
"Tələbələr arasında mərc oyunlarının artması isə ayrı bir faciə olaraq qarşıya çıxır. Gələcəyini qurmağa çalışan gənclər, bu oyunlara aludə olaraq maddi və mənəvi cəhətdən böyük itkilər yaşayırlar. Tələbə kreditləri və ya ailə büdcəsini riskə atan gənclər, qumar tələsinə düşərək həyatlarını və gələcəklərini məhv edirlər.
Bu problemlərin qarşısını almaq üçün yalnız valideynlər deyil, cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Sosial media və mərc oyunlarının yaratdığı təhlükələr barədə maarifləndirmə kampaniyaları keçirilməli, gənclərə sağlam həyat tərzi və məqsədyönlü düşüncə öyrədilməlidir. Əks halda, bu tələlər gələcək nəsilimizi ciddi şəkildə mənfi təsir altına alacaq".
Asya
Milli.Az