Şou-biznes

Azərbaycanlı müğənni: "Onun qısqanclıqları üzündən şou-biznesdən uzaqlaşmışam" - MÜSAHİBƏ - FOTOSESSİYA

13 Oktyabr 2011 09:30
1 Şərh     Baxış: 10 618
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az xəbər portalına gənc müğənni Aynur Umudovanın müsahibəsi.

- Aynur xanım, bir neçə müddətdir, gündəmdən kənara çəkilmisiniz, bunun səbəbi nə ilə bağlıdır?
 
- Şəxsi işlərimlə məşğulam. Sonuncu duet məni və ailəmi bir az narahat etdi, ona görə dincəlməyi üstün tutdum. İstədim ki, ailəmlə və sevdiyim insanla birlikdə dincələrək keçirdiyim stresi atım. Yeri gəlmişkən, onu deyim ki, 5 ildir ki, sevdiyim insan var və təbii
ki, onun da qısqanclıqları üzündən şou-biznesdən uzaqlaşmışam. Ancaq müvəqqəti olaraq.

- Duet demişkən, təkrar duet haqqında düşünəcəksinizmi bunca olub-bitənlərdən sonra?

- Yox, belə fikrim yoxdur, ancaq təklifləri dəyərləndirməyi sevirəm, normal şəkildə. Reklam xətrinə biabır olmaq mənə görə deyil. Çünki hər şeydən öncə ailəm, dostlarım, sevdiyim insan izləyir məni. Tənqid edirlər. Gündəm xətrinə biabırçı reklamlara yol vermək ağılsızlıqdır. Bunu bir dəfə etdim, bir daha etmərəm.

- Aynur xanım, "sevdiyim insan dediniz", bu şəxs, sirr deyilsə, kimdir? Bir qədər şəxsi həyatınızdan bəhs edə bilərsiniz?

- Şou-biznesdə belə şeylər normal haldır. Ancaq ki, mənim şəxsi həyatım daha önəmlidir. Mənim üçün gözəl gələcək quran, məni oxudub təhsil verən, tərbiyə edən ailəm var arxamda, onları üzməyə haqqım yoxdur. Bir də ki, mən cox istedadlıyam, həm rəqs edirəm, mahnılarımı bəstələyirəm, sözlərini də bəzən özüm yazıram və bir gün öz sözümü deyəcəm sənətimdə...

Düzdür, qalmaqalsız bu bir az çətin olacaq, çox vaxt aparacaq, amma biabırçılıqdan min dəfə yaxşıdır. Sevdiyim barəsində onu deyə bilərəm ki, artıq beş ildir ki, bir-birimizi sevirik. Biz tanış olanda mən hələ tələbə idim. Mənim üçün çox dəyərli və əvəzsiz bir insandır. Söz-söhbətlərin reklam xarakterli yalan olduğunu bilsə də, yenə də qısqanır.

- Hal-hazırda şou-biznes aləmində hansı mövqeni tutmağı qarşınıza məqsəd
qoymusunuz?
 
- Mən başqalarından fərqli olaraq yuxularımı, xəyallarımı danışmağı yox, xəyallarımı həqiqətə çevirməyi sevirəm.

- Şou-biznes aləmində kimləri özünüzə rəqib görürsünüz, elə müğənnilər varmı ki, siz onların səs imkanlarını özünüzdən çox aşağı görürsünüz?
 
- Mən iki il öncə şou-biznesə yeni gələndə deyirdim ki, kimin yaxşı səsi varsa, yuxarı mövqedə yer alacaq. İndi fikrim tam dəyişib. İradəli, ağıllı, bir az da hiyləgər olmaq lazımdır. Haqsızlıq olur bu sənətdə, yalançılar, ikiüzlülər çoxdur bu sənətdə, siz bunu məndən yaxşı bilirsiniz. Səslə, gözəlliklə olsa, mənim kimi cox gənclər var, istedadlı, həm də gözəl, səhnəyə yaraşan, ancaq kimə nə?..

- Şou-biznesdə dostlarınız var?

- Münasibətim olanlar da var, dostlarım da var. Yaxşıları da var, təbii ki.

- Aynur xanım, hər gün öz üzərinizdə çalışırsınız, yoxsa bir balaca tənbəlliyiniz də var?

- Tənbəlliyim var. İşləməyi yox, gəzməyi, səyahəti sevirəm. Xarici ölkələrə çox gedirəm. Amerikada yaşamaq arzusundayam. Ancaq anam məni bir an belə gözündən uzağa qoymur. Təbii ki, onun gözünü yolda qoyub gedə bilmərəm. Bir ay sonra Avropaya gedəcəm. Sevgilimlə 3-4 ölkə gəzməyi planlaşdırmışıq, inşallah. Oradan gəldiyim zaman
ən yeni şəkilləri də ilk olaraq sizin sayta təqdim edərəm. Qayıtdıqdan sonra yenidən işlərimə start verəcəm.

- Qayıtdıqdan sonra tamaşaçıları hansısa yeni layihə və ya sürpriz gözləyirmi?

- Əlbəttə. Yenilik daim lazımdır. Mənim ilk addımlarım elə yenilik idi. Çünki bizim səhnədə arabesk oxuyan, həm də eyni zamanda rəqs ifa edən yox idi. Ancaq məndən sonra bir neçə müğənni arabesk oxumağa başladı. Bu yaxınlarda gördüm, Röya da ərəb ritmləri ilə bir mahnı ifa edir, məni gülmək tutdu. Çünki onun tamam fərqli bir tərzi var axı.

Mənim xoşuma gəldi, bu hərəkəti ilə özü təsdiq edir ki, müasir gənclərlə rəqabət aparmaq onun işi deyil. Mənim arabeski seçməyimə səbəb əvvəllər rəqqasə olmağım idi. Bu ritmlər mənə daha yaxın idi. Qaldı ki, bizimkilər öyrəniblər ki, biri nəsə etsin, hamısı da onu təkrarlasın.

- Aynur xanım, nə zamansa filmdə çəkilmək təklifi almısınız?

- Mən bir dəfə filmə çəkilmişəm. 40 seriyalı "Misir gecələri" filminə. O zaman 19 yaşım var idi və baş rolu mənə vermişdilər. Bu serialı rusiyalı rejissor Nikanqa çəkmişdi. Onun məndə videokaseti də var, özü də çox yaxşı bir film alınıb.

Vasif İsmayılzadə
Milli.Az

































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.