Şou-biznes

Azərbaycanlı aktyor: "Ev olmadığı üçün toy haqda fikirləşmək çox tezdir" - FOTO

19 Sentyabr 2018 21:27
0 Şərh     Baxış: 7 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Ülvi Həsənlinin Milli.Az-a müsahibəsi.

- Ülvi, mövsümə hansı yeniliklərlə qayıtdınız?

- Demək olar ki, mən bu mövsüm istirahət etməmişəm. Yay boyunca "İkili həyat" filminə çəkildim. Emil Quliyevin "Fəlakət" adlı filmində baş rollardan birini oynadım. Bu filmin çox maraqlı ekran işlərindən biri olacağına əminəm. Rejissor Rövşən Ağayevin "Mama Liza" filmində kiçik də olsa bir rolda çəkildim. Bunlarla yanaşı ATV telekanalında bizim "Stand up Baku comedy" şoumuz yayımlanır. Biz hər həftə tamaşaçılara konsert veririk. Demək olar ki, stand up artıq bizdə də inkişaf etməyə başlayıb.

- Bu sahədə Türkiyənin Cem Yılmazı, bizim isə Fərda Xudaverdiyev kimi aktyorumuz var. Onları necə müqayisə edərdiniz?

- Mən onları müqayisə edə bilmərəm. Çünki Cem Yılmazın başqa kütləsi var, Fərdanın başqa. Cem Yılmaz Fərdadan daha təcrübəlidir, bu sənətə illərini verib. Azərbaycan üçün Fərda komedik aktyor kimi yaxşıdır. Mən Cem Yılmazdan çox şey öyrənmişəm.

- Bəs Fərdadan nə öyrənmisiniz?

- Bakı Estrada teatrında Fərda ilə bir yerdə çalışmışam. Fərda yumorist kimi Azərbaycan üçün yaxşıdır, ondan da nələrsə öyrənmişəm.

- Stand up edən aktyorda ilk öncə hansı xüsusiyyətlər olmalıdır?

- Stand up əslində çox çətin bir janrdır. Mənim fikrimcə onu hər aktyor edə bilməz. Stand up-la məşğul olan aktyorun ilk öncə hazırcavablığı, "ekspromt" bacarığı olmalıdır. Çünki bu tamaşaçı ilə canlı ünsiyyətdir, yerdən hər an nəsə söz ata bilərlər. Tamaşada sənə kömək edən aktyorlar olur, amma burda tək özün olursan. Yeri gəlmişkən sentyabr ayının 11-də Nizami Kino Mərkəzinin böyük zalında bizim möhtəşəm konsertimiz baş tutdu.

- Sənətdə idealınız kim olub?

- AZDRAMA-da çalışdığım illərdə mənə "gələcəyin Siyavuşu" deyə müraciət edirdilər. Bəziləri məni Yaşar Nuriyə də oxşadırdı. Universitetdə Rafiq Əliyev, Vidadi Həsənov, Pərviz Məmmədrzayev kimi sənətkarlardan dərs almışam. Sənətə gəlməyim isə rejissor Rəhman Əlizadənin adı ilə bağlıdır. Rəhman Əlizadə o vaxt Mərdəkanda xalq teatrının rəhbəri idi. Mən artıq 5-ci sinifdən həmin teatrda işləyirdim. 10-cu sinifə kimi evdəkilər bilməyib ki, mən teatrla məşğulam.

- Bəs necə oldu ki, atanızı razılığa gətirdiniz?

- Tamaşalardan sonra atamı harda görürdülərsə deyirdilər ki, oğlun yaxşı aktyor olacaq. Axır bir gün özü gəlib mənə dedi ki, həvəsin varsa get aktyor ol!

- Hal-hazırda hansı teatrda çalışırsınız?

- Mən universitet illərində Qorxmaz Əlilinin yaratdığı Bakı Estrada teatrında işləmişəm. Vüqar Əbdülovla bu teatrda "Olur belə şeylər" layihəsini yaratmışdıq. Elə oldu ki, bir müddət sonra teatr dağıldı. Bu zaman mən Pərviz Məmmədrzayevin rəhbərlik etdiyi "Simsar" teatr studiyasında işə başladım. Daha sonra AZDRAMA-da teatr studiyası yarandı. Nicat Kazımov da bu teatrda o vaxt bizim diplom işimizdə rəqsləri qururdu. O mənə təklif etdi ki, gəl Gənc Tamaşaçılar Teatrında çalış. Müəyyən səbəblərdən mənim o teatra getməyim alınmadı. Nicat Kazımov yenidən "Kölgə" adlı tamaşaya quruluş verməyə başladı. Mənə də həmin tamaşada kiçik bir rol verdi. Bununla paralel mən teatr studiyasında "Banan qabığı" tamaşasında oynayırdım. Ramiz Novruz məni həmin tamaşada  görəndən sonra "Silindr" tamaşasında Antonio obrazına dəvət etdi. Elə oldu ki, ictimai baxışı da, premyeranı da mən oynadım. Bəsti Cəfərova da mənə "Nağıllar" tamaşasında rol verdi. Mən həmin tamaşada 4 obraz oynayırdım. Demək olar ki, Akademik Milli Dram Teatrının bütün kollektivi məndən razı idi. Hətta söhbət gedirdi ki, məni ştata da qəbul edəcəklər. Hər şeyin yaxşı getdiyi bir gündə məni teatrdan uzaqlaşdırdılar. Halbuki mən teatrla nəfəs alırdım.

- Nəyi bəhanə gətirib sizi teatrdan uzaqlaşdırdılar?

- Əslində orda elə də böyük bəhanə olmadı. Bəsti Cəfərovanın hazırladığı "Nağıllar" tamaşasını yeni il repertuarına saldılar. O vaxtı da mənə "Dəfnə ağacı" serialından dəvət gəlmişdi. Maddi imkanım yaxşı olmadığına görə həqiqətən də gedib serialda çəkilməli idim. Anam xəstə olduğundan buna daha çox məcbur idim. Təklif etdim ki, günə 4 tamaşadır, ikisini mən oynayım, ikisini də dublyorum. Məni yenə başa düşmədilər. Dedim ki, məni ştata götürün, bilim ki, burdayam, heç yerə getməyim. Teatrdan istəmirdilər ki, seriala gedim, gedəndən sonra mənim haqqımda rəhbərliyə ərizə yazmağa başladılar. Məni yavaş-yavaş bütün tamaşalardan, rollardan azad etdilər.

- Yenidən teatra qayıtmağınız üçün müraciət etmisiniz?

- Azərpaşa Nemətov teatra gələndə fikirləşdim ki, hər şey mənim üçün daha yaxşı olacaq. Çünki o, məni tələbəlik illərimdən tanıyırdı, tamaşalarıma gəlib baxmışdı. Onunla görüşüb, vəziyyəti olduğu kimi danışdım. O da mənə bildirdi ki, səni götürməyə ştatım yoxdur. Mən Azərpaşa müəllimə dedim ki, mənə nə ştat, nə də pul lazım deyil. Yenə də dedi ki, hələ ki, alınmır. Mənə xəbər çatmışdı ki, Azərpaşa müəllim kiminsə yanında deyib ki, Ülvini kollektiv istəmir. Bir Allah şahiddir ki, mən o teatrda hamıyla dostam. Mən teatrdan çıxandan sonra 4-5 aktyoru ştata götürmüşdülər. Halbuki onlar hələ universitetdə oxuyurdular. Yəqin ki, məndən Azərpaşa müəllimə olmayan nələrsə çatdırıblar. Mənim o insana həm böyük insan, həm də rejissor kimi çox böyük hörmətim var.

- Nicat Kazımovun vaxtilə etdiyi təklifi qəbul etmədiyiniz üçün peşmansınız?

- Nicat Kazımov mənə deyirdi ki, sən Gənc Tamaşaçılar Teatrında çox şey edə bilərdin. Çünki həmin teatrda tamaşalar plastikdir. Hal-hazırda da digər teatrlardan  mənə dəvət var, sadəcə olaraq mən AZDRAMA-ya üstünlük verdiyimdən hələ də cavab gözləyirəm. Çünki teatr xəstəlik kimi mənim qanıma işləyib.

- Maddi vəziyyətiniz necədir?

- Mən günü bu gün də Mərdəkandan şəhərə 1 manatlıq taksi ilə, bəzən isə avtobus, metro ilə gəlirəm. İctimai nəqliyyatdan istifadə etdiyimə görə sıxılmıram, sadəcə olaraq aktyorla insanlar arasında pərdə olmalıdır ki, o əlçatmaz olsun. Axşam məni serialda görən tamaşaçı ilə səhər metroda sıxılaraq, qucaqlaşa-qucaqlaşa gedirəm. "Quru-quru" tanınırıq...

- Bu cür tanınmaq sizə lazımdır?

- Biz aktyoruq, tanınmaq bizim işimizdir. Mən bilirəm ki, nə vaxtsa hər şey yaxşı olacaq. Amma 60 yaşımda rahat həyat yaşayacağamsa mənim nəyimə lazımdır o həyat?! Bəzən elə olur ki, ehtiyac üzündən 3 seriala eyni anda çəkilirik. Onda da keyfiyyət olmur.

- Hər mövsüm yeni bir serialla efirə qayıdırdınız. Bu mövsüm nədənsə sizi heç bir serialda görmədik.

- Mən bu il həqiqətən sıxıldım! Hər il eyni ssenari, eyni obraza dəvət edirlər. Bu il də dəvət etmişdilər, amma qəbul etmədim. Həm maddiyat aşağı idi, həm də obraz xoşuma gəlmədi. Mən çox istərdim ki, mənfi xarakterləri oynayım. Məsələn dəlini, xəstəni, oğrunu və s.

- Barmağınızda üzük görürəm. Olmaya nişanlanmısınız?

- Bəli, keçən ilin dekabr ayında "həri" mərasimim baş tutdu. 3 ildir ki, bir yerdə idik. Əvvəl dost idik, sonra münasibətlərimizi bu yolda rəsmiləşdirdik.

- Toyunuzu nə vaxta planlaşdırırsınız?

- Hələ ki, ev olmadığı üçün bu haqda fikirləşmək çox tezdir. Qismət deyək.

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.