Cəmiyyət

Avtomobil bazarımızda vəziyyət: Bu tarixdən bahalaşma olacaq

12 Dekabr 2023 17:38
Baxış: 3 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın avtomobil bazarında yay aylarından etibarən durğunluq yaşansa da, dekabrın ilk həftəsində yenidən aktivlik başlayıb.

Bu barədə "Report"a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

O, bazarda son dəfə qiymət artımının avqustda olduğunu bildirib:

"Rəsmi diler və distribütorlar yeni il bayramı ərəfəsində çoxlu endirimlər təklif edir. Bazarda yeni avtomobillərin sayı artıb. Gələn ilin birinci rübündən ölkədə avtomobil qiymətlərinin artacağı proqnozlaşdırılır. Əsasən köhnə avtomobillərin bahalaşacağı gözlənilir. Çünki istehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalına məhdudiyyətlər qoyulub. Bununla yanaşı qarşıdakı aylarda utilizasiya proqramının başlanacağı, utilizasiya rüsumlarının toplanacağı gözlənilir. Bu amillər köhnə avtomobillərin bahalaşmasına səbəb olacaq. Bu ilin payız fəsli ilə ötən ilin eyni dövrü arasında böyük fərqlər var. Ötən payızda ölkənin avtomobil bazarı daha aktiv idi".

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev də gələn il köhnə avtomobillərin bahalaşacağını deyib:

"İlin sonu olduğu üçün yeni avtomobillərin qiymətində artım yoxdur, əksinə endirimlər var. Köhnə avtomobillərin bazarda böyük satış həcmi yoxdur. Yeni avtomobillərin isə stokları tükənir, sayı azalır. Bir çox markalar satışlarda 3 -10 min manat endirim təklif edir. Məsələn, 43 min manata olan yeni avtomobillərin qiyməti 39 500 manata, 55 min manata olanların 51-52 min manata, 95 min manata olanların isə qiyməti 85 min manata enib. Hətta rəsmi dilerlər arasında 100 min manatdan yuxarı qiymətə satılan avtomobillərə 10 min manatdan çox endirim verənlər də var. İlin sonu olduğu üçün bir qədər satış var. Vətəndaşlar yeni il qabağı kampaniyalardan yararlanmaq istəyir. Satış çox olmasa da, maraq və müraciətlər çoxdur. Ümid edirəm ki, dekabrın 15-dən sonra bu müraciətlər satışa çevriləcək".

E. Əliyev hesab edir ki, köhnə avtomobillər keçən aya baxdıqda hələ ki, çox bahalaşmayıb: "Məsələn, 2008-ci ilin 3,5 kubsantimetr mühərrik həcmli avtomobili bazarda 22 min manata idisə, elə o qiymətdə də qalıb. Çünki satış yoxdur. İkinci il avtomobillərə maraq azalıb".

Paytaxtda ikinci əl avtomobillərin satışı ilə məşğul olan şəxslər bildirir ki, bazarda əsas üstünlük "Mercedes", "Hyundai", Toyota" kimi avtomobil modellərinə verilir. Avtomobil bazarında mühərrikin gücü, yürüş məsafəsi, texniki vəziyyəti və digər amillərə görə bir sıra avtomobillərin qiyməti aşağıdakı aralıqda dəyişir:

"Mercedes C-class" (2007-2008-ci il) - 12 500 -23 000 manat

"Mercedes GL-class" (2006-2007-ci il) - 22 500-37 500 manat

"Mercedes GL-class" (2015-ci il) - 52 500 - 81 500 manat

"Nissan Kicks" (2019-2021-ci il) - 27 500 - 34 000 manat

"Nissan Sunny" (2010-2011-ci il) - 12 000 - 17 500 manat

"Hyundai Sonata" (2008-2009-cu il) - 12 500 - 24 000 manat

"Hyundai Santa Fe" (2014-2015-ci il) - 27 500 - 44 500 manat

"Hyundai Accent" (2021) - 29 500 - 33 000 manat

"Hyundai Accent" (2010-2011-ci il) - 10 500 - 19 000 manat

"Toyota Camry" (2014-2015-ci il) - 23 500 - 40 000 manat

"Toyota Camry" (2021-ci il) - 50 000 - 75 000 manat

"Opel Astra" (2006-2007-ci il) - 8 000 - 18 500 manat

"Chevrolet Cruze" (2012-2013-cü il) - 10 000 - 18 000 manat.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 milyard 374 milyon 23 min ABŞ dolları dəyərində 81 min 206 ədəd minik avtomobili idxal edilib ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq 65,7 % və 33,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan xaricdən 295,531 milyon ABŞ dolları dəyərində (2,5 dəfə çox) 11 min 769 ədəd (20,5 % çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi (hibrid) və 98,299 milyon ABŞ dolları dəyərində (7,7 dəfə çox) 2 min 425 ədəd (6,6 dəfə çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi (elektromobil) tədarük edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.