Şou-biznes

Oqtay Mirqasımovun davası, Rəqsanəyə məsləhət, Mətanətin gəlini, tumanını yelləyən aşıq - HƏFTƏBECƏR

6 Avqust 2018 21:00
24 Şərh     Baxış: 8 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (183-cü say) təqdim edir.

Ötən həftə bir nəfər oxucu yazıb ki, fotodakı noutbuku istehsal edən çoxdan rəhmətə gedib, dəyiş onu. Həmin oxucuya deyim ki, elə bu yazı da həmin noutbukda yazılır. Əziz oxucum, siz nə vaxt yenisini hədiyyə etdiniz, mən yox dedim? Təbii ki, zarafatdır. Yazılan bütün şərhləri diqqətlə oxuyuram və hamınıza təşəkkür edirəm. Tənqid etdiyim sənətçilərin yazdırdığı şərhlərin müəlliflərini isə hər zaman xüsusi yad edirəm. İndi də keçək mövzulara...

Dava-dalaşı əvvəl cavanlar edərdi, indi yaşlı sənətkarlar da onlara qoşulublar. Əslində, bəlkə də elə bu "adət" köhnələrdən qalıb, sadəcə, necə deyərlər, üzdə görünən cavanlar olduğuna görə hamımız onları qınayırıq. Xalq artisti Oqtay Mirqasımovla əməkdar incəsənət xadimi Yavər Rzayev Kino günü ilə bağlı keçirilən tədbirdə dalaşıblar. Oqtay müəllim açıqlama verib ki, zarafat edirdik, Yavər müəllim isə bildirib ki, anlaşılmazlıq yaranmışdı. Görürsünüzmü, açıqlamalar necə üst-üstə düşür? Hələ Oqtay müəllim jurnalistə deyib ki, belə xırda işlərə baş qoşmağa vaxtı yoxdur. Düz deyir. Onun daha böyük işləri var. Məsələn, bildiyimə görə, Mədəniyyət Nazirliyinin kino şöbəsinin müdiri Cahangir müəllimi əzişdirib. Babalı deyənlərin boynuna, mən də qulaq günahkarıyam.

Rəqsanənin qızı Aysun deyib ki, Röya Ayxan arada zəng vurub mənə məsləhətlərini verir. Yəqin ki, Aygün Kazımova da yığıb Rəqsanənin özünə məsləhətlərini əsirgəmir. Nə deyim, vallah. Elə çox güman ki, Röya Aysunun klip təqdimatına da ona görə gəlməyibmiş. Deyib ki, onsuz da hər gün məsləhət verirəm də, təqdimata niyə gəlim ki?

"Toppuş bacı" kimi tanıdığımız aktrisa Tünzalə Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Allah şəfa versin. Ümid edək ki, tezliklə sağlamlığına, övladına və ailəsinə qovuşacaq. Amma harasa açıqlama verib ki, xəstə olmadığımı yazıb, şou yaratmayın. Vallah, heç kimin bu işdən xəbəri yox idi. Klinikanın liftində çəkilən videodan sonra bildim ki, belə bir söhbət var imiş. İndi sizcə şounu kim yaradır?

Mətanət İsgəndərlinin gəlini özünə gözəllik salonu açıb, xeyirli olsun. Efirə hər ikisini çağırmışdılar. İki dəqiqəyə iki açıqlama verdilər, heç biri üst-üstə düşmədi. Lap Oqtay Mirqasımovla Yavər Rzayev kimi.

Tanınmış aktyor Rüfət Nəzərov deyib ki, otellərdə ərəblərin qucağında oturmaq aktrisalıq deyil. Axır ki, kimsə özünü "pis adam" edib, doğruları söylədi. Əhsən!

Ötən həftə virtuoz musiqiçi Həsənağa Sadıqov vəfat etdi. Allah rəhmət eləsin! Sənətkarın yeri hələ çox görünəcək. Ölümündən sonra bəzi kadrlarına baxdım. Deyir ki, saz çalan qadın tumanını yelləməz. Əgər elədirsə, ya tumanın başını buraxsın, ya da sazın. Sizcə kimi nəzərdə tuturdu? Adını mən yazsam, deyəcəklər ki, qərəzlidir. O fikir deyiləndə ağlınıza ilk kimin adı gəldi?

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.