Şou-biznes

Kişi ilə sevgili olan kişi aparıcı, Nazpərinin Elzaya "bazar adamı" deməsi, Teymur əminin "jim"i, Elnarənin falçıya getməsi - HƏFTƏBECƏR

3 Dekabr 2018 00:45
34 Şərh     Baxış: 11 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (200-cü say) təqdim edir.

Ötən həftə yazılan 36 şərhin hər birinin müəllifinə təşəkkür edirəm və bilin ki, hamınızın yazdığınızı ayrıca oxuyuram, bəzi şərhlərdən isə nəticə çıxarmağa çalışıram. Başqa adlarla şərh yazdıran müğənniləri isə xüsusən salamlayıram. Bir bilsəniz ki, Qulpqoyan dayı o şərhləri oxuyanda sizə nələr deyir, nələr... Söhbət müğənnilərin yazdırdığı şərhlərdən gedir ha. Keçək ötən həftəyə... Və bu arada yubiley buraxılışımız münasibətilə həm özümü, həm də oxucularımı təbrik edirəm.

Heç şübhəsiz ki, ötən həftənin şou gündəminin adamı Elza Seyidcahan oldu. Və elə indi mənim o xanımın adını bu sətirlərdə hallandırmağım da ona olan aşırı simpatiyam, yaxud zəhləmin getməyi deyil. Sadəcə, adam ya çox ağıllıdır, özü-özünü reklam etməyi bacarır, ya da Rasim Balayev demiş, Elzaya dur deyən tapılmalıdır. Kimsə deməlidir ki, get, işinlə məşğul ol, sən şair deyilsən, heç müğənni də deyilsən. Amma bir məsələ də var ki, belə də deyəndə deputat Nizami Cəfərov çıxıb Elzanın yerinə o boyda Rasim Balayevə irad bildirir. Deyir ki, kimsə Elzaya "sən şair deyilsən" iradını tuta bilməz.

Bunu da keçdik. Bəs münsifi olduğun yarışmanın iştirakçısına "səhnəyə canavar kimi gəlib, pişik kimi oxudun, quzu kimi mələdin" nə deməkdir. Axı o uşaqların ilk addımlarıdır. Lap deyək ki, ilk addımları deyil e, qırx ildir səhnədədirlər. Kiməsə pişik kimi oxudun demək hansı mədəniyyətə sığır? O məntiqlə Elzanın sosial şəbəkələrdəki məşhur "hahahaha" mahnısı ulamağı xatırladır. İndi biz Elzaya deyək ki, başında qazan səhnəyə çıxıb niyə ulayırsan? Demək olmaz, vallah, olmaz. Sonucda Elza da bir insandı, şəxsiyyət vəsiqəsi daşıyır, hələ fəxri adı da üstəlik. Bir az da bərkə düşəndə "mən boyda əməkdar artist" deyib, öyünür. Mən boyda e. 

Hər şeyin kulminasiyası isə "Azərbaycanın səsi" adlanan, amma Azərbaycanın 90 faizi yuxuya gedəndən sonra efirə verilən yarışmada baş verdi. Adam Nazpəri Dostəliyevanı öz tələbəsi adlandırır, iki mahnımı pulsuz oxumusan deyir. Nazpəri Dostəliyeva da "belə bazar adamıyla oturmaram" deyib, efiri tərk edir. Axı bunun adı nədir? Axı səlahiyyətli şəxslər bu qadından o qədərmi çəkinirlər ki, ya efir qadağası qoymurlar, yaxud dəvət edib efirdə necə davranmaq lazım olduğunu izah etmirlər. Adam çıxıb münsifi olduğu yarışmanın iştirakçısını təhqir edir və heç bir qurumun də reaksiyası yoxdur.

Əvvəl sənət var idi deyə, şəxsi həyatdan danışmaq dəb deyildi. Hətta kimsə sənətdən danışsa belə, kiməsə maraqlı olmazdı. Amma indi kimin kimi övladlığa götürməyi, kimin kimdən uşaq doğmağı gündəm olur. "Keyxanım" kimi tanınan aktrisa Ülviyyə Əliyeva da deyib ki, atam məni bibimə övladlığa verib. Heç dəxli var? Bu, sizin ailənin daxili işidir e, tamaşaçıya maraqlı ola bilməz.

Yəqin ki, Teymur əminin "jim" vurmağından da xəbərdarsınız. Deyilənə görə həmin hərəkəti əlli bir dəfə təkrar edib. Sözün doğrusu, həmin videoya maraq üçün iki-üç dəfə baxdım. Gəldiyim qənaət belə oldu ki, Teymur əmi orada nəsə vururdu, amma vurduğu dəqiq "jim" deyildi. Nə illah elədimsə, o hərəkətləri hər şeyə oxşatdım, "təkcə "jim"dən başqa.

Ötən həftə bir video yayılmışdı. Videodakı şəxs guya insanlara şəfa verir, bir çox məşhurlar da onun yanına gəlirlər və sair. Orada adı çəkilən şəxslərin bir neçəsi ilə əlaqə saxlamağa çalışdım, hətta sosial şəbəkə vasitəsilə səs də göndərdim. Amma zəngimə cavab verən və bu mövzuda danışan yeganə şəxs xanəndə Elnarə Abdullayeva oldu. Amma ilin on iki ayı cəhaləti pisləyən, kitab oxumağı təbliğ edən, amma həftədə üç dəfə molla yanına gedənlərdən cavab olmadı. Və mənə görə Elnarənin bircə kəlməsi həmin şəxslərin (açıqlama üçün müraciət etdiklərimin) həyat və yaradıcılığından daha mənalı və maraqlıdır. Ən azı ona görə ki, mərddir və etdiyini danmadı. Hərçənd ki, elə yerlərə getməyi indi də doğru hesab etmirəm.

Ötən həftə sosial şəbəkədə bir status yazmışdım. Məğz belə idi ki, bir kişi aparıcı bir qadın aparıcının əri ilə sevgilidir. Bəli, kişi kişi ilə sevgilidir. Və işin qəribə tərəfi budur ki, qadın müğənni də ərinin həmin kişi aparıcı ilə sevgili olduğunu bilir. Beləcə bu "trio" çox xoşbəxtdir. İnanın ki, həmin statusdan sonra altı aydır salamlaşmadığım adamlar da zəng vurub maraqlandılar. Axı niyə də? Səbəb?

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.