Şou-biznes

Elza Seyidcahan: «Nə olsun ki, Nadir Qafarzadə Faiq Ağayevə xoruz deyib, əsl kişi elə xoruz olar…»

3 May 2010 09:30
Baxış: 1 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Elza xanım, belə söz-söhbət dolaşır ki, guya saçlarınız tökülüb, keçəlləşmisiniz.

- Yox, nə danışırsız?! Mənim saçlarım qətiyyən tökülmür. Saç barədə heç vaxt problemim olmayıb. Saçlarım dədə-babadan gurdu, qalındı. Xatirimdədir, bir dəfə dayım bizdə olanda bacım Rasiməni göstərib, anama dedi ki, evimi təmir edirəm, qızın saçlarını kəsəndə ver mənə. Onun saçlarından yaxşı "kist" çıxar. O vaxt da bacımın saçları yamanca uzanmışdı, özü də coduydu. Uşaqlıqda anam bizim saçlarımızı hər zaman oğlan sayağı kəsdirərdi, uzatmırdı.

- Ötən dəfə portalımıza açıqlamanızda saçlarınızı keçəl qırxdıracağınızı demişdiz.

- Bu, mənim digər layihəmlə bağlıdır. Əgər layihə həyata keçsə, saçımı qırxdıracağam. Əgər saçımı keçəl eləməsəm həmin layihə özünü doğrultmaz.

- Bəlkə heç bir layihə yoxdur? Sadəcə, siz diqqət çəkmək məqsədilə canlı yayımda belə bir yalana əl atdınız, ola bilər?

- Qətiyyən! Mən heç vaxt gündəmdə və yadda qalmaq məqsədilə belə iş tutmaram. Əksinə, həmişə çalışmışam ki, yaxşı mənada yaddaşlarda qalım. Hər zaman səyahətə gedəndə, kiminləsə ünsiyyət quranda məndən ayrılmaq hamıya çətin olur. O mənada ki, hamının yaddaşında qalıram. Çalışıram ki, ayrıldığım insan mənim yoxluğumdan ağrımasın, inciməsin. Uşaqlıqda yay olanda kəndə gedirdik, evə gələndə oradakılar növbəti dəfə yenidən ora gedəcəyimi səbirsizliklə gözləyirdilər. Hara gedirdimsə, sözüm-söhbətim olurdu, yaxşı mənada məndən danışırdılar. İnsanlar yaddaşlarda həm yaxşı, həm də pis əməllərinə görə qalırlar. Elələri də var ki, nə yaxşı, nə də pis əməllə qalmır. Çalışmaq lazımdır ki, yaddaşlarda yaxşı mənada qalasan.


"Məndə Allahın verdiyi mistik qüvvə var
"


- Siz yaddaşlarda necə qalacaqsız?

- Vallah, nə deyim? Yəqin Elza kimi qalacağam. Mənim sənətimi sevən ziyalı bir insan bu yaxınlarda mənə dedi ki, Elza, sənətinizə gülənlər guya bilmirlər ki, Tanrının verdiyi istedad sizdə var?! Onlar sizin seçilmiş olduğunuzu çox gözəl bilirlər. Məndə Allahın verdiyi mistik bir qüvvə var. Onlar paxıl olduqları üçün mənə gülürlər. Məni gözdən salmağa çalışırlar. Anlamırlar ki, bununla məni daha da yaddaşlarda saxlayırlar.


"Dünya şöhrətli sənətkarlarımız mənim mahnılarımı oxuya bilməyiblər"


- İstedadlı olduğunuzu iddia edirsiniz. Amma etiraf edin ki, səsiniz yoxdur...

- Siz nə danışırsız?! Mənim çox gözəl səsim var. Əsas odur ki, böyük ürəyim var. Ümumiyyətlə, heç vaxt özümü müğənni hesab etməmişəm. Bir çox müğənnilərdən qat-qat yaxşı oxumuşam. Eyni zamanda oxuduğum mahnıları tamaşaçıya sevdirmişəm. Elə mahnı yoxdur ki, oxumaqla hitə çevirməyim. Mən müğənni deyiləm, sadəcə, oxumaq hobbimdir. Bəzi, özünə müğənni deyən insanlar utansınlar, ar eləsinlər. Mənim üçün müğənni, xanəndə Rəşid Behbudov, Zeynəb Xanlarova, İlhamə Quliyeva, Şövkət Ələkbərova, Nəzakət Teymurova, Aygün Bayramova, Teymur Əmrah, Könül Kərimovadır. Düzdür, istedadlı gənclərimiz də var. Onların müğənni olub-olmamasını gələcək göstərəcək. Bəstələrim çox çətin və qəlizdir. Mən öz bəstələrimi oxuyuramsa kişi qızıyam. Yazdığım əsərləri hətta professional müğənnilər oxumağa qorxurlar. Azərbaycanımızın dünya şöhrətli sənətkarları, xalq artistləri mahnılarımı oxumaq istəyiblər. Lakin bu, onlarda alınmayıb. Əgər onlar oxuya bilməyibsə, deməli, mən müğənniyəm də.

- Elza xanım, doğrudan, kitab oxumursunuz?

- Buna görə məni heç kəs qınaya bilməz. Çoxlu kitablar oxumuşam ki, bu qədər musiqilər bəstələmişəm də. Hər zaman İmadəddin Nəsimi, Nazim Hikmət, Məhəmməd Füzuli, Aşıq Ələsgər, Mola Pənah Vaqif, Ramiz Rövşən, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Hüseyn Cavid, Rüstəm Behrudi, Vaqif İbrahimoğlundan bəhrələnirəm. Telekanallardan birində yalnız mənə yox, bütün sənətçilərimizə şamil olunmuşdu ki, guya kitab oxumuruq. Həmin verilişdə ümumbəşəri, klassik əsərlər "köhnə" adlandırılmışdı. Mən də buna iradımı bildirmişdim ki, böyük söz-söhbətə səbəb oldu. Məni sevən fanatlarıma, ziyalılara söz vermişəm ki, bir daha emosional və aqressiv olmayacağam. Cavabı mən vermişdim deyə insanlar elə bilmişdilər ki, mən hədəfəm. Böyük əsərlər oxumağa vaxtım yoxdur. Oxusam da belə beynimə daxil olmayacaq. Həmişə Quran oxuyuram.

- Bəs qəzet necə oxuyursuz?

- Qəzet oxumağı lazım bilmirəm. Hər axşam televiziyadan xəbərləri izləyirəm. Axşam evə gələndə, qızım interneti açır, xəbər saytlarına baxıram. Sadəcə, mənim o qədər qayğılarım, işlərim var ki. 10-15 ildən sonra, yaşlananda evdə oturub sırf bəstəkarlıqla məşğul olacağam. Çoxlu kitablar, qəzetlər oxuyacağam. Arzumdur ki, Şekspri təkrar oxuyum.

- Yeri gəlmişkən, müasir yazar və şairlərimizdən kimlərin yaradıcılığına bələdsiniz?

- Mən gənc, eyni zamanda dahi rəssamlar tanıyıram. Gənc xanəndələrimiz, bəstəkarlarımız var. Sadəcə, mənim musiqilərim hələ ki, klassik şairlərimizin yazılarına daha çox uyğun gəlir. Zaman gələcək müasir şairlərimizlə də çalışacağam. Mən müasir yazarlarımızı da qəbul edirəm. Fəxr edirəm ki, gənc şair və yazarlarımız var.

- Aqşin Yeniseyi, Sevin Pərvanəni, Sevinc Çılğını, Zahir Əzəməti, Seymur Baycanı... tanıyırsız?

- Bəlkə adlarını sadaladığınız şair və yazarların mənim evimdə kitabları var. Yeri gəlmişkən, mənim kitabxanam var. Hara getsəm, mütləq özümlə kitab gətirirəm. Sadəcə, həmin gənclərlə yaradıcılıq birliyim olmayıb.


"Bu hallar dünyanın sonunun yaxınlaşmasından xəbər verir"


- Sosial aksiyalarda iştirakınızı tez-tez görürük. Könlünüzdən millət vəkili olmaq keçmir ki?

- Müəllimim bəstəkar Arif Məlikov da vaxtilə millət vəkili idi. O, özünü heç vaxt hansısa vəzifə kürsüsündə görməyib. Deyərdi ki, mən yalnız müəlliməm. Bir çox millət vəkilləri ilə bərabər bir sıra tədbirlərdə iştirak edirəm. Bir insan öz ailəsində və sənətində öz işini layiqincə yerinə yetirirsə o, artıq millətin vəkilidir. Məcburdu ki, gedim, millət vəkilinin kürsüsündə oturum, məni görsünlər? Mən Azərbaycan xalqının və sənətimin vəkili olaraq çalışıram.

- Milli Məclisdə müzakirəyə çıxarılan qanunlardan nə dərəcədə xəbərdarsınız?

- İzləyirəm, eşidirəm.

- Bu yaxınlarda Milli Məclisdə qeyri-ənənəvi cinsi orientasiyaya məxsus olanların rəsmi nikaha girməsi ilə bağlı qanun layihəsi müzakirə olundu. Siz necə düşünürsünüz, Azərbaycanda bu qanunun qüvvəyə minməsinə ehtiyac varmı?

- Yox. Mən belə hallara pis yanaşıram. Dini kitablardan bilirəm ki, Allah dünyanı, eyni cinsdən olan insanların bir-biriylə cinsi əlaqədə olmasına görə dağıdıb. Bu kimi hallar dünyanın sonunun yaxınlaşmasından xəbər verir.

- Sizcə, yerli şou-biznesdə belə kişi müğənniləri var?

- Xeyr! Siz niyə elə düşünürsünüz ki var? Qətiyyən! Adi insanlar arasında elələrinə daha çox rast gəlmək olur, nəinki müğənnilərdə. Sadəcə, şou-biznes nümayəndələri üzdədi. Mən demirəm ki, şou-biznesdə qeyri-ənənəvi cinsi orientasiyaya məxsus müğənnilər ümimiyyətlə yoxdur. Bəlkə də var, amma çoxluq təşkil etmir. Niyə sənəti ləkələndirirsiniz? Sonra bir istedadlı oğlanı, uşağı anası-atası bu sənətə qoymayacaq axı.

- Nadir Qafarzadənin səhnədə oxuması üçün dodağını botoks etdirməsi şərtdir?

- Bu, Nadirin şəxsi işidir.


"Məni də təhqir edirlər"



- Müğənni sənətə səsiylə, ifasıyla gəlməli deyil?

- Müğənniyə hər şey olar. Siz adi insanlardan danışın. Kişi müğənnisi istəyər dodağını şişirdər, istəyər burnunu kəsdirər. Nadir Qafarzadənin gözəl ailəsi, iki oğlu var. Ailəsini brillianta bürüyür. Şəxsən mənim ailəmin çox tünd xasiyyəti var. Amma mən səhnədə hamını - Rafaeli, Coşqunu qucaqlayıram, öpürəm, bağrıma basıram. Səhnədə hər şey olar. İlhamə Quliyevanın evində olmuşam. Mətbəxdə heç bir xanım onun yanından yel olub ötə bilməz. İlhamə xanım efirdən tamam fərqli görünür. Səhnə baxılmaq üçün elə olmalıdır. 12-13 yaşında oğlan və qızlar min oyundan çıxırlar, uçuruma gedirlər. Nə kitabdan, nə musiqidən xəbərləri yoxdur. Amma özlərini Nadir Qafarzadəyə, Maykl Ceksona, Elza Seydcahana oxşadırlar.

- Deyirsiz ki, efirdə hər şey olar. Bu yaxınlarda Nadir Qafarzadə xalq artisti Faiq Ağayevi canlı yayımda "xoruz" adlandırdı. Belə çıxır ki, efirdə hər şey danışmaq da olar?

- Bu, onların şəxsi işləridi. Nadir Qafarzadədi, Faiq Ağayevdi, Mübariz Tağıyevdi, Yalçın Rzazadədi - nə edirlər, etsinlər. Mən yalnız özümə cavabdehəm. Bir ailədə eyni ata-anadan dünyaya gələn beş uşaq olur. Xarakterləri bir-birindən kəskin fərqlənir. Nə olsun ki, Nadir Qafarzadə Faiq Ağayevə "xoruz" deyib. Əsl kişi elə "xoruz" olar də! Vaxtilə xoruz döyüşləri olardı. İndi xoruzlar da adını, urvatını itirib. Nadir kinli oğlan deyil, üzr istəməyi bacarır. Faiq Ağayev isə zəhmətkeş insandı, sənəti var. Nəyə görə onu təhqir etməlidirlər? Məni də təhqir edirlər. Vallah, dünyanın sonu yaxınlaşır.

Aysel Şirinzadə
Milli.Az
________________________________________


________________________________________


________________________________________


________________________________________


________________________________________


________________________________________


________________________________________


________________________________________


________________________________________

________________________________________

________________________________________

________________________________________


________________________________________


________________________________________


________________________________________

________________________________________


________________________________________

________________________________________


________________________________________

________________________________________

________________________________________


________________________________________


________________________________________

________________________________________

________________________________________

________________________________________
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.