Cəmiyyət

Bakıdakı manqurtlar: biz də unutmamışıq

12 Fevral 2024 12:17
Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanın yaddaşı xalqın hafizəsinin təməli, məhəkidir. İnsan olanları unudursa, xalqının düçar qaldığı və məruz olduğu faciələri yaddan çıxarırsa, bu artıq manqurtluqdur.

Yaddan çıxarmaqla bahəm, unutdurmağa da çalışırsa - əməlin tövsifi çox ağırdır.

Fevralın 23-ü sabiq Sovetlər Birliyində əsl sovdepiya bayramı idi və "SSRİ Silahlı Qüvvələrinin yaranması günü" kimi qeyd olunurdu. Rəsmi şəkildə, yəni kimin həddi nə idi ki, kommunist rejiminin "al bayram"larından olan həmin günün qutlanmasına etirazını edə. Belə narazılıqla dərhal Dövlət Təhlükəsizlik Komitəsi (KQB) maraqlanar və səsini çıxaranın halı heç yaxşı olmazdı.

"23 fevral günü" sovdepiyada "kişilərin bayramı" kimi də tanınırdı.

Halbuki, Azərbaycan üçün həmin gün kişilərə divan tutan bolşevizmin qanlı tarixinin bir səhifəsi idi. Azərbaycan Demokratik Cumhuriyyətini hədəfə alıb ölkəmizi işğal edən, vətənimizdə bolşevik üsul-idarəsini yaradan və tam 70 il sərasər Sovetlər Birliyində "müttəfiq respublika" statusunda saxlayan rejim fevralın 23-nü bizlərə "Kişilər Günü" kimi qavratmağa çalışırdı.

Rəsmi təbliğat təbii ki, gerçək həyatdan uzaqdı. Azərbaycan vətəndaşları SSRİ Silahlı Qüvvələrinin ən önəmli, strateji, xüsusi peşəkarlıq və döyüş hazırlığının təlim edilərək tələb olunduğu sahələrinə çağırılmırdılar. Rəsmi olaraq belə göstəriş olmasa da, SSRİ Müdafiə Nazirliyi "Azərbaycanlılar orduya cəlb edilməsinlər, silahla davranmağı və döyüşməyi öyrənməsinlər, təhlükədir!" ideoloqeminin idarəetmə prinsipləri arasında yer aldığı Çar Rusiyasından fərqlənməyərək tam eyni siyasəti yürüdürdü.

Sonucda Azərbaycanda peşəkar hərbçilərin sayı az idi, generalları barmaqla saymaq olardı.

Xatırladım: Çar Rusiyası dövründə Orta Asiya və Qafqazın müsəlman xalqları orduda xidmətə cəlb edilmirdilər. Yalnız bəy və mülkədar ailələri imperatora sədaqətlərini bildirmək üçün öz uşaqlarının hərbi xidmət keçməsinə könüllü razılıq verirdilər. Bu hal Sovet İttifaqının qurulmasından sonra da davam etmiş və yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb edilməsinə başlandı. Lakin onlar əsasən xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə göndərilirdilər. Yalnız II Dünya müharibəsi illərində canlı qüvvəyə olan ehtiyac səbəbindən SSRİ-nin bütün müsəlman xalqları kimi azərbaycanlıların da ön cəbhəyə göndərilməsinə icazə verildi.

1971-ci ildə SSRİ-də hərbi təmayüllü iki internat məktəbi vardı: Naximov və Suvorov adına hərbi təmayüllü məktəblər. Lakin, tədrisin rus dilində olması və uzaqda yerləşmələri orada azərbaycanlıların təhsil almasını çətinləşdirirdi.

Azərbaycan Maarif Nazirliyi və respublika hərbi komissarlığı Azərbaycan KP MK bürosunun 1971-ci il 29 aprel tarixli qərarını əsas götürərək, hərbi təmayüllü internat məktəbinin açılması üçün 1971-ci il iyunun 16-da müraciət hazırladı. Bu müraciət dərhal müzakirə olunur və 20 iyul 1971-ci ildə "İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında" Azərbaycan KP MK bürosu qərar qəbul edir. 1971-ci ilin noyabr ayında məktəbin açılışı olur. Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyev bu təntənəli mərasimdə iştirak edir və bildirir ki, yeni məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adı verilir.

Bəli, məhz Ulu Öndərin qətiyyəti, iradəsi sayəsində azərbaycanlı hərbçilərin peşəkar səviyyəsində hazırlanmasına, təlim və tədrisinə başlanmışdı.

Unutmayaq: Azərbaycan sakinləri sovet ordusunda yeməkxanada, tikintidə, təsərrüfat obyektlərində, xidmətdə - bir sözlə, bilavasitə yüksək döyüş hazırlığının əsla tələb olunmadığı yerlərə həvəslə cəlb olunurdular. Onlara belə göstəriş verilmirdi - sövq edilirdilər, "başa salınırdılar", "məsləhət alırdılar".

Sonra 1990-cı il gəldi, yaranma günü "bayram" edilən sovet ordusu Bakı küçələrinə yeridildi, küçələri qan göllərinə çevirdi, 170 nəfəri qətlə yetirdi, 800 nəfərə yaxın insanı yaraladı.

Sonra Xocalı soyqırımı oldu və mənfur erməni işğalçılarına bilavasitə yardım edənlər Xankəndindəki 360-cı motoatıcı alayın hərbçiləri idilər: onlar da fevralın 23-də yaranma günü bayram edilən sovet ordusunun mənsubları idilər.

Sovet ordusu Azərbaycan xalqının oğul və qızlarının da xidmət etdiyi silahlı qüvvələr idi.

Lakin bu silahlı formasiya qüvvəsini dəfələrlə xalqımızın taleyində sınayaraq minlərlə insanın həyatına son qoyub.

Belədirsə, niyə, nə üçün və hansı səbəbə fevralın 23-ü Azərbaycanda anılmalı, bayram edilməlidir ki?

Səbəb yox, ola da bilməz.

Amma sən demə, Bakıda belə düşünməyənlər də var.

Məsələn, "Show Restaurant & Music Hall" kimi.

"Xanımlara bəysiz giriş qadağandır!" xəbərdarlığı ilə müşayiət olunan elanı İnstagram-dakı profilində paylaşan bu əyləncə müəssisəsinin açıqlamasında deyilir:

"Kişilər gününü unutmadıq! 23 Fevral hər kəsdə əziz xatirəsi olan Azərbaycanın Xalq Artisti Eyyub Yaqubov SHOW səhnəsində! Proqram saat 19:30-da başlayır. "El Şahin Band" və müxtəlif milli rəqs kompazisiyalarıda səhnəmizdə olacaq".

Bakıda, Cəfər Cabbarlı, 40 ünvanda yerləşən bu əyləncə məkanının sahibinin, rəhbərliyinin, menecmentinin və ümumiyyətlə, mənsublarının qad yaddaşında problem yoxdur ki?!

Onlar üçün fevralın 23-ü "Kişilər günü" ola bilər.

Bizim üçünsə deyil.

Əsla, heç deyil.

Çünki olanları unutmamışıq.

"Show Restaurant & Music Hall"dan fərqli olaraq...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.