Şou-biznes

Xatirənin libassızlığı, "Toppuş bacı"nın qayıdışı, "Maşın şou"dan imtina edənlər, Vəfanın biznesi, aktrisanın 400 manatlıq ətiri - HƏFTƏBECƏR

19 Noyabr 2018 00:45
16 Şərh     Baxış: 10 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (198-ci say) təqdim edir.

Son bir həftədə şou aləmində, demək olar ki, boşluqdu. Dalaşıb barışanların da sayı azalıb. "İnstagram" izləyicisini polis bölməsində üzr istəddirən olsaydı, baxardıq.

Xəbərlərə keçməzdən əvvəl özümü təbrik edirəm. Axır ki, mənim də "İnstagram hesabım (intiqam_valehoglu) oldu. İndi o hesabdan müğənniləri daha yaxından izləyib, sizinlə bölüşmək imkanım olacaq. Sizin də rastınıza çıxan maraqlı xəbər olsa, mənə göndərə bilərsiniz.

Ötən həftəyə damğa vuran xəbərlərdən biri də müğənni Xatirənin efirə çıxdığı libas idi. Qulpqoyan dayı deyir ki, axı mən orda libas görmədim. Deyirəm ki, yaşlı adamsan da, görməzsən. Deyir ki, çox şey gördüm, amma libası görmədim. İndi mən bu ağsaqqala nə cavab verim? Bu arada görürəm ki, ağsaqqal Xatirənin arıqlaması üçün dua edir. Sən demə, Xatirə deyibmiş ki, arıq olsam, bundan da açıq geyinərəm.

Müğənni Rəqsanə İsmayılovanın yenicə doğulmuş qız övladı xəstəxanaya yerləşdirilib. Allah şəfa versin. Ümid edək ki, Rəqsanə heç olmasa bu dəfə körpənin üzərindən reklam tutmur. Niyə belə dediyimi nisbətən təcrübəli oxucular yaxşı bilir. Təxminən 10-11 il öncə sənətçinin "əkiz övladı" dünyaya gəlmişdi. Bax, o yalançı xəbərdən sonra indi adam başqa cür düşünə bilmir.

"Toppuş bacı" kimi tanınan aktrisa Tünzalə Əliyeva yenidən xına məclislərinə getməyə başlayıb. Bu barədə sosial şəbəkədə yazdıqlarından: "Rəbbim bütün ölənlərə rəhmət eləsin, həyat davam edir. İndi işimin başındayam, xınalarınızın gözəl keçməsi üçün bizə müraciət edin".

Şəxsən mənə maraqlıdır ki, o boyda zırıltıdan sonra kimsə bu xanımı məclisinə çağıracaqmı? Şəxsən mən məclis sahibi olsam, ehtiyat edərdim. İndi də gəlib məclisdə maşınının kreditini bağlamağa qalxar, bəs onda nağayrarıx?

Yaxın günlərdə "Maşın şou" yenidən start götürəcək. Deyilənlərə insansaq, təxminən otuza yaxın insana müraciət göndərilib. Bəzi tanınmış simalar - müğənni Sevda Yəhyayeva, tanınmış telejurnalist Ülvira Qarayeva, gənc müğənni Əhməd Mustafayev, Rəqsanənin qızı, gənc müğənni (belə deyirlər) Aysun İsmayılova təklifə müsbət cavab verməyiblər. Deyəsən, tənqidlərimiz tədricən bəhrəsini verir. Hətta bu qərarlar bizim tənqidlərdən doğmasa belə, təqdirəlayiqdir. Təbii ki, "Maşın şou"da da iştirak etmək olar, lap "Kombayn realiti şou"da da. Sadəcə, həmin şounun son buraxılışlarında baş verənlər, ortaya atılan iddialar göstərir ki, bu həna o hənadan deyil.

Damla çəkildiyi filmə baxıb, ağlayıb. Təqdimat mərasimindən çəkilmiş kadrları görəndə mən də dəhşət kövrəlmişdim. Elə bu cümlələri də sizə göz yaşlarımı silə-silə yazıram. Allah heç kimin balasını o vəziyyətə salmasın. Filmdəki qızın taleyini deyirəm, Damlayla nə işim var?

Fatiməylə Xatunun qalmaqalı Təranəylə Nazəninin məhkəmə çəkişməsini kölgədə qoyub. Axırıncı söhbət bundan ibarətdir ki, Xatunun atası Fatimədən üzr istəyib. Bilirəm ki, yazımı oxuyurlar. Ən azı özləri oxumasalar da, ordan-burdan eşidəcəklər. Məsələ çox iyrəncləşməmiş bu söhbəti bitirmək lazımdır. Axı bir tikə çörək nə böyük dərd olub ki, onun üstündə bu hallara girirsiniz? Lap tutaq ki, kimsə kiminsə məclisinə gedib, beş manat artıq pul qazanıb. Sonra? Bəs rayon yerində günü 7 manata 12 saat günün altında tarlada işləyən qadınlar nə etsinlər? Bəs onlar dərdlərini kimə desinlər? Təsəvvür edirsinizmi, bu qalmaqal nə vəziyyətə gəlibsə, Fatimənin 15 min pul xərcləyib çəkdirdiyi klip qalıb bir qıraqda, hamı məhkəmədən danışır.

Aktrisa Vəfa Zeynalova özünə biznes qurub, sağlığına qismət. O, bundan sonra təkcə aktrisa yox, həm də geyim mağazasının müdiridir. Həmişə demişəm, yenə də bu fikirdəyəm. Vəfa çalışqan xanımdır. Ümumiyyətlə, əksər aktrisalarda bu müsbət keyfiyyəti müşahidə etməkdəyəm. Məsələn, bir də görürsən ki, iki yüz manat maaş alan aktrisa dörd yüz manatlıq ətir vurur. Kopoğlunun pulunun bərəkətinə bax e.

Camaat da Sevda Yəhyayevanı bezdiribmiş. Hamı soruşur ki, nə vaxt ərə gedirsən? Sən Allah, bəxtəvərlərin dərdinə bax e.

Elza Seyidcahan deyib ki, Amaliya Pənahova onun şeirlərini səsləndirmək istəyirmiş. Bu xəbəri özünüz şərh edin, mənim səbrim çatmadı. Qulpqoyan dayı da o tərəfdə ağzına gələni danışır. Dediklərini bura yazsam, kişini gəlib apararlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.