Cəmiyyət

Barbarların London basqını: İzlər hara gedir - anti-türk planı, yoxsa...

6 Avqust 2022 16:12
Baxış: 702

Ölkəmizə qarşı planlaşdırılan və icrasına cəhd edilən çoxsaylı məkrli planlar indiyədək baş tutmayıb. Qərb, Avropa dairələrinin Azərbaycanda "inqilab" etmək üçün ictimai-siyasi sektordan "oğurladıqları", ələ aldıqları fəallar vasitəsilə 2005-2018-ci illər ərzində qurduqları ssenarilərin hamısı ifşa edilib.

Nəhayət, ölkəmizdə xaosu, "inqilabı" din pərdəsi altında həyata keçirmək variantı üzərində dayanılıb. Hazırda bu plan üzrə bütün maraqlı və qara niyyətli dairələr baş sındırır, çabalar göstərir.

Dini inanc məsələsi tarix boyunca həssas olub. Azərbaycanda isə son 10-15 ildə bu, qorxunc hala gəlib çıxıb. Bəlli qaydalarla, gizli yollarla xeyli adamı xarici ölkələr "dini" təsirləri altına alıblar.

Bu gedişatda öz siyasi planları üzrə Qərb, Avropa - xristian ölkələri (!) də özlərinin "islamçı" dini cameəsini yaradıblar...

Son 10 gündə Bakıda və Londonda baş verən iki hadisə bu prosesə xeyli işıq saldı.

Məhərrəmlik başlayan kimi Binə kəndində Şəhla Rzayeva adlı bir qadın evinin divarının çöl hissəsinə qara bayraq asdı, ərəbcə yazılar yazdı. Əlbəttə, hər kəsin dini inancı onun üçün toxunulmazdır. Amma Azərbaycan dünyəvi ölkədir, əlifbası, dili ərəbcə deyil. Həyətinin, evinin içərisində nə yazırsan yaz, kim nə deyər? Ümumən Bakıda, bütün ölkəmizdə küçələrdə, ictimai yerlərdə bütün dinlərə, təriqətlərə aid şüarların yığışdırılmasının tərəfdarıyam. İnanc hər kəsin şəxsi işi olmalıdır, zorən təşviqatla olmaz. 

Heç kimə də sirr deyil ki, səmimi inanclılar, gerçək dindarlar bu kimi təxribatlarla məşğul olmurlar. Yalnız ölkəmizdə sabitliyin pozulmasında maraqlı olanlar, Qarabağ Zəfərindən və Azərbaycanın regionda söz sahibi olmasından təlaşlanan, buna əngəl olmaq istəyən dairələrin, ölkələrin əlində alət olanlar "dini hoqqabazlıqlar" edirlər, əslində siyasi tapşırıqlarını yerinə yetirirlər.

Hüquq-mühafizə orqanları tam haqlı və konstitusiyamıza uyğun olaraq bu məsələni nəzarətə götürdü, xəbərdarlıqlar etdi. Əslində, bu təxribatın qarşılığında Azərbaycan dövləti çox humanist davrandı. O qadının videomüraciətlərində Azərbaycan dövlətinə qarşı çıxışlarını dinləyəndə heç də təsadüfi adam olmadığı bəlli olurdu.
Aşura günü ərəfəsində müəyyən bir çevrənin bu oyunlara başlaması xaricdən idarə olunan bir prosesdir və ölkədə qarışıqlıq salmaq istəyindən doğur.
Haradan yönəldildiyi haqda bir neçə versiya vardı. Təbii, bu dönəmdə nəzərlər ilk baxışda İrana yönəlmişdi. Çünki Tehran son zamanlar Azərbaycanın deyil, Ermənistanın "qardaşı", "dostu" kimi davranır. Onlar bu baş verənlərə şübhəsiz ki, sevinir, ancaq təşkilatçılığın onlara aid olduğunu söyləməyə əsas tapmaq olmur. Bəlkə "London radikalları"nın İrandakı hansısa qeyri-rəsmi, radikal qruplarla gizli əlaqələri ola bilər, bu, istisna deyil, mümkündür. Böyük izlər, ləpirlər isə başqa yerə, ingilis kəşfiyyatına qədər gedib çıxır. Bu baxımdan rəsmi Tehranın etmədiklərini də boynuna qoyub İranı qıcıqlandırmağın faydamıza olmadığı qənaətini bölüşürəm...
Bakıda bəlli proses başlayanda ilk gündən bir məqam diqqətimi xüsusi cəlb edirdi: Avropanın, Qərbin media orqanlarının Azərbaycan nümayəndəlikləri, xaricdən idarə olunan "evrosaytlar", "evroblogerlər" Şəhla adlı qadını ciddi-cəhdlə müdafiə etdilər və etməkdədirlər. Ona guya dəhşətli təzyiqlər olmasına dair görüntü yaratmağa çalışdılar. Hətta "Şəhlanın divarı yazması Azərbaycan qanunlarına zidd deyil" şüar-sərlövhə ilə materiallar da hazırlandı. Bu tipli materiallar sosial şəbəkələrdə sponsor dəstəklə geniş-geniş yayıldı.

Britaniyanın "BBC"-i də bu prosesdə fəal idi...

Daim dini radikalizmdən əziyyət çəkən, bununla mübarizə apardığını bəyan edən Avropanın, Qərbin nəzarətindəki media quruluşlarının Azərbaycanda heç bir qayda-qanun tanımayan radikalları Aşura ərəfəsində fitvalaması, araqızışdıranlıq etmələri təəccüblü idi. O baxımdan ki, bunun ardınca nə gələcək? Ancaq çox gözlətmədilər özlərini: Cəmi 2-3 gün sonra pərdə yırtıldı! Azərbaycana qarşı "dini plan" üzrə ikinci hadisə Britaniyada baş verdi!

Londonda dini radikallar 4 avqustda Azərbaycan səfirliyinə basqın etdilər, bayrağımıza həqarət yapdılar.
Yasir əl-Həbibi adlı birinin rəhbərlik etdiyi "Mehdinin xidmətçiləri" təşkilatının quldurları səfirliyimizə soxulduqdan sonra belə bir bəyanat verdilər: "Azərbaycan hakimiyyətinin ölkədə Hüseyni ayinlərə qarşı mübarizəyə etiraz əlaməti olaraq "Xuddam əl-Mehdi" (Mehdinin Xidmətçiləri) təşkilatının bir qrup üzvü Azərbaycanın Londondakı səfirliyinə hücum edərək Mehdinin (əleyhissalam) bayrağını qaldırıb".
Və bir ipucu verən məqam: Quldurların qaldırdıqları plakatlardan biri də Bakıdakı Şəhla adlı qadının "dini təzyiqə" məruz qalmasını əks etdirib.

Yasir əl-Həbibinin və onun təşkilatının "siyasi xətti" haqda dini ekspertlərin yazdıqlarını oxudum. Belə başa düşdüm ki, o, hazırda İranın təsir dairəsində deyil. İnandırıcıdır, ona görə ki, 2018-ci ildə bu təşkilat İranın Londondakı səfirliyinə də eyni cür hücum edib. Bayrağı endirib. İranın indiki dini və siyasi rəhbərliyi ilə düşməndirlər. Yuxarıda qeyd etdiyim kimi, bəlkə hansısa İran dairələri ilə əməkdaşlıq, gizli müttəfiqlik edirlər, amma oyun çox böyükdür, böyük olduğu qədər də qəlizdir, məqsəd də eynilə. 

Gəldiyim qənaət odur ki, bunlar sadəcə dini alət ed(il)ən barbarlardır, quldurlardır və ingilis kəşfiyyatının da kontrolundadırlar.
Belə olmasaydı London polisi Azərbaycan səfirliyinə hücumu sonadək seyr etməzdi. Videoya baxın, faktiki olaraq vandilizm, cinayət Britaniya polisinin nəzarəti altında baş verir.

Niyə, nə üçün? Britaniya nədən narazıdır, narahatdır? Niyə de-fakto Azərbaycanda aranı qarışdırmağa çalışırlar?
Versiyalar çoxdur. Türkqanlı Boris Consonun istefasından dərhal sonra Britaniyada Türk dünyasına qarşı bir proses başladığı da nəzərdən qaçmamalıdır. Xüsusi ilə Türkiyə və Azərbaycana qarşı bir prosesin başlayacağına dair proqnozlar da var idi. Çünki Azərbaycan və Türkiyə ilə bağlı Consonun dövründə formalaşmış fərqli (uyğun) siyasətə "ingilis barmağı" ediləcəyi gözlənilməz deyildi. Və başlayıb. Özü də Azərbaycanın "Qisas" əməliyyatından dərhal sonra!
Azərbaycanın və Türkiyənin münasibətləri dərinləşdikcə, türk dünyasının əməkdaşlığı yaxınlaşdıqca, ölkəmiz gücləndikcə bu cür təxribatlar qaçılmaz olacaq.
Xüsusən də xaotik dini provokasiyalar baş verə bilər. Azərbaycanda dini savadsızlıqdan, qarışıqlıqdan dolayı inanclı kəsimi çaşqınlığa salmağın asan olduğunu qət edib yəqin kəşfiyyatlar.
Təbii, mümkündür ki, bu prosesdə İrandakı anti-Azərbaycan - radikal qüvvələr də öz maraqları naminə və fərqli prizmalardan, istiqamətlərdən çalışsınlar. Bulanıq suda balıq tutmaq arzuları baş qaldıra bilər.

Ancaq bu kart da keçərli olmayacaq. Azərbaycan dövləti, xalqı, ictimaiyyəti və mediası bu cür oyunlardan çox görüb. Xeyli təcrübə var.
Bir narahatedici məqam dini radikalların özlərini müəyyən qədər rahatlıqda hiss etmələridir. Onlarla məhz radikallıqlarına adekvat davranılmalıdır.

Habelə, illərdir deyirik ki, xaricdəki səfirliklərimizdə çalışan kadrlar ciddi seçilməlidir, istənilən situasiyada adekvat davranmağı bacarmalıdırlar, cəsarətli, fədakar, təşkilatçı olmalıdırlar.
Diasporların fəaliyyəti də fərqli qurulmalıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics