Cəmiyyət

ETSN: Xəzərin Azərbaycan bölməsində suiti cəsədi aşkarlanmayıb

5 Dekabr 2022 14:44
Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağıstanda Xəzər dənizinin sahilində aşkarlanan Xəzər suitilərinin (Phoca caspica) ölüm səbəbi hazırda Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən araşdırılır. Bakterioloji-virusoloji analizlərin aparılması üçün cəsədlərdən nümunələr götürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, suiti cəsədlərinin patoloji materialının laboratoriya tədqiqatları aparıldıqdan sonra onların ölüm səbəbi müəyyən ediləcək.

"Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində suiti cəsədinin olması faktı qeydə alınmayıb, lakin yaxın günlərdə belə vəziyyət gözlənilə bilər, yəni suiti cəsədləri Dağıstan tərəfindən Abşeron yarımadasının şimal sahillərinə dəniz axınları ilə gətirilə bilər", - o vurğulayıb.

Qeyd edək ki, Rusiya və Qazaxıstan elmi mərkəzləri ilə aparılan ilkin müzakirələr zamanı hazırki suiti ölümünün 2000-ci ildə it taunu virusu ilə yoluxma nəticəsində baş vermiş kütləvi ölüm halları ilə oxşar olması ehtimalı irəli sürülüb.

Xatırladaq ki, Xəzərdə suitilərin kütləvi ölüm halları artıb. Qırmızı Kitaba düşən suitilərin sayı artaraq 2500-ə çatıb.

Hazırda Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ölmüş suitilərin sayını hesablamağa davam edir. Qeyd olunur ki, ölü heyvanlar Yüzbaş ərazisində, eləcə də Sulak və Şurinka çaylarının mənsəbləri arasında aşkar edilib.

Bildirilib ki, son 10 ildə suitilərin bu cür kütləvi ölümü aşkar edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.