Cəmiyyət

Suya qənaət vərdişi bizə niyə lazımdır?

22 İyun 2012 23:29
1 Şərh     Baxış: 13 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Suyun bütün canlılar, təbiət üçün nə qədər vacib amil olduğunu anlatmağa ehtiyac yoxdur. Çox zaman insanlar su çatışmazlığının yaratdığı çətinliklərin mərkəzində yalnız özlərini  görürlər ki, bu çox yanlış fikirdir. Belə yanlış fikrin nəticəsidir ki, sudan bolluca istifadə etmək imkanlarımız varsa, bunu sui-istifadəyə çeviririk. Halbuki, Tanrının canlı aləm üçün var etdiyi bu nemətdən insanlarla yanaşı, təbiətin, heyvanların, bitkilərin də ən az bizim qədər istifadə etmək haqqı var. İnsan oğlunun bu gün, ən dar çərçivədə götürsək, özünün yaşamağı üçün vacib olan bu neməti hansı şəkildə istifadə etdiyini görəndə düşünürəm ki, bəlkə suyun idarə haqqı təbiətin digər canlı aləminə bizdən  daha çox tanınmalıdır. Ən azından bu canlılar bizim qədər suları çirkləndirmir, ona lazım olandan artıq sərf etmir. Hətta qənaət etməyi öyrənir. Səhra həyatını yaşamağa məhkum olan heyvan və bitkilərin dözümü buna əyani sübutdur.

Hazırda çox isti yay günlərini yaşayırıq. Susuzluğumuzu yatırmaq, təmizlənmək üçün sudan qeyri, ikinci bir vasitə düşünmək olarmı? Biz insan olaraq pulla da olsa, təbiətin bizə bəxş ediyi bu neməti əldə edə bilirik. Amma digər canlılar bundan məhrumdur. İstər dünyamızın, paralel olaraq da insanlığın tərtəmiz və yaşıl bir gələcəyinin olmasını istəyiriksə,  torpaqlarımızın gül-çiçək yerinə boz qumlarla örtlüməsini arzulamırıqsa, o zaman sudan qənaətlə, ən əsası bu nemətə layiq şəkildə istifadəni öyrənməliyik. Nəzərə almaq lazımdır ki, yer üzündəki su ehtiyatlarının cəmi 3 faizə qədəri içməli sudur. Və onu da diqqətdə saxlamalıyıq ki, dünyada 1.1 milyard insan içməli su əldə etməkdə çətinlik çəkir.  Sudan istifadə edən hər bir insan duyarlı olmalıdır.  Şəhərdə və ya kəndə yaşamağından asılı olmayaraq hər bir insan hazırda dünyada gedən iqlim dəyişmələrinin fonunda su ilə bağlı yarana biləcək problemlər haqqında maariflənməlidir.  Bu işdə dövlət və əhali əlbir olmağı bacarmalıdır. Mütəxəssislərin rəyləri və tövsiyyələri diqqətdə saxlanmalıdır. "Niyə mən su haqqında bu qədər çox düşünməliyəm" deyənlər üçün reallıqlara, aparılan tədqiqatların nəticələrinə baxaq.

Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın su ehtiyatları daha məhduddur. Belə ki, regionun ümumi su ehtiyatının cəmi 15 faizini təşkil edir. Ərazi və adambaşına düşən su ehtiyatları Gürcüstandan 7,7 və 8,3 dəfə, Ermənistandan isə 2,2 və 1,7 dəfə azdır. Su təminatına görə ölkəmiz dünyanın ən az təmin olunan regionlarından sayılır. Təxminən 1 kvadrat km-ə 100 000 kubmetr su, hər adambaşına isə il ərzində 950-1000 kubmetr su düşür. Ümumi su ehtiyatlarımız 28,5-30,5 kubkm arasında dəyişir. Mülayim və quraq illərdə bu ehtiyat daha da azalaraq 27,0 və 22,6 kubkm təşkil edir ki, bunun da 17,1 və 14,3 kub km-i tranzit çayların payına düşür. Quraq regionlarda su ehtiyatlarının az olması lokal inkişafa zərbə vuran əsas amil hesab olunur. İqlim nə qədər quraqdırsa, iqlim dəyişmələrinə həsasslıq da daha çox müşahidə olunur.

Dünyada iqlim dəyişimi prosesi gedir. Temperatur artır, buxarlanma çoxalır, dağlıq ərazilərdə yağan qar ehtiyatını azaldır. Bu isə çay axınının ciddi surətdə azalmasına səbəb olur. Ölkəmiz əsasən Kür hövzəsinin və Cənubi Qafqazın aşağı hissəsində  yerləşib. İqlimi kifayət qədər quraq və isti yayı, yağıntılı və mülayim qışı ilə xarakterizə olunur. Yağıntı əsasən, qış aylarında müşahidə olunur. Çaylarımızın suyuna gəlincə isə, Azərbaycan çaylarının sularından əsasən, suvarma və məişət, habelə elektrik enerjisi almaq üçün istifadə olunur.  İqtisadiyyat və kənd təsərrüfatının əsas hissəsi birbaşa su ehtiyatlarının il ərzində paylanmasından və və effektiv şəkildə istifadəsindən asılıdır. Mütəxəssislər apardıqları tədqiqatlar və müşahidələr nəticəsində bu qənaətə gəlirlər ki, müşahidə olunan iqlim dəyişmələri gələcəkdə ölkəmizin su ehtiyatlarının miqdarının ciddi surətdə dəyişməsinə səbəb ola bilər. Buna görə də istər əhali, istərsə də dövlət tərəfindən mövcud su ehtiyatlarının səmərəli istifadəsi ilə yanaşı, gələcək üçün bir sıra işlər həyata keçirmək vacibdir.

Ekspertlər belə hesab edir ki, bu günə qədər Azərbaycanda su ehtiyatlarının planlaşdırılması və idarə olunması başlıca olaraq, su mühəndisləri tərəfindən həyata keçirilib və bu zaman nə ətraf mühit, nə də iqtisadi maraqlar nəzərə alınmayıb.  Bu isə həmin su mənbələrinin deqradasiyasına, həm də su ehtiyatlarından səmərəsiz istifadəyə səbəb olub. Bu vəziyyət su təchizatı sistemlərində həddən artıq itkilərin olması ilə səciyyələnir. Su istifadəsi zamanı itkilərin yol verildiyi yer yalnız kənd təsərrüfatı sahəsi deyil. Şəhər əhalisinin sayının sürələ artması, şəhərin ətrafında tikilən villalar, gecəqondular sudan sui-istifadəyə gətirib çıxarır. Problem həlli üçün məsuliyyətin artırılmasını tələb edir. 

"Ruzigar" Ekoloji İctimai Birliyinin rəhbəri, professor İslam Mustafayevin sözlərinə görə, şəhərlərdə ilk növbədə texnki su ilə içməli su ayrılmalıdır. İçməli su ilə maşın, xalça yuyulması, zavodlarda istifadə olunması kimi problemlər var. Çox böyük su tutumlu təsəsrrüfatlarda içməli suyun başqa məqsədlərlə istifadəsinə qadağa qoyulmalıdır. Birlik rəhbərinin sözlərinə görə, ölkəmizin su ehtiyatları kifayət qədər olmasa da, adambaşına düşən su resurslarına görə Azərbaycan heç də geridə qalan ölkə deyil. Belə ki, Cənubi Qafaqazın aşağı yamacalarında kifayət  qədər su resursları var. Su resursları keyfiyyətinə görə ayırılsa, istifadəyə ciddi nəzarət olunsa, hesablayıcı sistemlərə əməl olunsa, problemlər də azalar. Bakı-Oğuz-Qəbələ suyunu misal çəkən İ.Mustafayev əsas məsələnin suyu gətirməkdə olmadığını bildirdi:

"Su Bakıya gətirilsə də, paylanma sistemləri, nəzarət sistemi-texniki potensialı kifayət qədər təkmil deyil. Çətinliklər də buradan irəli gəlir. Sular fasilələrlə verildiyi müddətdə keyfiyyətində daim problem olacaq. Ən yaxşı bulaq suyu da metal borular və 5 saat fasilələrlə veriləcəksə, yenə də suyun keyfiyyəti aşağı düşəcək".  Bəs, kəndlərdə vəziyyət necədir? Ölkəmizin kənd təsərrüfatı sahəsində əkinçiliyin 85-faizi suvarılan torpaqlarda həyata keçirilir. Yağıntıların miqdarının azalması isə dəmyə əkinçiliyində də suvarılmanı şərtə çevirib. Belə bir vəziyyətdə sudan səmərəli istifadə məsələsi önə çıxır. İ.Mustafayevin sözlərinə görə, melorasiya-irriqasiya sistemlərimizin  texniki potensilalı kifayət deyil. Kənd təsərrüfatı sahəsində də su ilə  bağlı hədsiz dərəcədə itkilər var.

Çünki ətraf mühitdən izalyasiya olmayan normal səviyyədə kanal azdır. İ.Mustafayevin sözlərinə görə,  bu cür kanalların  olmaması səbəbindən sızma nəticəsində bir tərəfdən suvarma suyu itir və digər bir tərəfdən torpaqlar itən suyun təsirindən eroziyaya uğrayır və şoranlaşır: "Ona görə də Azərbaycanda suvarma texnologiyası tam yenidən qurulmalıdır. Sovet hakimiyyəti illərindən qalan kanalların bir qismi köhnəlib, bir qismi dağılıb. Su itkiləri, borular, nasos stansiyaları kimi məsələlərə yenidən baxılmalıdır". Əlavə edim ki, dünyada suvarma sistemində tətbiq olunan yeniliklərdən istifadə olunmalıdır. Bunun üçün adi kəndli də yeni biliklər əldə etməkdə maraqlı olmalıdır.

Hazırda 40 faizdən yuxarı ərazilərimizdə səhralaşma prosesi gedir. Otlaqların intensiv istifadəsi, mal-qaranın yol verilən həddinin normadan yuxarı olması torpaqlarımızın səhralaşma prosesini sürətləndirir. Digər bir tərəfdən su ehtiyatlarımızdan səmərəsiz istifadə yolu ilə bu prosesə təkan vermək ölkəmizə, onun təbiətınə qəsd emək kimi bir şeydir.

Əhalinin sağlamlığı üçün vacib şərtlərdən biri də içməli suyun təmizliyi məsələsidir ki, bizdə bu da ciddi problemdir. Ölkəmizin su ehtiyatlarının 70 faizdən çoxu kənarda-transsərhəd çay suları hesabına formalaşır. Transsərhəd suların idarə olunması dünyada aktual məsələdir və  beynəlxalq müqavilələrlə həllini tapır.  Amma təəssüflər olsun ki, transsərhəd sular haqqında olan konvensiyalar nə Gürcüstan, nə də Ermənistan tərəfindən imzalanmadığı üçün biz gələn suyun ölkəmizə müəyyən keyfiyyətlə daxil olmasını tələb edə bilmirik.  Ermənistanla heç bir əməkdaşlığımız  yoxdur, məlumdur. Amma artıq ölkəmiz Gürcüstana bir sıra investitsiyalar qoyur. İ.Mustafayev düşünür ki, reallaşan iqtisadi layihələrimizin çərçivəsində Tbilisinin kanalizasiya sularının Kür çayına tökülməsinin qarşısının alınması şərtini də qoymaq olar. Bu sahəyə kredit vermək olar:

"Kanalizasiya sularını təmizləyən qurğuların qurulması vasitəsilə bunun qarşısı alınmalıdır. 2 milyonluq şəhərin tullantısı Kürə tökülür. Ermənistandan bütün sənaye tullantıları, kanalizasiya tullantıları bizim ölkəmizə daxil olur". Mütəxəssislər tərəfindən  rayonlarımızda aparılan araşdırmalar isə daha acınacaqlı faktları ortaya qoyur. Belə ki, dövlət bu sahədə sərhədlərimizdən kənarda baş verənləri yoluna qoymaq, çirkli suyu müxtəlif yollarla təmizləyib əhalini təmin etmək haqqında düşünərkən, öz rayonlarımızın çoxunda məişət tullantılarının paliqonları çaylarımızın üzərində qurulur. Bütün infeksiyalar, çirklər çaya axıdılır. Bu problemin qarşısının alınması ilk növbədə bu məsələləri idarə edən qurumların üzərinə düşür. Belə ki, rayonlarda bərk tullantıların idarə edilməsi icra hakimiyyətlərinin səlahiyyətindədir.

Nəzərə alınmalıdır ki, çirkabların çaylara axıdılması şəhərə verilən suların təmizlənməsi işini, nəinki, çətinləşdirir, xərclərini artırır, hətta bəzən prosesi mümkünsüz edir. İ.Mustafayev belə hesab edir ki, Azərbaycanın indiki dövründə, sosial-iqtisadi vəziyyətin hazırki səviyyəsində bu vəziyyət ölkənin inkişafına mane olur. Turizmin inkişafının qarşısını alır. Yəqin ki, hansısa turist çayların kənarında, suyun içində  həmin məişət tullantılarını görsə, bir də Azərbaycana gəlməz. Müsahibimiz bu istiqamətdə aparılan işlərin sürətləndirilməsini və birbaşa təcrübi fəliyyətə gedilməsini vacib hesab edir. Su ilə bağlı problemlərə ancaq qısa nəzər saldıq. Çıxış yolunu necə tapmalı sualına ekspertlərin fikirləri ilə cavab axtarılmalıdır. Azərbaycanda suvarma mədəniyyəti köhnə prinsiplərə söykənir. Ölkəmizdə su ucuz olan təbii ehtiyat kimi qəbul edilir və bu da istifadə zamanı israfçılığa səbəb verir.

Yeni, inkişaf etmiş, su ehtiyatlarının və ətraf mühitin qorunmasına xidmət edən metod və texnologiyaların tətbiqi və müasir idarəetmə üsullarından istifadə israçılığın qarşısını ala bilər. Su ehtiyatlarının mümkün azalmalarına qarşı uyğunlaşmanın yollarından biri də sudan mümkün qədər az istifadə, təsərrüfat və məişətdə yolverilən su itkilərinin qarşısının azaldılmasıdır. Ən vacib məqamlardan biri isə əhalinin ekoloji mədəniyyətinin artırılmasıdır. Bu vasitə inkişaf etmiş ölkələrdə təbii resurslara qənaət etməyə imkan yaradan ən güclü vasitə hesab olunur. Suya qənaət etməyin ən yaxşı yolu əhalinin sudan istifadə etikasına düzgün əməl etməsidir. Buna görə də əhalidə ekoloji savadın artırılması vacibdir. Əgər adi su istifadəçisindən tutmuş fermerə qədər hamı suya qənaət vərdişlərinə yiyələnə bilsə, o zaman indi Azərbaycanda istifadə olunan suyun 20 faizi ilə bütün ehtiyacları ödəmək olardı.

 "Olaylar"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.