Şou-biznes

"Toppuş bacı" üçün yığılan pul, Rəqsanənin rekordu, Təranənin vəhşi Musası, Könülə 20 minlik it - HƏFTƏBECƏR

1 Oktyabr 2018 00:45
37 Şərh     Baxış: 13 241
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (191-ci say) təqdim edir.

Yerli xəbərlərə keçməzdən əvvəl Türkiyə mətbuatının yazdığı bir məlumatı diqqətinizə çatdırım. Məryəm Üzərli (Hürrem Sultan rolunun ifaçısı) mahnı oxuyub. İndi bu xəbərdən sonra oğul istəyirəm dursun bizim aktrisaların qabağına. Kimə irad bildirsən, deyəcək ki, odey Məryəm də oxuyur.

Yadınızdadırsa ötən həfətlərdə "Toppuş bacı"nın Zaur Baxşəliyevin verilişində səhhətiylə bağlı pul yığmasını tənqid etmişdim. Yazmışdım ki, camaat bilmir pulu aktrisanın ipotekasını bağlamaq üçün göndərir, yoxsa xəstəliyi üçün. İş o həddə çatdı ki, ölkənin baş onkoloqu çıxıb açıqlama verdi. Nə dediyini ətraflı Milli.Az-da oxuya bilərsiniz. İşin qısa məzmunu bundan ibarət idi ki, aktrisa sağalıb. Sonradan vəziyyətin çıxılmaz olduğunu görən aktrisa belə bir açıqlama verdi ki, pul mənimdir. İstəsəm ipotekamı bağlayaram, istəsəm başqa işlərə xərcləyərəm. İndi də oxuyuram ki, deyib Zaur pulu kimə istəyir, ona da versin. Bu adamlar hələ də anlamırlar ki, o pul Zaurun, Məmmədin, Əhmədin malı deyil. Həmin məbləğ qəpik-qəpik xalqın cibindən çıxıb. Yəni, kiminsə istəməsi şərt deyil. Bütün bunlar öz yerində. Amma başqa bir nüansı da qeyd etməsəm, olmaz.

Tünzaləylə bağlı keçirilən kampaniyada hamı onun sənətə xidmət etdiyini, aktrisalıq fəaliyyətini xüsusi vurğulayırdı. Dostlar, Tünzalə cəmi bir neçə il İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. Fəxri adı alandan sonra isə getdi xınayaxdılarını aparmağa. Hansı sənətdən, hansı xidmətdən söhbət gedir. Dağ boyda Yalçın Rzazadə qəpiyə möhtacdır, amma kiminsə vecinə deyil. Bəlkə Tünzalə Hökumə Qurbanovadır, Nəcibə Məlikovadır, xəbərimiz yoxdur? Ən yaxşı halda normal xınayaxdı aparıcısıdır da. Qonorarını alıb məclislərə getmiş adamın xalqa xidmətinin adı nədir? Bu arada Tünzaləni tənqid etdiyimə görə məni tənqid edənləri də şəxsən salamlayıram. 

O gün gecə saat 2-də "Azərbaycanın səsi" layihəsinə baxıram. Əvvəla onu deyim ki, telekanalda bu işlərə kim baxırsa, çox düzgün qərar verib. Çünki elə layihəni saat ikidə efirə vermək daha yaxşıdır. Ən azı Elza Seyidcahanın ağzına gələni danışmağını daha az adam eşidir. Elza bir oğlandan soruşur ki, əgər dörd münsifin hamısı sənə müsbət cavab versəydi, kimi seçərdin. İfaçı da başqa birinin adını çəkdi. Elzanın cavabını olduğu kimi təqdim edirəm: "Ağıllı ol, get işinlə məşğul ol". Doğrudanmı, Elza bu dərəcədə vacib fiqurdur ki, onun bu cür qeyri-etik davranışlarına rəğmən münsif olmasına ehtiyac duyulur?

Müğənni Rəqsanə növbəti dəfə ana olub. Bu dəfə əkiz övladları dünyaya gəlib. Xəbəri ilk dəfə anası yayıb, sonra prodüseri təkzib edib. Bayaq anasıyla danışıram. Deyir ki, Rəqsanə hələ doğmayıb. Sonra bir səs yazısına qulaq asdım. Səs yazısında Adilə xanım (Rəqsanənin anası) deyir ki, bəli, biri oğlandır, biri qız. Axı bu nə komediyadır? Xatirinizdədirsə, illər öncə ikinci qızı da dünyaya gələndə eynən bu cür "səhnəcik" qurmuşdular. Yeri gəlmişkən, Rəqsanə Azərbaycan şou biznesində rekorda sahibdir. O, üç fərqli kişidən dünyaya övla gətirən yeganə sənətçidir. Təbrik edirəm! Allah saxlasın!

Könül Xasıyeva deyib ki, borclar məni sıxır, banklar da kredit vermirlər. Bəs iki min manata it almaq o boyda borclarla nəyə və kimə lazım idi? Təklif edirəm ki, təcili xeyriyyə kampaniyasına başlanılsın. Yaxud da "Toppuş bacı"nın pulu götürməmək fikri ciddidirsə, elə həmin məbləğ Könül Xasıyevaya verilsin. O gün bir saytda görmüşəm, təxminən 20 minlik it satırlar.

Təranə Qumral deyib ki, vəhşi kişiləri sevir. Ardınca da əlavə edib ki, kişinin vəhşisi məndə. İndi bu söhbəti hərə bir yerə yozub. Vəhşilik məgər təkcə sizin düşündüyünüzdən ibarətdir? Məgər Musa vəhşi ola bilməz? Musanın taylarına hərbi komissarlıqdan çağırış kağızı gəlir e.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.