Cəmiyyət

Kür niyə dəli oldu?

13 May 2010 13:27
Baxış: 1 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Son günlərdə bir-birinin ardınca təbii fəlakətlər dalğası Azərbaycanın bütün regionlarını ağuşuna alıb. Sürüşmə, sel, daşğın, erroziya, karroziya və başqa təbiət hadisələri on minlərlə vətəndaşımızın həyatını qaraldıb. Bu gün hamı subasma, sürüşmə və bu kimi hadisələrdən danışır. Bəs niyə bu təbii fəlakətlər bir-birini əvəz edir və ayrı-ayrı bölgələrdə eyni zaman kəsiyində baş verir?

Daşıqınlar ölkəni səfərbər edib

İlk öncə qeyd edək ki, Kür çayında daşqınlar zamanı onlarla ətraf kəndi su basıb. Hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev fəlakət bölgəsində olub, hadisədən ziyan çəkmiş insanlarla görüşüb, çadır düşərgəsində müvəqqəti məskunlaşan sakinlərlə görüşüb, onların qarşılaşdıqları çətinliklərlə maraqlanıb, Şirvan şəhərində hökümət üzvləri ilə səyyar müşavirə keçirərək fəlakətin nəticələrinin aradan qaldırılması üçün lazımi tapşırıqlar verib. Ölkə başçısı sakinlərin diqqətinə çatdırıb ki, dağılmış evləri bərpa ediləcək, onlara kompensasiya ödəniləcək: "Əgər təxirəsalınmaz tədbirlər görülməsəydi, Allah eləməsin, daha da pis ola bilərdi. Ona görə indi əsas gücümüz ona yönəldilibdir ki, bu vəziyyət tezliklə aradan qaldırılsın" - deyə dövlət başçısı vurğulayıb. 

Çayların yatağı bərbad hala salınıb
 
Bu arada bir qrup ekoloq Milli.Az xəbər portalına məktub ünvanlayaraq baş verən hadisələrin başvermə səbəblərini izah ediblər. Mütəxəsisslər fəlakətin belə geniş vüsət almasının yalnız hava şəraiti və yağıntıların çoxalması ilə əlaqələndirilməsiylə razılaşmır. Məktubda deyilir ki, indiyə qədər yaz fəslində yağışlar yağıb, leysan olub. Onların qənaətinə görə, 2008 və 2006-cı illərin aprel ayı ilə müqayisədə 2010-cu ilin aprel ayında yağıntı heç də çox olmayıb. "Amma heç zaman indiki kimi torpaq sürüşməsi, sel və daşqınlar olmayıb. Bu gün baş verən sürüşmənin, erroziyanın başlıca günahı məhz qum karxanaları, daş-çınqıl sexləri, mebel zavodlarındadır. Onların fəaliyyəti sürüşməyə səbəb olan amildir. Bu gün ölkədə elə bir böyük çay tapmaq olmaz ki, onun mənbəyindən tutmuş mənsəbinə qədər dibi, kənarı, bir sözlə qum olan yerləri qaşınmasın, yüz minlərlə ton qum iri yük maşınları ilə daşınmasın. Təbii ki, fasiləsiz olaraq qumun daşınması çayın məcrasının dəyişməsi, errorziyaya uğraması və karrorziyanın dərinləşməsinə səbəb olur" - deyə ekoloqlar bildiriblər.

Müdaxilələr qurunt sularının yeraltı məcrada səmtini dəyişir

Ekspertlər eyni aqibəti çınqıl karxanalarına da şamil edirlər. Onlar hesab edirlər ki, qumlu çaylardan qum, çınqıllı çaylardan çınqıl aramsız olaraq daşınır. Nəticədə çayların yarğanı bərbad günə düşür, qurunt suları yeraltı məcrada səmtini dəyişir və sonda insanların bədbəxtliyinə çevrilir.

"Mebel sexləri də bu məsələdə bəlalardan biridir. Sürüşmənin baş verməməsi və ya qarşısının alınması üçün başlıca vasitə yaşıllıqdır. Bu gün isə paytaxtda və bütövlükdə Azərbaycanın hər yerində ağaclar məhv edilir. Regionlarda meşə massivlərində ağaclar adətən materialına görə kəsilir. Bu gün Masallı, Sumqayıt, Gəncə, Bakı və başqa yerlərdə fəaliyyət göstərən mebel sexlərinin xammalı yaşıllıqların qırlması ilə təmin edilir. Qoz, şabalıd, palıb, vələs və başqa ağaclar kəslilərək mebel sexlərinə daşınır. Həmçinin hər yerdə yetişməyən ağaclar insafsızcasına qırılalarq parket sexlərinə, başqa ağaclar taxta sexlərinə gətirilir", - deyə məktubla vurğulanır.  
Ekoloqlar həmçinin Kür sahilində yerləşən rayonları su basmasını çayın lildən təmizlənməməsi ilə izah edirlər.

Fəlakətin qaşısını almaq üçün imkanlar olub, ancaq...

Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Telman Hacıyev Milli.Az-a açıqlamasında baş vermiş təbii fəlakətləri və daşqınların baş verməsində diqqəti başqa problemə yönəltdi. Çay kənarında qum və çınqılın daşınmasının yaşadığımız təbii fəlakətə səbəb olmadığını düşünən professorun sözlərinə görə, bu fəlakətin qarşını almaq üçün real imkanlar olub: "Hər bir məsələyə vaxtında hazırlıq işləri aparmaq lazımdır. Bizim respublikada dünyada baş verən təbii fəlakətlərin hamısını gözləmək olar. Yeraltı təkanlar, sürüşmələr, quraqlıqdır, daşqınlar baş verir, ona görə də buna hazırlıq işləri getməlidir. Əvvəldən lazımı işlər görməklə baş verən daşqınların səviyyəsini minimuma salmaq mümkündür. Hava proqnozu 10-15 gün əvvəldən verilir. Daşqınların səviyyəsini minimuma endirmək üçün Mingəçevir, Şəmkir, Yenikənddəki maneələrdən mayın 3-4-dən başlayaraq suyu tədricən boşaltmaq lazım idi və mayın 6-7-də gur yağışlar yağarkən bunun qarşını kəsmək olardı və tələfat minimumlaşdırılardı".

Yazda sel aparır, qışda qar altında qalır
 
T.Hacıyev hesab edir ki, təbii fəlakətlər gözlənilən vaxt qabaqlayıcı tədbirlər görülməli, lazımi qurğuların, bəndlərin vəziyyəti öyrənilməli, bərkitmə işləri aparılmalıdır: "Qışda qar yağdı, Mingəçevirdən gələn elektrik xətləri aşdı. Axı mütəmadi olaraq həmin dirəklərin vəziyyəti il boyu yoxlanılmalı, təmirə ehtiyacı olanlar vaxtında təmir edilməlidir. Daşqınların önlənməsi üçün isə xeyli sayda qum kisələri yığılmalı, ehtiyat saxlanılmalıdır".

Xırda çaylar da fəlakətə yol açır

Professor digər problemlər kimi xırda çayları səbəb göstərib: "Göygöl, Girdiman, Türyançay və başqa çaylarda da belə daşqınlar hər il olur. Bu zaman həmin çaylar xeyli miqdarda lili aparıb Kürə tökür. Bu kimi kiçik çaylarda da su anbarı və nizamlayıcı qurğular lazımdır".

Kür çayının məcrası 14 ildir tutulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin hidrometeorologiya Mərkəzinin direktoru Elnar Sultanov Milli.Az xəbər portalına bildirdi ki, bu il Kür çayının su anbarlarında aşağı və yuxarı hissələrinə normadan artıq yağıntı düşüb. Onun sözlərinə görə, bundan əlavə qar ehtiyatlarında da sululuq normadan artıq olub və bunlar üst-üstə düşdüyündən su anbarlarına xeyli miqdarda su gəlib.

E.Sultanov qeyd etdi ki, yağıntıların hesabına Kür və Araz çaylarından su anbarlarına xeyli miqdarda su gəlib: "Araz Su Anbarında suyun səviyyəsi maksimal normadan yüksəkdir. Miingəçevir Su Anbarında isə suyun maksimal səviyyəsinin dolmasına 7 santimetr qalmışdı".
Mərkəz direktoru daşqınların baş verməsində digər səbəb kimi Kürün mənsəbində çayın buraxma qabliyyətinin azalmasını göstərib: "Çayın əsas məcrası adlanan Ana Kür 1996-cı ildən tutulub və demək olar ki, su buraxmır. 2003-də bunun nəticəsini gördük. Bu poroblemi həll etmək üçün Ana Kür açılmalıdır ki, su Xəzər dənizinə rahat gedə bilsin. Hazırda isə çaya gələn su axan sudan artıqdır. Bu halda isə şişmə baş verir" - deyə Nazirlik rəsmisi bildirib.

Bəndi bərkitmək gərək..

E.Sultanov gələcəkdə daşqınların baş verməməsi üçün bəndləri bərkitməyin və Kür çayının mənsəb hissəsinin təmizlənməsini vacib sayır: "Bu yolla problemi həll etmək mümkündür. Bunun üçün proqram hazırlanacaq. Bu, çox böyük və həcmli işdir. Yəqin təmizləmə işlərinə suyun səviyyəsi enəndən sonra başlancaq".
Nazirlik nümayəndəsi yuxarıda qeyd olunan bir qrup ekoloqun O, həmçinin çayın yataqlarının insanlar tərəfindən qazılmasını, qumun daşınmasını fəlakətə səbəb kimi saymır: "Kür çayında belə hallar baş verməyib. Ola bilsin ki, Kürün qolları və ya dağ çaylarında bu əməllər edilib. Bunun çayda sululuğun artmasına nə təsiri var?"

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.